Muzey xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir

 

Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Bu xəzinə əslində elm, maarif müəssisəsidir. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir.

 

Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Ölkəmizdə ilk dəfə muzey yaranması XIX əsrin sonlarında Nehrəm kəndində məktəb muzeyi təşkil edildiyi dövrə təsadüf edir.

XX əsrin əvvəllərində artıq Bakıda da muzey fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Bakıda Müstəqillik muzeyi fəaliyyət göstərib. 1920-ci ildən başlayaraq Azərbaycanın bir çox şəhərlərində Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə tarix-diyarşünaslıq muzeyləri yaradıldı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə gəldikdən sonra bütün sahələrdə əsaslı dönüş, canlanma yarandı. Bu canlanma muzeylərə də öz təsirini göstərdi. Ulu öndər milli-mənəvi dəyərlərimizin inkişafına və qorunmasına xüsusi diqqət yetirirdi. 70-ci illər Azərbaycanda muzey şəbəkəsinin daha sürətli inkişafı ilə yadda qaldı. Bu da Azərbaycana rəhbərlik edən qüdrətli siyasi xadim Heydər Əliyevin fəaliyyəti və şəxsi təşəbbüsü ilə bağlı idi. Bu dövrdə və sonrakı illərdə Azərbaycanın görkəmli incəsənət və ədəbiyyat xadimlərinin xatirə muzeyləri açıldı.

1980-ci ildə müvafiq qanuna uyğun olaraq respublikamızın demək olar ki, bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradıldı. Qəbələ rayon tarix-diyarşünaslıq muzeyi də həmin il təşkil olundu. Muzeydə Azərbaycanın Qəbələnin iki min beş yüz illik tarixini əks etdirən on iki mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

90-cı illərdə Azərbaycanda baş verən sosial-siyasi hadisələr digər sahələrdə olduğu kimi, muzeylərin fəaliyyətinə də öz təsirini göstərdi. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə ölkədə yaranmış anarxiya, xaos və başı pozuqluq muzeylərin fəaliyyətini iflic vəziyyətinə salmışdı. Daxili didişmə, hakimiyyətdə birincilik davası milli-mənəvi dəyərlərimizin inkişafını və qorunmasını yaddan çıxarmışdı. Muzeylərə gələnlərin sayı tamamilə heçə enmişdi. Ölkədə baş alıb gedən özbaşınalıq muzeylərin sayı və tematikasına da öz təsirini göstərirdi. 1993-cü ildə ümummilli lider xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra həyat tədricən öz axarına düşdü. Azərbaycan bütün sahələr üzrə inkişaf yoluna qədəm qoydu. O cümlədən muzeylərin də fəaliyyətində əsaslı dönüş yaradıldı. Azərbaycanda demokratik hərəkat tarixinə, müstəqillik uğrunda mübarizəyə həsr edilən yeni muzeylər yaradıldı. Hazırda Azərbaycanda 180 muzey fəaliyyət göstərir. Onlardan biri də Qəbələ tarix-diyarşünaslıq muzeyidir.

Qəbələ Azərbaycanın ən qədim diyarlarındandır. Bunu tarix-diyarşünaslıq muzeyində saxlanılan eskponatlar, arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları da təsdiqləyir. Bu mədəniyyət ocağı ölkəmizin qabaqcıl muzeyləri, Azərbaycan MEA-nın elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq edir. Burada tədqiq, təbliğ, mühafizə olunan arxeoloji materiallar əsasında çoxlu sayda namizədlik və doktorluq elmi işləri yazılıb.

2004-cü ilin aprel ayından muzey əsaslı təmir olunmuş yeni binaya köçüb. Fondda 12 mindən çox eksponat saxlanılır. Bunların əksəriyyəti nadir eksponat hesab olunur. Ən maraqlısı odur ki, muzey 2500 illik tarixi əks etdirir. Muzeyə daxil olanların diqqətini ilk növbədə ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qəbələ rayonuna səfərlərini əks etdirən fotoşəkillər cəlb edir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Qəbələyə səfəri zamanı tarix-diyarşünaslıq muzeyində olmuş, Qafqaz Albaniyası dövrünə aid eksponatlara maraqla baxmış, bunları yüksək qiymətləndirmiş, Azərbaycanın qədim tarixə malik olmasını sübut etdiyini bildirmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tarix-diyarşünaslıq muzeyi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb: 1980-cı illərin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Qəbələ diyarşünaslıq muzeyi, şübhəsiz, öz eksponatları ilə diyarın qədim tarixini əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır, eramızdan əvvəl yazılmış mənbələrdə Qəbələnin adını çəkirlər. Biz öz tarixi və mədəni irsimizə böyük diqqətlə yanaşırıq. Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik. Qəbələ diyarşünaslıq muzeyi bu vəzifələri uğurla yerinə yetirir. Qəbələlilərə öz dərin hörmət və məhəbbətimi bildirirəm.

Qəbələ respublikamızın ən gözəl, dilbər guşələrindən biri olduğundan bu rayona çoxlu sayda tanınmış qonaqlar gəlir. Onlar mütləq tarix-diyarşünaslıq muzeyinə baş çəkir, buradakı nadir eksponatlara heyranlıqla tamaşa edirlər. Muzeyin xatirə kitabını vərəqlədikcə buraya kimlərin gəlməsi bir daha aydın olur. Rəy kitabında ölkəmizin adlı-sanlı akademiklərindən mərhum Ziya Bünyadovun, Qara Əhmədov, Budaq Budaqov, Mirməmməd Cavadzadə, Cahangir Qəhrəmanovun, tanınmış incəsənət xadimlərindən Rəşid Behbudov, Əbülfət Əliyev, Hacıbaba Bağırov, Habil Əliyevin, Milli Məclisin deputatlarından Fəttah Heydərov, Əkrəm Əylisli, Bəxtiyar Əliyevin, xalq şairi mərhum Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqubun, ictimai-siyasi xadimlərdən Hidayət Orucov, Ədalət Vəliyevin, əməkdar elm xadimi Seyfəddin Qəndilovun, nazirlərdən Kəmaləddin Heydərov, Səfər Əbiyev, səfirlərdən Namiq Abbasov, Vilayət Quliyev, Polad Bülbüloğlunun, xarici qonaqlardan Tur Heyerdol, Oljas Süleymenov, Əhməd Şmidenın, Qətər dövlətinin müdafiə naziri Həməd Bin-Əli Əl-Atiyyənin, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Rino Harnişin, Misir, İran, Litva və digər ölkələrin Azərbaycandakı sabiq səfirlərinin ürək sözlərini oxuduqca bir daha şahidi olursan ki, Qəbələ tarix-diyarşünaslıq muzeyi çox dəyərli və qədim tarixə malik eksponatlarla zəngindir.

Tarix-diyarşünaslıq muzeyinin doqquz yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası var. Bura rayon sakinlərinin ən çox baş çəkdikləri yerdir. Muzeydə mütəmadi olaraq sərgi və maarifləndirmə işləri aparılır. Azərbaycanın Müstəqillik gününə, 20 Yanvar faciəsinə, ədəbiyyat, elm və incəsənət xadimlərinin yubileylərinə, Milli Musiqi Gününə, 8 Mart Qadınlar bayramına və digər bayramlara həsr olunmuş tədbirlər, sərgilər keçirilir. Dövlət başçımızın muzeylərə göstərdiyi diqqət və qayğı qarşımızda daha ciddi vəzifələr qoyub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında və Müasir İncəsənət Muzeyinin yaradılması haqqındakı sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Möhtərəm Prezidentimiz milli-mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək daim artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə, xalqa xidmət etməsini zəruri sayır. Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir. Bu, bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən də inkişaf edən, gündən-günə şöhrətlənən müstəqil dövlətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi və yaşamasıdır. Biz də milli-mənəvi sərvətlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması yolunda üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.

 

 

Xalis MƏMMƏDOV,

Qəbələ rayon tarix-diyarşünaslıq

muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2009.- 26 iyul.- S. 7.