Xatırlama

 

O, bəzən səhnədə mərmər abidəyə bənzəyirdi

 

Bu da taleyin işidir. Hərə ömrü bir cür başa vurur. Tale insana güclü istedad bəxş edəndə bu istedad xalqa xidmətə yönələndə əsil xoşbəxtlik yaranır. Başqaları üçün yaşayanlar əsil səadətə qovuşurlar. Ömrünü çıraq kimi xalqına xidmət yolunda yandıran belə insanlardan biri idi Hökumə Qurbanova.

 

Hökumə xanım Qurbanova əvəzsiz aktrisa idi. Onun səhnədə görünüşü həmişə gur alqışlarla qarşılanardı. Aktrisanın oynadığı tamaşaları saymaqla qurtaran deyil. Demək olar ki, Akademik Dram Teatrının 60-80-ci illərdəki tamaşalarının əksəriyyətində baş qadın rollarının ifaçısı olmuşdu. O, səhnədə yalnız rol oynamırdı, obrazın taleyi ilə yaşayırdı. Öz coşqun temperamenti, dağ şəlaləsi kimi şaqraq səsi ilə auditoriyanı çox asanlıqla ələ alırdı. Zalda həmişə çox qəribə bir sükut olardı.

Hökumə Qurbanova əslində klassik aktyor məktəbinin yetirməsi idi. Amma müasir ənənələrdən bəhrələnə bilirdi. Onun rolları müxtəlif xarakterli qadınlardır. Onlar arasında taleyin min bir əzabına düçar olanlar da var, yüngül həyat sürən qadınlar da, sədaqətli analar, vəfalı həyat yoldaşları da.

Hökumə xanım çox zəngin bir həyat yolu keçmişdir. 1913-cü il iyun ayının 11- Bakıda ziyalı ailəsində doğulmuşdu. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün “Ələkbərova” soyadıyla çıxış edib. Hökumə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Onun güclü musiqi yaddaşı var idi. Konservatoriyada təhsil alarkən dramaturq teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936- ildə buraxılıb.

Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökumə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökumə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940- illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökumə Qurbanova kimi gözəl məlahətli səsi ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər onun məşəl kimi yanan, alovlu ağıllı gözlərindəki mənaları aydınca görür, duyur dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi (məsələn, Şekspirin “Qış nağılı”nda Hermiona rolunda)...

Hökumə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, estetik prinsiplərdə təqdim edən ilk aktrisadır. Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasına istiqamətləndirməkdə mahir ustad idi. Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm ahəngini, təranə düzümünü Hökumə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu. Komediya rollarında (Bənövşə, Xanuma...) səhnəyə çıxan Hökumə Qurbanovanın məlahətli yumoru, sərrast dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. Mənalı, zərif cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizminə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. Hökumə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Romantik faciə rollarının əvəzsiz ifaçısı idi. Hökumə xanımın Hüseyn Cavidin “Şeyx Sənan” (Xumar), “Səyavuş” (Südabə), Vilyam Şekspirin “Antoni Kleopatra” (Kleopatra), “Qış nağılı” (Hermiona), Fridrix Şillerin “Orlean qızı” (Janna d’Are), Səməd Vurğunun “Fərhad Şirin” (Şirin Məryəm), Cəfər Cabbarlının “Od gəlini” (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri olduqca cazibədar idi.

Onun realist faciə rolları — Süleyman Sani Axundovun “Eşq intiqam”ında Zöhrə, Səməd Vurğunun “İnsan”ında Səhər, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”ndə Günəş rolları aktrisaya böyük şöhrət gətirmişdi. Aktrisanın romantik-dramatik üslubda yaratdığı GülbaharMüsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), XuramanVaqif”, Səməd Vurğun), AfaqNizami”, Mehdi Hüseyn), OliviyaOn ikinci gecə”, Vilyam Şekspir), CenevrəDərin köklər”, Ceyms Qou Arno D’Nyusso), NataşaŞərqin səhəri”, Ənvər Məmmədxanlı), ReyhanCavanşir”, Mehdi Hüseyn) müəyyən mənada HermionaQış nağılı”, Vilyam Şekspir) kimi rolları bu gün hörmət məhəbbətlə xatırlanır. Bununla yanaşı aktrisa Sona, Yaxşı (“1905-ci ildə” “Almaz”, Cəfər Cabbarlı), Həyat, MaralHəyat” “Közərən ocaqlar”, Mirzə İbrahimov), Məhmənə banuMəhəbbət əfsanəsi”, Nazim Hikmət), SevgiliAna ürəyi”, İslam Səfərli), (“Aslan yatağı”, Məmmədhüseyn Təhmasib), ReyhanQardaşlar”, Rəsul Rza) obrazlarını böyük ustalıqla yaratmışdır. Bundan başqa aktrisa psixoloji-dramatik rolların da mahir ifaçısı olmuşdur.

Aktrisa “Azərbaycanfilm”in istehsalı olan bir neçə filmdə çox maraqlı rollar yaradıb. “Bir ailə” filmində Leyla, “Onu bağışlamaq olarmı?”da Laçın, “Mən rəqs edəcəyəm” kinolentdə Mahmudun anası, “İnsan məskən salır”da Ana rollarına çəkilib. Qızı Vəfa Fətullayeva da Akademik Teatrın tanınmış aktrisalarından olub 42 yaşında dünyasını dəyişib. Hökumə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Bu gözəl aktrisanın işıqlı xatirəsini xalqımız heç zaman unutmayacaq.

 

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

Xalq qəzeti.- 2009.- 18 iyun.- S. 7.