Heydər Əliyev — böyük xilaskar

 

Yaşı bilinməyən tarixdə adları bu günümüzə qədər gəlib çatan və çatmayan adi insanlardan fərqli dahilər olub. Dahilər fərqli doğulmurlar. Lakin yaşamları, özləri üçün müəyyənləşdirdikləri həyat tərzləri, fəaliyyətləri fərqli olur. Dahilik məqsədlə, arzu və ya istəklə yaranmır. O insanla doğulur, həyatda formalaşır. İnsanın özü üçün müəyyənləşdirdiklərinin içərisində yalnız dahi olmaq arzusu yoxdur.

 

Babək Xürrəmi, Şah İsmayıl Xətai, Fatih Sultan Mehmet, Mustafa Kamal Atatürk, Heydər Əliyev. Bunlar türkün tarixidir. Tarixin yaddaşına əbədi həkk olunmuş tarix yazan dahilər. Özünə, yaddaşına sahib çıxıb, hesab gününə inanan bu kişilər tarixin çox axarını dəyişə bildilər. Babək bir günlük azadlığı qırx il kölə kimi yaşamaqdan üstün tuturdu. Özünü mücadiləsinə, əslində isə millətinə qurban etdi. Edamın dəhşəti belə onu yolundan sapındırmadı. Adi bir kəndli uşağı millətinin qəhrəmanına çevrildi. Şah İsmayıl Xətai müasir dövrlə müqayisədə hətta həddi - büluğa çatmayan yeniyetmə ikən millətinə sahib çıxdı.Fatih Sultan Mehmet türkün tarixində əhəmiyyətli və tarixi rolu ilə fərqlənən şəxsiyyətlərdən olub. 20 yaşında Osmanlı xəlifəsi olan Sultan II Məhəmməd İstanbulu fəth edərək 1100 illik Şərqi Roma İmperiyasını ortadan qaldırdı və Fateh ləqəbi qazandı. Həzrəti Məhəmməd (s.ə.s) hədislərinin birində “İstanbulu fəth edən komandan nə gözəl komandan, onu fəth edən əsgər nə gözəl əsgər” demişdir. Mustafa Kamal Atatürk XX əsrin əvvəlində yoxdan bir var yaratdı. Dörd tərəfdən hücuma məruz qalan Türkiyəni yunanın, ingilisin, erməninin, fransızın və onlardan heç də fərqli olmayan yerli işğalın caynağından qurtardı. O dünyaya demokratik düşüncəyə və idarəetməyə malik yeni bir Türkiyə təqdim etdi. Hər kəsin könlündə bir Vətən, bayraq sevgisi ilə dolu ocaq çatdı. Toplumun övladından millətin atasına qədər ucaldı.

Yaxın Şərqdən uzaq Simala qədər kök atmış Böyuk Türkü tarixin daş yaddaşına əbədi həkk etmiş belə DAHİLƏR onlarla, yüzlərlə, minlərlə deyil. Ulu və böyük türkün dahi şəxsiyyətlərindən biri də məhz odur - Azərbaycan türkünün ümummilli lideri, ulu öndər HEYDƏR ƏLİYEV. Heydər Əliyev fenomenal yaddaşa, ensiklopedik biliyə malik dahi şəxsiyyət, qəhrəmanlıq simvolu idi. Heydər Əliyev xalqını sevməklə xalqlaşmışdı, millətləşmişdi. O sanki Azərbaycan üçün, bu millətə xidmət üçün yaranmışdı. Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyevin hakimiyyətinin ilk dönəmində mən Azərbaycanda yaşamasam da, insanlarla söhbətim, onun haqqında yazılan kitabları, məqalələri oxuyandan sonra, ən başlıcası isə ulu öndərlə hələ Naxçıvanda olarkən yaranan dostluq münasibətlərim zamanı bu şəxsiyyətin milləti üçün Tanrı töhfəsi olduğunu fərq etdim. Heydər Əliyev Azərbaycanın şanlı tarixidir. Heydər Əliyev Azərbaycanın keçmişidir. Qürur duyulası keçmişi. Heydər Əliyev Azərbaycanın bu günüdür. İnkişaf etmiş, imzası imzalar içində olan bu günü. Heydər Əliyev Azərbaycanın gələcəyidir. Öz layiqli davamçısı, fikir və ideyasının parlaq daşıyıcısı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında. Hippokrata görə ideal həkim müdrik həkimdir. Heydər Əliyev millət atası olaraq həm də müdrikliyin simvoludur.

Liderlik bəşəri xüsusiyyətdir. Vəzifəsi liderlikdir. İlk islahatı özündən başlar. O, nə arzulanan bir şeydir, nə də xarizma ilə əlaqəsi var. Lider milləti istiqamətləndirməlidir. Millətin məqsədsiz qalmasına izn verə bilməz. Heydər Əliyev də belə etdi.

Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Ümummilli lider, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə növbəti dəfə hakimiyyətə qayıtması sanki ötən gün olmuş kimi gözlərimin önündədir. O dahi şəxsiyyətlə hələ Naxçıvanda olarkən tanış olmuşdum. Bu tanışlıq öncə mehriban dostluğa, sonra isə ata - oğul münasibətlərinə çevrildi. Ulu öndər Naxçıvanda olduğu dönəmlərdə mən bəzi işlərlə əlaqədar paytaxt Bakıya gəlirdim, ən qısa zamanda da Naxçıvana, ulu öndərin yanına dönürdüm. Onsuz paytaxt sanki məni sıxırdı. Xalqın arzusunu, onu özünə rəhbər görmək istəyini, düşdüyü bəlalardan yalnız onun qurtara biləcəyini ulu öndərin diqqətinə çatdıranda xəyala dalırdı. “Osman bəy, mən bütün şüurlu həyatımı millətimin inkişafına həsr etmişəm. Azərbaycan Sovetlər İttifaqının tərkibində olanda belə, mən bu millətin alimlərinin çox olması üçün əlimdən gələni əsirgəməmişəm. İnanmışam ki, mənim millətim onun üçün etdiklərim fədakarlığı bir gün qiymətləndirəcək.” – deyən ümummilli lider xalqın bu sevgisindən çox duyğulanırdı. Onu heç zaman vəzifə maraqlandırmırdı. Ulu öndər sanki xalqla nəfəs alırdı.

İkinci dəfə hakimiyyətə qayıtdıqdan dərhal sonra müdrikcəsinə atdığı addımlar keçmiş iqtidarların zamanında Azərbaycanın məruz qaldığı faciələrin bilavasitə qarşısını aldı. Ulu öndər xalqının etimadına ehtiramla cavab verdi. Onun rəhbərliyi ilə ölkənin iqtisadi inkişafı istiqamətində illər öncə atılan addımlar, bu gün hətta ən inkişaf etmiş dövlətlərin belə məruz qaldığı dünya maliyyə böhranının ciddi təsirlərinin hiss edildiyi bir zamanda Azərbaycan yeni infrastrukturlar yaratmaqla özünün qızıl dövrünü yaşamaqdadır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və səmərəsi uzun müddətə hesablanmış layihələr bu gün nəinki Azərbaycanın, o cümlədən region ölkələrinin də sosial-iqtisadı inkişafı üçün ciddi, əhəmiyyətli rol oynamaqdadır.

Azərbaycan müasir dünyaya inteqrasiyası üçün özünün tarazlaşdırılmış siyasəti ilə muəllifi olduğu layihələrdən ciddi yararlanmaqla özünün inkişaf strategiyasını müəyyənləşdirmək imkanları əldə edib. Möhtərəm Prezidentimiz İlham Əliyevin milli mənafeyi hər şeydən uca tutması təqdirəlayiq haldır. Bu gün İlham Əiyev dünya liderlərinin favoritinə çevrilib. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident Azərbaycanı region ölkələrinin liderinə çevirməklə, eyni zamanda, etibarlı partnyor imicinin formalaşmasını təmin edib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, yüklərin daha asan və səmərəli daşınmasının təşkil edilməsi üçün ölkələrarası yeni dəmir yolu xətlərinin çəkilişi, yaxın gələcəkdə reallaşması nəzərdə tutulan “Nabukko” layihəsi və s. ölkənin perspektivli, davamlı inkişafının bariz nümunəsidir. Eyni zamanda, bu layihələr Azərbaycana Prezident İlham Əliyevin siyasəti nəticəsində Avropanın dostu imicini qazandırmaqla yanaşı, supergüclərin bir ölkədən enerji asılılığına da, demək olar ki, son verdi.

Azərbaycandan fərqli olaraq yeraltı təbii sərvətləri, müasir dünyaya inteqrasiyası üçün maliyyə imkanları olduqca zəif olan qonşu Gürcüstanda özünün anlaqlı və dost siyasəti ilə Azərbaycanın həyata keçirdiyi layihələrdən ciddi yararlanmaqla inkişafını təmin etmiş oldu. Regionun Avropaya qapısı hesab olunan Türkiyənin tarix boyu Azərbaycanın haqq işinə dəstək olması, dünyaya nümunə ola biləcək yalnız qonşuluq deyil, dostluq və qardaşlıq münasıbətləri də onu bu prosesdə iştirakçıdan işin bilavasitə sahiblərindən birinə çevirdi. Kriminal vasitələrlə hakimiyyətə gələn Ermənistan iqtidarları isə bu cür layihələrdən kənarda qalmaqla, elə bir situasiya ilə üzləşdilər ki, real vəziyyətdə nəinki daxili müxalifətin, hətta sadə ermənilərin belə təzyiqlərinə davam gətirməkdə acizlik nümayiş etdirirlər. Elektron KİV-i və portalları izlədikcə bu qənaətə gəlmək olur ki, bu ölkənin vətəndaşlarında gələcəyə inam büsbütün ölüb. Hər kəs nostalji ilə yasayır. Ermənistanın şəhərləri, kəndləri bir-birinin ardınca boşalır. Ölkənin genefondu ölümə məhkum olduğunun fərqindədir. Ölkənin nəinki sadə xalqı, eyni zamanda iqtidarı da Ermənistanı bu çamurdan Azərbaycanın və Türkiyənin müdaxiləsi olmadan qurtarmağın mümkünsüz olduğunu gözəl bilirlər. Elə ona görə də erməni siyasətçilərinin son bir ildə bir zamanlar cidd-cəhdlə dünyaya sırımaq istədikləri “erməni soyqırımı” siyasətini arxa plana keçirmələri, Türkiyə-Ermənistan sərhədlərinin açılması uğrunda mübarizəyə qalxmaları anlaşılandır. Hətta Ermənistan prezidenti bu məsələdə bir az da irəli gedərək “soyqırımın tanıdılması sadəcə profilaktik tədbir idi” - deyə qeyd edir və ardınca “mənim üçün ən xoş gün Azərbaycanın Qarabağın müstəqilliyini tanıyacağı gündür” - söyləyir. Budur erməni xisləti və riyakarlığı.

Dünya supergüclərinin oyuncağı olan Ermənistan rəhbərliyi tərəfindən siyasət naminə tarixi reallıqlar ya bilərəkdən unudulur, ya da arxa plana keçirilir. Qəribədir ki, dünya bu regionda baş verən proseslərə ikili standartlarla yanaşmaqda hələ ki, davam edir. Azərbaycan isə özünün son on beş illik inkişaf strategiyası ilə Ermənistanı və bu ölkəni dəstəkləyənləri məyus etməkdə davam edir. Dünya iqtisadi böhranın məngənəsindədir. Böhran dünyanın ən inkişaf etmiş ölkələrini belə ciddi şəkildə problemlərlə üz - üzə qoymaqdadır. Lakin Azərbaycan bu inflyasiyanın ən az təsir etdiyi, bəlkə də ümumiyyətlə təsir etmədiyi ölkələrdəndir. Bu cür ciddi bir dönəmdə inflyasiyanın Azərbaycana təsir dairəsinin sadəcə epizodik olması ulu öndərin illər öncə Azərbaycan üçün müəyyənləşdirdiyi strategiyanın məntiqi nəticəsidir. Azərbaycanın illər öncə zorən məruz qaldığı müharibə zamanı ulu öndərin uzaqgörən siyasəti və təşəbbüsü nəticəsində əldə olunmuş atəşkəs zamanı ölkənin müharibə şəraitində olmasına baxmayaraq, dinc quruculuq işləri ilə məşğul olması, inkişaf strategiyasını sərbəst olaraq müəyyənləşdirməsi dünyanın diqqətindən kənarda qalmadı. Ermənistan iqtidarı isə istər Türkiyə və Gürcüstanla ərazi iddiası, istərsə də Azərbaycanı məruz qoyduğu müharibənin yenidən alovlanması, atəşkəsin pozulması istiqamətində atdığı addımlarla özünün işğalçı mövqeyini təsdiq etmiş oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə bu dönəmdə ulu öndərin əsasını qoyduğu güclü və qudrətli Azərbaycan ideyasını reallaşdırmaq istiqamətində gördüyü işlərlə ölkənin və millətin əməksevərliyini, sülhsevərliyini bir daha sübut etdi. Amerika Birləşmiş Ştatlarının bu il Ermənistana ayrılan yardımı kəsməsinə baxmayaraq, dünya Azərbaycan və Türkiyəyə hələ də ikili standartlarla yanaşmaqda davam edir. Lakin Azərbaycan və Türkiyə dövlətləri “bir millət iki dövlət” prinsipinə söykənərək, ulu öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ideyalarına sadiq qalmaqla dünyaya nümunə ola biləcək birlik və bərabərlik modeli təqdim etdilər.

Biz “Özkaya Group” şirkəti olaraq özümüzü hər iki dövlətin qurucularının həyata keçirdiyi prinsiplərin davamçıları hesab edirik. Mənə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü şəxsən görmək nəsib olmasa da, onun qurduğu dövlətdə doğulmağımdan, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevlə nəinki şəxsi tanışlığım, hətta ata - oğul münasibətlərində olmağımdan həmişə qürur duymuşam. Daim özümü ulu öndərin fikir və ideyasının davamçısı hesab etmişəm. Bu gün rəhbərlik etdiyim “Özkaya Group” şirkəti də məhz onun – ulu öndərin xeyir-duası ilə yaranıb.

Şirkətimiz korporativ sosial məsuliyyət yönümlüdür. Biz kommersiya fəaliyyəti ilə paralel, cəmiyyət qarşısında məsuliyyətimizi də dərk edirik. Əsas istehsal və satış sahəmiz peşəkar mətbəx avadanlıqları və teleskopik şaquli dayaq, yardımçı materiallar, aksessuarlardır. İstehsal və satışla paralel olaraq, “Özkaya Group” şirkəti ötən ildən çoxsaylı sosial layihələr də müəyyənləşdirərək həyata keçirib. Bu layihələrin içərisində Nizami Rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil edilən “Təmizlik həftəsi”, ulu öndərin xatirəsinə həsr olunmuş Bakı Şəhər Təhsil İdarəsi ilə birlikdə paytaxt məktəbliləri arasında təşkil olunmuş rəsm müsabiqəsi, bu müsabiqənin yekunu olaraq “İnsanlığın, imanın, inancın zirvəsi” adıyla nəşr olunan və paytaxt məktəblilərinə hədiyyə olunan kitab, 10 may 2009-cu ildə Gül bayramında və həmin günün ümummilli liderin doğum günü olması ilə əlaqədar üzərlərinə “Heydər Əliyev - 86" yazılmış etiketlər yapışbırılmış minlərlə qərənfilin paytaxt xanımlarına hədiyyə edilməsi, 15 İyun Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin əksi həkk olunmuş minlərlə bayrağın paytaxt sakinlərinə hədiyyə olaraq paylanmasını və s. misal göstərmək olar. Bundan əlavə, şirkətimiz tərəfindən 30 - a qədər Azərbaycanda təhsil alan türk, Türkiyədə səhiyyə sahəsində təhsil alan azərbaycanlı tələbəyə təqaüdlər verilir. 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə ”Özkaya Group" şirkətinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyətinin - TÜSİAB-ın və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyevin mənəvi dəstəyi ilə talassemiya xəstəliyindən əziyyət çəkən körpələr üçün qanvermə aksiyası keçirildi. Onlarla insanın qatıldığı aksiyanın möhtərəm Prezidentimiz İlham Əliyevin 2009-cu ili “Uşaq İli” elan etməsi ilə əlaqədar olaraq il boyu davam etməsi tərəfimizdən qərara alındı. Bundan başqa, növbəti tədris ili üçün şirkətimiz tərəfindən Təhsil Nazirliyinin xətti ilə bir neçə məktəb müəyyənləşdirilərək həmin məktəblərdə “Heydər Əliyev - Atatürk” guşələrinin yaradılması planlaşdırılır. “Özkaya Group” şirkəti olaraq bu layihəmizi Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kılıçla da müzakirə etməyi düşünürük. Biz bu kimi layihələrimizlə böyük türk millətinin hər iki öndərinə–Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə və Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevə əbədi sevgi aşılamaq arzusundayıq.

 

 

Osman GEZEKER,

“Özkaya Group” şirkətinin prezidenti,

Azərbaycan Türk Sənayeçi İş Adamları

Beynəlxalq Cəmiyyəti (TÜSİAB) İdarə Heyətinin üzvü

 

Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 3.