Yeni tamaşa

 

Azərbaycan baletinin ilk qaranquşu

 

Milli baletimizin ilk nümunəsi Azərbaycanın məşhur bəstəkarı Əfrasiyab Bədəlbəylinin 1940-cı ilin aprel ayında Bakının Opera və Balet Teatrında tamaşaya qoyulmuş Qız qalası baletidir. Qız qalası həm də Şərqin mədəniyyət aləminin ilk balet şedevridir.

Məlumat bildirək ki, baletin yaşı dörd yüz ildən bir qədər artıqdır. Şimali İtaliyada İntibah dövründə meydana gəlmişdir. Həmin vaxtlar italyan kübarları dəbdəbəli saray bayramları keçirməyi çox xoşlayırdılar. Həmin bayramlarda rəqs xüsusi yer tuturdu. Xanımlar və onların kavalerləri kənd rəqslərini özlərinə yaraşdırmırdılar. Onların geyimləri və rəqs etdikləri salonlar qeyri-mütəşəkkil hərəkətlərə uyğun gəlmədiyindən xüsusi rəqs müəllimləri saray rəqslərində qayda-qanun yaratmağa çalışırdılar. Onlar əvvəlcədən zadəganlarla ayrı-ayrı rəqs fiqurlarını və hərəkətlərini məşq edirdilər. Rəqs qrupları da məşqçilərin nəzarəti altında oynayırdılar. Buna görə də rəqs getdikcə teatrlaşdırılırdı. Balet , italyanca rəqs termini, kimi 16-cı əsrin sonunda meydana gəlmişdir. Fransada ilk balet tamaşasını 1581-ci ildə italyan baletmeysteri Baltazarini di Belcoyozo qoymuşdu. O, Kraliçanın komediya baleti adlanırdı. Baletin sonrakı inkişafı da Fransa ilə əlaqədar olmuşdur. İlk dövrlərdə baletlər balet-maskarad adlanırdı. Sonralar cəngavərlik və fantastik mövzularda möhtəşəm melodramatik baletlərdə rəqs epizodları vokal ariyaları və şeir deklamasiyaları ilə növbələnirdi. Göründüyü kimi, həmin vaxtlar balet sırf rəqs tamaşası deyildi.

Kral XIV Lüdovikin hakimiyyəti dövründə saray balet tamaşaları xüsusi təmtəraqla oynanılırdı. Lüdovik özü də baletlərdə iştirak etməyi xoşlayırdı. Gecə baletində Günəş rolunu ifa etdikdən sonra ona Günəş Kral deməyə başlamışdılar. Lüdovik 1661-ci ildə Kral Musiqi və Rəqs Akademiyası yaratmışdı. Akademiyaya daxil olan 13 aparıcı rəqs müəlliminin ümdə vəzifəsi rəqs ənənələrini qoruyub saxlamaq idi.Akademiyanın direktoru Pyer Boşan klassik rəqsin hazırda da qüvvədə olan beş əsas pozisiyasını müəyyənləşdirmişdi. Boşan az sonra açılmış Paris operasının baletmeysteri təyin olunmuşdu.

Baş baletmeyster Boşanın təşkil etdiyi balet truppası ilk vaxtlarda, yəni qadınlar səhnəyə gəlməmişdən əvvəlki 1681-ci ilədək ancaq kişilərdən ibarət idi. Qoyulan balet tamaşalarında əvvəllər saray adamları iştirak edir, əsasən, qədim fransız rəqsləri oynanılırdı. Maskalar, ağır qadın paltarları və dikdaban ayaqqabılar qadınların mürəkkəb hərəkətlər icra etmələrinə əngəl törədirdi. Buna görə də kişi rəqsləri öz zərifliyi və gözəlliyi ilə fərqlənirdi. Sonralar rəqqasələrin səhnə paltarları yüngülləşdirildiyindən onlar da sənət nümunələri nümayiş etdirməyə başladılar.

Azərbaycanda milli baletin yaranışı ilk balet əsəri Qız qalası unudulmaz bəstəkar, xalq artisti Əfrasiyab Bədəlbəylinin adı ilə bağlıdır. Bu balet 70 ilə yaxındır ki, Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutmuşdur. Bunun əsas səbəblərindən biri əsərin xalq ruhunda yazılması, milli Azərbaycan rəqslərinin materialından bacarıqla istifadə edilməsi nəticəsində musiqi dilinin asan qavranıla bilməsi, intonasiyaların realistik həyat intonasiyalarına söykənməsidir.

Əsərdə aydın ifadə olunmuş bənzərsiz milli xarakter özünü çox qabarıq göstərir. Plastik rəqs hərəkətlərinin milli baxımdan bənzərsizliyi bütün tamaşaçıları heyranlıq aləminə çəkib aparır. Zəngin klassik rəqs dili beynəlmiləl olduğuna görə tamaşaçıları etinasızlıqdan xilas edir. Xoreoqrafik obrazda milli və beynəlmiləlin vəhdəti diqqəti xüsusilə çəkir. Rəqs nömrələrinin çoxunda əsl simfonizm elementləri qabarıq görünür. Baletdə istifadə olunmuş xalq rəqsləri və mahnı intonasiyaları tamaşaya milli çalar verir, onun realistiklik istiqamətini müəyyənləşdirir, qəhrəmanların musiqi xarakteristikası vasitəsinə çevrilir. Rəqs süitalarına geniş yer verilməsi tamaşanın baxımlılığına xidmət edir. Klassik balet hərəkətlərinin Azərbaycan rəqsləri ilə uyğunlaşdırılması da diqqəti çəkən hallardandır.

Qız qalası baleti xalq musiqisi xəzinəsindən, milli ənənələrdən qaynaqlandığına, Azərbaycan xalq mahnılarının və rəqslərinin intonasiyaları üzərində qurulduğuna görə məzmun dərinliyi, ideyalılıq, qəhrəmanlıq məqamları ilə zəngindir. Bütün bunlar iştirakçıların psixoloji baxımdan incə xarakterlərində , xalqın həyatının tarixən dəqiq təsvirlərində öz əksini tapır. Xalq rəqsləri obrazların daxili aləmlərinin canlandırılmasında, əsas musiqi dramaturgiyasının açılmasında mühüm vasitəyə çevrilir. Baletdə musiqi obrazlarının üzvi simfonik inkişafı üçün möhkəm özül yaradılmışdır.

Qız qalası baletinin dramatik qayəsini nikah bağlamaq, həyat yoldaşını seçmək məsələlərində qadın hüquq bərabərsizliyi təşkil edir. Baletin bəstəkarı, eyni zamanda, həm də libretto müəllifi olan Əfrasiyab Bədəlbəyli Gülyanağın və nişanlısı Poladın qəddar Cahangir xanla qarşıdurmasını göstərməklə sosial konfliktin törətdiyi ağrı-acıları xalq kütləsinin sevib-sevilmək hüququndan məhrum edilməsi, qəddar xanın əlində cəmləşdirdiyi böyük hakimiyyət imkanları sayəsində insanları zülm toruna salması faktlarını musiqi dili ilə gündəmə gətirir.

Son vaxtlar teatr rəhbərliyinin ifaçıları gəncləşdirmək meylinin reallaşması uğurlu tamaşaların yer alması ilə nəticələnir. Bu günlərdə Qız qalası baletinin yeni aranjemanda və musiqi redaksiyasında tamaşaya qoyulması və çox gənc ifaçılardan Tamilla Məmmədzadənin Gülyanaq, gənc Teymur Əsgərovun (onun 19 yaşı var) Polad rollarında çıxış edəcəkləri xəbəri sənət bilicilərinin və baletsevərlərin böyük marağına səbəb olmuşdu. May ayının 23-də tamaşaçılara təqdim olunan bu səhnə əsərinin yeni quruluşunun uğurla keçdiyini söyləmək mümkündür.

Birinci pərdədə gənc Gülyanağın yaxın rəfiqələri ilə toyqabağı şənlənmə səhnəsində onun gözəl çöhrəsinə qonmuş xoş təbəssümlə rəqsə qoşulması tamaşaçıda elə ilk anlardan yüksək ovqat yaradır. Onun rəfiqələri və nişanlısı Poladla Tərəkəmə, Səməni və s. xalq rəqslərinin variasiyaları əsasında səslənən musiqi təranələri altında şən oyunu xoş təsir bağışlayır. Simfonik orkestrin təfsirində bu melodiyanın mayasının bədii təsir gücü tamaşaçıları riqqətə gətirir. Tamilla Məmmədzadənin (Gülyanaq) və Teymur Əsgərovun (Polad) rəqslərində milli əl oyunlarının ayaqların klassik hərəkətləri ilə uyarlıq tapması tamaşada partiyaların yüksək səviyyədə ifadəli alınmasına xidmət edir.

Tamilla Məmmədzadənin rəvan əl hərəkətlərinin nümayişi ilə rəqsi zamanı qollarını qəflətən qaldıraraq yellətməsi onun düşdüyü çətin vəziyyətdən çıxmağa çalışmasına, Cahangir xanın arvadı olmaqdansa ölməyə üstünlük verməsinə işarədir. Balerina Tamilla Məmmədzadə plastika baxımından bu mükəmməl hərəkətləri ustad sənətçilərə xas tərzdə ifa edir. Gülyanağın qadın məhəbbətinin gücünü və dönməzliyini sübuta yetirmək üçün özünü dəniz dalğalarının qoynuna atması anında rəqs hərəkətləri də inandırıcıdır.

Gülyanağın (Tamila Məmmədzadənin) ifa manerasının nöqsansızlığı barədə fikir söyləmək yerinə düşər. O, Gülyanaq partiyasında ilk çıxışına baxmayaraq klassik balet elementlərini (fuete, piruet və s.) bacarıqla göstərə bildi. Tamilla Məmmədzadənin səhnə çevrəsi boyu fırlanma hərəkətlərini və digər çətin balet elementlərini uğurla sona çatdıra bilməsi akademik musiqili teatr səhnəmizə böyük perspektivli gənc istedadın gəldiyinin sübutudur.

Polad rolunda ilk dəfə çıxış edən Teymur Əsgərov klassik rəqsin bütün pozalarını qənaətbəxş nümayiş etdirdi. Onun fransız dilində a lya zqond adlanan klassik rəqs pozasını (rəqqasın ayağını kənara 90 dərəcə bucaq altında qaldırmaqla fırlanma hərəkəti etməsi), habelə səhnə boyu hündürə tullana-tullana ayaqlarını qayçı kimi açması anlarını və s. bacarıqla nümayiş etdirməsi tamaşaçıların gurultulu alqışları ilə dəyərləndirildi. Mütənasib hündür bədən quruluşlu Teymurun Gülyanaqla birgə rəqsi zamanı onu çətinlik çəkmədən qolları üzərinə qaldıra bilməsi (bu, heç də hər rəqqasa müyəssər olmur) və bir müddət havada saxlaması özünə qarşı heyranlıq yaradır. Teymurun (Polad) Tamilla (Gülyanaq) ilə ikilikdə rəqsi zamanı (bu, fransız terminologiyasında pa-de-de adlanır) da əsər qəhramanlarının hər biri adajionun, variasiyaların və s. ifası zamanı özlərinin geniş səhnə imkanlarını göstərə bildilər. Güclü fırlanma, quş uçuşunu xatırladan tullanma burulğanları, qəhramanların zəngin daxili aləminin açılmasına yardımçı olan hər bir jest tamaşaçıları heyran qoydu.

Formaca rus, məzmunca azərbaycanlı kimi tanınan (o, Azərbaycan dilini öz ana dilindən pis bilmir) əməkdar artist Yuri Lobaçov qəddar Cahangir xan obrazının insanlıqdan uzaq xarakterini özünün geniş rəqqaslıq məharəti ilə bütünlüklə aça bildi. İstedadlı rəqqas həm də mimik hərəkətləri ilə xanın həyata keçirmək istədiyi evlənmək arzusunun əvvəlcədən iflasa uğrayacağını ifadə etməyə nail oldu. Yuri Lobaçov üzərinə düşən balet pozalarının öhdəsindən inamla gəldi.

Tamaşada Azərbaycanın Dövlət Rəqs Ansamblının (rəhbəri respublikanın xalq artisti Afaq Məlikovadır) bir qrup rəqqas və rəqqasəsinin iştirakı baletin təsir gücünün xeyli artmasına nəzərəçarpacaq təsir göstərir. Azərbaycan Respublikasının əməkdar artisti Sevinc Hüseynlinin Rəng rəqsi milliliyimizə başucalığı gətirən məharətli sənət nümunəsi ilə yaddaqalan oldu.

Rəqs ansamblının üzvlərindən Nazim Nəsirovun və Şahin Səlimovun çox mürəkkəb rəqs priyomlarının köməyi ilə ifa etdikləri gürcü kintolarının rəqsi qədirbilən tamaşaçılar üçün dəyərli mənəvi hədiyyə idi. Ədalət naminə deyək ki, baletdəki gürcü rəqsi Azərbaycan xalq rəqsi Şalaxo təranələri üstündə ifa olunur. Bu rəqsin əsl adı Şələküm-mələkümdür. Keçmiş vaxtlarda ayıoynadanlar kənd və qəsəbələrdə göstərdikləri tamaşalar zamanı ayıları şələküm-mələküm ifadəsini səsləndirməklə oynadırmışlar. Şalaxo Şələküm mələkümün təhrif olunmuş adıdır. Bu yaxınlarda televiziya kanallarının birində yerli-yersiz çıxışları ilə bir o qədər də zövq oxşamayan müğənni qadın fəxrlə deyirdi: Mən Gürcüstanda olanda gürcü rəqsi Şalaxonun sözlərini də (təbii ki, gürcü dilində) öyrənmişəm. Bu cür kəmsavad, milli qürur hissindən məhrum ifaçının (yaxud ifaçıların) ünvanına mənəvi dəyərlərimizdən bixəbər olduğuna görə ancaq qınaq ifadələri işlətmək olar.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Azad Əliyev geniş istedad sahibi olduğunu bir daha təsdiq etdi. Teatrın simfonik orkestrinin bütün ifaçıları sanki onun sehirli dirijor çubuğunun aludəçisinə çevrilmişdilər. Əsərin partiturasını əsl azərbaycanlı musiqi xiridarı kimi mənimsəmiş maestro Azad Əliyev orkestrin çox yüksək səviyyədə ifa bacarığı göstərməsinə nail olmuşdu. Mən teatr orkestrinin bu cür professional səviyyədə çalğısının şahidi olmamışdım. Azad Əliyev bəzi musiqiçilər kimi, dirijor çubuğunu necə gəldi oynatmır, yüksək səviyyəli musiqiçi kimi bəstəkarın bütün istək və arzularını anlaşıqlı musiqi dilində çatdırmaq üçün orkestri idarə etmə vasitəsi kimi işlədirdi. Orkestr yeri gələndə gurlayır, lazım gələndə isə ətrafa həzin musiqi təranələri yayırdı. Tarın solo ifa yerləri Əfrasiyab Bədəlbəylinin unudulmaz ustadı Üzeyir Hacıbəylinin milli çalğı alətlərimizə, xüsusən də tara hörmət taktikasının davamçısı olmasına işarə kimi qiymətləndirilməlidir.

Respublikanın Əməkdar incəsənət xadimi Yulana Əlikişizadənin baletin yeni quruluşda redaktəsi zamanı Azərbaycan balet səhnəsinin bənzərsiz siması olan, mətbuatda Şərq ulduzu adlandırılan SSRİ-nin və Azərbaycan Respublikasının xalq artisti, bir çox prestijli mükafatlar laureatı, Qız qalası baletində Gülyanaq rolunun ilk ifaçısı Qəmər Almaszadənin tamaşaya verdiyi quruluşun bir çox məqamlarını saxlaması onun yaradıcılıq uğuru hesab edilməlidir. Xalq rəqslərinə uğurlu quruluş verən Azərbaycanın xalq artisti Afaq Məlikovanın sənətkarlığına böyük hörmət bəslədiyimizi bildiririk. Görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin Şərq musiqi aləmində ilk balet adlandırılan Qız qalası baleti özünün milli məziyyətləri ilə həmişəyaşarlıq hüququ qazanmışdır. Bunu əsərin yeni quruluşda ilk tamaşası da təsdiqlədi.

 

 

Arif HÜSEYNOV,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2009.- 4 iyun.- S. 7.