NAXÇIVAN MUXTAR RESPUBLİKASI – 85

 

(II məqalə)

 

QOCAMAN SƏNƏT OCAĞI

 

1964-cü ildə Naxçıvan teatrının tarixində çox mühüm və əlamətdar bir hadisə olur. Teatr həmin ilin oktyabr ayında şəhərin mərkəzində inşa olunmuş yeni, üçmərtəbəli, əzəmətli binaya köçürülür. Arxitektor H.Məcidovun müəllifi olduğu bu möhtəşəm yeni teatr binası beş ilə ərsəyə gəlmişdir. Üçmərtəbəli lojaları və amfiteatrı ilə birlikdə 600 nəfərlik tamaşa salonu, fırlanan “dairə”yə, orkestr “xəndəyi”nə və hər cür işıq və ştanqet sisteminə malik səhnəsi, 20-dən artıq qrim otağı, dekorasiya, emalatxana və sexlər üçün geniş otaqları, böyük foyeləri olan teatrın bu yeni binası kollektivi yeni yaradıcılıq uğurlarına ruhlandırdı.

 

Demək olar ki, 1964-cü ilin yanvar ayından Naxçıvan teatrının profili rəsmi surətdə dəyişdirilmiş və ona “musiqili dram teatr” statusu verilmişdi. Yeni binaya köçürüldükdən sonra isə teatr Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı adlandırıldı.

Bu binada ilk dəfə teatrın pərdəsi “Məhsəti” tamaşası ilə açılmışdır. Adından göründüyü kimi Məhsəti Gəncəvinin həyatından bəhs edən bu mənzum pyes o zamanlar artıq istedadlı gənc şairə kimi tanınan Kəmalə Ağayevanın dramaturgiya sahəsində ilk qələm təcrübəsi idi. Buradaca qeyd etmək yerinə düşər ki, bir müddət sonra o, Naxçıvan teatrının ilk ədəbi hissə müdiri təyin olunaraq 20 ildən artıq həmin vəzifədə çalışmışdır. Hələ köhnə binada məşqlərinə başlanmış tamaşanın quruluşçu rejissoru, teatra yenicə baş rejissor təyin olunan Baxşı Qələndərli maraqlı aktyor ansamblı ilə məzmunlu quruluş verməyə nail olmuş, teatrın baş rəssamı M.Qasımov isə yeni səhnənin texniki imkanlarından məharətlə istifadə edərək baxımlı dekorlar və geyimlər vermişdi. Bəstəkar M.Ələkbərovun gözəl tamaşanın təsir qüvvəsini xeyli artırmışdı. Beş gün anşlaqla davam edən premyera tamaşalarında Naxçıvan teatrının yeni binasındakı bu ilk ərməğanı böyük hərarət və alqışlarla öz tamaşaçıları tərəfindən layiqli qiymətini aldı.

1965-ci il Naxçıvan teatrının tarixində və ümumiyyətlə muxtar respublikanın mədəni həyatında ən unudulmaz illərdən biri olmuşdur. Həmin il iyun ayının 14-dən 21-dək respublikamızın paytaxtında - Bakıda Naxçıvan MSSR mədəniyyət həftəsi keçirilmişdir. Muxtar respublikanın şair və yazıçıları, musiqi kollektivlərilə yanaşı Naxçıvan Dövlət Musiqili Dram Teatrı da paytaxt ictimaiyyəti qarşısında hesabat vermişdir.

İyun ayının 21-də Dövlət Filarmoniyasında Mədəniyyət həftəsinin təntənəli bağlanış mərasimi keçirilmişdir. Buradaca iştirakçılardan bir qrupunun Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən fəxri adlara və fəxri fərmana layiq görüldüyü elan edilmişdir. Təltif olunanlar sırasında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının böyük bir heyəti də olmuşdur. Belə ki, teatrın rejissoru və aktyoru İbrahim Həmzəyev Azərbaycan SSR-in xalq artisti, aktyor Məmməd Quluyev isə əməkdar artist fəxri adlarına layiq görülmüşlər.

Şairə-dramaturq Kəmalə Ağayeva, teatrın baş rejissoru Baxşı Qələndərli, aktyorlardan Rza İsfəndiyarlı, Firuzə Əlixanova, Mirhəsən Mirişli, Əyyub Məmmədov, Zəroş Həmzəyeva və Kazım Hüseynov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşlar.

60-cı illərin ikinci yarısında Naxçıvan teatrının monumental tamaşaları sırasına C.Məmmədquluzadənin “Anamın kitabı”, Ü.Hacıbəyovun “Məşədi İbad” C.Cabbarlının “Od gəlini”, S.Axundovun “Laçın yuvası”, S.Vurğunun “Vaqif”, M.İbrahimovun “Yaxşı adam”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, A.Babayevin “Yarımçıq şəkil”, Ş.Qurbanovun “Sənsiz”, S.Ələsgərovun “Haradasan, ay subaylıq?”, M.Şamxalovun “Qayınana”, H.İbrahimovun “İtirilən sağlıq”, Ə.Qənbərovun “İlan yuvasında fırtına”, H.Razinin “Günəş” kimi əsərləri də əlavə olunur.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir quruluşçu rejissor kimi fəaliyyətə başlayan Vəli Babayevin ilk işlərindən biri böyük dramaturqumuz Cəfər Cabbarlının “Yaşar” dramı olur. Müvəffəqiyyət qazanan bu tamaşada baş rolun ifaçısı, gənc aktyor (indi xalq artisti) Tariyel Qasımovun uğurlu çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, mətbuatda yüksək qiymətləndirilmişdir.

1970-ci ildə Bakıya ikinci səfər edən Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Mehmanxana sahibəsi”ni paytaxt tamaşaçılarına göstərmiş və tamaşa Azərbaycan Televiziyası vasitəsilə bütün respublikaya nümayiş etdirilmişdi. Mərkəzi mətbuat da Naxçıvan teatrının Bakı səfərini geniş işıqlandırmış, “Mehmanxana sahibəsi” tamaşası haqqında maraqlı resenziyalar dərc etmişdi. Bu yazılarda tamaşa Naxçıvan teatrının növbəti yaradıcılıq uğuru kimi vurğulanır, rejissor və rəssam işi, aktyor oyunu yüksək qiymətləndirilirdi.

1974-cü il Naxçıvan teatrı üçün yaddaqalan, əlamətdar illərdən olmuşdur. Məhz həmin il Azərbaycan teatrının 100 illik və Naxçıvan Muxtar Respublikası yaranmasının 50 illik yubileyləri olmuş və bu münasibətlə bütün təbəqələrdən olan fədakar adamlar, o cümlədən mədəniyyət xadimləri və teatrın yaradıcı heyətindən bir qrupu fəxri adlara layiq görülmüşlər.

Teatrın 70-ci illər repertuarını “Hacı Qara”(M.F.Axundov), “Hacı Qənbər” (N.Vəzirov), “Ölülər”, “Dəli yığıncağı”(Cəlil Məmmədquluzadə), “Solğun çiçəklər”, “Oqtay Eloğlu”(C.Cabbarlı), “Toy”(S.Rəhman), “Məhv olmuş gündəliklər”(İ.Əfəndiyev), “Quşu uçan budaqlar”(Ə.Əylisli), “Adamın adamı”(Anar), “Yaşıl qapı arxasındakı qadın”(R.İbrahimbəyov), “Nə yardan doyur, nə əldən qoyur”(Lope de Veqa), “Onlar dörd nəfər idilər(K.Simonov), ”Tribunal"(A.Makayonok), “Darıxma, ana!”(N.Dumbadze), “Toros canavarı”(Ə.Nesin), “Qəmküsar”(M.Tarverdiyev), “Arxalı dağlar”(H.Razi), “İsmət”(K.Ağayeva), “Gözüm yollarda qaldı”(Ə.Yusifli) kimi tamaşalar zənginləşdirdi.

1981-ci ildə teatr dahi dramaturq Huseyn Cavidin “Şeyda” əsərinə müraciət edərək bu pyesin ilk dəfə Naxçıvan səhnəsində tamaşaya qoyulmasına nail olur. Maraqlı haldır ki, həmin tamaşanın premyerasından bir neçə ay sonra Azərbaycan KP Mərkəzi Komitəsinin bürosu Cavidin 100 illiyinin keçirilməsi barədə tarixi qərar qəbul etmişdir. Məhz bu qərar əsasında Naxçıvanda yaradılan “Cavid” Poeziya Teatrının 1982-ci ilin oktyabr ayında respublikanın o zamankı rəhbəri, ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdur. Açılışdan bir ay keçməmiş H.Cavidin cənazəsi uzaq Sibirdən Naxçıvana gətirildi. Doğma torpaqda təntənəli dəfn gününün axşamı Cavidin həyat və yaradıcılığını əks etdirən “Mənim tanrım gözəllikdir, sevgidir” tamaşası ilə Poeziya Teatrı özünün ilk tamaşaçılarını qəbul etdi. Həmin tamaşanın müəllifi K.Ağayeva, rəssamı M.Qasımov, bəstəkarı R.Mirişli idi. Rejissor və baş rolun ifaçısı V.Əsədov olmuşdur.

Naxçıvan teatrı 1986-cı ilin əvvəlindən öz tarixində ilk dəfə olaraq antik yunan dramaturgiyasına müraciət etmiş və Sofoklun “Elektra” faciəsini tamaşaya qoymuşdu. 1987-ci ilin mayında Tbilisidə keçirilən Ümumittifaq Teatr Festivalında Azərbaycan teatrını Naxçıvan Dövlət Musiqili Dram Teatrı təmsil edirdi. Naxçıvanlıların “Elektra” tamaşası festival təşkilatçılarının - SSRİ Mədəniyyət Nazirliyinin, ÜİLKGİ MK-nın, SSRİ Teatr Xadimləri İttifaqının və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin diplomuna layiq görülmüşdür. Tamaşa o zaman tamamilə çəkilərək 1987-ci il iyunun 14-də Moskvadan - Mərkəzi Televiziya ilə nümayiş etdirimişdi.

1987-ci il iyun ayının 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük bir təntənə oldu. Bu, Naxçıvan teatrının gecikmiş 100 illik yubiley təntənəsi idi.

Lakin bir daha vurğulamaq lazımdır ki, Naxçıvan teatrının yaranma tarixi 1886-cı il deyil, 1883-cü il mart ayının 23-dür.

Beləliklə, muxtar respublikaya 1990-cı il yanvarın 18-dən başlanan erməni-rus qoşun birləşmələrinin təcavüzü və 1991-ci ilin sonlarınadək Ermənistanla sərhəd bölgələrində davam edən döyüşlər Naxçıvan teatrının da fəaliyyətinə öz mənfi təsirini göstərdi. Demək olar ki, 1991-ci ilin yanvarına - “Şəhidlər” tamaşası təhvil verilənədək teatrın heç bir yaradıcılıq məşğuliyyəti olmamışdır.

1991-ci il sentyabrın 3-də möhtərəm Heydər Əliyevin Muxtar Respublika Ali Məclisinə sədr seçilməsilə Naxçıvanda bir çox sahələr kimi mədəni mühitdə də bir canlanma yarandı. Bağlanma, ləğvedilmə təhlükəsilə üzləşmiş Naxçıvan Dövlət Musiqili Dram Teatrına da diqqət və qayğı yönəldi. Həmişə özünü bu qədim sənət ocağının yetirməsi hesab edən ulu öndər Naxçıvan teatrını da düşdüyü burulğandan xilas edərək, onun dirçəlməsi və inkişafı üçün hər cür şəraitin təmin olunmasına çalışırdı. 1992-1993-cü illərdə teatr bir neçə maraqlı tamaşa hazırlayaraq qonşu Türkiyə Respublikasına səfərlər etmişdir. Lakin məlum 1993-cü ilin iyun hadisələri nəticəsində H.Əliyevin Azərbaycan rəhbərliyinə tarixi qayıdışı baş verdi.

1993-cü ilin yayından 1995-ci ilin sonlarınadək muxtar respublikadakı gərgin ictimai-siyasi həyat nəticəsində mədəniyyət obyektləri, onların fəaliyyəti, demək olar ki, diqqətdən kənarda qaldı. Naxçıvan teatrının 110 illik yubileyini belə qeyd etmək mümkün olmadı. Bütün bunlara baxmayaraq, teatrın fədakar kollektivi bu dövrdə maraqlı və baxımlı repertuar seçimilə tamaşalar hazırlayıb fəaliyyət göstərirdi.

1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi böyük təntənə ilə qeyd olundu. O zaman Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev Naxçıvanda - yubiley şənliklərində olmuş, Naxçıvan teatrının aktyorları, yaradıcı heyətilə görüşmüşdür. Prezidentin fərmanı ilə muxtar respublikanın 75 illiyi münasibətilə bir sıra müxtəlif peşə sahiblərinə, o cümlədən teatr xadimlərinə respublikanın fəxri adları verildi.

2003-cü ildə 120 yaşlı teatrın binası əsaslı surətdə təmir edildi. 2004-cü ilin mayında - Naxçıvan Muxtar Respublikasının 80 illiyinin qeyd olunduğu günlərdə təntənəli yubiley yığıncağının iştirakçılarına Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Atabəylər”(N.Həsənzadə) tamaşası təqdim olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev və xanımı Mehriban Əliyeva, həmçinin yubiley mərasiminin rəsmi qonaqları tamaşanı böyük maraqla seyr etmişlər.

2005-ci ilin noyabr ayında yenidən Naxçıvan teatrı tarixinin təhrif olunması təhlükəsi yarandı. Belə ki, respublika Mədəniyyət Nazirliyindən gələn göstərişlə Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən nazirliyə teatrın 120 illiyinin 1986-cı ildə tamam olması və yubileyin keçirilməsi məqsədilə xüsusi sərəncam üçün respublika Prezidentinə müraciət olunması təklifilə bir məktub hazırlanmalı idi. Uzun illərdən bəri Naxçıvan teatrının tədqiqilə məşğul olduğumdan onun yaranma tarixini dəqiq göstərən faktları, sənədləri və fotoşəkilləri Muxtar Respublika Ali Məclisinə təqdim etdim. Bu ərəfədə “Xalq qəzeti”nin 2006-cı il 26 mart tarixli nömrəsində “Milli teatrımızın doğuluşu, yaxud Naxçıvan teatrının neçə yaşı var?!” adlı məqaləm də dərc olunmuşdu. Bundan sonra Ali Məclisin sədri cənab Vasif Talıbov tarixi faktlar və sənədlər əsasında Naxçıvan teatrının 120 illiyinin ötdüyünü vurğulayaraq, 2008-ci ildə tamam olacaq 125 illiyə hazırlıq görülməsi barədə tövsiyə və tapşırıqlarını vermişdir. Bu yerdə məxsusi qeyd etmək istəyirəm ki, hörmətli Vasif Talıbovun Naxçıvan teatrı ilə mənəvi bağlılığı, daimi qayğıkeşliyi və təəssübkeşliyi, həmçinin şəxsi qətiyyəti sayəsində ədalət zəfər çalmış, 25 ildən sonra tarixi həqiqət bərqərar olmuşdur. Nəhayət, 2008-ci il yanvarın 31-də respublikanın bütün teleradio kanallarından xoş bir müjdə yayıldı: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ”Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında" Sərəncam imzalamışdır." Həmin tarixi sənəddə möhtərəm Prezidentimiz qədim sənət ocağını belə dəyərləndirmişdir: “Teatrın repertuarında Azərbaycan ədəbi fikrinin böyük nümayəndələrinin son dərəcə qiymətli əsərlərilə yanaşı, dünya dramaturgiyasının ən yaxşı nümunələri aparıcı yer tutmuşdur. Səhnəyə qoyduğu mütərəqqi ideyalı həmin əsərlərlə ədəbi mühitin daha da canlanmasına və mədəni-ictimai fikrin formalaşmasına qüvvətli təsir göstərən Naxçıvan teatrı istedadlı aktyorların, rejissorların və teatr rəssamlarının birgə zəhməti sayəsində respublikamızın qabaqcıl sənət ocaqlarından birinə çevrilmişdir.” Həmin ilin sentyabr ayında Naxçıvanda təntənə ilə qeyd olunan yubiley ərəfəsində Prezidentin növbəti sərəncamı ilə teatrın 5 aktyoruna “xalq artisti” fəxri adı verilmiş, 1 aktyor “Prezidentin fərdi təqaüdü”nə layiq görülmüş, 3 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Müvafiq olaraq MR Ali Məclisi sədrinin sərəncamı əsasında teatrın əməkdaşlarına muxtar respublikanın fəxri adları da verilmişdir. Onlardan 4 nəfəri “əməkdar artist”, 1 nəfəri “əməkdar rəssam”, 3 nəfəri “əməkdar mədəniyyət işçisi” adını almışdır. Bu gün Yaxın Şərqin qədim sənət ocağı özünün cari repertuarında olan yüksək səviyyəli tamaşalarla vaxtaşırı ölkəmizin paytaxtı Bakıda, Azərbaycanın müxtəlif bölgələrində, eləcə də qonşu Türkiyə və İranda milli teatr sənətimizi layiqincə təmsil etməkdədir.

 

 

Ələkbər QASIMOV,

AMEA Naxçıvan bölməsi

İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun əməkdaşı

 

Xalq qəzeti.- 2009.- 18 iyun.- S. 7.