Lerik: günbəgün abadlaşan, gözəlləşən diyar

 

Ötən ilin yayında Lerikə səfərim rayonun mərkəzi qəsəbəsinə şəhər statusunun verildiyi günlərə təsadüf etmişdi. Camaat çox sevinirdi. Həmin vaxt burada görüşdüyüm Kanadanın Toronto şəhər sakini, tələbə Yohan Şmula dağlar qoynundan gözəlliyi boy göstərən Lerikə heyranlığını obrazlı dillə belə ifadə etmişdi: “Lerik çox gözəldir. Şəhər dağların əhatəsində iri bir gül vazasına bənzəyir”.

 

Mənsə o zaman hazırlayıb çap etdirdiyim “Dağların qoynunda bir şəhər vardır...” adlı yazımda göstərmişdim ki, tarixdən gələn sorağa görə, Lerik ərazisində nə vaxtsa qədim Səpləkaran qala-şəhəri mövcud olub. İki bazar, karvansaray, qazıntılar nəticəsində üzə çıxan sənətkarlıq məmulatları, qiymətli əşyalar, bir də nəsildən-nəslə ötürülən rəvayətlər burada qala-şəhərin olduğunu təsdiqləyir. Bu gün Lerikə şəhər statusunun verilməsi bir növ tarixin təkrar olunması deməkdir...

“Bir yaşlı şəhər”in yenilikləri barədə bir qədər sonra söhbət açacağam. Hələliksə lerikli həmkarım İlqar Rüstəmovla onun doğma yurduna yol getməkdəyik. Zümrüd meşələr bizi qoynuna alıb. Lənkəran-Lerik yolunun 27-ci kilometrində “Təbəssüm” istirahət mərkəzində nahara dayanırıq. May ayında da buraya gəlmişdik. İlqar müəllimlə orta məktəbdə eyni sinifdə oxumuş dostu Akif Əliyev yenə də bizi qonaqpərvərliyin bütün “qanun”ları səviyyəsində qarşılayır. O, “Təbəssüm”ün direktorudur. Dağlıq meşə ərazisindəki bu gözəllikləri əlinin zəhməti, alnının təri ilə cilalayıb, pardaxlandırıb. Xatırlayıram ki, ötən görüşümüzdə Akif Əliyev Almaniya, Çin, Rusiya, Hindistan, Qətər və Turkiyədən gəlmiş qonaqların “Təbəssüm”də təbəssüm dolu şən günlər keçirdiklərini söyləmişdi. Bu mövsümdə turistlərin sayı hələlik az olsa da, bir-iki həftəyə mərkəzdə boş kottec tapılmayacağına əminik. Çünki Lerik meşələrinin, buradakı istirahət mərkəzlərinin səsi-sorağı artıq çox uzaqlara yayılıb.

“Köhnə” sinif yoldaşları uşaqlıq xatirələrini çözələyir, mənsə görkəmli alim, akademik Həsən Əliyevin Talış meşələrini təbiətin canlı muzeyi adlandırmasını yada salıram. “Həyəcan təbili”nin müəllifi yazırdı ki, yayda bu meşələr ətriyyat mağazalarını xatırladır.

Mərhum akademik Lerikdə çox olub. Günlərin birində 40-cı kilometrdəki yeməkxana ərazisində əlüzyuyanın ağaca vurulmuş iri bir mismardan asıldığını və sabunlu suyun birbaşa ağacların dibinə axdığını görüb əsəbləşir. Mismarı çıxartdırıb: “birinizin kürəyinə bu mismar vurulsa, dözərsinizmi? — deyə yeməkxana işçilərini bərk danlayır...

“Təbəssüm”ü tərk edəndə yoxuşa dirənən torpaq yolun sol hissəsində böyük bir ağacın kəsilmədiyini və sanki “ərk”lə sürücülərə “ehtiyatlı olun” deməsini görüncə düşündüm ki, nə yaxşı Akif kimi sahibkarlar da təbiətə övlad məhəbbəti bəsləyir, beləcə sevə-sevə onun nazını çəkirlər.

Rayon mərkəzinə çatanda qonaqları ilk olaraq Dilləvu dağı salamlayır. “Könlüm vurulub... Lerikdə” kitabının müəllifi, dostumuz Qəhrəman Əliyevin yazdığına görə, vaxtilə Dilləvu bu yerlərin yaşıl tacı olub. Amma baxımsızlıqdan sıx meşəlik tədricən seyrəlib. Nəticədə ərazinin suyu tükənib, bağ-bağat bar-bəhərdən düşüb, mal-qaranın südü kəsilib, ətinin dadı qaçıb. Müstəqillik illərində Dilləvunun bərpasının ilk təşəbbüskarı adlı-sanlı fermer Xanış Şahıyev (bir neçə aydır ki, Xanış kişi dünyasını dəyişib, Allah ona rəhmət eləsin!) olub. Onun illərcə çəkdiyi zəhmət sayəsində Dilləvunun böyük bir ərazisində sıx meşə əmələ gəlib, bir vaxtlar oranın “sakinləri” olmuş müxtəlif heyvanlar, quşlar yenidən peyda olub. Xanış kişi sübut edib ki, meşəni qorumaq olar və vacibdir. İndi Dilləvuda Xanış kişidən nümunə götürüb onun yolu ilə gedənlər — meşəni böyüdənlər də var.

... Xanış Şahıyevin dəfələrlə qonağı olduğum evinin yanından ötəndə istər-istəməz maşının əyləcini basıram. Amma bu dəfə evə getməyə nədənsə tərəddüd edirəm. Xanış kişinin onsuz qalan oylağına ayaq qoymağa ürəyim gəlmir...

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov adəti üzrə görülən işlər barəsində böyük həvəslə, şövqlə danışdı. Eşidib-gördüyümüzə görə, son illər rayonda abadlıq-quruculuq sahəsində çox işlər həyata keçirilib. Rövşən müəllim bu işlərdən birinə-Mastail kəndinə on illərdən bəri ilk dəfə asfalt yol çəkilməsinə diqqətimi xüsusilə cəlb etdi. Çünki Mastail istiqamətində gedib-gələn lerikliklərin əzab-əziyyətlərinə, nəhayət, son qoyulmuşdur. Bu kəndin ziyalıları, ağsaqqalları səyyar qəbul zamanı icra hakimiyyətinin başçısına həmin yolun bərbad vəziyyətdə olduğunu, hər zaman, illah da ki, payız-qış aylarında böyük çətinlik yaratdığını bildirmişdilər. Başçı söz vermişdi ki, yol tezliklə abadlaşdırılacaq və asfalt örtük qoyulacaq. Bu vəd artıq yerinə yetirilib: 1,3 kilometrlik eniş-yoxuşlu yola asfalt döşənib, şəhər və kənd əhalisinin rahat gediş-gəlişi, avtomobillərin təhlükəsiz hərəkəti təmin edilib. Sakinlər bundan çox razı qalıblar. Rayon İcra hakimiyətinin başçısı söhbət zamanı dedi:

— Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət hər yerdə olduğu kimi, Lerik rayonunda da əsl işgüzar mühitin formalaşmasına şərait yaratmışdır. Rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafı, əhalinin maddi-məişət şəraitini daha da yaxşılaşdırmaq üçün davamlı iş aparır, verilən fərman və sərəncamların idarəetmənin bütün sahələrində həyata keçirilməsindən ötrü əzmlə çalışır.

Dövlət başçısının 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərmanı və “Azərbaycan Respublikası regionlarının, o cümlədən, Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı rayonumuzda uğurla icra edildi. Görülmüş işlərin nəticəsi olaraq rayonda 2004-2008-ci il ərzində 4557 yeni iş yeri açılmışdır ki, bunlardan 2029-u daimidir.

Bu ilin altı ayında rayonumuzda icrası nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq 215 yeni iş yeri yaradılmışdır. Əsasən rayonda aparılan tikinti-abadlıq işlərinə cəlb edilmiş vətəndaşlardan 80 nəfəri daimi işlə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanı rayonumuzda icrası nəzərdə tutulmuş bütün layihələrin və tədbirlərin həyata keçirilməsi üçün əsas stimul olacaq.

Lerik şəhərində sıradan çıxmış şəhərdaxili su xətlərinin rayonun daxili imkanları hesabına yeniləşdirilməsi ilə bağlı bir sıra işlər görülmüş, Göydərə, Kəlvəz və Noda kəndlərində artezian quyuları qazılmış, Züvüc kəndinə 7,5 kilometrlik, Qələbin kəndinə 3,7 kilometr yeni su xətləri çəkilmiş, Qosmalian kəndində 2 kilometrlik böyük diametrli borular yeniləri ilə əvəz edilmişdir. Şəhər əhalisini yay aylarında içməli su ilə təmin etmək üçün kommunal müəssisələri istehsalat birliyi üçün alınmış 2 su maşınından istifadə edilir.

Rayonumuzda tikinti-abadlıq işləri 2009-cu ilin 6 ayı ərzində də nəzərdə tutulmuş tədbirlər planına uyğun davam etdirilmişdir. Rayon mədəniyyət evi əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilmişdir. Çayrud kəndində 200, Hovil kəndində 120 şagird yerlik məktəblərin tikintisində iş aparılır.

Lənkəran-Lerik yolu boyunca turizm istirahət-əyləncə mərkəzlərində yeni kotteclər, istirahət meydançaları tikilmişdir. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Xəyal”, “Ağgöl”, “Paradiz”, “Altun” və digər istirahət-əyləncə mərkəzlərində eyni zamanda 600-ə yaxın turist istirahət etmək imkanına malikdir. Bilnə kəndi yaxınlığında yeni “Səfa” turizm-istirahət mərkəzində tikinti işlərinə start verilmişdir. Artıq tikintidə 15 nəfərdən artıq lerikli müvəqqəti işlə təmin edilmişdir.

Lənkəran-Lerik yolunun 50-ci kilometrində müasir standartlara cavab verən ticarət mərkəzinin tikintisində iş davam etdirilir. Yolun Piran kəndindən keçən hissəsində yeni ticarət obyektləri inşa edilmiş, kəndin daxili küçələrində işıqlandırma sistemi yaradılmışdır. Bundan başqa, iş adamları tərəfindən “Aqrotexservis” ASC-nin özəlləşdirilmiş binalarında, torpaq sahələrində yenidənqurma, tikinti işləri aparılır. Əhaliyə müxtəlif xidmətlər göstərəcək bu tikintidə 12 nəfərdən çox adam müvəqqəti işlərə cəlb edilmişdir. Rayondaxildi yolların bərpası və təmiri ilə əlaqədar daxili imkanlar hesabına 12 kilometrlik Lerik-Nuravud yolunda əsaslı təmir işləri aparılmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli yaşayış evinin tikintisində işlər davam etdirilir. Anbu kəndində Qarabağ müharibəsi əlili üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən hər bir şəraiti olan, müasir standartlara cavab verən fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.

Şəhərin A. Əsədullayev küsçəsində 2, H. Aslanov küçəsində 3 kommunal evin, rayon icra hakimiyyətinin inzibati binasının dam örtükləri dəyişdirilmişdir. Küçə və meydanların işıqlandırma sisteminin bərpası, A.Əsədullayev, Nizami, H.Aslanov, H. Heydər küçələrində istinad divarlarının milli ornamentlərə uyğun yenidən tikintisi davam etdirilir.

Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayon mərkəzi xəstəxanasında aparılan əsaslı təmir işləri sona çatır, dövlət vəsaiti hesabına Piran və Blaband kəndlərində həkim məntəqələrinin tikintisində son tamamlama işləri aparılır.

Rayon icra hakimiyyəti aparatı üçün 3 mərtəbəli, Baytarlıq idarəsi üçün 2 mərtəbəli yeni inzibati idarə binaları tikilir. Heydər Əliyev meydanında milli ornamentlərə uyğun tikilmiş Heydər Əliyev muzeyində işlər tamamlanmaq üzrədir. Heydər Əliyev adına mərkəzi meydan yenidən qurulur, meydanda ulu öndərin möhtəşəm abidə kompleksi yaradılır, fəvvarələr tikilir, yaşıllıq zolaqları salınır. Tarix-diyarşünaslıq muzeyinin qarşısında böyük fəvvarə kompleksi artıq tikilmiş və ətrafı abadlaşdırılmışdır.

Rayonda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra uğurlara imza atılmışdır. Əgər 2003-2008-ci illər ərzində cəmi 9 məktəb binası, 2 uşaq bağçası tikilmiş, 4 məktəb isə əsaslı təmir edilmişdirsə, təkcə 2008-ci ildə Azərbaycan Prezidentinin qayğısı ilə rayonda müasir standartlara cavab verən 12 məktəb binası tikilmiş, 2 məktəb əsaslı təmir edilərək istifadəyə verilmişdir.

Kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını təşkil etdiyindən heyvandarlıq əhalinin əsas gəlir mənbəyi hesab edilir. Yarım ildə mal-qaranın sayı keçən ilin müvafiq dövrünə görə 128 baş artaraq 36198-ə, qoyun və keçilərin sayı isə 380 baş artaraq 127299-a çatdırılmışdır. Yeni cins mal-qaranın yetişdirilməsi və fermer təsərrüfatlarına verilməsi üçün iş davam etdirilir. Bununla əlaqədar 5 nəfər süni mayalanma mütəxəssisi ərazilər üzrə işə cəlb olunmuş və onlar nəqliyyat vasitələri ilə təmin edilmişlər. Keçən 6 ay ərzində 74 inəkdə süni mayalanma aparılmış, 23 sağlam buzov əldə edilmişdir. Pirasora kənd sakininə 7 baş, Gürdəsər kənd sakininə 1 baş cins inək satılmış, daha 4 vətəndaşa cins mal-qaranın satılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə sifariş verilmişdir.

Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün dövlət tərəfindən fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxum və kreditlər verilir. Xüsusilə buğda əkən fermerlərə verilən 80 manat vəsait rayonumuzda taxıl əkininə ciddi təsir göstərmişdir. Əgər keçən il fermerlər tərəfindən cəmi 1,9 min hektarda buğda əkini aparılmışdısa, bu il əkin sahələri genişləndirilərək 2,8 min hektara çatdırılmışdır. Yazlıq əkin isə keçən ilə nisbətən 81 hektar artırılaraq 1126 hektar olmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 1928 nəfər hüquqi və fiziki şəxsə 2009-cu ilin birinci rübündə 112,6 min manat vəsait bankomat vasitəsi ilə ödənilmişdir.

Rayona tələb olunan kənd təsərrüfatı texnikasının əldə edilməsi üçün “Aqrolizinq” ASC-nin “Aqroservis” rayon filialı fəaliyyətə başlamış və alınan texnika güzəştli şərtlərlə fermerlərə icarəyə verilmişdir.

2009-cu ilin yazlıq əkin dövründə rayon meşə mühafizəsi və bərpası idarəsi tərəfindən 29 min müxtəlif növ ağac əkilmiş, yeni meşə zolaqlarında əkin işləri aparılmışdır.

Rayon sakinləri tərəfindən Lənkəran-Lerik magistral yolu boyunca və digər yol kənarlarında 1907 ədəd müxtəlif növ ağac və kol, o cümlədən vələs, ağcaqayın, akasiya, qovaq, çinar, söyüd, palıd, şam ağacları və gül kolları əkilmişdir.

Payız mövsümündə 2640 ədəd ağacın Lənkəran-Lerik magistral yolu boyunca, 50-ci kilometr, Şingədulan, Lerik-Kəlvəz, Piran-Hamarat kəndarası yollarının kənarlarında, Lerik şəhərinin mərkəzi meydanında, park və xiyabanlarda , kəndlərdə əhalinin istirahət etdiyi ərazilərdə əkilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, rayon meşə təsərrüfatı və bərpası müəssisəsi tərəfindən də payız mövsümündə 50000 ağacın əkilməsi üçün hazırlıq işlərinə başlanılmışdır.

... Leriki tərk edəndə dönüb arxaya baxdım. Dumanı çəkilən dağlar sanki gülümsəyirdi.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 7.