Sumqayıtın 60 illiyinə həsr edilmiş poçt markası buraxılıb

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında 2009-cu il aprelin 24-də sərəncam imzalayıb. Bununla bağlı yaradılmış təşkilat komitəsi xüsusi tədbirlər planı hazırlayıb və həyata keçirməyə başlayıb.

 

Gənclik şəhərinin 60 illiyinə həsr edilmiş poçt markasının buraxılması da həmin tədbirlər silsiləsinə daxildir. Yeni poçt markasının təqdimatına həsr olunan toplantının əvvəlində Sumqayıtın tarixinə dair sənədli film nümayiş etdirildi. Ulu öndər Heydər Əliyevin vaxtilə Sumqayıta etdiyi unudulmaz səfərlərinin əks olunduğu kadrlar xüsusilə böyük maraq doğurdu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında qeyd etdi ki, xalqımız bu günlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyini bayram edir. Yubiley poçt markasının təqdimat mərasiminin belə bir əlamətdar vaxta təsadüf etməsi fərəhlidir. Çünki ulu öndər hər zaman Sumqayıtın inkişafına diqqət və qayğı göstərib, 16 dəfə bu şəhərə tarixi səfərlər edib. Ötən 60 ildə səhrada çiçək kimi bəslənərək gözəlliyi ilə hamını heyran qoyan Sumqayıt şəhərinin ölkənin sosial-iqtisadi həyatında rolu ilbəil artmışdır. Ulu öndərin ideyalarının təcəssümü olan gənclik şəhəri Prezident İlham Əliyevin qayğısı sayəsində son illərdə daha da böyümüş və inkişaf etmişdir.

Sonra Vaqif Əliyev şəhərin tərəqqisi ilə bağlı fikirlərini konkret faktlarla əsaslandırdı. İcra hakimiyyətinin başçısı mərasim iştirakçılarını yubiley poçt markasının buraxılması münasibətilə təbrik etdi. İştirakçıların alqışları ilə möhür-imza qoyulmaqla yeni markanın söndürülməsi proseduru yerinə yetirildi və marka ölkə miqyasında, eləcə də beynəlxalq aləmdə dövriyyədə istifadə üçün hazır oldu.

Əmək veteranı, Şöhrət ordenli inşaatçı Gülbahar Vəliyeva da mərasimdə ürək sözlərini söylədi.

Sumqayıtın 60 illik yubileyi münasibətilə düzənlənən daha bir unudulmaz tədbir beləcə şəhərin tarixinə yazıldı.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 15 iyul.- S. 8.