Elçinin “Şekspir”i “ÜNS” yaradıcılıq səhnəsində

 

Tamaşa salonunda teatrallar. Salonda işıq yavaş-yavaş söndü. Səhnə adlanan məkanın sehrli-möcüzəli işıqları yandı. Tamaşa başlandı.Salonda lal sükut. Səhnədə Elçin, Şekspir, aktyorlar və quruluşçu rejissor Bəhram Osmanov. Məkan — psixi baxımdan qüsurları olanlar üçün xəstəxana. Bütün hadisələr bu xəstəxanada baş verəcək. Ağ dekorlar, qara fon.

 

Ağ həkim xalatları, ağ çərçivə və bu çərçivə lazım olan anlarda bağlanır, barmaqlıqlarla tərtib olunmuş çərçivə tamaşaçını səhnədən ayırır, bəlkə də səhnəni bizdən (tamaşaçılardan) elə bil ki, qoruyur. Biz salonda rahatlıq, süstlüklə baxırıq, səhnədəkilərsə axtarırlar, çırpınırlar. Səhnədən (xəstəxanadan) qapalı, çərçivəyə salınmış həyatdan qurtulmaq istəyirlər — bütün tamaşa boyu, bütün oyun boyu. Və bu oyuna baxmağa bizi sövq edən, salonda birinci sırada əyləşmiş, gözündə eynək, diqqətlə səhnəyə baxan müəllifdir Elçin.

Elçin — xalq yazıçısı, nasir, dramaturq, kinodramaturq, alim və mənim sənətinə, ağıl və zəkasına, dünyagörüşünə, çağdaş türk ədəbiyyatında mövqeyinə hörmət etdiyim, sayılıb seçilən bir şəxsiyyət.

Şekspir — dünya dramaturgiyasında əsrlər boyu mövqeyini saxlayan böyük bir dramaturq. Şekspirin əsərlərinə diqqətlə nəzər yetirəndə əsərlərinin hər birində mütləq mənada bir, iki, bəzən üç obraz, əqlən, şüurən, dünyaya baxışıynan bizə, yəni oxucu və tamaşaçıya dəli kimi görünürlər: “Hamlet”də Hamlet, “Maqbet”də Maqbet, “Kral Lir”də Kral Lir, “Səhvlər komediyası”nda Egeon.

Bu obrazlar Şekspirin özüdür, öz xarakteridir, başlanğıcıdır, sonudur.

Mən rejissor olaraq, xalq yazıçısı Elçinin “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Ağ dəvə” əsərlərinə Gənc Tamaşaçılar Teatrında quruluş vermişəm. Bu əsərlər tutumu, sanbalı ilə monumental əsərlər sırasına aiddir. Bu əsərlərin hər birində obrazların tamlığı, bitkinliyi, bütövlüyü məni həmişə valeh edib. Hər bir obraz (yaşadığı dövr və məkanlardan asılı olmayaraq) düşdüyü çətin, çıxılmaz anlarda öz şərəf və ləyaqətini qoruyub saxlamağı bacarır. Dəli olmaq dərəcəsinə çatan məqamlarda da öz mənlik və qürurlarını, məslək və əqidələrini itirmirlər. Çünki öz həqiqətləri var.

“Mahmud və Məryəm”də Dəli İbrahim, “Ağ dəvə”də Balakərim.

Elçinin böyüklüyü, dramaturq kimi iti ağlı, zəkası və bu zəkadan doğan təxəyyülün obrazlardakı ifadəsi barədə təkcə bir qənaətə gəlmək olar: bu, yüksək peşəkarlıqdır.

İnformasiyanın, internet və kompyuterlərin vüsət aldığı bir dövrdə oxucu və tamaşaçını heyrətləndirmək bacarığı, hər mənəm-mənəm deyən, yazı-pozu ilə məşğul olanlara nəsib olmur. Elçin isə öz “Şekspir”i ilə salonda əyləşmiş tamaşaçını heyrət qarşısında qoydu.

Şekspir dramaturgiyasındakı psixi baxımdan qüsurlu obrazları müəllif gözü ilə seçib ayırmaq bacarığı Azərbaycan dramaturgiyasında Elçinin adıyla bağlanıb. Bunu çağdaş dramaturgiyada yalnız Elçin gördü. Bu, Elçinin ustalığıdır.

Əsərin məhz “Şekspir” adlandırılması da yuxarıda qeyd etdiyim paralellərlə bağlıdır. Baş həkim, xalq artisti Məbud Məhərrəmov — xəstələr üzərində həkim və hakim.

Müəllif Elçinin, tamaşanın rejissoru Bəhram Osmanovun (əməkdar incəsənət xadimi) təklif və təqdim etdikləri şəraitdə, özünün çıxılmaz vəziyyətə düşməyini qəbul edə bilmir.

Baş həkimin bir beyni var. Ətrafındakılar isə çoxdur. Deməli, bir beyin ətrafda olan beynlərin təklif və arzularını, düşüncə və təxəyyüllərini qəbul etməlidir. Özu onların qarşısında aciz və fağır olmayıb, düşdüyü situasiyadan baş çıxarmalı, onları real həyata qaytarmalı, real düşünmək, real yaşamaq məqamına çatdırmalıdır. Lakin onlar kimdirlər? Özlərini kim kimi qələmə verirlər? Biri İ.V.Stalindir (C.N.Kamal əməkdar artist), o biri S.Bernar (xalq artisti Ş.Yusifova), daha birisi Venera planetindən gələn (xalq artisti R.Əliyev), bir başqası Ər-Arvad (əməkdar artist A.Mirqasımova), daha bir başqası Vranderprandur planetindən gələn 13 (əməkdar artist F.Atakişiyev).

Və bu absurd xəyallarla yaşayanları qane etmək, onların istədiklərini həyata keçirmək Baş həkimin ağlı və düşüncəsi, bacarığı xaricindədir.

Müəllif və rejissor obrazların daxilində ifaçıları bu vəziyyətlə üzbəüz qoyublar.

Sanitar əməkdar artist F.Osmanov, tibb bacısı əməkdar artist S.İskəndərovadır.

Sanitar — kobud, mədəniyyətsiz, tərbiyəsiz, xəstələrin ərzağını oğurlayan və bununla da yalnız mədəsi üçün yaşayan, heç bir məsləki, böyük, geniş arzuları olmayan, bu barədə düşünməyən. Düşünmək ağlına da gəlməyən. Köynəyinin qolu çırmalı olan. Boş və mənasız, sözləri (məhz sözləri) ilə ömrünün günlərini ötürən bir adam.

Tibb baçısı — boş, heç bir məna kəsb etməyən gözəl bir qadın. Bu həyata nə üçün gəldiyini, nə üçün yaşadığını, günlərini əbəs yerə çürütdüyünü anlamayan, 17 ildir ki, vəzifə üçün arzularla yaşayan, qəşəng bir qadın. Qəşəng olduğu qədər də qəşəng olmayan. Ağ həkim xalatını elə bil məcburən əyninə geyən bir tibb işçisi.

Mənə tamaşaçı və sənət adamı kimi ifaları ilə zövq verən bu iki aktyor bu obrazları öz rolları qalereyasına uğurlu rol kimi qeyd edə bilərlər.

Çox zaman aktyorlar oynadıqları obrazlarda mətnin çox olmasını arzu edirlər. Lakin aktyor da olur ki, mətnin çox, ya az olduğunun fərqinə varmır. Xalq artisti Rafiq Əliyev də məhz belə aktyorlardandır. Tamaşa boyu bir neçə cümləsi olan aktyor bu bir neçə cümlənin alt qatlarını tamlıqla, bütövlüklə, müəllif və rejissor tərəfindən təklif olunmuş vəziyyətlərdə, ustalıqla salona — bizə çatdırırdı. Aktyorun çağdaş teatr ünsür və elementləri ilə, müasir dünya kinosundakı ulduz aktyorlar səviyyəsində yaratdığı bu obraz əvəzolunmaz bir aktyor oyunudur. R.Əliyevin özünü səhnədə tam realizə etməsidir. Tamaşa boyu obrazın Venera planetinə qovuşmaq istəyi və şüurunun alt qatlarında bu planetə qovuşmayacağını bilməsi aktyorun ümidli və umidsiz gözlərindən aydınlıqla oxunur.

R.Əliyevin yaradıcılığına tam bələd olduğum üçün qəti əminliklə deyə bilərəm ki, bu rol onun yaradıcılığının zirvəsidir.

Yuxarıda qeyd etdiyim kimi, Elçinin yaradıcılığındakı obrazlar çox maraqlıdırlar, bitkindirlər, tamdırlar. Lakin bu tamaşadakı Ər-Arvad obrazı Azərbaycanın müasir dramaturgiyasında yeni bir addımdır. Bir aktyor (A.Mirqasımova) xarici və daxili ilə iki nəfəri — ər və arvadı oynayır. (Özü də, psixonevroloji xəstəxanada). İki obrazı bir şəxslə birləşdirib (eyni anda, eyni məkanda) hər birinin xasiyyət və xarakterini yaşamaq aktyordan böyük ustalıq tələb edir.

Ayan Mirqasımova müasir Azərbaycan kino və teatr sənətində maraqlı obrazları ilə öz sözünü deyən gənc aktyordur. Elçinin “Şekspir” əsərindəki bu obraz, aktyora böyük uğur gətirdi və belə bir çətin obrazın rejissor tərəfindən gənc aktyora həvalə olunması böyük bir risk tələb edirdi və bu riskdən istər aktyor (A.Mirqasımova), istərsə də B.Osmanov ləyaqətlə çıxdılar.

Teatr sənətində konkret obraz — tarixi şəxsiyyətlər olub, var və yəqin ki, gələcəkdə də olacaq. Elçinin “Şekspir” tamaşasında təqdim olunan obrazlardan biri də, İosif Stalindir. Ancaq bu tamaşadakı Stalin tarixi şəxsiyyət deyil. Bir nəfər özünü Stalin bilir. Və buna tam inanır. O, Stalin rejimini, Stalin qayda-qanununu arzulayan bir insandır. Məhz arzulayan. O, zahirən də, daxilən də özünü Stalin kimi aparır. Lakin onun beyni, ağlı, düşüncəsi Stalin deyil. O, qayda-qanun istəyi ilə yaşayır, lakin qayda-qanunu yerinə yetirmək bacarığı qarşısında acizdir. Təkcə ona görə yox ki, onun istədiyi qayda-qanun burada icra oluna bilməz, ona görə ki, ətrafdakılar da, məkan da, Stalinin ətrafı deyil. Məkan da başqa məkandır, zaman da o zaman deyil. Və nəhayətdə, özü də İosif Vissarionoviç deyil. Lakin aktyorun ifa tərzi və obraza yanaşma üsulu tam əminliklə tamaşaçı nəzərində Stalini bəzən gözü qarşısında görmək imkanını əks etdirir.

Vanderprandur planetindən bir gənc obrazı tamaşaya sonradan daxil olur. Düşdüyü məkanı, ətrafında olan insanları, onların ağrı-acılarını, arzularını anlayır, qəbul edir və gedişata daxil olur. Baxmayaraq ki, onun gəlişi və səhnədən gedişinə qədər o biri obrazlar bir-birini inkar edir. Və o, bu məkanda, özünü tək hiss etmək anına çatanda Sara Bernarla (xalq artisti Şükufə Yusifova) — dünya şöhrətli bir aktrisa ilə tanış olur. Sara Bernar olduğuna xəstəxanadakıları inandırmağa çalışan və həmişə də bu uğursuzluğu qəbul etmək istəməyən Sara Bernar — yeni xəstə ilə — Vranderprandur planetindən gələn 13-lə dil tapır, onu anlayır. Çünki bu gənc də özünü, arzularını onda tapır.

Maraqlı, standartdan kənar aktyor oyunu, obraza daxilən fərqli yanaşma tərzi. Obraz bəzən Romeo, bəzən Pyero, bəzən də başqa müxtəlif adlarla tamaşaçıya təqdim olunur. Aktyor obrazın daxilini, şüuraltı məntiqlə, tələsmədən, ehtiyatla xırdalayır. Və gözümüz önündə bir insanın yaşam tərzi canlanır. Utancaq, həyalı, tərbiyəli, arzularını reallıqla ünsiyyət vəhdətində birləşdirən bir aktyor yanaşması. Tamaşanın finalında bu obraz fiziki baxımdan bu məkandan ayrılacaq, uzaqlaşacaq, lakin beyni, şüuru qalan obrazlarda yaşayacaq. Heç əbəs yerə deyil ki, rejissor bu gənclə Sara Bernarın qara fonda, ağ libasda rəqsini bizə təqdim edir. Bu rəqsi (tanqo) onlar ikisi ifa edirlər. İkisi, özləri üçün. Özləri həm ifaçıdırlar, həm də tamaşaçı. Bu rəqs onların həmişə arzuladıqları, lakin heç vaxt ifa etmədikləri bir rəqsdir. Bu rəqs yalnız və yalnız onların özlərinə aiddir. Bu rəqs V.Şekspirdə (indiki variantda) ifa olunmayan, lakin Elçində ifa olunan bir rəqsdir.

Gözəl, lakonik, estetik zövqlə qurulmuş və ifa olunan bir rəqs. Bu rəqs onların həyatda heç vaxt ifa etmədikləri ilk və son rəqsdir. Onu da qeyd etmək lazımdır ki, dramaturji materialla, rejissor traktofkası ilə musiqi dramaturgiyası paralel işləyir. Bu musiqi tərtibatı rejissorun uğurudur.

Böyük teatrşünas Boyadjiyev “40 teatr axşamı” kitabında belə bir cümlə yazıb: “Tamaşanı ya yaratmalısan, ya da məhv etməlisən”. Rolu da həmçinin. Aktyor gərək obrazın həyatında yaşasın, yaratsın və ölsün. Bu mənada indiki situasiyada təklif olunmuş vəziyyətdə, xalq artisti Şükufə Yusifova rolun (Sara Bernar) daxilində yaşadı, yaratdı, məhv oldu. Çox uğurlu bir aktyor işi. Məntiqə söykənmiş aktyor həqiqəti — bu aktyorun uğurudur. Aktyorun səmimi oyunundakı fikir ardıcıllığı bir-birini əvəz edir. Gözlərimiz önündə obraz gəzir, nəfəs alır, yaşayır. Və bu yaşam əvvəlindən sonunadək yüksələn xətt boyunca hərəkət edir. Aktyorun təklif olunmuş məkanda ətraf obrazlarla münasibəti zərgər dəqiqliyi ilə düzülür.

Və Şükufə Yusifovanın Sara Bernar obrazında Cülyettanın həyatını oynaması aktyor sənətinin zirvəsidir.

Nəhayət, tamaşanın rejissoru barədə. Mən Bəhram Osmanovla hələ 1978-ci ildən tanış və dostam. İstər həyatda, istərsə də sənətdə onun ilk uğurlarının şahidiyəm. “Şüşə heyvanxana” tamaşasından (ilk quruluş verdiyi tamaşa) indiyə qədər hazırladığı tamaşalar Azərbaycan teatr səhnəsinin uğurudur. B.Osmanovun quruluşları həmişə maraqlı və aktual olmuşdur. İstər Azərbaycan, istərsə də xarici tamaşaçılar onun yaradıcılığını görüb, bəyənib və qəbul ediblər.

B.Osmanovun “ÜNS” yaradıcılıq səhnəsində quruluş verdiyi Elçinin “Şekspir” əsəri isə onun ən maraqlı quruluşudur.

Bu mənim subyektiv fikrimdir. İstər səhnə tərtibatı, istər musiqi, istər səhnə işığı, geyim və aktyor oyunu rejissorun fantaziyasını tamamlayır. Dramaturq, rejissor, aktyor vəhdəti bu tamaşada tamlıq təşkil edir. Müasir dünya teatrında mühüm yer tutan absurd janrı çox çətin bir janrdır. Və bu janra hər rejissor müraciət etmir. Lakin B.Osmanov absurd janrda hazırladığı bu tamaşada realist və sürrealist janrın qaydalarından istifadə edib. Səhnədə bəzən reallıq (Ər-Arvadın siqaret çəkməyi), bəzən absurd (nahar vaxtı qab-qacağın və yeməyin olmaması) bəzən sürrealist (finalda yerdən göyə qalxmaq) teatr janrlarından istifadə olunur. Və biz tamaşaçılar bunu rejissor tərəfindən təklif olunduğu kimi qəbul edirik.

Rejissorun bu tamaşadakı işini teatrımızda rejissor sənətinin yeni səhifəsi kimi qiymətləndirmək olar. Rejissor dramaturji materialın aktyor oyunu ilə birgə, paralel addımlamasına tam nail olmuşdur. Tamaşanın nə zaman bitdiyini hiss etmədim. Ayaq üstə durub alqışlayırdım. Elçini, rejissoru, aktyorları və ümumilikdə “ÜNS” teatrını.

Tamaşadan razı qalmış tamaşaçılarla birgə salondan çıxdım. Axşam idi. Teatrın ətrafı təmiz, işıqlı. Bir tərəfdə “Bəhram Gur”un heykəli. Üzbəüz “Muğam Mərkəzi”, solda “Bayraq meydanı”, bir az yuxarıda, “Heydər Əliyev Fondu”, sağda filarmoniya və xiyaban, yüksəklikdə isə Prezident Sarayı.

Bir sözlə, “ÜNS” teatrının ətrafındakı infrastruktur dəyişiklikləri məndə belə bir fikir yaratdı: İllər boyudur ki, teatr aləmində bir formula hökm sürür: “Teatr asılqandan başlayır”. “ÜNS” yaradıcılıq səhnəsində teatr asılqandan yox, hələ teatra çatmamış ətrafdakı səliqə-sahmandan, gözəllikdən başlayır.

 

 

Loğman KƏRİMOV,

rejissor

 

Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 7.