Sumqayıt: arzuların şəhəri

 

Ötən əsrin ortalarında Sumqayıta şəhər statusu verilsə də, illər uzunu yerli sakinlər şəhər deyəndə qonşu Bakını nəzərdə tutublar. Paytaxta gedib-gələnlərin “şəhərə gedirəm”, “şəhərdən gəlirəm”, — demələri mənim — Sumqayıtda doğulub boya-başa çatan və bu gənc şəhəri çox sevən adamın bir növ qüruruna toxunub. Həmişə bu “ayrı-seçkiliyə” etirazımı bildirmişəm. Məsələ burasındadır ki, hələ Sumqayıt şəhəri olmayan əyyamlarda Coratın, Sarayın, Sumqayıt stansiyasının, Şurabadın, Yaşmanın sakinləri təbii olaraq yalnız Bakını şəhər kimi görüblər. Köhnə vərdiş beləcə illərcə davam edib. Amma Sumqayıt, şəhər kimi böyüyüb formalaşdıqca həmin yanlış deyimlər də tədricən leksikondan çıxmağa başlayıb.

 

Bu gün Sumqayıt Azərbaycanın 2-ci iri sənaye şəhəri, böyük mədəniyyət mərkəzlərindən biridir. Burada 400 minədək əhali yaşayır. Şəhər nəhəng zavod və fabrikləri, müasir infrastrukturu, sosial-məişət obyektləri və çoxsaylı maarif və mədəniyyət ocaqları ilə fəxr edə bilər.

Altmış ildə Sumqayıtda mədəni quruculuq sahəsində həyata keçirilən tədbirlər nəticəsində mədəniyyət evləri və sarayları, musiqi məktəbləri, kitabxanalar, muzey və rəsm qalereyası inşa edilib, mədəniyyət və istirahət parkları salınıb.

Tarixdən səhifələr. 1949-cu ilin noyabr ayına qədər Bakı Şəhər İcraiyyə Komitəsinin tabeliyində olan Sumqayıt rayon mədəni-maarif şöbəsi həmin ilin dekabr ayından Sumqayıt Şəhər İcraiyyə Komitəsinin tabeliyinə keçirilib. İllər ötdükcə mədəniyyət müəssisələrinin sayı artıb. Bunu nəzərə alaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin 7 iyun 1995-ci il tarixli sərəncamına əsasən mədəniyyət şöbəsinə mədəniyyət idarəsi statusu verilib. Hazırda idarənin strukturuna 5 uşaq incəsənət və musiqi məktəbi, mərkəzi kitabxana və 18 kitabxana filialını əhatə edən mərkəzləşmiş kitabxana sistemi, uşaq kitabxana-klubu, şəhərin tarixi muzeyi, 14 mədəniyyət evi və şəhər klubu, Dövlət rəsm qalereyası, Nəsimi adına mədəniyyət və istirahət parkı, Nizami adına kinoteatr daxildir. Bu müəssisələrdə 1141 nəfər çalışır.

1952-ci ildə xüsusi layihə ilə tikilmiş C. Cabbarlı adına mədəniyyət evi gənclik şəhərinin mədəni həyatında müstəsna rol oynayıb. 1960-cı ilədək Sumqayıtda keçirilən bütün dövlət əhəmiyyətli tədbirlər burada təşkil edilib. Həmin il xalq teatrının “Fərhad və Şirin” tamaşası Moskvanın Kreml sarayında göstərilib. Yetmişinci illərdə mədəniyyət evində bal rəqsləri kollektivi, səksəninci illərdə qızlardan ibarət ilk xalq çalğı alətləri ansamblı yaradılıb. İllər uzunu boruyayma zavodunun balansında olan bu mədəniyyət evi 2000-ci ilin sentyabrından Mədəniyyət İdarəsinin balansındadır.

1954-cü ildə N. Nərimanov adına mədəniyyət evi tikilib. “Pöhrə” aşıqlar ansamblı, “Karavella” vokal-instrumental ansamblı, nəfəsli alətlər orkestri Ümummittifaq festivallarının laureatı olub. Ötən il bu mədəniyyət evi əsaslı təmir edilib. 1956-cı ildə istifadəyə verilən “İnşaatçılar” mədəniyyət evi eyni adlı qəsəbədə mədəni-kütləvi tədbirlərin əsas ünvanı olub. Hazırda burada məcburi köçkünlər məskunlaşıb. Ondan altı il sonra şəhər mədəniyyət evi istifadəyə verilib. Əlavə yay zalı var. Burada xalq kollektivləri, “Veteranlar” beynəlmiləl xoru fəaliyyət göstərib. Otuz iki yaşlı “Oktyabr” mədəniyyət evi 1992-ci ildən “28 May” adını daşıyır. “Tənqid-təbliğ” xalq teatrı bir çox müsabiqə və festivallarda fərqlənib. Ötən il bu mədəniyyət evi də əsaslı təmir edilib. Binanın fasadında müasir işıqlandırma sistemi quraşdırılıb.

“Dostluq” klubunun 36 yaşı var. Klubun sirk kollektivi Rumıniya, Almaniya, Çexiyada uğurlu çıxışlar edib. “Qızıl Praqa” medalına layiq görülüb. 1995-ci ildə kluba “Mədəniyyət evi” statusu verilib. Corat qəsəbə mədəniyyət evi 1927-ci ildən fəaliyyət göstərir. 1978-ci ildə 4,5,6 saylı və “Gənclik” klubları yaradılıb. “Gənclik” klubunun özfəaliyyət kollektivi SSRİ XTNS-nin qızıl və gümüş medallarını alıb, “Məngülüm” kukla teatrı 20 il öncə “Xalq teatrı” adına layiq görülüb.

Ölkəmizin nadir klublarından sayılan Əli Kərim adına “Poeziya” klubu 1990-cı ilə qədər müxtəlif mədəniyyət evlərində ictimai əsaslarla fəaliyyət göstərib. Həmin ildən Sumqayıt şəhər mədəniyyət şöbəsinin strukturunda ilk təyinatlı klub kimi təşkil edilib. Bu sətirlərin müəllifi də bir vaxtlar “Poeziya” klubunun üzvü, müəyyən müddətdə isə “Gənc müxbirlər” dərnəyinin rəhbəri olub. Klub fəaliyyətini şəhərdə klassik və çağdaş bədii ədəbiyyatın geniş təbliği, gənc istedadların yaradıcılığının istiqamətləndirilməsi, şair və nasirlərin əsərlərinin mətbuata təqdimi, almanaxlar buraxılması istiqamətində qurub. Yarandığı vaxtdan “Poeziya” klubuna şair İbrahim İlyaslı rəhbərlik edir. O, Prezident təqaüdünə layiq görülüb. Klubun xəttilə keçirilən tədbirlər hər zaman yaddaqalan olur.

Sumqayıt şəhərinin Tarixi Muzeyi 1967-cı ildə yaradılıb. Əvvəllər S. Vurğun küçəsində yaşayış evinin 1-ci mərtəbəsində yerləşirdi. 1988-ci ildən ikimərtəbəli ayrıca binaya köçürülüb. Ötən ildən muzeyin binasında yenidən müasir üslubda əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb və bu iş zövqlə davam etdirilir. 15 min eksponatı olan muzey tezliklə ən müasir görkəmdə öz qapılarını sumqayıtlıların və şəhərin qonaqlarının üzünə açacaq.

Sumqayıt şəhər Dövlət Rəsm Qalereyası 1967-ci ildə filial kimi açılıb, 1981-ci ilin dekabrından müstəqil qalereya statusu alıb. Təmir edildikdən sonra şəhərin ən yaxşı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Burada tez-tez ölkə və şəhər rəssamlarının əsərlərinin sərgisi təşkil olunur, müxtəlif tədbirlər keçirilir.

İstedadlı musiqiçilərin hazırlanmasında Sumqayıtdakı beş uşaq musiqi və incəsənət məktəbi çox mühüm rol oynayıb. Bu məktəblərin bir çox yetirməsi bu gün ölkənin adlı-sanlı sənətçisi hesab olunur. Şəhər rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı bu məktəblərdən əskik olmur. Əsaslı təmirlər, təchizat uşaqların professional səhnəyə hazırlanmasında müstəsna önəm daşıyır.

Sumqayıt kitabxanaları mərkəzləşmiş qaydada fəaliyyət göstərir. Otuz beş il öncə bu sistem yaradılıb, tərkibinə 20 dövlət kitabxanası daxildir. Şəhər əhalisi və oxucular arasında səmərəli fəaliyyətinə görə S.Vurğun adına mərkəzi kitabxana dəfələrlə SSRİ Mədəniyyət Nazirliyinin, ÜİLKGİ-nin, respublika rəhbər orqanlarının keçici bayraqlarına, medal, diplom və digər mükafatlarına layiq görülüb. 1977-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən respublika kitabxanaları üçün təcrübə bazası elan edilib. 2003-cü ildə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun kitabxanalar proqramı çərçivəsində ölkəmiz üzrə keçirilən müsabiqədə S. Vurğun adına mərkəzi kitabxana, 2006-cı ildə 12 saylı kitabxana — filial qalib gələrək 2500 ABŞ dolları dəyərində kompyuter dəsti qazanıb. Ötən ildən MKS-nin fonduna 11012 nüsxə yeni ədəbiyyat daxil olub. Artıq MKS-nin fondu 629330 nüsxədən ibarətdir, internet saytı oxucuların xidmətindədir. Mərkəzi kitabxana ötən il əsaslı təmir edilib, müvafiq inventar və texniki avadanlıqla təchiz olunub.

Xəzərsahili zonanın 23 hektarını əhatə edən mədəniyyət və istirahət parkı sumqayıtlıların sevimli ünvanlarındandır. Parkın 50 yaşı var. 2003-cü ildə parkın baş xiyabanının girəcəyində İmadəddin Nəsiminin abidəsi qoyulub. Park dahi şairin adını daşıyır. 1978-ci ildə tikilmiş “Göyərçin” abidəsi ötən il yenidən qurulub. Burada dekorativ güllər əkilib, işıqlandırma sistemi qurulub, daş plitələr döşənib, yeni fontan-şəlalə kompleksi yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il dekabrın 29-da Sumqayıtda olarkən parkın abadlaşdırılması barədə verdiyi göstəriş beləcə uğurla yerinə yetirilib. Ötən ilin avqustunda yenidən Sumqayıta gələn dövlət başçısı görülən işləri bəyənib: “Sumqayıta gələndə sevinirəm ki, şəhər gözəlləşir, abadlaşır, yaxşı xiyabanlar, küçələr salınır. Bu park da gözəlləşibdir. Xatırlayıram, bir neçə il əvvəl bu parka gəlmişdim, vəziyyət o qədər də ürəkaçan deyildi... Bütün bunlar şəhər üçün, insanların yaxşı, rahat yaşaması üçündür”.

Son 5-6 ildə Sumqayıt özünün ən böyük inkişaf mərhələsini yaşayıb. Bu illər ərzində ulu öndər Heydər Əliyevin böyük məhəbbətlə “Kiçik Azərbaycan” adlandırdığı Sumqayıtın özünəməxsus mədəniyyəti formalaşıb. Burada bütün bölgələrin folklor nümunələri, xalq sənəti, adət-ənənələri qaynayıb-qarışıb və yeni istedadların yetişməsi üçün şərait yaranıb. Əlamətdar və tarixi günlər, xalq bayramları, ölkənin və şəhərin həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə, müsabiqə və festivallarda mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri hər zaman fəallıq göstərirlər.

Ötən il şəhər mədəniyyət evinin “Çiçək” kukla teatrı I Ümumrespublika baxış-müsabiqəsində diplom və qiymətli hədiyyələr qazanıb. Rəqs kollektivlərinin I respublika festivalında Bülbül adına Uşaq İncəsənət Məktəbinin rəqs qrupu diploma layiq görülüb. C. Cabbarlı adına və “Dostluq” mədəniyyət evlərinin istedadlarından təşkil olunmuş “Buta” folklor kollektivi Qazaxıstanda keçirilmiş Xəzəryanı dövlətlərin festivalında I dərəcəli diploma layiq görülüb. Bu kimi nailiyyətlərin sayını xeyli artırmaq olar.

Respublika uşaq muğam ifaçılarının IV müsabiqəsində “Dostluq” mədəniyyət evinin muğam dərnəyinin üzvü II mükafata, Aşıq Şəmşir adına gənc aşıqların IV respublika müsabiqəsində F. Əmirov adına Uşaq Musiqi məktəbinin şagirdi V yerə çıxaraq həvəsləndirici mükafata, M. Müşfiqin 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” III ümumrespublika bədii qiraət müsabiqəsində C. Cabbarlı adına mədəniyyət evinin bədii rəhbəri III dərəcəli mükafata və diploma layiq görülüb. Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət respublika baxış-müsabiqəsində “Dostluq” mədəniyyət evinin “Musiqi alətlərinin bərpası və istehsalı” bölməsinin rəhbəri musiqi alətləri üzrə I dərəcəli diplom alıb.

2008-ci ildə ölkəmizdə bir sıra xarici və MDB dövlətlərinin mədəniyyət günləri keçirilib. Həmin tədbirlərin davamı şəhərimizdə də təşkil edilib. Belə ki, Misir Ərəb Respublikasının, Səudiyyə Ərəbistanı Krallığının, Moldova, Ukrayna, Belarus mədəniyyət günlərinin keçirilməsi ilə əlaqədar Sumqayıtda bu xalqların incəsənət ustalarının iştirakı ilə konsert təşkil edilib.

2009-cu ildə “Novruz-Bahar bayramı” adlı rəsm əsərlərindən və əl işlərindən ibarət respublika müsabiqə-sərgisində Ə. Bakıxanov adına 4 saylı Uşaq İncəsənət Məktəbinin və Bülbül adına Uşaq İncəsənət Məktəbinin şagirdi həvəsləndirici diploma və pul mükafatına layiq görülüblər.

Sumqayıt şəhərinin yaradılmasının 60 illiyi və 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar təsdiq olunmuş iş planına əsasən mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. F. Əmirov adına 5 saylı uşaq musiqi məktəbində “Uşaqsız ev susuz dəyirmana bənzər” adlı tədbir keçirilib. Saray qəsəbəsində yerləşən 7 saylı internat məktəbində geniş konsert proqramı təqdim olunub. N. Nərimanov adına mədəniyyət evində “Mən səni tərənnüm edirəm, mənim Azərbaycanım!”, “Mənim doğma şəhərim”, “Səhrada bitən çiçək” adlı ədəbi-bədii gecələr, 30 və 39 saylı bağçalarda “Sabahımız və ümidimiz” adlı konsert, “Gənclik” klubunun “Məngülüm” kukla teatrının və “Sirk” kollektivinin 24, 26, 45 və 71 saylı uşaq bağçalarında çıxışları təşkil edilib.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə şairlərin paytaxt ədəbi ictimaiyyəti ilə görüşü keçirilib. Sumqayıt şəhərinin tarixi muzeyinin əməkdaşları 9 saylı orta məktəbdə Sumqayıtın tarixinə həsr edilmiş tarix dərsləri keçirib, diskusiyalar aparıb. “Ağsaqqallar Evi”ndə yaşlı nəslin nümayəndələri ilə görüş keçirilib. Şəhər mədəniyyət evində fəaliyyət göstərən “Bəndə” rok qrupu Qafqaz Universiteti tələbələrinin təşəbbüsü ilə Xırdalan şəhərinin “Abşeron” mədəniyyət sarayında geniş konsert proqramı ilə çıxış edib.

Dövlət Rəsm Qalereyasında şəhərin baş rəssamı Vaqif Nəzirovun fərdi sərgisi, Bülbül adına Uşaq İncəsənət Məktəbi şagirdlərinin əl işlərindən ibarət, həmçinin “Uşaqlar bizim gələcəyimizdir” adlı əl işlərindən ibarət sərgi, 45 saylı uşaq bağçasında səyyar sərgi, “Dostluq” mədəniyyət evində rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib. Bakıda Muzeylər Mərkəzində Sumqayıt şəhərinin rəssam və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi keçirilib.

Nəsimi adına Mədəniyyət və istirahət parkında mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin müntəzəm konsertləri olub.

Sumqayıt Şəhər Mədəniyyət və Turizim İdarəsinin təşkilatçılığı ilə “28 May” mədəniyyət evində Sumqayıtın 60 illiyi və Beynəlxalq Rəqs Gününə həsr edilmiş I ümumşəhər rəqs musabiqəsi və müsabiqənin yekun konserti yaddaqalan tədbirlərdir.

Hazırda “Sumqayıta həsr olunmuş ən yaxşı mahnı”, “Sumqayıta həsr olunmuş ən yaxşı şeir” müsabiqələri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqə və festivallarda mədəniyyət müəssisələri uğurla çıxış edib. “Şərq-Qərb dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsində iştirak edən Sumqayıt şəhəri Ə. Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Ulduz Nağıyeva III yerə çıxaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bürünc medal və diplomla təltif edilib.

Uşaq musiqi və incəsənət məktəbləri arasında keçirilən xor kollektivlərinin VI respublika müsabiqəsinin yekunlarına əsasən Bülbül adına Uşaq İncəsənət Məktəbinin xor kollektivi I yerə, gənc pianoçuların respublika müsabiqəsində F. Əmirov adına uşaq musiqi məktəbinin şagirdi Fuad Əlizadə III yerə layiq görülüb. Yevlax şəhərində keçirilən zərb alətləri üzrə milli musiqi alətləri ifaçılarının IV respublika müsabiqəsində Sumqayıtdan 5 nəfər iştirak edib, “Dostluq” mədəniyyət evinin zərb alətləri dərnəyinin üzvü Ruhin Məmmədov I yerə çıxıb.

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq QAFFAROV:

— İstər Sumqayıt şəhərinin, istərsə də bizim nazirliyin rəhbərliyi hər zaman uğurlu fəaliyyətimizə lazımi dəstək göstərir, təşəbbüslərimizə qol-qanad verirlər. 2003-cü ildə Vaqif Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən şəhərin mədəni həyatında əsl dönüş və canlanma yaranıb. Binaların əsaslı təmiri, təchizatı, tədbirlərin keçirilməsinə göstərilən hərtərəfli köməklik mütəmadi xarakter alıb. Mən 2007-ci ilin payızından bu vəzifədə çalışıram. İndiyədək elə hal olmayıb ki, qaldırdığımız hər hansı bir məsələyə, təklifə, təşəbbüsə şəhər rəhbərliyində və ya nazirlik səviyyəsində laqeyd yanaşılsın. Bu, bizə ruh verir, gücümüzü daha da artırır. Şəhərimizin 60 illik yubileyini daha böyük uğurlarla qarşılamaq əzmindəyik.

Gənclik şəhərinin mədəni həyatından danışarkən Sumqayıt Dövlət Musiqili Dram Teatrını yada salmamaq olmaz. Ötən il 40 yaşını qeyd etmiş bu teatr Sumqayıt mədəniyyətinin ayrılmaz bir parçasıdır. Ötən illər ərzində teatrda dünya və Azərbaycan dramaturgiyasından saysız-hesabsız əsərlərə səhnə həyatı verilib. Sumqayıtlılar bu tamaşalara həvəslə baxıb, böyük zövq alıblar. Bu məbədgah teatrsevərlərin mənəvi dünyasını zənginləşdirib.

Hüseyn Ərəblinskinin adını daşıyan Sumqayıt teatrında görkəmli sənətçilərdən Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov kimi müqtədirlər çalışıblar. İlk qədəmlərini Sumqayıt teatrının səhnəsində atmış xalq artistləri Afaq Bəşirqızı, Mərahim Fərzəlibəyov, Valeh Kərimov, Ramiz Novruz, Ağakişi Kazımov, Cənnət Səlimova, Hacı İsmayılov bu gün Azərbaycanın ən tanınmış və sevilən sənətçiləri arasındadır. Teatr bir çox ölkələrdə keçirilmiş festivallarda respublikamızı ləyaqətlə təmsil edib. Sumqayıt teatrı, eyni zamanda, Bakı və bölgə tamaşaçılarının da rəğbətini qazana bilib.

Ümummilli lider Heydər Əliyev Sumqayıt teatrının tamaşaya qoyduğu “Bütün Şərq bilsin” əsərinə Akademik Milli Dram Teatrının səhnəsində baxmış, məmnun qalmış və yaradıcı kollektivə xeyir-dua vermişdir. Ənənə uğurla davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə teatrın bir neçə üzvünə fəxri ad və medal verilib, onların mənzil şəraiti yaxşılaşdırılıb. Ötən il sentyabrın 25-də dövlət başçısı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Sumqayıt teatrının iki əməkdaşına xalq artisti, altı əməkdaşına əməkdar artist, üç nəfərə əməkdar mədəniyyət işçisi fəxri adları, altı nəfərə isə “Tərəqqi” medalı verilməsi barədə sərəncamlar imzalayıb.

Mədəniyyət və Turizim Nazirliyi ötən ay Gəncə şəhərində “Yeni Teatr” respublika festivalı keçirib. Sumqayıt Dövlət Musiqili Dram Teatrı iyunun 25-də fransız dramaturqu Fernando Arrabalın “Fando və Lis” əsərini göstərib və diplomlara layiq görülüb. Tamaşanın quruluşçu rejissoru Mahir Cananov, rolların ifaçıları əməkdar artist Namis Şirməmmədov, xalq artisti Məzahir Süleymanov, Yeganə Məmmədvəliyeva, İlqar İbrahimov və Vüsal Mustafayevdir.

Daha bir xoş xəbər. Respublika Nazirlər Kabinetinin qərarı ilə Sumqayıt teatrının illərdən bəri icarəçi kimi məskunlaşdığı S. Vurğun adına mədəniyyət sarayı artıq bütünlüklə ona verilib. Hazırda binada əsaslı təmir aparılır. Tezliklə bu gözəl binanın fasadında teatrın adı yazılacaq və həqiqi ünvanını tapan kollektiv yeni tamaşaları ilə teatsevərləri sevindirəcək.

... Sumqayıtın 60 illik yubileyi ərəfəsində şəhər mədəniyyətinin tarixinə və bugününə aid bəzi faktlara işıq tutduq. Bu tarix və reallıq, şübhəsiz, daha zəngindir. Sumqayıtın mədəni həyatını yönləndirən insanların fədakarlığı, ona qayğı göstərənlərin yüksək ziyalı keyfiyyətləri, bu rəngarəng aləmdə özünü xoşbəxt sayan şəhər sakinlərinin sevinc dolu hiss və həyəcanları daha yüksək tərifə və təqdirə layiqdir. Sağlıq olsun!

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 8 iyul.- S. 5.