Azərbaycan rəssamı Beynəlxalq festivalda mükafat almışdır

 

2009-cu il iyun ayının 18-dən 22-dək Moskvada Ənənə və müasirlik adlı III Beynəlxalq İncəsənət festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Fərman Qulamov təmsil edib.

 

Artıq 3-cü dəfə keçirilən bu nüfuzlu festivalda Azərbaycan nümayəndəsi ilk dəfə iştirak edir. Dünyanın 20-dək ölkəsindən və Rusiya Federasiyasının 15 subyektindən olan tanınmış rəssamların qatıldığı festivalın ən yüksək nominasiyası (Rəngkarlıqda ənənələrin saxlanması üzrə mükafatlandırılan 4 rəssamdan biri Fərman Qulamov olub. Mükafatların təqdimetmə mərasimi cari il iyun ayının 24-də Moskva Et Cetera Teatrının binasında keçirilib. Mərasimdə Moskva meriyasının rəhbərliyi, Rusiyanın tanınmış rəssamları və incəsənət xadimləri iştirak etmiş, Azərbaycan rəssamının əsərləri yüksək qiymətləndirilmişdir.

Fərman Qulamov 1945-ci ildə Astara rayonunda anadan olub. 1967-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1976-cı ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İlk dəfə 1973-cü ildə sərgidə iştirak etmişdir. Bundan sonra bir çox respublika və beynəlxalq sərgilərdə iştirak edən rəssamın 1995-ci ildə V.Səmədova adına Sərgi Salonunda, 1996, 1998-ci illərdə Moskva Beynəlxalq Sərgi Salonunda, 2005-ci ildə isə Bakıda S.Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda fərdi sərgiləri keçirilib.

1994-cü ildə Humay mükafatına layiq görülüb.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 2 iyul.- S. 7.