Məzun günü keçirilmişdir

 

Dünən Opera Balet Teatrında Azərbaycan Universitetini bu il bitirən məzunlarla görüş keçirilmişdir. Görüşdə bildirilmişdir ki, bu təhsil ocağı 1991-ci ildə təsis olunan ilk özəl universitetdir.

 

Fəaliyyət göstərdiyi müddət ərzində universitetin bakalavr pilləsini 1539, magistr pilləsini isə 118 nəfər bitirmişdir. Bu il isə 322 məzun bakalavr, 6 nəfər məzun magistr dərəcəsi alacaq. Məzunlardan 10 nəfəri universitetdə müəllimdir. Məzunların əksəriyyəti işlə təmin olunur. Onlar hökumət və dövlət strukturlarında, Azərbaycanın müxtəlif xarici ölkələrindəki səfirliklərində məsul vəzifələrdə çalışırlar. Universitetdə iki istiqamətdə (iqtisadiyyat və humanitar) 17 ixtisas üzrə 923 tələbə təhsil alır. Bu ali təhsil ocağının 8 aspirantı, 17 dissertantı və 4 doktorantı var. Hazırda burada 152 müəllim çalışır.

Tədbirdə həmçinin xatırladılmışdır ki, elmi-pedaqoji heyətdən iki nəfəri AMEA-nın müxbir üzvü, 17 nəfəri elmlər doktoru, professor, 32 nəfəri elmlər namizədi, dosent 14 nəfəri elmlər namizədi, baş müəllim, 17 nəfəri baş müəllim, 46 nəfəri isə müəllimdir.

Azərbaycan Universiteti kredit-çoxballı sistemin tətbiqi üzrə Təhsil Nazirliyi tərəfindən pilot ali məktəb elan edilmişdir. Universitet 1998- ci ildə keyfiyyət və xidmət üzrə Amerika Qran Prisinin qalibi olmuşdur.

Azərbaycan Universiteti dərsliklər, dərs vəsaitləri, kitablar, tədris proqramları və tələbələr üçün zəruri materialları, araşdırma işləri çap edən ən müasir mətbəəyə və nəşriyyata malikdir. Bu ali təhsil müəssisəsində ilk dəfə olaraq super interaktiv tədris imkanına malik olan ağıllı lövhələrdən istifadə olunur. Universitet sürətli internet şəbəkəsi ilə də təmin edilmişdir.

Məzun günündə universitetin yaxın gələcəkdə ən müasir kampusa malik olacağı qeyd edilmiş və bildirilmişdir ki, bunun üçün artıq şəhər kənarında 10 hektar torpaq sahəsi ayrılmış, tikinti işləri planlaşdırılmışdır.

Universitet hazırda bir sıra beynəlxalq proqramları reallaşdırır. Belə ki, bu ali təhsil müəssisəsində biznes idarəçiliyi üzrə bakalavr, magistr s. proqramlar uğurla həyata keçirilir.

Tədbirdə, eyni zamanda, son iki il ərzində gerçəkliyə çevrilən işlərə qısaca nəzər salınmışdır. Universitetdə tədrisin təşkilinin Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılması, yeni dərsliklərin proqramların hazırlanması, idarəçilik strukturunun yenidən qurulması s. barədə məlumat verilmişdir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayev bu ali təhsil ocağını bitirən 328 məzunu təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Akademik Teymur Bünyadov, Milli Məclisin deputatı Məlahət Həsənova başqaları məzunlara xoş arzularını bildirərək, onları müstəqil ölkəmizin ictimai-siyasi iqtisadi həyatında fəal iştirak etməyə çağırmışlar.

Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar təqdim olunmuşdur.

Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

 

 

Xalq qəzeti.- 2009.- 30 iyun.- S. 6.