Qondarma erməni soyqırımının Konqresin müzakirəsinə çıxarılmasına ciddi etirazlar

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin qondarma erməni soyqırımının tanınması ilə əlaqədar göstərdiyi cəhdlər hələ ki, bir nəticə vermir. Bəzi ölkələrin parlamentlərində bu məsələ barəsində müzakirələr aparılsa da, sonradan həmin dövlətlərin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının rəhbərləri bəyanatla çıxış edərək bunu dövlətin yeritdiyi siyasət kimi qəbul etməməyi bəyan etmişlər. Məsələn, Fransanın ölkəmizdəki səfiri öz müsahibələrinin birində demişdir ki, senatın erməni soyqırımı haqqında sənəd qəbul etməsi, Fransa dövlətinin adından verilmiş qərar kimi qəbul edilə bilməz.

 

Qondarma erməni soyqırımının tanınması barədə parlamentdə müzakirələr aparmış digər dövlətlərdə də artıq bu soyqırımın uydurma olması barədə inam yaranmaqdadır. Bunu həmin dövlətlərin ölkəmizlə ikitərəfli əməkdaşlığı da təsdiqləyir. Artıq dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması bizi dünyada sülhsevər, Ermənistanı isə işğalçı, qəsbkar dövlət kimi tanıdıb.

Azərbaycanın uğurlu diplomatik fəaliyyəti, sürətli inkişaf yoluna qədəm qoyması dünyanın super dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirib. Bu da erməni lobbisinin həm Dağlıq Qarabağın müstəqilliyinin, həm də qondarma erməni soyqırımının tanınmasındakı bütün fəaliyyətini heçə endirib. Bir qədər əvvəl qondarma erməni soyqırımının tanınması ilə əlaqədar ABŞ Konqresinin müzakirəsinə hazırlanmış sənədi imzalayan bir neçə konqresmenin sonradan öz imzalarını geri götürmələri barədə verdikləri açıqlama zamanı da bunun şahidi olduq. Hətta ABŞ-ın dövlət rəhbərləri də belə bir sənədin Konqresdə müzakirəsinə açıq etirazlarını bildirmişdilər. Bütün bunlar Azərbaycanın dünya birliyində nüfuzunun artmasından, mövqelərinin möhkəmlənməsindən və Azərbaycan - Amerika münasibətlərinin yaxşılaşmasından xəbər verir. Artıq Ermənistanın tanınmış ziyalıları və ictimai-siyasi xadimləri də dəfələrlə təsdiqləyiblər ki, indi zaman Azərbaycanın xeyrinə işləyir və Ermənistan beynəlxalq aləmdən təcrid olunur. Ona görə də onların erməni soyqırımı barəsindəki uydurmalarına səs verən yoxdur. Əksinə, bütün vasitələrlə qondarma soyqırımının müzakirəyə çıxarılmasının qarşısı alınır.

ABŞ-ın nüfuzlu Assoşieyted Press Agentliyinin verdiyi xəbərə görə, bu günlərdə yenə də erməni lobbisi qondarma erməni soyqırımının tanınması barədə sənədi Konqresin müzakirəsinə çıxarmağa nail olmaq istəyirdi. Artıq ABŞ-ın iri şirkətləri ilə yanaşı digər ölkələrin şirkətləri də qondarma erməni soyqırımı məsələsinin yenidən gündəmə gətirilməsinə qəti etirazlarını bildiriblər. Həmin şirkətlər, bu məsələnin müzakirəsinin qarşısını almaq üçün hətta müəyyən məbləğdə vəsaitlərindən keçməyə hazır olduqlarını da bildiriblər. Biri Böyük Britaniya, dördü isə Amerika Birləşmiş Ştatları silah ixracatçı şirkətləri olmaqla ən tanınmış holdinqlər qondarma erməni soyqırımının ölkə konqresində müzakirəsinə ciddi etirazlarını bildirib və buna açıq şəkildə mane olublar. Bu məsələdə daha çox fəallıq göstərən Bi-Ey-Si Amerikan Koldric Korporeyşn, Norton Qudman Korporeyşn, Şevron, Reyten Korporeyşn və Yunayted Texnolociən Korporeyşn qanunverici orqanda lobbiçilik fəaliyyətini üzərinə götürərək bu məsələdə dəyişiklik, texnoloji araşdırmalar və hibrit texnologiyası üçün bu ilin ilk üç ayı ərzində 14 milyon dollar vəsait xərcləyiblər.

Erməni lobbisi bu şirkətləri gizli dəstəkdə günahlandırsa da, korporasiya rəhbərləri rəsmi açıqlamalarında lobbiçiliklə məşğul olduqlarını və qondarma erməni soyqırımının əleyhinə səs vermələri üçün konqresmenləri məlumatlandırdıqlarını bildiriblər.

Qondarma erməni soyqırımı məsələsinin Konqresdə müzakirəyə çıxarılmasına etiraz edən və mane olan korporasiya və şirkətlər öz ölkələrinin milli maraqları çərçivəsində addım atdıqlarını bəyan edib. Qeyd olunub ki, belə qondarma məsələlərin müzakirəyə çıxarılması ölkələrarası əməkdaşlığa və sərmayə qoyuluşuna mane olur. Bu da iqtisadiyyatın inkişafına əngəllər yaradır. Hətta, bu gün Ermənistanın iqtisadi böhran burulğanında boğulmasının səbəbi də ölkə rəhbərinin başının belə işlərə qarışması ilə əlaqələndirilir.

ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Ermənistan hökumətinin yeritdiyi siyasətə öz etirazını bildirib. Onların fikrincə Ermənistan hökumətinin rəhbərləri özlərinə var-dövlət toplamaqla məşğuldurlar. Onların yeritdiyi siyasəti artıq heç kim qəbul etmir. Lobbi fəaliyyəti ilə məşğul olanlar beynəlxalq təşkilatların Ermənistanı qınaq hədəfinə çevirmələrini, iri infrastruktur layihələrə cəlb etməmələrini indiki hakimiyyətin yarıtmaz diplomatik fəaliyyəti ilə əlaqələndiriblər. Nüfuzlu konqresmenlərin qondarma erməni soyqırımının tanınması ilə əlaqədar imzalarından imtina etmələri ABŞ-dakı erməni lobbisini daha da qeyzləndirib.

Ermənistanda çıxan “Aravot” qəzetinin siyasi şərhçisi Sarkis Karapetyan dünyanın tanınmış şirkətlərinin və holdinqlərinin qondarma erməni soyqırımının Konqresdə müzakirəyə çıxarılmasına etiraz etmələrini və açıq şəkildə buna mane olmalarını Ermənistan diplomatiyasının iflası kimi dəyərləndirib. O, qeyd edib ki, artıq Ermənistan beynəlxalq aləmdə təklənib. Əgər dünyanın tanınmış korporasiya və holdinqləri də Ermənistana qarşı etiraza başlayıblarsa bu, ölkə üçün çox təhlükəlidir. Siyasi şərhçi deyib ki, qonşu dövlətlərlə müqayisədə Ermənistanda ümumi daxili məhsul istehsalı yox dərəcəsindədir. Ölkə digər dövlətlərdən asılıdır. Əgər ABŞ, Rusiya, Fransa Ermənistanı maliyyə yardımından məhrum etsələr, ölkə aclıq və səfalət içərisində boğulacaq. İri şirkətlərin Ermənistandan üz döndərmələri daha acınacaqlı və faciəli fəsadlar törədəcək. Bu, o deməkdir ki, bu şirkətlər Ermənistana sərmayə qoymayacaq və onsuz da iqtisadi böhranla üzləşən ölkədə vəziyyət daha da ağırlaşacaq. Bundan ötrü isə Ermənistan rəhbərliyi həm bu dövlətlərin, həm də tanınmış şirkətlərin nümayəndələrinin təklifləri ilə razılaşmalıdır. Artıq çıxış yolu yoxdur.

Ermənistana isə olunan təkliflər hamıya bəllidir: beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməli, işğalçılıq missiyasından əl çəkməli, qonşu dövlətlərin ərazi bütövlüyünü tanımalı və hörmətlə yanaşmalı. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası, Baş Məclisi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi barədə qətnamələr qəbul etmiş, Avropa Şurası Parlament Assambleyası Ermənistanın işğalçı dövlət olmasını rəsmən tanımış və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri qonşu ölkəni Azərbaycanın ərazi bütövlüyünü tanımağa və buna hörmətlə yanaşmağa çağırmışdır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 2 iyul.- S. 5.