Sahibkarlığın hədəfi bolluq və yüksək rifahdır

 

Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlarda özəl bölmənin xüsusi çəkisi ildən-ilə artmaqdadır. Hazırda ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin payının 85 faizə yüksəlməsi bunun parlaq göstəricisidir. Ölkəmizdə məhsul bolluğu yaradılmasında, yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında sahibkarlıq sferası təşəbbüskarlıqla fəaliyyət göstərir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası son dövrdə özəl bölmənin uğurlarının artması, problemlərinin həlli istiqamətində təşkilati rolunu gücləndirmiş, bir sıra səmərəli tədbirlər həyata keçirmişdir. Konfederasiyanın prezidenti Ələkbər Məmmədovla söhbətimiz də elə bu mövzudadır.

 

— Sahibkarlığın dövlət tərəfindən fəal dəstəklənməsi, ölkə Prezidentinin bu sahəni ardıcıl himayə etməsi respublikamızda güclü özəl bölmənin yaranmasına gətirib çıxarmışdır. Dövlətlə sahibkarlar, eləcə də müxtəlif qurumlarla iş adamları arasında əlaqələndirici kimi sizin rəhbərlik etdiyiniz konfederasiya hansı məsələlərə daha çox diqqət yetirir?

—Qısa müddətdə ölkəmizdə güclü, hərtərəfli inkişaf etmiş özəl bölmənin formalaşması ümummilli lider Heydər Əliyevin vaxtilə bu sahəyə xüsusi diqqət yetirməsinin, sosial-iqtisadi yüksəliş strategiyasında sahibkarlığın problemlərinin həllinə əlverişli şərait yaradılmasının nəticəsidir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətində də qeyri-dövlət bölməsi ilə bağlı məsələlər önəmli yer tutur.

Respublika Prezidentinin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramında (2004—2008-ci illər) və məşğulluq strategiyasının həyata keçirilməsi üzrə (2007-2010-cu illər) dövlət proqramında, Beynəlxalq Əmək Təşkilatı ilə birgə imzalanmış layiqli əmək üzrə ölkə proqramında (2006-2009-cu illər) qarşıya qoyulan əsas məsələlər regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılması vacib məsələ kimi qeyd olunmuşdur.

Ölkədə əmək bazarının təkmilləşdirilməsi, ixtisaslı işçilərin hazırlanması ilə bağlı texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər) da özəl bölmənin inkişafına yönəlmişdir.

2008-ci il yanvarın 1-dən kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında “Bir pəncərə” sisteminin tətbiqi qeydiyyat prosedurlarını sadələşdirmiş, tələb edilən sənədlərin sayı 33-dən 7-yə, qeydiyyat müddəti 3 günə qədər enmişdir. 2009-cu ilin yanvar ayından Fövqəladə Hallar Nazirliyində də tikintilərə icazə verilməsi üçün bir pəncərə sistemi tətbiq olunmuşdur. Tikinti aparılması ilə bağlı nazirliyə müraciət edənlər qısa müddət ərzində rəy ala bilirlər.

Beynəlxalq Maliyyə Korporasiyasının və Dünya Bankının “Doing business — 2009” illik qlobal hesabatında Azərbaycan Respublikası 2007—2008-ci illərdə özəl sektorun inkişafı üzrə ən islahatçı ölkə adlandırılmış və islahatların aparılması üzrə dünya liderinə çevrilmişdir. 2008– 2009-cu illər üzrə üçtərəfli qaydada bağlanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsi istiqamətində sosial tərəfdaşlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilmiş və bu iş ardıcıl olaraq davam etdirilməkdədir. Konfederasiya öz fəaliyyətini mərkəzi və yerli orqanlarla, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq, ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Əmək Təşkilatının, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar İttifaqının, Dünya Qeyri Hökumət Təşkilatları İttifaqının üzvü kimi ölkədə sahibkarlığın inkişafına dəstək qazandırırıq. Ötən il ASK-nın fəaliyyətində ən uğurlu və məhsuldar illərdən biri olmuşdur. Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Fəaliyyətinizin genişləndirilməsi, sahibkarlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində hansı işlər görülmüşdür?

— Son dövrdə konfederasiya öz faliyyətini xeyli təkmilləşdirmiş, üzvlərlə qarşılıqlı əlaqələr yaradılmışdır. Ötən il sənaye, marketinq xidmətləri, nəqliyyat, daşımaçılıq, tibbi fəaliyyət, mühafizə, elektronika sığorta, kənd təsərrüfatı, təmir-tikinti, hüquq və konsaltinq xidmətləri, nəşriyyat-poliqrafiya, turizm, reklam və digər sahələrdə fəaliyyət göstərən 400-ə yaxın sahibkarlıq subyekti üzvlüyə qəbul olunmuşdur. Hazırda konfederasiyanın birbaşa üzvlərinin sayı 3500 nəfəri ötmüşdür. 2008-ci ildə ASK-nın Abşeron rayonunda regional nümayəndəliyi yaradılmışdır. ASK-nın fəaliyyətdə olan nümayəndəliklərinin sayı 36-ya çatmışdır. Konfederasiyanın nümayəndələrinin fəaliyyəti regionlarda sahibkarlığa dair zəruri informasiyaların əldə edilməsinə və sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

Konfederasiyanın internet səhifəsi yaradılmışdır, burada geniş informasiya bazası yerləşdirilmişdir. Fəaliyyətimizi əks etdirən bülletenlər müntəzəm olaraq çap edilmiş və üzvlərə, dövlət və hökumət orqanlarına, səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir. Konfederasiyanın fəaliyyəti, o cümlədən yerli iş adamlarının beynəlxalq tədbirlərdə iştirakı kütləvi informasiya vasitələrində mütəmadi olaraq işıqlandırılmışdır. Almaniya, Türkiyə, Rusiya, İran, Pakistan, Çin, Gürcüstan, Avstriya, İtaliya, İspaniya, Yunanıstan, Misir və digər ölkələrdə keçirilən beynəlxalq sərgilər, seminarlar, konfranslar və digər tədbirlərlə bağlı materiallar üzvlər arasında yayılmış və yerli sahibkarların həmin tədbirlərdə iştirakı təmin edilmişdir. 3000-dən çox yerli iş adamının xarici ölkələrdə təşkil edilən sərgilərdə iştirakı təmin edilmişdir.

— Sahibkarlara hüquqi xidmət göstərilməsi, onların kütləvi maarifləndirilməsi işi necə qurulmuşdur?

— Konfederasiya tərəfindən ötən dövrdə sahibkarlığın — işəgötürənlərin maraq və mənafelərinin müdafiə edilməsi, hüquqi biliklərinin artırılması, maarifləndirmə, müvafiq mərkəzi və yerli icra hakimiyyəti, bələdiyyə orqanları və digər qurumlarda təmsil olunmaları kimi sahələrdə müəyyən işlər görülmüşdür. Ötən il Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının dəstəyi ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya barədə sahibkarların — işəgötürənlərin maarifləndirilməsi” layihəsi həyata keçirilmişdir. Bu layihənin əsas komponentləri olan sahibkarlar – işəgötürənlər üçün metodiki vəsait hazırlanmışdır. Gəncə, Qusar, Kürdəmir, Lənkəran və İmişli şəhərlərində müvafiq seminarlar keçirilmişdir.

Bir sıra dövlət proqramlarının, qanunvericilik və normativ hüquqi aktların layihələrinə sahibkarlıq subyektlərinin mənafeyi baxımından müvafiq rəy və təkliflər verilmişdir. “2008 – 2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” dövlət proqramı layihəsinə, “Məşğulluq haqqında” Qanuna Avropa Sosial Xartiyasının (yenidən baxılmış) tələblərinə uyğun yeni normaların daxil edilməsi barədə layihəyə, “Xüsusi iqtisadi zonalar haqqında”, “İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari şəxsi sığorta haqqında” Qanun layihəsinə və s. rəy və təkliflər verilmiş, sahibkarlıq subyektlərinin maraq və mənafelərinə xüsusi diqqət yetirilmişdir. Sahibkarlıq subyektlərinin məhkəmələrdə və digər orqanlarda hüquqlarının müdafiə edilməsinə də həssaslıqla yanaşılmışdır.

Müxtəlif layihələr çərçivəsində maarifləndirmə istiqamətində də tədbirlər keçirilmişdir. “Bələdiyyələrin sahibkarlıq və biznes sahəsində biliklərinin artırılması və möhkəmləndirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində, Qusar, Biləsuvar və Lerik rayonlarında bələdiyyələr üçün “Biznesin əsaslarının öyrədilməsi” mövzusu üzrə silsilə maarifləndirici seminarlar keçirilmişdir.

İspaniya — Azərbaycan, Rumıniya — Azərbaycan, Çin — Azərbaycan, İran — Azərbaycan, Türkiyə — Azərbaycan biznes forumların təşkil edilməsi üçün informasiya xidmətləri göstərmiş, bu ölkələrə iqtisadi- ticarət əlaqələri haqqında təqdimatlar hazırlanmışdır. Bundan başqa, ASK-da Azərbaycanda qonaq olan iş adamlarından ibarət nümayəndə heyətləri ilə müvafiq sektorda fəaliyyət göstərən iş adamlarının görüşləri təşkil edilmişdir. Bu da iş adamlarına yeni biznes əlaqələr yaratmaqda yardımçı olmuş, ölkəyə xarici investisiyaların cəlb edilməsinə müsbət təsir göstərmişdir. Regionlarda sahibkarlığın təbliği və maarifləndirmə işlərinin aparılması üçün müxtəlif mövzularda kurslar təşkil edilmişdir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, Gürcüstan, Qazaxıstan və Moldova respublikaları hökumətlərarası komissiyalarına sosial-iqtisadi sahəni əhatə edən məsələlər barədə təkliflər təqdim edilmişdir.

Sosial partnyorluğun inkişaf etdirilməsi konfederasiyanın fəaliyyətinin əsas prioriteti olmuşdur. Əməkdaşlarımız respublikada üçtərəfli təşkil edilən bütün tədbirlərdə fəal iştirak etmiş, işçi qrupları tərkibində çıxış etmiş, təkliflər vermişdir.

Beynəlxalq əlaqələrimiz barədə nə deyərdiniz?

— 2008-ci il Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq istiqamətində iş çox uğurlu olmuşdur. Bu fəaliyyət BƏT-in dəstəyi ilə həyata keçirilən layihələrin icrası, həm xarici ölkələrdə, həm də Azərbaycanda təşkil olunmuş təlim kursları, seminar, konfranslarda iştirak səviyyəsində olmuşdur. Konfederasiya Beynəlxalq tədbirlərə də ev sahibliyi də etmişdir. Ötən il oktyabr ayının 30-31-də Bakıda təşkil edilmiş “Uşaq əməyi ilə mübarizə sahəsində təcrübə mübadiləsi və həyata keçirilən fəaliyyətlər” mövzusunda regionlararası konfransı xüsusi qeyd etmək lazımdır. Konfederasiya öz fəaliyyətini əsasən xarici ölkələrin respublikamızda fəaliyyət göstərən səfirlikləri və Azərbaycan Respublikasının xaricdəki səfirlikləri, beynəlxalq biznes təşkilatları, maliyyə institutları, beynəlxalq proqramlar və xarici şirkətlərlə əməkdaşlıq istiqamətində qurmuşdur.

Ölkəyə investisiya axınının daha da genişlənməsinə yardımçı olmaq istiqamətində fəaliyyətini davam etmiş və bu məqsədlə xarici ölkələrin səfirləri ilə mütəmadi olaraq görüşlər keçirilmişdir. Konfederasiya müxtəlif ölkələrdə özünün tərəfdaşları ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini də davam etdirmişdir. Türkiyə İşverən Sendikaları Konfederasiyası, Qazaxıstan İşəgötürənlər Konfederasiyası, İspaniyanın Fomento Təşkilatı, Tacikistan İşəgötürənlər Birliyi, Rumıniya İşəgötürənlər Təşkilatı, Texniki və İqtisadi Əməkdaşlıq üzrə Çin-Avropa Assosiasiyası ilə əməkdaşlıq sazişləri imzalanmışdır. Konfederasiya BMT-nin Avropa üçün İqtisadi Komissiyasının respublikamızda İnformasiya Yayım Mərkəzi kimi də fəaliyyət göstərir və daxil olmuş informasiya və nəşrlər haqqında məlumatlar yerli şirkətlər arasında yayılır. Hazırda ABŞ-ın SABİT, İsrailin MASHAV proqramının və digər əməkdaşlıq etdiyimiz proqramların 2009-cu il üçün nəzərdə tutduğu beynəlxalq tədbirlərdə yerli iş adamlarının iştirakının təmin olunması istiqamətində işlər görülməkdədir.

— Konfederasiyaya səmərəli fəaliyyətində yeni uğurlar arzulayırıq. Müsahibəyə görə sağ olun.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2009.-13 mart.- S.7.