Goranboyun yay günləri

 

Aşağı bölgələrdə — aran rayonlarında havalar çox isti keçir. Görünür, elə ona görədir ki, son günlər dağlara, dağətəyi yerlərə üz tutanların sayı çoxalıb. Soyuq su, sərin hava, qənirsiz təbiət gözəllikləri, meşələr, dağlar qızmar, bürkülü yay günlərində insanı özünə həmişəkindən daha çox cəlb edir. Goranboy, Ağcakənd, Gülüstan, Soyuqbulaq... istiqamətinə gedən maşınların da sayı çoxalıb. İndi bu yollar, necə deyərlər, əriş-arğacdır.

 

Üzü dağlara...

 

Yay-qış zirvəsindən qar əskik olmayan Murovun sinəsinə sığınan bu gözəlliklər diyarında , Qaraçayın hər iki sahili boyunca bir-birindən gözəl, müasir və rahat istirahət guşələri yaradılıb. Rayonda azad sahibkarlara yaradılmış əlverişli şərait, əvvəllər müşahidə olunan bir sıra süni maneələrin aradan qaldırılması turizm sahəsində də inkişaf və yüksəlişə geniş meydan açmışdır.

Bizim də yolumuz Murova tərəf, Goranboyadır. Özü də təkcə aranın qızmar, bürkülü havasına görə yox. Son vaxtlar istər iqtisadi, istər sosial, istərsə də mədəni sahədə əldə edilmiş böyük uğurlardan, yeni tikintilərdən, istifadəyə verilən müxtəlif təyinatlı obyektlərdən, park və xiyabanlardan, istirahət ocaqlarından yazı hazırlamaq üçün rayonda olduq.

Görüşdüyümüz və söhbət etdiyimiz rayon sakinləri bütün bu inkişaf və yüksəlişi, bolluq və bərəkəti, sakitlik və əmin-amanlığı haqlı olaraq ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının bilavasitə nəticəsi kimi qiymətləndirirdilər. Bu sadə, qədirbilən insanlar hədsiz minnətdarlıq və təşəkkürlərini bildirir, ölkə rəhbərinin ətrafında daha sıx birləşdiklərini bəyan edirdilər.

 

Hərtərəfli inkişaf

 

Rayon icra hakimiyyətinin ayrı-ayrı şöbələrində həyatın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərlə ətraflı tanışlıqdan sonra icra hakimiyyətinin başçısı Elşən Abasovla görüşüb bilgi və təəssüratlarımızı tamamladıq. Rayonun rəhbəri I regional inkişaf proqramının Goranboy rayonunu yüksək inkişaf yoluna çıxardığını konkret fakt və rəqəmlərdə açıqladı:

— Proqrama uyğun olaraq, rayonun bütün yaşayış məntəqələrində aparılan tikinti-təmir, abadlıq və quruculuq işləri keyfiyyətcə yeni mərhələyə keçmiş, yerinə yetirdiyimiz işlərdə müasirlik və keyfiyyət öndə durmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və bilavasitə rəhbərliyi ilə həyata keçirilən bu nəhəng proqram Goranboyu daha yüksək, miqyaslı inkişaf yoluna çıxarmışdır.

Ümumilikdə, müxtəlif mənbələr hesabına rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərinin həcmi 74,8 milyon manat olmuşdur. Bu da 2003—2007-ci illərlə müqayisədə 41,1 milyon manat çoxdur. 5 il əvvəl bu sahədə görülən işlərin həcmi 1,6 milyon manat idisə, keçən il 59,2 milyon manat olmuşdur.

Bu ilin 6 ayında rayonda 2 milyon 55 min manatlıq tikinti-abadlıq işləri görülmüşdür. Bunun 1 milyon 662 min manatı daxili imkanlar hesabına yerinə yetirilmişdir. İlin əvvəlindən kənd təsərrüfatına 1,95 milyon manat investisiya qoyulmuşdur. Bu isə əvvəlki dövrlə müqayisədə 1,73 milyon manat çoxdur.

Sosial sahəyə — təhsil, səhiyyə, mədəniyyət, gənclər siyasəti, idman və s. qoyulan investisiya da kəskin artmışdır. 2003-cü ildə bu rəqəm 65,2 min, 2006-cı ildə 603 min manat olduğu halda, 2008-ci ildə 37,3 milyon manat, 2009-cu ilin birinci yarısında isə 1,95 milyon manat olmuşdur. Tikintiyə yönəldilən investisiya 2003-cü ildə 1,4 milyon manat, 2007-ci ildə 2,6 milyon manat, 2008-ci ildə isə 5,3 milyon manat olmuşdur.

2003-cü ildə ümumi məhsul buraxılışının həcmi 48,7 milyon manat olduğu halda, 2008-ci ildə 140,7 milyon manata çatmışdır. Müvafiq olaraq həmin dövrlərdə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 544,9 manat və 1485,3 manat, sənaye məhsulu 2944,1 min manat və 5265 min manat, kənd təsərrüfatı məhsulu 17 milyon manat və 40,6 milyon manat, aparılan tikinti işlərinin həcmi 1,1 milyon manat və 26,2 milyon manat olmuşdur.

Ötən il rayonun 1366 nəfər sahibkarı 5 milyon 952 min manat güzəştli dövlət kreditlərindən istifadə etmişdir. Bunun 3 milyon 824 min manatı Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə, 2 milyon 128 min manatı isə rayonda fəaliyyət göstərən banklar tərəfindən verilmişdir. Bu rəqəm 2003-cü ildə cəmi 2 min manat, 2007-ci ildə isə 897,4 min manat idi.

Adamların real gəlirləri də buna müvafiq artmışdır. Rayon əhalisi ötən il banklara 132,7 min manat əmanət qoymuşdur. 2007-ci ildə bu rəqəm 9,9 min manat idi. 2003-cü ildə isə banklara 1 manat da olsun vəsait qoyulmamışdı.

 

Kəndin uğurları

 

İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı daha yüksək templə inkişaf etmişdir. Taxıl əkini 2003-cü ildə 21,3 min hektar olduğu halda, 2006-cı ildə 17,7 min hektara enmişdi. 2007-ci ildə 18,3 min hektar, 2008-ci ildə 20,5 min hektar sahədə taxıl əkilmişdir. Bu il isə 28 min 91 hektar sahədə dənli və dənli-paxlalı bitkilərin məhsulu toplanır. Keçən il 59 min 988 ton taxıl yığılmışdır. Bu əvvəlki illə müqayisədə 13 min 182 ton, 2006-cı ilə nisbətən 19 min 663 ton çoxdur. Bu il 65 min ton taxıl tədarükü gözlənilir. Son 2 ildə pambıq 2527 tondan 3475 tona, kartof 1572 tondan 20200 tona, üzüm 97 tondan 1014 tona yüksəlmişdir. İri malın sayı 32500-dən 40509-a, xırda heyvanlar isə 195100-dən 221187-yə çatmışdır. Rayonda 145 hektar yeni bağ salınmışdır.

Ötən il kənd təsərrüfatından 45 milyon 32 min manat gəlir əldə edilmişdir. Bu, 2003-cü ilə nisbətdə 2,6 dəfə, 2007-ci ildən isə 1,1 dəfə çoxdur. Keçən il bitkiçilikdən 25,8 milyon manat, heyvandarlıqdan 19,1 milyon manat gəlir əldə edilmişdir.

Təbii ki, bu artıma rayondakı mövcud torpaqlardan səmərəli istifadə edilməsi, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamı böyük stimul yaratmışdır. Ötən il 13 min 424 nəfər kəndliyə 33 min 117 hektar əkin sahəsinə görə 1 milyon 324 min manat vəsait ödənilmişdir. 457 nəfər istehsalçıya 12 min 836 hektar sahə üçün güzəştli qiymətlə mineral gübrə satılmışdır. Prezident İlham Əliyevin sərəncamına əsasən buğda istehsalına maddi marağın artırılması məqsədilə 7036 nəfərə 18589 hektar buğda sahəsinə görə 743 581 manat yardım verilmişdir. Əkinlərin suvarılmasındakı gərginliyin azaldılması üçün 25 yeni subartezian quyusu qazılmış, 9-u bərpa edilmişdir.

Aqroservis təmir emalatxanası ümumi tutumu 25 min ton olan 3 anbar binası tikilib istismara vermiş, aqrar bölmənin tələbatını ödəmək məqsədilə 160 müxtəlif kənd təsərrüfatı texnikası gətirilmişdir. Təkcə ötən il Bakı şəhərində keçirilən kənd təsərrüfatı satış yarmarkalarında 23 adda 167,9 ton məhsul satışa çıxarılmışdır.

 

Yeni iş yerləri

 

2008-ci ildə 2591 yeni iş yeri yaradılmışdır. Bundan 1273-ü daimi iş yerləridir. Əhalinin sayına görə bu, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonlar üzrə ikinci yüksək göstəricidir. 2009-cu ilin birinci yarısında isə 300-dək yeni iş yeri yaradılmışdır ki, bunun da 160-ı daimi iş yerləridir.

Dövlət Proqramına uyğun olaraq, ötən dövr ərzində sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində aparılan işlər davam etdirilmişdir. Goran ərazisində “Gilan Holdinq”in sutkada 23 min kvadratmetr alçepan buraxan gips karton zavodunun və sutkalıq gücü 1000 ton olan gips zavodunun tikintisi başa çatmışdır. Həmin zavodlarda istehsal olunan inşaat materialları respublikanın regionlarında satışa çıxarılır. “Gilan Holdinq”in gips zavodu ərazisində regionda analoqu olmayan kalsid istehsalı zavodunun tikintisinə başlanılmışdır. Burada meyvə-tərəvəz məhsullarının emalı və konservləşdirilməsi müəssisəsinin tikintisi də nəzərdə tutulmuşdur. Yeni yaradılmış tikiş fabrikində 65 qadın işləyəcək.

Yeni iş yerlərinin yaradılmasında orta sahibkarlığın formalaşması əhəmiyyətli rol oynayan amillərdəndir. Bu təbəqənin inkişafı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ötən il yeni ticarət və xidmət sahəsi yaratmaq üçün 78 sahibkara tikinti aparılması məqsədilə icazə sənədi verilmişdir.

Rayon üzrə orta aylıq əmək haqqı 2009-cu ilin birinci rübündə 161,1 manat, ötən ildə isə 155 manat təşkil etmişdir. Bu rəqəm 2003-cü ildə 29,4 manat idi. Keçən il əhalinin bütün mənbələrdən pul gəlirləri 137 milyon 297 min manat təşkil etmişdir. Bu, 2003-cü ilə nisbətdə 3 dəfə, 2007-ci ildəkindən isə 6,6 milyon manat çoxdur. Adambaşına düşən gəlir 2003-cü ilə nisbətdə 933,6 manat artaraq 1436,6 manata çatmışdır.

İqtisadi inkişaf rayon əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, mövcud problemlərin operativ həll edilməsinə, yeni infrastruktur layihələrinin reallaşmasına xidmət etmişdir. Bütün bunların nəticəsində rayondan gedənlərlə müqayisədə geri dönənlərin sayında artım müşahidə olunmaqdadır. Bu hesaba qeyd edilən dövrdə əhalinin miqrasiya artımı 715 nəfər təşkil etmişdir.

 

Tikinti-quruculuq

 

Rayonda olarkən ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlarla ətraflı tanış olduq. Son illərdə Goranboy ərazisində yol çəkilişi və təmirinin həcmi xeyli artmışdır. Yollara 145 min kvadratmetr asfalt-beton örtük salınmışdır. Goranboy şəhərində 11 küçədə 6 min 182 metr yol yenidən tikilmişdir. Yeni istifadəyə verilmiş, saatlıq gücü 20 ton olan 2 asfalt zavodu və yeni yol tikintisi texnikası işlərin miqyasını artırmağa imkan vermişdir.

65 kilometr yolda əsaslı, 94 kilometr yolda isə cari təmir işləri aparılmışdır. Goranboy şəhərində 5215 metr, Dəliməmmədli şəhərində 3220 metr, digər yaşayış məntəqələrində 1410 metr piyada yolu tikilmişdir. 356 kilometr kənd yolları çınqıl örtüklə təmir edilmişdir. Rayon ərazisindən keçən magistral yolların təsir zonasında 171 qanunsuz köşk götürülmüş və 82 görkəmsiz tikili sökülmüşdür. Ümumilikdə, rayon üzrə 158 sahibkarlıq obyekti əsaslı surətdə təmir edilmişdir. Magistral yolun kənarlarında 54 müasir, irihəcmli obyektin tikintisi aparılmışdır.

Goranboy rayonunun Gəncə şəhəri və Yevlax rayonu ilə sərhədində giriş qapıları inşa edilmişdir. Şəhidlər xatirə kompleksi yenidən qurulmuşdur. 5 kənddə 7 yeni körpü tikilmişdir.

Heydər Əliyev Muzeyinin qarşısına 450 kvadratmetr mərmər örtük döşənmişdir. Rayon mərkəzində 5010 metr müasir üslublu beton hasar çəkilmişdir. Çernobıl faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin ətrafında görkəmsiz ağac və kollar, habelə yaşıl ot örtüyü dəyişdirilmiş, 4500-dən artıq dekorativ ağac və gül kolları əkilmiş, yeni yaşıllıq örtüyü salınmışdır. Bütövlükdə rayon ərazisində 410 mindən artıq dekorativ və digər ağaclar əkilmişdir. Bu il 120 mindən artıq rayonlaşmış ağaclar - palıd, çinar, sərv, habelə gül kolları əkilmiş, 21 min kvadratmetrdən artıq yaşıllıq salınmışdır. Meydan, park və səkilərə 2800 kvadratmetr üzlük daş döşənmişdir. Şəhərin adını göstərən göstərici daha müasir üslubda qurulmuşdur. Dayanacaq genişləndirilərək yenidən tikilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Maliyyə İdarəsi, 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri, prokurorluq üçün yeni inzibati binalar tikilmişdir. Statistika İdarəsi üçün binanın inşası başa çatmaq üzrədir. Rayon icra hakimiyyətinin inzibati binası əsaslı təmir edilmiş, fasad hissəsi üzlük aqlay daşı ilə yenidən tikilmişdir. Həyətdə təmir işləri aparılmış, yeni yaşıllıq zolağı salınmışdır. Birinci mərtəbədə ulu öndərin büstü qoyulmuşdur.

Heydər Əliyev Parkı müasir layihə əsasında yenidən qurularaq ərazisi genişləndirilmiş, ana və uşaq kafesi, Ağsaqqallar evi, uşaq əyləncə mərkəzi inşa olunmuşdur. Heydər Əliyev prospektində yerləşən, Heydər bulağı yenidən qurulmuş, ətrafında kompleks abadlıq işləri aparılmışdır.

Goranboy şəhərində yeni gənclər parkı salınmış, burada müasir üslubulu ikimərtəbəli Gənclər evi yaradılmışdır. Rəsm qalereyası, çay evi, parkkənarı hasar, parkdaxili və kənar piyada yolları, istirahət guşələri buranı daha da gözəlləşdirmişdir. Parkın kənarında yerləşməklə onun görkəminə xələl gətirən tikililərin fasadına alkopan üzlük çəkilmişdir. Cənclərin vətənpərvərlik tərbiyəsinə xidmət edən “Soyqırımı abidəsi” inşa edilmişdir. Şahmat məktəbi, Uşaq intellekt mərkəzi, Tarix muzeyi və Kitabxana-informasiya mərkəzinin binalarının fasadı üzlük aqlay daşı ilə yenidən tikilmişdir.

Goranboy-Goran yolunun sağında yerləşən 4,5 hektar ərazidə mehmanxana tipli istirahət zonasının, Heydər Əliyev prospektində məişət evinin və üzgüçülük hovuzunun, 16 mənzilli kommunal evin tikintisi davam edir. Suvarma sistemləri idarəsinin binasının fasad hissəsi üzlük aqlay daşı ilə yenidən tikilir. Subartezian quyularının istismarı idarəsinin binasının fasadına alkapon üzlük vurulur, daxildə əsaslı bərpa işləri aparılır.

Goranboy şəhərinin Heydər Əliyev prospekti və V.Bayramov küçəsində yerləşən 2 ikimərtəbəli , Civəzadə küçəsində 6 ikimərtəbəli kommunal evlərinin fasad hissəsi əsaslı təmir edilmiş, dam örtükləri dəyişdirilmişdir. Şəhərin uzun illərdən bəri arxitektur görkəminə ciddi xələl gətirən, əvvəllər mehmanxana kimi fəaliyyət göstərmiş 3 mərtəbəli binanın fasadının üzlük aqlay daşından xüsusi görkəmdə tikintisi başa çatmışdır. 51 ticarət və xidmət obyektinin, şəhər ticarət mərkəzinin, telekommunikasiya qovşağının fasad hissəsinin alkapon materialı ilə yenidən tikintisi başa çatdırılmışdır. Dəliməmmədli şəhərində və Goran dördyol ərazisində 600 yerlik ikimərtəbəli şadlıq sarayının tikintisinə başlanılmışdır. Heydər Əliyev prospektində yerləşən 4 görkəmsiz tikili sökülərək yenidən tikilmişdir.

Şəhərin küçələri yeni tipli işıqlandırma sistemi ilə yenidən qurulmuşdur. Goran dörd yolda Goran-Goranboy şəhəri istiqamətində 5 kilometr avtomagistralda, Dəliməmmədli şəhəri və Qızılhacılı qəsəbəsində yeni işıqlandırma sistemi quraşdırılmışdır.

 

Sosial sahə yeniləşir

 

Öyrəndik ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 5 ildə rayonda 3625 yerlik 19 məktəb binası (5 məktəb binasını Heydər Əliyev Fondu), 1140 yerlik əlavə tədris korpusları tikilib istifadəyə verilmişdir. 8232 yerlik 17 məktəb binasında əsaslı təmir işləri aparılmışdır. Bütün bunlar isə əvvəlki 20 ildə görülmüş işlərdən xeyli çoxdur. Təkcə hesabat dövründə Veyisli kəndində 340 yerlik, Qarqucaq kəndində 360 yerlik, Rəhimli, Yəhərçi, Qazaxlar və Yolqullar kəndlərinin hər birində 180 yerlik orta məktəb binaları tikilib istifadəyə verilmiş, yeni avadanlıqlarla təchiz edilmişdir. Goranboy şəhər 1 saylı orta məktəbi üçün 480 şagird yerlik 24 sinif otağı, Xınalı kənd orta məktəbi üçün 60 şagird yerlik 3 sinif otağı olan korpuslar inşa edilmişdir. 360 yerlik Balakürd kənd orta məktəbi əsaslı təmir edilmiş, 60 yerlik əlavə korpus tikilmişdir. Uzun illərdən bəri istismara yararsız vəziyyətdə olan 1176 yerlik Səfikürd kənd orta məktəbində isə əsaslı təmir işləri aparılmışdır.

Rayon mərkəzi xəstəxanasının travmatologiya, rentgen, cərrahiyyə və doğum şöbələri dövlət vəsaiti hesabına əsaslı təmir edilmişdir. Ötən il Nizami və Qarqucaq, cari ildə isə Sarovlu və Xınalı kəndlərində yeni ikimərtəbəli həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Dəliməmmədli şəhər xəstəxanasının əsaslı şəkildə bərpasına başlanılmış, işlər başa çatmaq üzrədir.

Uşaq incəsənət məktəbi üçün yeni bina, Səfikürd kənd uşaq musiqi məktəbi üçün 8 otaqlı korpus tikilmişdir. Ehtiyac olan mədəniyyət müəssisələrində təmir, bərpa işləri aparılmışdır. Qızılhacılı qəsəbəsində modern kitabxana və mədəniyyət mərkəzi təşkil edilmişdir. Bu respublika üzrə reallaşan ilk belə layihədir.

8 kənddə poçt şöbəsi üçün yeni inzibati binalar tikilmişdir. Rayon əhalisinə mövcud 1142 ticarət, xidmət obyekti vasitəsi ilə ticarət xidməti göstərilir. Ötən il əhaliyə 83 milyon 528 min manatlıq ticarət xidməti göstərilmişdir. Bu da 2007-ci illə müqayisədə 34 faiz, 2003-cü ildəkindən isə 3,4 dəfə çoxdur. Nəqliyyat xidmətinin həcmi 2 milyon manat təşkil etmişdir. Əhalinin enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması, istehsalçılara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə yarımötürücü stansiya, elektrik veriliş xətləri, müxtəlif güc transformatorları əsaslı təmir edilmiş, 41 yeni müxtəlif güc transformatoru quraşdırılmışdır. 20569 elektrik enerjisi istehlakçısına bütövlükdə elektrik sayğacları tətbiq edilmişdir. 9 yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa edilmişdir. Səfikürd və Qarasüleymanlı kəndlərinin yenidən qazlaşdırılmasına başlanılmışdır. 5 yaşayış məntəqəsi isə təbii qaz almağa qismən hazır vəziyyətə gətirilmişdir, 3200 metr uzunluğunda əsas qazdaşıyıcı xətt yenisi ilə əvəz edilmişdir. 7265 təbii qaz istehlakçısından 99,8 faizinə qaz sayğacı quraşdırılmışdır. Rayonun 2 ərazisində — Eyvazlılar və Qurbanzadə kəndlərində alternativ enerji mənbəyi olan kiçik həcmli bioqaz qurğusu quraşdırılmışdır.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə Murov-Goranboy su kəmərindən Qaşaltı, Qaraqoyunlu, Qasımbəyli və Hacallı kəndlərinə 30 kilometr, Kürəkçaydan Borsunlu kəndinə 3,8 kilometr içməli su xətləri çəkilmiş, 12 bulaq tikilmişdir. Murov-Goranboy su kəmərindən EKO qəsəbəsinə gedən su xəttinin ötürücülük qabiliyyətinin artırılması üçün 50 metr hissəsi yeni borularla dəyişdirilmişdir. Goranboy və Dəliməmmədli şəhərlərində əhalini məişət suyu ilə təmin edən 12 subartezian quyusu əsaslı təmir edilmişdir. Goranboy şəhərinin su-kanalizasiya sisteminin bərpası ilə bağlı topoqrafiya işləri başa çatmışdır. İşlərə başlanılması nəzərdə tutulmuşdur.

 

Yüksəliş davamlıdır

 

Rayonda olduğumuz günlərdə çox yerlərə baş çəkdik - kənd təsərrüfatı işlərinin gedişi ilə də tanış olduq, sənaye müəssisələrinin fəaliyyəti ilə maraqlandıq. Fermerlərlə, sahibkarlarla, ziyalılarla, ağsaqqallarla görüşüb söhbət etdik. Bizi daha çox adamların əhval-ruhiyyəsi, gün-güzəranı, arzu və düşüncələri maraqlandırırdı. Gördüklərimizə, şahidi olduqlarımıza və eşitdiklərimizə əsasən, deyə bilərik ki, bu gün Goranboyda sağlam mənəvi-psixoloji mühit, işgüzar və yaradıcı ab-hava, sabaha dərin inam və ümid var. Hamı – fermer də, ziyalı da, kəndli də, fəhlə də son illər rayonda azad sahibkarlığın daha da inkişaf etdirilməsi üçün yaradılmış sağlam və əlverişli şəraitdən razı qaldıgını bildirdi.

İndi Goranboyun siması tanınmaz dərəcədə dəyişmişdir. Yeni, müasir tikililər, park və xiyabanlar şəhərə xüsusi gözəllik vermiş, onu daha abad və yaraşıqlı etmişdir. Tikinti-abadlıq və quruculuq işləri təkcə rayon mərkəzini yox, bütün qəsəbə və kəndləri əhatə edir.

Rayon icra hakimiyyətində, onun yerli strukturlarında intizam və tələbkarlıq daha da gücləndirilmiş, iş üslub və metodları, idarəetmə və təşkilatçılıq məsələləri daha çox elmi əsaslar üzərində qurulmuşdur. Diqqəti cəlb edən ən vacib cəhətdən biri də budur ki, hərtərəfli inkişaf və irəliləyiş davamlıdır, gündən-günə miqyas və sürətini artırır.

 

 

Ziyəddin SULTANOV,

 

Tahir AYDINOĞLU

 

 

Xalq qəzeti.- 2009.- 18 iyul.- S. 4.