Səbail rayonunda təntənəli mərasim

 

Ulu öndər Heydər Əliyevin xalqa, Vətənə xidmətdə keçmiş ömrünün mühüm məqamları həm də yaxın tariximizin silinməz səhifələri kimi nəsillərin yaddaşında qədirbilənliklə yaşayır. Səbail rayon ictimaiyyətinin Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən təntənəli mərasimində də 1969-cu ilin 14 iyulu — ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi, Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarması məruzə və çıxışların əsas mövzusu oldu.

 

Mərasim iştirakçıları əvvəlcə unudulmaz rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən videofilmə baxdılar. Sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 40-cı ildönümü mövzusunda məruzə ilə çıxış etdi.

Natiq bildirdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin əzəmətli və bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insanın adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər timsalına çevrilmişdir. Onun həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadimi, ümummilli lider kimi bütün millət tərəfindən tərəddüdsüz qəbul edilən, hələ sağlığında əfsanələşən, ürəklərdə özünə əbədi heykəl ucaldan bir şəxsiyyətdir. Bu qüdrətli liderin müəyyənləşdirdiyi yol, dinamik inkişafı təmin edən strateji kursu daim ölkəmizə və xalqımıza uğur gətirib. Böyük hadisələrlə dolu olan bu dövrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub.

Heydər Əliyev iki müxtəlif ictimai-siyasi sistem çərçivəsində, iki fərqli zamanda — 1969-1982 və 1993-2003-cü illərdə Azərbaycana başçılıq etmək, ölkəsini inkişaf etdirmək, düşmənlərdən qorumaq yükünün ağırlığını öz çiyinlərində düz bir qərinə mətanətlə və fəxrlə daşıdı, bu fədakarlığı ilə xalqının qəlbində əbədiləşdi. Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin fövqündədir. Fəqət, bu ucalıq onun böyük dövlət xadimi, böyük ictimai xadim və bütün bunların hamısından da əvvəl Böyük Azərbaycanlı olması faktını bir daha təsdiq etmişdir. Bəli, Heydər Əliyev hər şeydən əvvəl zəmanəmizin ən Böyük Azərbaycanlısı idi və onun idealları bu həqiqətdən qida alırdı.

Başçı daha sonra vurğuladı ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində xalq üçün, Vətən üçün etdiklərini bəzən həyatımızın əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndər tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə hörmət və ehtiramını onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Heydər Əliyev Azərbaycana birinci dəfə sovet sisteminin ən güclü dövründə başçılıq etmişdi. O, təbii sərvətlərlə zəngin, lakin infrastrukturu, güclü kadr bankı olmayan, intellektual potensialı dağınıq olan bir ölkədə cəmi 10—12 ilə möhkəm bir özül yaratdı və özünü əvəzsiz siyasi xadim kimi təsdiqlədi.

Heydər Əliyevin Kreml zirvəsinə ucalması isə Azərbaycanın gücünün bir daha ən parlaq təsdiqi oldu. Tanrının onun üzərinə qoyduğu müqəddəs missiya tək bununla tamamlanmadı. Tale elə gətirdi ki, o, Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı, şərəfli və müqəddəs yolu sonradan müstəqil, suveren Azərbaycan dövlətinin Prezidenti kimi uğurla, ardıcıl şəkildə davam etdirdi. Onun 1993-cü ilin böhranlı yayında “Ömrümün qalan hissəsini xalqıma bağışlayıram” — deyə öz xalqına sahib çıxması böyük fədakarlıq idi. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi dövlət quruculuğu prosesi başlandı. Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Heydər Əliyev respublikada milli dövlətçiliyin real inkişaf modelini yaratmağa müvəffəq oldu.

Natiq sonda dedi:

— Ulu öndərimizin Azərbaycan həyatına gətirdiyi ideyalar və dəyərlər yeni idarəetmə məktəbinin formalaşması üçün də əsaslı zəmin oldu. Heydər Əliyev yolu bu gün də davam edir. Bu dahi şəxsiyyətin ideyalarının qüdrətiylə, tükənməz Azərbaycan sevgisiylə, azərbaycançılıq missiyası ilə silahlanan Prezident İlham Əliyevin bugünkü genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, o, ümummilli liderimzin bütünlüklə Azərbaycana, onun işıqlı sabahına həsr olunan zəfər yolunu ləyaqətlə davam etdirir, xalqına, Vətəninə Heydər Əliyev zirvəsindən xidmət edir.

Yubiley mərasimində çıxış edən Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, millət vəkili Fəttah Heydərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, xalq artisti Laləzar Mustafayeva, tələbə Səbuhi Məmmədov bildirdilər ki, ömrünü canından artıq sevdiyi doğma Azərbaycanının tərəqqisi və inkişafına həsr edən Heydər Əliyev hələ sovet dövründən başlayaraq, çox böyük uzaqgörənliklə bugünkü dövlət müstəqilliyimiz üçün zəmin yaratmış, bu gün çoxlarının həsəd apardığı respublikamızın iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Ölkəmizdə hərc-mərclik hökm sürdüyü bir dövrdə Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin əbədi və sarsılmaz xarakter aldığını deyən natiqlər vurğuladılar ki, dahi şəxsiyyətin zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində hazırda respublikamız dünyanın aparıcı dövlətləri sırasında layiqli yer tutmuşdur.

Sonda ulu öndərə həsr olunmuş mahnı onun ölməzliyinin bədii təcəssümü kimi səsləndi.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2009.- 14 iyul.- S. 6