Qafqaz Albaniyasının məbədləri

Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Tarixdə əslində heç vaxt mövcud olmamış, Böyük Ermənistan imperiyası barədə əfsanəni şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin tarixi torpaqları kimi qələmə verirlər. Azərbaycandakı bütün alban xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir.

 

Qafqaz Albaniyası dövlətinin ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir.

Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşamışlar. Bunlar içərisində saklar, qarqarlar, quzlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil etmişlər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Heredot yazır ki, skiflər - türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaratmışlar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir.

Eramızın əvvəllərində Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skiflər - türkdilli tayfalar yaşamışlar. Bu fikri bir çox antik müəlliflər də təsdiq etmişlər. Tarixin atası Herodot (e.ə. V əsr), Miletli Qekatey (e.ə. VI-V əsr), Dionisiy Perieqet (e.ə. II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu təkzibedilməz şəkildə sübut edir. Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adları türk mənşəli olmuşdur: Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq, Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək, Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray, Urnair, Satay, Asay və sair.

Cənubi Qafqazın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin əvvəllərində bu dövlət dağılmışdır. Hal-hazırda Azərbaycan Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq irsinə aid xeyli məbəd, kilsə və monastrlar vardır. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar milli tədqiqatçı alimlərimiz tərəfindən müəyyən işlər görülmüşdür.

Eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə sitayiş edirlər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə günəş, ay və büdpərəstlik məbədləri ilə yanaşı çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olmuşdur.

Bu məbədlərin bir hissəsi sonralar xristian məbədlərinə çevrilmiş, əksər hissəsi isə islam dininin yayıldığı dövrdə dağıdılmışdır. Qafqaz Albaniyasında atəşpərəstlik məbədlərinin tikilməsi eramızdan əvvəl VIII əsrdən Zərdüştlük dininin yayılması ilə əlaqədar idi.

Atropatenada Sasanilərin hakimiyyəti illərində baş atəşgah Qazakada Təxte-Süleymanda, Qafqaz Albaniyasında isə Bakı ərazisinin daxil olduğu Paytakaran vilayətində yerləşirdi. Qocaman tədqiqatçı alim D.A.Axundovun fikrincə, indi Qız qalası adlandırılan arxaik görkəmli abidə tarixi mənbələrdə adı çəkilən Paytakarandakı yeddi məşəlli Baqink baş məbədidir. O, bu məbədin əsasının eramızdan əvvəl qoyulduğunu ehtimal edir.

Arxeoloji tədqiqatların nəticələrindən aydın olur ki, bu məbəd vaxtilə yerdən çıxan güclü təbii qaz məşəllərinin alovlanıb yandığı iri qaya üzərində tikilmişdir. Məbədin plan quruluşu hələ qədim zamanlardan alovun simvolik işarəsi olan buta şəklindədir. Məbədin yerləşdiyi qayada arxeoloqlar diametrləri 70-80 sm. olan ona qədər dərin qaz məşəllərinin quyularını aşkar etmişlər. Quyuların divarlarında uzaq keçmişdə yanmış məşəl alovlarının izləri bu gün də aydın görünür.

Dəniz sahilində yerləşən bu abidə uzun müddət mayak kimi də istifadə olunmuşdur. Qafqaz Albaniyasında eramızın əvvəllərində xristianlığın, sonralar isə islam dininin yayıldığı dövrdə atəşgahların hamısı dağıdılmışdır. Suraxanı atəşgahının dağıdılmış məbəd kompleksi tarixi İpək yolu ilə ticarət səfərlərinə çıxan hindistanlı atəşpərəst tacirlərin sifarişi ilə 1713-1720-ci illərdə bərpa edilmişdir. Bu atəşgahda uzaq Hindistandan gələn atəşpərəst zəvvarların və kahinlərin iştirakı ilə təntənəli dini mərasimlər keçirilmişdir. Sonuncu mərasim 1883-cü ildə olmuşdur.

Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlamışdır. Alban tarixçisi Moisey Kalankatuylunun Aqvan tarixi əsərində Qafqaz Albaniyasında xristianlıq dininin yayılması, müxtəlif kilsə və məbədlərin tikilməsi barədə qiymətli məlumatlar vardır. Tarixi mənbələrdə Alban kilsəsi apostol kilsəsi adlandırılır. Çünki xristianlığı Albaniyaya eramızın 54-57-ci illərində apostol müqəddəs Yelisey gətirib. Təqribən üç əsr sonra parfiyalı missioner müqəddəs Qriqorisin fəaliyyəti nəticəsində ermənilər büdpərəstlikdən əl çəkib 327-ci ildə xristianlığı qəbul etmişlər.

Bu barədə Alban salnaməçisi Moisey Kalankatuklunun əsərində kifayət qədər məlumat vardır. 1130-cu ildə Gəncə şəhərində anadan olmuş, 1184-cü ildən ömrünün sonunadək Xaçın knyazlarının yanında xidmət etmiş alban salnaməçisi Mxitar Qoş özünün məşhur Alban salnaməsi əsərində bu tarixi faktı bir daha təsdiq edərək yazır: ...Müqəddəs Yeliseydən müqəddəs Qriqorisə qədər 300 il keçmişdir. Aqvan tarixi salnaməsindən məlum olur ki, İsa peyğəmbərin şagirdi müqəddəs Faddeyin xristian dinini yaymaq məqsədilə Ermənistanda başlamaq istədiyi missionerlik fəaliyyəti faciə ilə nəticələnmiş, bütpərəst erməni çarı Sanatruk müqəddəs apostolu tutdurub qətlə yetirmişdir. Apostol Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdıb apostolun şəhid olduğunu bildirir. İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə,Qafqazda tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasını sübut edir. Dəfələrlə bərpa və təmir edilmiş məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Zaqafqaziya Rusiyaya birləşdirildikdən sonra Sinodun qərarı ilə Alban kilsəsi rəsmən ləğv edildikdən və məbədləri erməni kilsəsinə tabe edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.

Qax rayonunun Qum kəndindəki xristian məbədi memarlıq-konstruktiv həllinə görə mütəxəssislərin diqqətini cəlb edən sənət əsəridir. Ləkit kəndində yerləşən məbəddə arxaik inşaat üslubu ilə tikilmişdir. Bu məbədlərin hər ikisinin V-VI əsrlərə aid olması ehtimal edilir.

Təqribən 325-ci ildə Albaniya çarı Urnayr xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian məbədləri və kilsələr tikilməyə başlandı.

Məşhur Avey məbədi Qazax rayonunun ərazisində yüksək Avey dağının zirvəsində yerləşir. Ondan bir qədər aşağıda yerləşən Şişqaya məbədi və digər süni mağara məbədlər kompleksi tədqiqatçı alimlər C.Rüstəmov və F.Muradovanın fikrincə, antik dövrə və xristianlığın yayılmağa başladığı ilk əsrlərə aid alban məbədləridir.

Qafqaz Albaniyasında xristianlığın ilk dövrləri üçün xarakterik olan məbəd kompleksinin qalıqları 1948-ci ildə Mingəçevirdə arxeoloqlar tərəfindən öyrənilərkən üzərində alban əlifbası ilə naməlum yazılar həkk olunmuş, daşdan hazırlanmış xaç altlığı aşkar edilmişdir.

Albaniya çarı III Vaçaqanın, ölkənin görkəmli din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aluen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət almışdı. III Vaçaqanın (487-510-cu illər) hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilmişdir. VII əsrin ortalarına yaxın ölkədə 30-dan artıq monastr olmuşdur.

Alban katalikosluğunun taxtı IV-V əsrlərdə Dərbənddə Çola monastrında, VI-VII əsrlərdə Bərdə monastrında, VIII-IX əsrlərdə Ağdərə rayonunda müqəddəs Yelisey monastrında, X-XV əsrlərdə Kəlbəcər rayonunda Xudavəng monastrında, XV-XIX əsrlərdə Gəncesər monastrında yerləşmişdir. 552-ci ildə alban kilsəsinin başçısı katalikos müqəddəs ata Abbas iqamətgahı Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi iri monastra çevrilmişdir. Məşhur şərqşünas alim, akademik Ziya Bünyadov VII əsr ərəb müəllifi Əl-Vakinin əsərini tədqiq edərkən maraqlı tarixi bir fakt aşkar etmişdir. Məlum olmuşdur ki, ərəb xilafətinin başçısı xəlifə Müaviya (661-680-ci illər) Qafqaz Albaniyasına qarşı işğalçılıq hücumuna başlamaq istəyərkən Abid İbn Şəriyyə Əl-Curhumi adlı şəxsdən Qafqaz Albaniyasında hansı tayfaların yaşadıqlarını soruşmuşdur. Hərbi kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədilə Qafqaz Albaniyasında olmuş Abid Əl-Curhumi xəlifənin sualına cavab olaraq demişdir ki, bu ölkədə türklər üstünlük təşkil edir, tayfalararası ümumi ünsiyyət dili türk dilidir.

Eramızın V əsrindən etibarən xristianlığın diofizit təriqətinə mənsub Alban pravoslav kilsəsi ilə monofizit təriqətinə aid erməni qriqoryan kilsəsi arasında başlamış mübahisələr və çəkişmələr əsrlər boyu davam etmişdir. 701-ci ildə Xilafətin cəza dəstələri tərəfindən mühasirəyə alınmış Bərdə şəhərində Nerses Bakur və alban çarı Varaz Tiridatın arvadı çariça Sparama mühakimə edilib, işgəncə ilə öldürüldü. Təcili çağırılmış Kilsə qurultayında bütün alban yepiskoplarına erməni kilsəsi ilə ittifaq haqqında saziş imzalatdırıldı. Faktiki olaraq Alban kilsəsi Xilafətlə əməkdaşlıq edən erməni kilsəsinə tabe etdirildi. Yeni seçilmiş alban katalikosu Simoen Bərdə monastrından köçüb Ağdərə rayonunun Maqavuz kəndində yerləşən müqəddəs Yelisey monastrında məskunlaşdı. Qədim erməni dili rəsmi kilsə dili olduğundan alban tayfalarının dillərində olan, alban əlifbası ilə yazılmış dini kitablar, salnamələr, epiqrafik yazılar məhv edildi.

Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni tanrı məbədi adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastrın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir.

Şəki rayonunun Kiş kəndindəki müqəddəs Yelisey məbədinin, Orta Zəyzid kəndindəki bir nefli alban məbədinin və Oğuz rayonundakı müqəddəs Yelisey məbədinin plan quruluşları demək olar ki, eynidir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günlərə gəlib çatmış ən maraqlısı Dağlıq Qarabağın Ağdərə rayonundakı müqəddəs Yelisey monastr kompleksidir.

Həsən Cəlalın hakimiyyəti illərində knyazlığın ərazisi xeyli genişlənmiş, tikinti abadlıq işləri böyük vüsət almışdır. Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir.

Bir sıra müəlliflər Arsax sözünü qədim dövrlərdən bu yerlərdə də yaşamış türkdilli sak tayfaları ilə əlaqələndirirlər. Albaniyada Balasakan, Sisakan, Sakasen, Arsak və bu kimi digər yer adları bu fikrə zəmin yaradır. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Calal Dövləni oğlu knyaz Atabəy gətirib Gəncesər monastrında dəfn etmişdir. Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik elementlərinə, xüsusiyyətlərinə və memarlıq-planlaşdırılma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir. İşğalçılıq müharibəsi yolu ilə xalqımızın torpaqlarını ələ keçirən erməni şovinistləri təcavüzkarlıq əməllərinə haqq qazandırmaq məqsədilə beynəlxalq konvensiyaları pozaraq tarix və mədəniyyət abidələrimizin xeyli hissəsini erməni abidələri elan edirlər.

1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını pozaraq hərbi təcavüz yolu ilə Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizindən çoxunu işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi hələ də davam edir. İşğal zonalarında dövlət siyahısında olan yüzlərlə abidə qalmışdır. İşğalçılar geniş miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

 

 

Vaqif ƏSƏDOV,

Azərbaycan Tarix və Mədəniyyət

Abidələrinin Mühafizə Cəmiyyəti sədrinin müavini

 

Xalq qəzeti.- 2009.- 25 iyun.- S. 7.