İncəsənətin iki qızıl budağı

 

Daşkənddə Üzeyir bəy Hacıbəyov və Muxtar Əşrəfinin xatirəsi anılmışdır

 

İyunun 11-də Daşkənddə Muxtar Əşrəfinin xatirə muzeyində iki görkəmli bəstəkar, xalq artistləri, Azərbaycan və Özbəkistanda peşəkar musiqinin yaradıcıları Üzeyir bəy Hacıbəyov və Muxtar Əşrəfinin yaradıcılığına həsr olunmuş İncəsənətin iki qızıl budağı adlı xatirə gecəsi keçirilmişdir. Xatirə gecəsi Özbəkistandakı Azərbaycan Respublikasının səfirliyi, Özbəkistan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Bəstəkarlar İttifaqı, Dövlət Konservatoriyası, Nəvai adına Dövlət Akademik Böyük Teatrı (DABT) və M.Əşrəfinin memorial muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdir.

 

Tədbirdə Azərbaycan Respublikası səfirliyinin əməkdaşları, Özbəkistanın tanınmış alimləri, musiqi və teatr xadimləri iştirak etmişlər.

Azərbaycan Respublikası səfirliyinin müşaviri, filologiya elmləri namizədi Akif Əliyev iki türk xalqının tarixi əlaqələri, o cümlədən mədəni sahədə, xüsusilə musiqidə olan sıx əlaqələr barədə söhbət açmış, iki böyük şəxsiyyətin musiqi tarixindəki əvəzedilməz rolundan danışmışdır. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana 2008-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi dövlət səfərlərinin nəticəsi kimi ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq barədə saziş imzalanmışdır. Sazişdə musiqi əlaqələrinin genişlənməsi, musiqi sahəsindəki tədbirlərin keçirilməsinin zəruriliyi xüsusi vurğulanmışdır.

Müşavir tədbir iştirakçılarına AzərbaycanÖzbəkistan mədəni əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfir N.Abbasovun Muxtar Əşrəfinin xatirə muzeyinin rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunu oxumuşdur.

Dövlət konservatoriyasının professoru İ.Q.Qaluşenko çıxışında xatirə gecəsinin iki xalqın öz musiqi tarixinə verdiyi böyük önəm, keçmişini qorumaq yaşatmaq, tariximizdəki müştərək səhifələrin yad edilməsi baxımından qədər mühüm tədbir olduğunu qeyd etmişdir. O, Muxtar Əşrəfinin yaradıcılıq yolu haqqında danışmış, onun peşəkar musiqiçi kimi formalaşmasında görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyovun musiqisinin rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Özbəkistan Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi Rüstəm Abdullayev öz çıxışında Üzeyir bəy Hacıbəyov Muxtar Əşrəfi dühalarının xalqlarımızın dünya mədəniyyəti xəzinəsinə verdikləri töhfədən danışmış, özbək xalqının Üzeyir bəy Hacıbəyovu doğma bəstəkar hesab etdiyini qeyd etmiş, hələ uşaqlıq illərindən onların evlərində Üzeyir bəyin musiqisinə olan böyük sevgini xatırlatmışdır. R.Abdullayev Ü.Hacıbəyovun Arşin mal alan musiqili komediyasının özbək bəstəkarları üçün məktəb olmasını xüsusi vurğulamışdır. Əməkdar incəsənət xadimi, Muxtar Əşrəfinin tələbəsi olmuş Qəni Tulyaqanov müəllimi haqqında olan xatirələrini bölüşmüş, M.Əşrəfini peşəkar musiqiçi, pedaqoq, gözəl təşkilatçı, təvazökar insan kimi xarakterizə etmişdir.

Azərbaycan Özbəkistanın xalq artisti, Dövlət mükafatı laureatı, Nəvai adına DABT-ın baş rejissoru, professor Firudin Səfərov Muxtar Əşrəfinin dirijorluğu ilə Nəvai adına DABT-ın repertuarında Ü.Hacıbəyovun Koroğlu operasının tamaşaya qoyulmasından söhbət açmışdır. Ü.Hacıbəyovun yaradıcılığı ilə tədbir iştirakçılarını yaxından tanış edən Firudin Səfərov dahi bəstəkarın yaradıcılığının zənginliyi janr rəngarəngliyini xüsusi vurğulamış, bu gün Özbəkistanda gənc musiqiçilərin musiqi təhsilində Üzeyir bəyin əsərlərinin olduqca böyük rol oynamasını qeyd etmişdir. Azərbaycan peşəkar musiqisinin yorulmaz təbliğatçısı F.Səfərov dəfələrlə Bakı Daşkənddə səhnələşdirdiyi Koroğlu Leyli Məcnun operaları ilə bağlı xatirələrini bölüşmüşdür.

Muzeydə əsərləri nümayiş olunan rəssam Marat Sadıqov çıxışı zamanı görkəmli bəstəkarların musiqisinin gözəlliyini qeyd etmiş, onların musiqisindən böyük ilham aldığını söyləmişdir.

Tədbirdə çıxış edən teatrşünas Bəhrəddin Nəsrəddinov Üzeyir bəy Hacıbəyov haqqında olan araşdırmaları, Azərbaycan Özbəkistan teatr musiqi əlaqələrinə dair tədqiqatları barədə məlumat vermiş, tədbir iştirakçılarına XX əsrin əvvəllərində çəkilmiş nadir fotoşəkilləri nümayiş etdirmişdir.

Tədbirin sonunda Özbəkistan Respublikasının əməkdar memarı, Dövlət Beynəlxalq mükafatlar laureatı, M.Əşrəfi muzeyinin direktoru Firuz Muxtar oğlu Əşrəfi çıxış etmişdir. O, atası haqqında xatirələrini danışmış, M.Əşrəfinin Ü.Hacıbəyov digər Azərbaycan bəstəkarları ilə şahidi olduğu yaradıcılıq münasibətləri haqqında tədbir iştirakçılarına məlumat vermiş, xatirə muzeyinin ekspozisiyasında qorunan Azərbaycan Üzeyir bəy Hacıbəyovla bağlı dəyərli materiallar barədə söhbət açmışdır.

Təbdirin musiqi hissəsində Üzeyir bəy Hacıbəyovun Muxtar Əşrəfinin əsərlərindən parçalar ifa olunmuşdur. Belə ki, Ü.Hacıbəyovun Arşın mal alan musiqili komediyasından Əsgərin, Koroğlu operasından Koroğlunun ariyaları, Sevgili canan romansı Nəvai adına DABT-ın aparıcı solistləri tərəfindən təqdim olunmuşdur.

 

 

Pərzad ABDİNOVA,

Heydər Əliyev adına Azərbaycan

Mədəniyyət Mərkəzinin əməkdaşı

 

Xalq qəzeti.- 2009.- 17 iyun.- S. 5.