Unutsaq, unudularıq

 

Yada düşür xatirələr...

 

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra respublika həyatının bütün sahələrində canlanma və inkişaf baş vermiş, idarəetmə təkmilləşdirilmişdir. Həmin ilin avqust ayında keçirilmiş AKP MK-nın plenumunda Heydər Əliyevin məruzəsində respublikada xalq təsərrüfatına və mədəni quruculuğa partiya rəhbərliyini əsaslı surətdə yaxşılaşdırmaq, dövlət intizamını möhkəmləndirmək, kadrlara qarşı tələbkarlığı gücləndirmək və onların məsuliyyətini artırmaq xətti müəyyən olunmuşdur.

 

Respublikamızda o vaxtlar bacarıqlı gənc kadrlara yüksək etimad göstərilir və onlar məsul vəzifələrə irəli çəkilirdilər. Onlardan biri də Bəxtiyar İslamov idi. 1958-ci ildə ali məktəbi əla qiymətlərlə bitirdikdən sonra doğma Oğuz rayonunda təsərrüfatda çalışan bu enerjili gənc qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmiş, təşkilatçılıq qabiliyyəti və işgüzarlığı ilə diqqəti cəlb etmişdir. 1960-cı ildə o, artıq rayon gənclərinin rəhbəri idi. Yeddi il bu vəzifədə layiqincə çalışan Bəxtiyar İslamov sonra daha məsul sahəyə irəli çəkilərək Oğuz Rayon Partiya Komitəsinin ikinci katibi olmuşdur. Heydər Əliyev idarəçilik məktəbinin bacarıqlı yetirməsi kimi özünü tanıdan Bəxtiyar İslamova 1972-ci ildə rayon icraiyyə komitəsinin sədri vəzifəsi etibar edilmişdir. Gənc olmasına baxmayaraq, özünü daim müsbət cəhətdən göstərə bilmişdir. O, ucqar rayonun iqtisadi və sosial yüksəlişi üçün böyük əmək sərf etmişdir.

Çətin dağlıq zonada məsul vəzifədə çalışmaq, uğur qazanmaq o qədər asan deyildi. Azərbaycan rəhbərinin etimadı şəxsi nümunəsi Bəxtiyar kimi mətin iradəli, sözü ilə işi bir olan, nüfuzunu durmadan artıra bilən kadrları daim ruhlandırırdı. Onlar idarəetmədə Heydər Əliyev təcrübəsindən, qətiyyətindən bəhrələnir uğurları artırırdılar.

Kadrlar hazırlamaqda, onları qiymətləndirməkdə misli-bərabəri olmayan ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə B.İslamova Oğuz Rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsi tapşırıldı. Oğuz sürətlə inkişaf etdi, rayonda rəhbərliyə inam daha da artdı, camaatın güzəranı yaxşılaşdı. Sadə kolxozçu ailəsində dünyaya gəlmiş, öz zəhmi ilə həyat yollarında yüksəlmiş Bəxtiyar Rüstəmov rayonda əsl işgüzar mühit yaratdı, hər kəsə tələbkar qayğıkeş münasibət göstərdi, Vətənə, el-obaya məhəbbəti, tapşırılan işlərə can yandırması ilə hörmət-izzət sahibi oldu. Onu tanıyanların dediyinə görə, B.İslamovu daha çox fərqləndirən cəhətlər heç bir problemə ikinci dərəcəli məsələ kimi baxmaması, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər kəsə məsuliyyətlə, inamla yanaşması idi. O, gəncləri ruhlandırmağı bacarır, inamla irəli çəkir müdafiə edirdi.

Səylər nəticəsiz qalmırdı. Oğuz tezliklə Azərbaycanın qabaqcıl rayonları sırasına çıxdı, mədəni həyat xeyli yüksəldi. 1981-ci ildə burada ölkəşünaslıq muzeyi yaradıldı, etnik cəhətdən rəngarəng olan rayonda xalqlar dostluğuna həsr edilən elmi-nəzəri konfrans digər yaddaqalan tədbirlər keçirildi. Bütün bunlar o dövrün mətbuatında, radio televiziyada geniş əksini tapırdı.

Bəxtiyar İslamov, 1985-89- cu illərdə Balakən rayonuna rəhbərlik etdi, 1990- ildə partiyanın mərkəzi aparatında çalışdı, sonra Qəbələ rayonuna rəhbər seçildi ömrünün sonuna - 1992-ci ilin noyabrına kimi bu vəzifədə çalışdı. O illərdə təcrübəli kadrlar, xüsusən Heydər Əliyev idarəçilik məktəbinin yetirmələri sıxışdırılır, onlara normal fəaliyyət göstərməyə imkan yaradılmırdı. İki dəfə respublika Ali Sovetinə deputat seçilmiş Bəxtiyar İslamov heç vaxt adət etmədiyi УyeniФ metodları ilə çalışmağa razı olmur buna görə cəbhəçilərin təzyiqlərinə məruz qalır, əziyyət çəkməli olurdu. Elə bu mühit onun 56 yaşında vaxtsız dünyasını dəyişməsinə gətirib çıxardı.

Bəxtiyar İslamov indi yaddaşlarda yaşayır, xoş xatirələrlə anılır. Rayon əhalisi onu əsl ağsaqqal kimi qəbul edir, xidmətlərini yüksək dəyərləndirir. Xatirəsi əziz tutulan Bəxtiyar müəllimin işıqlı obrazı onu tanıyıb-sevənlərin qəlbində daim canlanır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 7.