Sözün işığı

 

Respublikanın əməkdar jurnalisti Fariz Rüstəmov əzəli əbədi olan sözü 40 ildən artıqdır ki, ürəyində bişirərək vərəqlərə köçürür. Oxucular 40 ildən artıqdır ki, bu sözlərə söykənmiş cümlələrdən yaranan onların arzu istəklərini, problemlərini həll edən yüzlərlə məqalənin istisinə mənən qızınırlar. 40 ildən artıqdır ki, üz tutduğu sözün işığı təkcə Fariz müəllimin ömrünü yox, oxucularının da fikir düşüncələrini işıqlandırır, duyğularını saflaşdırır, onlarda sabaha inamı gücləndirir.

 

14 yaşında olarkən Azərbaycan pioneri qəzetinə yazdığı Akif belə oğlandı sərlövhəli məqaləsi dərc olunmasaydı, bəlkə F.Rüstəmovun həyat yolu başqa səmtə istiqamətlənərdi. Qəzetdə dərc olunan məqaləsindən sonra Tatarıstan məktəblisinin ona yazdığı məktub kiçik yazının müəllifinə böyük sevinc bəxş etdi, yeni mövzular axtarışına çıxmağa həvəsləndirdi. Bu həvəsə güvənərək Pioner jurnalına ayaq açdı. Azərbaycan gəncləri məqalələr göndərdi.

Artıq bu imza digər qəzet jurnallarda da görünməyə başladı. Fariz Rüstəmovun yazılarının mövzu coğrafiyası geniş idi. O, digər mətbu orqanlarında Kommunist, Sovet kəndi, Bakinski raboçi, İnşaatçı, Azərbaycan müəllimi, Ədəbiyyat incəsənət qəzetlərində, Azərbaycan qadını, Təşviqatçı, Kənd həyatı, Müxbir jurnallarında sosial-iqtisadi mövzulara həsr olunmuş məqalələrlə çıxış etmişdir. Onun respublika radiosunun Gənclik Günün səsi proqramlarında silsilə yazıları səslənmişdir.

F.Rüstəmov 1968-ci ildə BDU-ya qəbul olundu. O, universitetin jurnalistika fakültəsində nəşr olunan Jurnalist tədris qəzetinin hazırlanmasında fəal iştirak etdi. 1973-cü ildən fakültə dekanlığı Ağdaşda çıxan Əmək qəzetinin redaktoru Fikrət Hacıyevdən bir məktub aldı. Redaktor F.Rüstəmovun yazılarını yüksək dəyərləndirərək onu rayon qəzetinə işləməyə göndərməyi xahiş edirdi. O, rayona gedərək Əmək qəzetində ədəbi işçi işlədi. Qəzetdə Publisistin qeydləri müəllif guşəsini açdı. Rast gəldiyi neqativ halları bu faktlara münasibətini bildirirdi. Onun bu rubrikası yeni adət-ənənələrin təbliği ilə əlaqədar yazıları maraqla qarşılanırdı.

Redaktor gənc jurnalistin oxucu auditoriyasının genişləndiyini gördükcə sevinir, onun felyetonlarına, oçerklərinə, satirik yazılarına daha geniş yer ayırırdı. F.Rüstəmov məktublar şöbəsinin müdiri vəzifəsinə təyin olunandan sonra yerlərdə oxucularla görüşdü, onların təkliflərini dinlədi. Yeddi təşkilatda yaratdığı müxbir dayaq məntəqəsinin üzvləri qəzetlə müntəzəm əlaqə saxlayır baş verən yeniliklər barədə oxuculara məlumat verirdilər.

Sonra isə qəzetin məsul katibliyi ona tapşırıldı. F.Rüstəmov yeni vəzifədə yaradıcılıq axtarışları apardı. Tezliklə səhifələrin maraqlı tərtibatı, yazıların səhifələr üzrə düzgün bölüşdürülməsi, şəkillərin daha aydın çap olunması oxucunu razı saldı.

1995-ci ilin yanvar ayında rayon icra hakimiyyətinə işə dəvət olunandan sonra da Fariz müəllim qələmdən ayrılmadı. İcra hakimiyyətinin sənədlərini hazırlamaqla yanaşı, respublika mətbuatında da çıxışlar etdi. Qəlbən sənətə bağlı olan bu sənəti söz məbədi hesab edən F.Rüstəmovun reketçi qəzetlərin müxbirlərinin xoşa gəlməz hərəkətlərindən bəhs edən Bizdən yazan müxbirlər, sizdən yazmaq olarmı?, Sevinc xanım niyə əsəbləşdi?, Onlara jurnalist demək olarmı? digər yazıları dərc edilmişdir.

F.Rüstəmov 2003-cü ilin aprel ayından Ağdaş qəzetinin redaktorudur. Qəzet son illərdə ümummilli lider Heydər Əliyevə 4 xüsusi buraxılış nəşr etmişdir. Rəngli çap olunmuş həmin buraxılışlar tərtibat gözəlliyi, material əlvanlığı ilə maraq doğurur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin iyul ayında rayonda səfərdə olmasını geniş işıqlandıran qəzet sonralar dövlət başçısının tapşırığının icra vəziyyətindən bəhs edən 9 səhifə 3 qoşa səhifə vermişdir. Qəzet dövlət başçısının tapşırığı ilə rayonda tikilən Olimpiya İdman Kompleksində müxbir postu yaratmış obyektdən vaxtaşırı yazılar vermişdir.

F.Rüstəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. O, Qızıl qələm Həsən bəy Zərdabi mükafatları laureatıdır. 60 illik ömrün 40 ildən çoxunu yazıb-yaratmağa həsr etmiş Fariz müəllim bu müddətdə Ağdaşı respublika mətbuatında təbliğ etmişdir. Biz xəsislik etmədən həmkarımız haqqında bu qeydləri qələmə almağı özümüzə borc bildik. Axı o, həmişə başqalarından yazıb, öz imzasını qoyub. Heç olmasa 60 ildə bir dəfə olsa onun haqqında biz yazıb, öz imzamızı qoyaq.

 

 

Rəhim HÜSEYNZADƏ,

Mətbuat Şurasının icraçı katibi

 

Xalq qəzeti.- 2009.- 13 iyun.- S. 6.