Əli Nuriyev — 70

 

Azərbaycan iqtisadiyyatının yorulmaz tədqiqatçısı

 

Görkəmli iqtisadçı alim, gözəl müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Geostrateji Araşdırmalar Mərkəzi”nin müdiri Əli Xudu oğlu Nuriyevin anadan olmasının 70, elmi və pedaqoji fəaliyyətinin 45 ili tamam olmuşdur. Əli Nuriyev 1939-cu il iyun ayının 26-da Fizuli rayonunun Horadiz kəndində anadan olmuşdur.

 

Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra bir il doğma kəndində sıravi kolxozçu işləmiş, 1958-ci ildə müvəffəqiyyətlə imtahan verib Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (1959-cu ildən Azərbaycan Dövlət Universiteti) iqtisad fakültəsinə daxil olmuşdur. Universitetdə əla qiymətlərlə oxumaqla bərabər geniş ictimai iş aparmış, fakültə komsomol komitəsi katibinin müavini, siyasi iqtisad fənni üzrə universitetdə tələbə elmi cəmiyyətinin sədri olmuşdur... Biliyi, zəhmətsevərliyi Əli Nuriyevin tələbə yoldaşlarının və müəllimlərin diqqətini cəlb edirdi. Azərbaycan EA-nın müxbir üzvü Bəhmən Axundov, professorlar Həsən Dadaşov, Ələsgər Qasımov, Əhməd Qaravəliyev, dosent Abbas Nəbiyev kimi tanınmış, nüfuzlu alimlər Əli Nuriyevin biliyinə yüksək qiymət vermiş, onun elmdə və təhsildə böyük gələcəyinə inanmışlar.

Əli Nuriyev 1963-cü ildə ADU-nun iqtisad fakültəsini maliyyə-kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Öz xahişi ilə Naxçıvan MR-ə təyinat almış, bir neçə ay Naxçıvan şəhər maliyyə şöbəsində böyük iqtisadçı vəzifəsində işləmişdir. Sonra o, Azərbaycan Dövlət Universitetinin siyasi iqtisad kafedrasına baş laborant vəzifəsinə dəvət olunmuş və bir ilədək orada işlədikdən sonra özü fəaliyyətini birinci növbədə elmə həsr etmək arzusu ilə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna, “Məhsuldar qüvvələrin yerləşdirilməsi, rayonların iqtisadiyyatı” şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1966-cı ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1969-cu ildə “Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1977-ci ildə ona həmin ixtisas üzrə ”Böyük elmi işçi” elmi adı verilmişdir.

1991-ci ildə SSRİ Ali Attestasiya Komitəsinin Azərbaycan EA İqtisadiyyat İnstitutunda təşkil etdiyi geniş tərkibli birdəfəlik Dissertasiya Şurasının iclasında “Yeni təsərrüfatçılıq şəraitində müttəfiq respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşdirilməsi (Azərbaycan Respublikasının timsalında)” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun doktorluq dissertasiyası Azərbaycan elmi ictimaiyyətilə yanaşı keçmiş SSRİ məkanında da görkəmli alimlərin diqqətini geniş cəlb etmişdir.

Ə.Nuriyev 2001-ci ilin iyun ayında AMEA-nın müxbir üzvü seçilmiş, 2006-cı ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi və menecment” kafedrası üzrə professor elmi adı verilmişdir.

Əli Nuriyevin fasiləsiz elmi və pedaqoji fəaliyyəti 45 illik bir dövrü əhatə edir. Təkcə Azərbaycan MEA sistemində 30 ilə yaxın bir müddətdə çalışmışdır. 1972-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Elm Mərkəzinin təşkilatçılarından biri kimi Naxçıvan şəhərinə göndərilmiş və orada 1980-ci ilədək iqtisadiyyat şöbəsinin müdiri işləmiş, həm də 1974-cü ildən başlayaraq ictimai əsaslarla tarix-etnoqrafiya şöbəsinə rəhbərlik etmişdir. 1980-1981-ci illərdə Ümumittifaq Kooperativ Ticarətinin İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dosent vəzifələrində işləmişdir. 1989-cu ildən Əli Nuriyev yenidən Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunun “Regionların sosial-iqtisadi inkişaf problemləri” şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdirinin müavini vəzifələrində, 1992-2002-ci illərdə həmin şöbənin müdiri vəzifəsində işləmişdir. 2002-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin müdiri vəzifəsində çalışır.

Əli Nuriyev geniş profilli iqtisadçı alimdir. O, 180 elmi əsərin, o cümlədən 13 monoqrafiya və kitabçanın, 6 şərikli monoqrafik əsərin müəllifidir. Elmi fəaliyyəti və elmi əsərləri özünün çoxcəhətliliyi, orijinallığı və bir qayda olaraq dövrün aktual problemlərinə həsr olunması ilə səciyyələnir. Əsərlərində ərazi-sənaye istehsal komplekslərinin formalaşmasının, respublika daxilində məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemlərinin, regional siyasət və regional inkişafın dövlət tənzim və idarəedilməsi məsələlərinin ölkəmizin konkret şəraitinə tətbiqinin nəzəri-metodoloji səpkidə tədqiqinin əsası qoyulmuşdur.

Çap olunmuş əsərlərinin məzmununu və ideya istiqamətlərini nəzərə almaqla Əli Nuriyevin yaradıcılığını üç mərhələyə ayırmaq olar: 1) 60-cı illərin ikinci yarısı və 70-ci illər; 2) 80-ci illər və 90-cı illərin birinci yarısı; 3) 90-cı illərin ikinci yarısı və 2009-cu ilin ikinci yarısına qədər olan dövr.

Ə.Nuriyevin 60-cı illərin ikinci yarısı və 70-ci illərin birinci yarısında çap olunmuş “Məhəlli sənaye kompleksinin iqtisadi mahiyyəti” (1968), “Aşağı Kür-Araz sənaye kompleksinin perspektiv inkişafı və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məsələləri” (1970), “Sənaye müəssisələrində mədəni-məişət xidmətinin mahiyyəti və sosial-iqtisadi əhəmiyyəti” (1973), ”Sənaye qovşaqlarının formalaşmasının bəzi metodoloji məsələləri” (1974) və digər elmi məqalələrində, habelə “Müasir mərhələdə iqtisadi rayonlarda sənayenin inkişaf problemləri” (1974, şərikli) monoqrafiyasında sənaye qovşaqları və ərazi sənaye-istehsal komplekslərinin iqtisadi mahiyyəti açılmış, səmərəli formalaşmasının və sənaye müəssisələrində sosial infrastruktur sahələrinin inkişafının nəzəri-metodoloji problem məsələləri, Gəncə-Qazax iqtisadi rayonu və aşağı Kür-Araz regionu sənaye komplekslərinə tətbiqən ətraflı təhlil olunmuşdur.

Əli Nuriyevin 70-ci illərdə elmi-təşkilati fəaliyyətində və yaradıcılığında, Naxçıvan Elm Mərkəzində işlədiyi dövr xüsusi yer tutur. Burada apardığı tədqiqatın nəticələrini muxtar respublika hökumətinə və Vilayət Partiya Komitəsinə təkliflər formasında təqdim etmiş, Muxtar Respublika Dövlət Plan Komitəsində Komissiya üzvü olmaqla, elmi-tədqiqat işini praktika ilə sıx əlaqələndirmiş və onların əksəriyyətinin reallaşmasına nail olmuşdur.

Ə. Nuriyevin Naxçıvanla bağlı tədqiqatlarında əmək ehtiyatlarından istifadənin məhəlli xüsusiyyətləri aşkara çıxarılmış (1974), sənayenin kompleks inkişafı və onun səmərəliliyinin yüksəldilməsi mərhələləri və ehtiyatları (1979, 1980), məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsi yolları (1978), sənayenin, şəhərlərin inkişafı və şəhər əhalisinin artması xüsusiyyətləri (1978), kənd təsərrüfatının inkişafı, aqrar-sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılmasının başlıca istiqamətləri əsaslandırılmışdır (1976,1978).

Ə.Nuriyevin yaradıcılığının ikinci mərhələsi 1978-ci ildən başlayaraq 1996-cı ilə qədər olan bir dövrü əhatə edir. Bu dövrdə onun tədqiqatları və əsərlərinin mövzu dairəsi daha da genişlənir. Əsərlərində məhsuldar qüvvələrin ərazi təşkili, iqtisadi rayonlaşdırma, inzibati-ərazi bölgüsü, sənaye komplekslərinin inkişafı və ərazi idarəetmə məsələləri kompleks halda öz ifadəsini tapır.

“Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri” (1982) monoqrafiyası Əli Nuriyevin 80-ci illərdəki yaradıcılığında xüsusi yer tutur. Burada məhsuldar qüvvələrin 70-ci illərdəki inkişafı və ərazi təmərküzləşməsindən yaranan sosial-iqtisadi problemlər Azərbaycanda ilk dəfə olaraq kompleks tədqiq edilmişdir. Bu əsərdə müəllif respublikamızda məhsuldar qüvvələrin ərazi təşkilində yeni keyfiyyətlərin əmələ gəldiyini və məhsuldar qüvvələrin yerləşməsində 60-cı illərin sonu və 70-ci illərin əvvəllərindən başlayaraq sosial faktorların ön plana keçdiyini sübut etmiş, məhəlli mədəni-iqtisadi mərkəz şəhərlərin sürətli inkişafı mənafeyini və sosial-iqtisadi faktorları nəzərə almaqla respublikada nisbətən kiçik əraziləri əhatə edən məhəlli rayonlaşma aparılmasının zəruriliyini göstərmiş, əhalinin və istehsalın məhəlli sistemlərinin formalaşmasını məhsuldar qüvvələrin ərazi təşkilinin təkmilləşməsinin başlıca perspektiv istiqaməti kimi əsaslandırmışdır.

1990-cı illərin birinci yarısında Əli Nuriyevin elmi-tədqiqat işlərində, çap olunmuş elmi məqalə və kitablarında (“Özünü maliyyələşdirmə şəraitində respublikanın ərazi quruluşunun kompleks təkmilləşdirilməsi”-1990; ”Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşdirilməsi”-1991; “Rayonlaşdırma və ərazi idarəetmə probleminin yeni formada qoyuluşu və həllinin metodoloji məsələləri”-1994 və s.) inzibati-ərazi bölgüsü və respublikadaxili iqtisadi rayonlaşmanın nəzəri-metodoloji məsələləri keçmiş İttifaqda ilk dəfə olaraq kompleks halda və qarşılıqlı əlaqədə elmi-tədqiqat obyektinə çevrilmişdir.

Onun 90-cı illərdə çap olunmuş bir sıra əsərlərində — “Azərbaycan Respublikasının böhrandan çıxması və inkişafının prinsipial məsələləri”, ”Azərbaycanın açıq iqtisadiyyata keçməsi problemləri”, “Azərbaycan iqtisadiyyatı 1995-1998-ci illərdə: sabitləşmə meylləri və dirçəliş problemləri”) bazar iqtisadiyyatına keçid, iqtisadiyyatın böhrandan çıxması və sabitləşməsi, iqtisadi inteqrasiya problemləri təhlil olunur.

Əli Nuriyevin 90-cı ilin birinci yarısın yazdığı “Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri” monoqrafik əsəri xüsusi yer tutur. Bu əsərdə Azərbaycanın 80-ci illərin axırları və 90-cı illərin əvvəllərində hərtərəfli böhrana düşməsinin obyektiv və subyektiv səbəbləri ətraflı təhlil olunur, böhrandan çıxmağın, iqtisadiyyatda yeni təsərrüfatçılıq formalarını inkişaf etdirməyin, özəlləşdirməni həyata keçirməyin, ərazi idarəetməni təkmilləşdirməyin, ölkədə siyasi sabitliyə nail olmağın konseptual əsasları şərh olunur. Qeyd etməyi vacib bilirik ki, Əli Nuriyevin xalqın ideya-siyasi birliyinə nail olmaq, keçmişimizə hörmətlə yanaşmaq, təhsili, elmi, təbliğat sistemini yenidən qurmaq, əmək intizamını möhkəmlətmək haqqında ideyaları müasir dövrdə də öz aktuallığını itirməmişdir.

Bunlarla yanaşı, Əli Nuriyevin şərikli müəlliflərindən biri olduğu “Azərbaycan iqtisadiyyatı” (Bakı, ”Elm", 2003, xaricdə yaşayan azərbaycanlı sahibkarlar üçün) monoqrafiyasında Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, potensial imkanları və bazar münasibətləri şəraitində inkişaf istiqamətləri haqqında müfəssəl məlumat verilir, iqtisadiyyatın inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirən əsas amillər (inteqrasiya, struktur dəyişiklikləri aparılması və sahibkarlığın inkişafı) təhlil olunur.

90-cı illərin axırlarında Əli Nuriyev respublikanın digər tanınmış alimlərilə birlikdə Naxçıvan iqtisadiyyatının inkişafı ilə bağlı məsələlərin tədqiqinə öz əsərlərində yenidən müraciət etmişdir. Onun “İqtisadiyyat” qəzetində dərc olunmuş silsilə məqalələrində (akademik Asəf Nadirovla birlikdə) “Naxçıvan iqtisadiyyatı XX əsrdə” monoqrafiyasında (A.Nadirov, Ş.Muradovla şərikli, ”Bakı", Elm, 2000) onun şərikli müəlliflərindən biri olduğu “Naxçıvan iqtisadiyyatı statistika güzgüsündə” (Bakı, Elm, 1999) kollektiv monoqrafiyada Naxçıvan iqtisadiyyatının XX əsrdə keçdiyi inkişaf mərhələləri, həll etməli olduğu problemlər, əldə etdiyi nailiyyətlər, bazar münasibətləri şəraitində inkişafının əsas problem məsələləri və istiqamətləri öz əksini tapmışdır.

Əli Nuriyevin son 10-12 ildəki yaradıcılığında Azərbaycan regionşünaslıq elmi demokratik cəmiyyətin tələblərinə uyğun olaraq yeni istiqamətlərdə inkişaf etdirilmişdir. Onun əsərlərinin bir qayda olaraq əsas ideya istiqamətini regional siyasət, regional inkişafın dövlət tənzim və idarə olunmasının təkmilləşməsi kimi çox aktual olan məsələlər (Regional inkişafın dövlət tənzimlənməsinin konseptual məsələləri - 1998; Regional siyasət və regional inkişafın dövlət tənzimlənməsi - 2002; Regional iqtisadiyyatın dövlət tənzimlənməsi yeni inkişaf mərhələsində - 2003 və s.) təşkil edir. Onun bu problemlərə həsr olunmuş əsərləri içərisində “Regional siyasət və idarəetmə” (Bakı, “Elm”, 2004), “Regional idarəetmənin əsasları” (Bakı “Elm”, 2007) kitabları mühüm yer tutur. Bu kitablarda MDB məkanında ilk dəfə olaraq regional siyasət və idarəetmənin ərazisi nisbətən kiçik respublikalara, o cümlədən Azərbaycan şəraitinə tətbiq oluna bilən nəzəri-metodoloji məsələləri ətraflı təhlil olunur, regional inkişaf strategiyasının nəzəri -metodoloji əsasları, Azərbaycanın müasir regional inkişaf strategiyası, ümummilli liderimiz Heydər Əliyevin regional inkişaf strategiyasının və siyasətinin Prezident İlham Əliyev tərəfindən yeni formalarda davam və inkişaf etdirilməsi xüsusiyyətləri, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004- 2008-ci illər)” strategiyası və onun yerinə yetirilməsi sahəsində əldə olunmuş nailiyyətlər ətraflı şərh olunur.

Bu əsərlərdə həmçinin regionların, habelə müxtəlif xarakterli iqtisadi zonaların təsnifatı verilir, regional siyasətin normativ-hüququ bazası, regional siyasətdə qanunçuluq məsələlərinin əsaslandırılmasına cəhd göstərilir.

Azərbaycanda regional siyasətin strateji istiqamətlərini, regional idarəetmənin təşkilatı vasitə və metodlarını şərh edərkən xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublika Prezidenti İlham Əliyevin bu məsələlərlə bağlı proqram xarakterli çıxışları, fərmanları, qəbul etdikləri rəsmi dövlət sənədləri əldə rəhbər tutulmuşdur. Son illərdə çap olunmuş məqalələrində respublika regionlarının davamlı inkişafının təşkilati-iqtisadi problemlərinə, respublikanın investisiya siyasəti, iqtisadiyyatın maliyyə resursları, daxili maliyyə təminatı, xammal təminatı və kommersiya xidmətinin təşkilinin təkmilləşdirilməsilə əlaqədar məsələlərə də xeyli yer verilmişdir (2007-2008-ci illər).

Ə. Nuriyevin yaradıcılığı iqtisadiyyatdan xeyli kənara çıxır, bir sıra hallarda fəlsəfi, bədii xüsusiyyətlər kəsb edir. Onun “Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri” (1992), ”Anamın həyat fəlsəfəsi” (1997), “İnsan və həyat fəlsəfəsi” (Bakı, 2005) monoqrafik əsərlərində, “Təhsil və müəllim haqqında” (2007), “Ömür, ölüm və həyat” (2007), “Ailə, təhsil və milli-mənəvi dəyərlər” (2008), “Təhsil və tərbiyə qloballaşma şəraitində” (2008) məqalələrində bir vətəndaş-alim olmaq etibarilə cəmiyyət, insan, dövlət, elm, təhsil, müəllim, din, idarəetmə, ailə, övlad-valideyn münasibətləri haqqında baxışları sistemləşdirilmişdir. İlk dəfə olaraq alimin, müəllimin, iqtidarın cəmiyyətdə yeri, mövqeyi və rolu, onların cəmiyyət qarşısında məsuliyyəti, alimə, müəllimə dövlət qayğısının vacibliyi, dövlətin alim-müəllim qarşısında borcu, məsuliyyəti məsələləri qarşıya qoyulmuş və xalqın ideya-siyasi birliyinin qorunması, respublikanın böhrandan çıxması və inkişafının mühüm şərtlərindən biri kimi əsaslandırılmışdır.

Ə. Nuriyev bir qayda olaraq nəzəri-metodoloji istiqamətdə apardığı tədqiqatları, ümumiləşdirmələri respublikanın şəraiti ilə əlaqələndirərək konkret konsepsiyalar, tövsiyələr və təkliflər formasında ifadə etmiş, onların əsas hissəsinin praktikada tətbiqinə, yaxud da geniş elmi ictimaiyyətin, müvafiq dövlət idarəetmə strukturlarının nəzərinə çatdırmağa nail olmuşdur.

Hələ 1965-1972-ci illərdə onun apardığı elmi-tədqiqat işlərinin nəticələrindən, nəzəri-metodoloji ümumiləşdirmələrindən 1969-70-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi xəttilə respublikanın yeni iqtisadi rayonlaşdırma şəbəkəsinin işlənib hazırlanmasında istifadə olunmuşdur. Eyni zamanda həmin tədqiqat işilə o, gənc alimlərin elmi əsərlərinin 1970-ci ildə keçirilmiş ümum respublika müsabiqəsində iştirak etmiş və qalib gəlmişdir. 1973-cü ildə o, respublikanın iqtisadçı alimləri içərisində ilk dəfə olaraq aparılmış ən yaxşı elmi-tədqiqat işlərinin nəticələrini müvafiq dövlət orqanlarının nümayəndələrini və mütəxəssisləri cəlb etməklə xüsusi elmi-nəzəri seminarlarda müzakirə etmək təşəbbüsü qaldırmışdır.

Ə.Nuriyevin inzibati-ərazi bölgüsü və iqtisadi rayonlaşmanın qarşılıqlı əlaqədə təkmilləşməsi, yeni inzibati rayonların və kənd sovetlərinin yaranması istiqamətində 80-ci illərdə və 90-cı illərin əvvəllərində apardığı tədqiqatı ümumiləşdirərək respublika Ali Sovetinə, iqtisadiyyat və maliyyə nazirliklərinə, Naxçıvan MR Nazirlər Sovetinə verdiyi təkliflər əsasən qəbul edilmiş və həyata keçirilmişdir. Onun müvafiq dövlət orqanlarına verdiyi təkliflərin ümumiləşdirilmiş nəticəsi kimi respublikamızda əvvəllər ləğv olunmuş bir çox inzibati rayonlar (Ağstafa, Samux, Hacıqabul, Xızı, Qobustan) bərpa olunmuş, yaranması müəllif tərəfindən hələ 1976-cı ildə təklif olunmuş Sədərək rayonu təşkil olunmuş, bir çox inzibati rayonların ərazisindəki digər uyğunsuzluqları aradan qaldırmaq üçün bir sıra kənd özünüidarələri (kəndlər) bir rayonun tabeliyindən çıxarılıb digər rayonun tərkibinə daxil edilmişdir. O, 1992-ci ilin noyabr ayında “İnzibati ərazi bölgüsü və ərazi idarəetmənin təkmilləşdirilməsi problemləri”nin Bakı Dövlət Universitetində keçirilən ümumi respublika müzakirəsində əsas məruzə ilə çıxış etmiş, komissiya yaradılması, Akademiyanın və Xalq Təhsili Nazirliyi rəhbərliyinin bu məsələnin həlli ilə əlaqədar Respublika Prezidentinə müraciət etməsinin (“Elm” qəzeti, 23 aprel, 1993-cü il) əsas təşəbbüskarlarından biri olmuşdur.

Eyni zamanda o, respublika Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş, 1996-cı ildən başlayaraq tədris prosesində və elmi-tədqiqat işlərində, habelə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2004-2008; 2009-2013-cü illər) istifadə edilən yeni iqtisadi-coğrafi rayonlaşdırma şəbəkəsinin hazırlanmasının təşəbbüskarı və əsas müəlliflərindən biridir.

Əli Nuriyev 1970-ci ildən başlayaraq Azərbaycan MEA İqtisadiyyat İnstitutunda, 1972- 1979-cu illərdə Naxçıvan Muxtar Respublikasında, son 7 ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmiş çoxsaylı elmi-praktiki konfransların, elmi-nəzəri seminarların iştirakçısı, bir çox konfrans və seminarın əsas təşkilatçılarından biri olmuşdur. Naxçıvan MR-də, Lənkəran, Mingəçevir şəhərlərində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən bir çox elmi-nəzəri seminarlarda, elmi-praktiki konfranslarda əsas məruzəçi kimi çıxış etmiş, müvafiq bölmələrin işinə rəhbərlik etmişdir.

Ə. Nuriyev 70-ci illərin əvvəllərindən başlayaraq yüksək ixtisaslı elmi kadr hazırlığında fəal iştirak edir. Hələ Naxçıvan Elm mərkəzində işləyərkən o, ictimai elm sahələri üzrə kadrların seçilməsi, hazırlanması və onların fəaliyyətinə şərait yaradılması ilə əlaqədar məsələlərin həllinə xeyli qüvvə sərf etmişdir. O, MEA-nın Naxçıvan Bölməsində yaradılmış dissertasiya şurasının, habelə AMEA İqtisadiyyat İnstitutunda dissertasiya şurasının üzvü kimi Naxçıvanda elmi dərəcəsi olan kadr potensialının artırılmasına çalışmış, doktorluq və namizədlik dissertasiyalarına rəhbərlik etmiş, opponent olmaq, avtoreferatlara rəy vermək, dissertasiya müzakirələrində fəal iştirak etmək yolu ilə kadr hazırlığına müntəzəm olaraq kömək göstərmişdir.

Əli müəllim 1990-cı ildən başlayaraq Azərbaycan EA İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul komissiyasının, institut elmi şurasının və ixtisaslaşdırılmış dissertasiya müdafiə şurasının üzvü olmaqla elmi kadrların hazırlanması və dissertasiyaların obyektiv, prinsipial müzakirəsi və müdafiəyə hazırlanmasında mühüm rol oynayır. Onun rəhbərliyi altında 16 elmlər namizədi və doktoru hazırlanmışdır, 4 namizədlik dissertasiyası müdafiəyə təqdim olunmuşdur. Hazırda onun rəhbərliyi altında 6 aspirant və dissertant namizədlik, iki elmlər namizədi doktorluq dissertasiya mövzusu üzərində müvəffəqiyyətlə işləyirlər.

2002-ci ildə Ə.Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri işləyir, Akademiyanın elmi-tədqiqat işlərinin, elmi-praktiki konfransların, elmi seminar və sessiyaların keçirilməsinin əsas təşkilatçılarından biridir. O, AMEA-nın Naxçıvan bölməsində və İqtisadiyyat İnstitutunda doktorluq və namizədlik alimlik dərəcəsi verən ixtisaslaşdırılmış müdafiə şuralarının, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”, “AMEA- nın Xəbərləri (iqtisadiyyat seriyası)”, “İpək yolu” jurnallarının redaksiya heyətinin üzvüdür.

Ə.Nuriyev 40 ildən çoxdur ki, elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirir, əldə etdiyi nəticələri tələbələrə çatdırır. O, 1982-ci ilədək Azərbaycanın ali məktəblərində siyasi-iqtisad fənnindən mühazirələr oxumuşdur. Son 28 ildə özünün müəllimlik taleyini Sumqayıt şəhərinin yeganə ali məktəbi olan Azərbaycan Sənaye İnstitutuna (hazırda Sumqayıt Dövlət Universiteti) bağlamaqla müxtəlif iqtisadi fənləri yüksək səviyyədə tədris edir. Ali məktəblər üçün metodiki dərs vəsaitlərinin yazılmasında iştirak etmiş, bir neçə monoqrafiya və dərs vəsaitinin elmi redaktoru olmuşdur. Onun fəal iştirakı ilə 1969-1970-ci və 1995-ci illərdə hazırlanmış iqtisadi rayonlaşma şəbəkələri elmi-tədqiqat, planlaşdırma və proqnozlaşdırma işlərilə yanaşı tədris prosesində də geniş miqyasda istifadə olunur. Eyni zamanda Ə.Nuriyevin elmi əsərlərindən Bakı Dövlət Universitetində, Qərb Universitetində, Azərbaycan Sənaye İnstitutunda, Azərbaycan Neft Akademiyasında “İqtisadi nəzəriyyə”, ”Azərbaycan siyasi və İnzibati bölgüsü”, “İqtisadi coğrafiya”, ”Ərazi planlaşdırma və proqnozlaşdırma” fənlərinin tədrisində qiymətli mənbə kimi istifadə edilmiş və edilməkdədir.

İqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, zəhmətkeş və xeyirxah insan, gözəl müəllim Əli Xudu oğlu Nuriyev ömrünün müdrikləşmə, yaradıcılığının yetkinlik dövrünü yaşayır. Biz həmkarları, dostları və yetirmələri adından ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Asəf NADİROV,

akademik

 

Ağasəlim ƏLƏSGƏROV,

AMEA-nın müxbir üzvü,

iqtisad elmləri doktoru, professor

İsa ALIYEV, iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 6.