Heydər Əliyev və Azərbaycanda həyat şəraitinin yüksəldilməsi

 

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün I mərhələsi (1969-1982) respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda, yaşıllaşdırma və abadlaşdırılma işləri ilə, yeni yaşayış məskənlərinin tikilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və əhalinin məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi də xalqın yaddaşında qalmışdır. Bu ondan irəli gəlir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə istər kənd yerlərində, istərsə də şəhərlərdə əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, yeni yaşayış massivləri tikilmiş, fərdi evlərin sayı çoxalmış, minlərlə insanın maddi rifahı və məışət mədəniyyəti yüksəldilmişdir.

1969-1982-ci illər ərzində Heydər Əliyev tərəfindən Azərbaycanda quruculuq, abadlaşdırma və sosial-ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən kompleks tədbirlər yaşıllaşdırma və abadlaşdırma, atmosfer, su və torpağın ekoloji cəhətdən qorunması, əhalinin içməli su ilə təmin edilməsi, mənzil tikintisi, şəhərsalma və s. ilə bağlı həyata keçirilən çoxcəhətli tədbirlər son nəticədə əhalinin məişət mədəniyyətinin yüksəldilməsində öz əksini tapmışdır. Yəni sosioloji baxımdan yaşayış məskənlərində ekoloji problemlərin həll edilməsi əhalinin güzəranı, mənzil-məişət şəraiti ilə qarşılıqlı təsir və əlaqədədir. Buna görə də ekoloji problemlərin həlli ilə əlaqədar Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müxtəlif tədbirləri şərh etməzdən əvvəl, əhalinin məişət ekologiyasının və bütövlükdə məişət mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin miqyasını tarixi-sosioloji aspektdə araşdırmaq bugünkü həyatımız üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, məişət mədəniyyəti insan həyatında mühüm əhəmiyyət kəsb edir. Birincisi, məişət mədəniyyəti demək olar ki, insanın həyat və fəaliyyətinin bütün tərəflərini əhatə edir. İkincisi isə, məişət mədəniyyəti ekoloji problemlərin məhək daşı funksiyasını yerinə yetirən sosial məkan rolu oynayır.

Sosioloji baxımdan məişət mədəniyyəti dedikdə əhalinin sağlamlığından tutmuş onların yaşayış tərzi, mədəni səviyyəsi, davranışı, adət- ənənəsi, kənd, qəsəbə və şəhərlərin abadlığı, yaşayış məskənlərinin yaşıllıq dərəcəsi, şəhərsalma mədəniyyəti, mənzil şəraiti, yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ötürücülərinin tikilməsi, əhaliyə məişət xidmətinin səviyyəsi, kommunal rahatlığı, istirahət zonalarının yaradılması və yaşayış yerlərinin ekoloji təmizliyinədək geniş bir anlayış başa düşülür.

Buradan göründüyü kimi məişət mədəniyyəti insan həyatında mühüm əhəmiyyət kəsb edir və ictimai həyatın digər sahələrində də özünü göstərir. Məhz buna görə də Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən respublikanın iqtisadiyyatının inkişaf etdirilməsi ilə bərabər, əhalinin məişət şəraitinin yüksəldilməsinin də vacib olduğunu həmişə ön plana çəkirdi. Belə ki, 1971-ci il 5 fevral tarixdə Bakı Şəhər Partiya Komitəsinin 40-cı konfransındakı çıxışında Heydər Əliyev demişdir: “Respublikanın və Bakı şəhərinin iqtisadiyyatını inkişaf etdirərkən biz zəhmətkeşlərin rifahının yaxşılaşdırıması, onlar üçün ən əlverişli məişət şəraitinin yaradılması ilə əlaqədar içtimai problemin həlli ilə çox fəal məşğul olmalıyıq”.

Əhalinin məişət şəraitinin yaxşılaşdırımasını mühüm ictimai problem hesab edən Heydər Əliyev özünün bütün fəaliyyəti dövründə həmişə bu problemi diqqət mərkəzində saxlamış və onun həll edilməsi üçün çalışmışdır. Bütün dövlət əhəmiyyətli tədbirlərdə xalqın məişət şəraitinin yüksəldilməsi, bütövlükdə məişət mədəniyyətinin inkişaf etdirilməsi müzakirə obyekti olmuş və bu sahədə müəyyən irəliləyişlər əldə edilmişdir.

Heydər Əliyev başa düşürdü ki, respublikada sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaıq hər bir fərdin sosial fəallığından asılıdır. Adamların sosial fəallığı isə onların güzəranı, gündəlik həyatının təşkil olunmasından, insanların gündəlik tələbat və ehtiyaclarının ödənilməsindən, onlara göstərilən qayğıdan, ümumiyyətlə əhalinin məişət mədəniyyətinin yüksəldilməsindən asılıdır.

Bunları nəzərə alan Heydər Əliyev Azərbaycan KP-nin XXVIII qurultayındakı məruzəsində demişdir: “Zəhmətkeşlərin maddi rifahını daha da yüksəltməyə, adamların əmək və məişət şəraitini daha da yaxşılaşdırmağa daim qayğı göstərmək bizim ən doğma işimizdir. Bu iş partiya təşkilatının bütün fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Partiya, Sovet, Həmkarlar İttiifaqları və təsərrüfat orqanlarının vəzifəsi zəhmətkeşlərin güzəranının yaxşılaşdırması ilə əlaqədar olan bütün beşillik tapşırqların danışıqsız yerinə yetirilməsini təmin etməkdən, onların ehtiyac və tələbatlarının hər vasitə ilə ödənilməsinə nail olmaqdan ibarətdir. Yadda saxlamaq lazımdır ki, biz hər bir adama nə qədər çox qayğı göstərsək təsərrüfat quruculuğunun və mədəni quruculuğun bütün sahələrində müvəffəqiyyətimiz bir o qədər artıq olar”. Buradan göründüyü kimi əhalinin məişət şəraitinin yaxşılaşdırımasına diqqət və qayğı göstərilməsini əlaqədar orqanların əsas vəzifəsi hesab edən ulu öndər bunu ölkənin təsərrüfat və mədəni quruculuğunun vacib şərti kimi dəyərləndirmişdir. Məhz 1960-1983-cü illərdə Azərbaycan Respublikasında içtimai həyatın bütün sahələrində quruculuq işlərinin vüsətini Heydər Əliyevin xalqın məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətin nəticəsi kimi qiymətləndirmək olar.

Məişət mədəniyyətinin yüksəldilməsində əsas şərtlərdən biri də mənzil tikintisi və şəhərsalmanın düzgün planlaşdırılmasıdır. Əhalinin məişət mədəniyyətinin yüksəldilməsində şəhərsalmanın əhəmiyyətini dəqiq qiymətləndirən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlarda Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir vermişdir. 1971-ci ildə Bakı şəhər 40-cı partiya konfransındakı çıxışında Heydər Əliyev şəhərsalma məsələlərindən danışaraq bu sahədə Bakıda xeyli işlər görüldüyünü xüsusi qeyd etmişdir:

“Şəhərsalmanın elmi əsaslarla planlaşdırıması və tikilməsi işlərinin davam etdirilməsi Bakı şəhəri üçün mühüm problemdir. Xüsusən, son illərdə şəhərsalmanın inkişafı cəhətdən bizim Bakıda az iş görülməmişdir. İndi şəhərimiz yaraşıqlıdır və buraya gələn hər kəsin xoşuna gəlir. Bizim hamımız öz şəhərimizi sevirik və onunla haqlı olaraq fəxr edirik”.

Respublikada mənzil tikintisi və şəhərsalma məsələlərinə qayğı və diqqətlə yanaşan Heydər Əliyev əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və urbanizasiya prosesini məqsədyönlü şəkildə inkişaf etdirmək üçün əvvəlki illərdə şəhərsalma ilə bağlı görülən tədbirlərin həyata keçirilməsində buraxılmış nöqsanları ciddi tənqid etmişdir. Şəhərsalma probleminin vacib olduğunu vurğulayan ulu öndər Azərbaycan KP-nin XXVIII qurultayında demişdir: “Həyata keçirilən tədbirlər kompleksində şəhərsalma və əhalini yerləşdirmə məsələlərinin həllindəki ciddi nöqsanları aradan qaldırmaq çox vacibdir... Yeni şəhərlər salınması, köhnə şəhərlərin yenidən qurulması, inkişaf etmiş maddi-məişət və mədəni xidmət sisteminə malik olan abad kənd və qəsəbələrin salınması şəhər və kənd zəhmətkeşlərinin həyat şəraitinin bir birinə yaxınlaşmasına kömək edəcəkdir”.

Əhalinin məişət şəraitinin yüksəldilməsində mənzil tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini dərindən bilən Heydər Əliyev hələ 1971-ci ildə müvafiq təşkilatlar qarşısında bu problemin həll edilməsi üçün ciddi vəzifələr qoyaraq demişdir: “Bizim qarşımızda istifadəyə verilən mənzillərin sayını ən azı iki dəfə artırmaq, kooperativ tikintilərinin genişlənməsini və yaxşılaşmasını təmin etmək, yeni mənzil sahələrinin bölünməsi işində nəzarəti və məsuliyyəti artırmaq vəzifəsi durur. Bütün zəhmetkeşləri abad mənzillə təmin etmək problemi ən mühüm problemlərdən biri olaraq qalır və bütün partiya, sovet, həmkarlar ittifaqı və təsərrüfat orqanlarının diqqəti bu problemin həllinə yönəldilməlidir”. Bu illərdə Bakı şəhərində mənzil tikintisini sürətləndirmək üçün görülən tədbirlərdən biri və ən mühümü Heydər Əliyevin təşəbbüsü ilə iri panelli ev tikmə kombinatlarının təşkil edilməsi oldu. Həmin kombinatların qüvvəsi ilə Bakının Yeni Əhmədli, Günəşli, Yeni Yasamal, 9-cu mikrorayon kimi iri yaşayış massivləri inşa olunmuş, on minlərlə adam yeni mənzillərə köçmüş və xeyli adam öz mənzil-məişət şəraitini yaxşılaşdırmışdır.

Məlumdur ki, əhalinin məişiət mədəniyyətinin yüksəldilməsində mənzil problemi mərkəzi yerlərdən birini tutur. Sosioloji baxımdan mənzil insan həyatında məişət şəraitinin əsas göstəricisi olan sosial mikroməkandar. Biz məişət mədəniyyətini fəlsəfi-sosioloji cəhətdən təhlil etdikdə mənzil probleminin məişət mədəniyyətinin inkişafındakı mühüm rolunu bir daha aydın görə bilərik.

Bakının inkişafına dair Baş planın həyata keçirilməsinə şəxsən nəzarət edən Heydər Əliyev şəhərin bəzi yerlərində köhnə, uçmaq təhlükəsiylə üzləşən, sanitar-gigiyena tələblərinə cavab verməyən, kommunal rahatlığı olmayan yaşayış binalarının, hətta bütöv bir məhəllənin uçurdulub yerində müasir binalar tikilməsi məsələsinə də ciddi diqqət yetirirdi.

Qeyd edək ki, zaman Heydər Əliyevin şəhərsalma ilə bağlı olan müdrik və uzaqgörən siyasətininin düzgün perpespektivli olduğunu bir daha sübut etmişdir. Hazırda Bakının bir çox yerlərində müasir layihələr əsasında tikilən çoxsaylı hündürmərtəbəli yaşayış evlərinin və ictimai binaların şəhərimizə yaraşıq verməsi, bütövlükdə şəhərdə aparılan abadlıq işlərinin nəticələri dahi rəhbərin həmin illərdə irəli sürdüyü təşəbüsslərin uğurla həyata keçdiyini göstərən faktlardır.

Məlumdur ki, şəhərsalma məsələlərində arxitektorların rolu böyükdür. Gözəl memarlıq işlərini yüksək qiymətləndirən Heydər Əliyev memar və arxitektorların əməyinə həmişə qayğı ilə yanaşmış, mənzil tikintisi və şəhərsalma məsələlərində onların fəaliyyətini layiqincə qiymətləndirmişdir. Bu baxımdan 1979-cu il dekabrın 7-də Azərbaycan Arxitektorlar İttifaqının XII qurultayının nümayəndələrini qəbul edən Heydər Əliyev cəmiyyət həyatında arxitektorların rolundan bəhs edərək demişdir: “Respublika iqtisadiyyatının dinamik inkişafı, adamların rifahının durmadan yüksəlməsi istehsal obyektlərinin, mədəniyyət, elm, təhsil müəssisələrinin, yaşayış evlərinin yüksək sürətlə tikilməsini, şəhərlərin, qəsəbələrin, kəndlərin daha tez abadlaşdırılmasını tələb edir. Bütün bu işlərdə arxitektorların rolu böyükdür. Bu məsələləri kompleks həll etmək zərurəti şəhərsalma sahəsində işin gücləndirilməsini tələb edir... Biz nə tikiriksə hamısı gözəl, orijinal olmalı, adamların estetik tələblərinə cavab verməlidir”.

Görüşün sonunda arxitektorlara öz işlərində uğurlar arzulayan Heydər Əliyev yeni tikilən binalarda milli arxitektura formalarına geniş yer verməyi, binaların interyer və eksteryerlərində milli naxışlardan səmərəli istifadə etməyi tövsiyyə etmişdir ki, bu da ulu öndərin milli mədəniyyətimizə dərin məhəbbətini göstərən amillərdəndir.

Bütün bu faktlardan aydın olur ki, respublikamızın iri şəhərlərində şəhərsalma işlərinin elmi əsaslarla və uzaqgörənliklə planlaşdırılması, urbanizasiyanın tələblərinə əməl edilməsi, bacarıqlı və səriştəli rəhbər olan Heydər Əliyevin təşkilatçılığı ilə əlaqədardır. Bu baxımdan 30 il bundan əvvəlki uzaqgörənlik içtimai həyatın başqa sahələrində olduğu kimi şəhərsalma, urbanizasiya, məişət mədəniyyəti və sosial-ekologiya sahəsində də özünü göstərməkdədir.

Məişət mədəniyyətinin inkişaf göstəricilərindən biri də şəhər, kənd və qəsəbələrdə əhaliyə göstərilən məişət xidmətinin səviyyəsindən ibarətdir. Qeyd edək ki, əhaliyə məişət xidmətinin yaxşılaşdırılması, yeni xidmət növlərinin yaradılması və xidmət səviyyəsinin yüksəldilməsi Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur.

Əhaliyə göstərilən ticarət və məişət xidmətinin vəziyyəti həmişə yüksək səviyyəli partiya və təsərrüfat yığıncaqlarında müzakirə obyektinə çevrilmişdir. Həmin yığıncaqlarda əhaliyə göstərilən məişət xidmətlərinin vəziyyətinin mütəmadi müzakirə olunmasına baxmayaraq bu məsələyə ayrıca müşavirələr də həsr edilirdi. Belə tədbirlərdən biri də Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ilin aprel ayında keçirilmişdir. Şəhər əhalisinə göstərilən məişət xidmətinin vəziyyəti və onun daha da yaxşılaşdırılması problemlərini müzakirə edən müşavirə iştirakçıları qeyd etmişlər ki, hazırda (1979-cu il nəzərdə tutulur- S.H.) Bakı şəhərinin əhalisinə 300 növdən artıq məişət xidməti göstərilir. Respublikanın o dövrdəki partiya və sovet rəhbərlərinin iştirak etdiyi bu yığıncaqda göstərilmişdir ki, son illərdə əhaliyə göstərilən məişət xidmətinin həcmi xeyli artmış, məişət xidməti şəbəkələri genişlənmiş, yeni xidmət növləri həyata keçirilmiş, bəzi məişət xidmətləri obyektlərində təzə texnoloji avadanlıqlar qurulmuşdur. Şəhərin 160-dan çox müəssisə və təşkilatında əhaliyə məişət xidmətinin göstərilidiyi qeyd olunmuşdur. Bununla yanaşı, yığıncaq iştirakçıları əhaliyə göstərilən məişət xidməti sahəsində hələ də nöqsanlar olduğunu qeyd etməklə bəzi məişət xidməti təşkilatlarının əhaliyə yüksək xidmət göstərə bilmədiklərini, ayrı-ayrı müəssisələrdə bu işin tələbata cavab vermədiyini də qeyd etmişlər. Sonra respublika partiya rəhbərliyinin tapşırığı ilə yığıncaq iştirakçıları müzakirə olunan məsələ barəsində qətnamə qəbul edərək məişət xidməti sahəsində çalışanlara öz işlərində dönüş yaratmağı və Bakı şəhərini nümunəvi məişət mədəniyyəti şəhərinə çevirməyi tövsiyə etmişlər.

Məlumdur ki, əhaliyə göstərilən məişət xidməti işində iaşə və ticarət təşkilatları da müəyyən rol oynayır. İaşə və ticarət təşkilatları əhaliyə göstərilən xidmət işində tələbata cavab vermədiyinə görə ciddi tənqid olunmuşdur. Belə ki, Heydər Əliyevin göstərişi ilə Azərbaycan KP MK “Ticarəti və respublika əhalisinə xidməti inkişaf etdirmək sahəsində” məsələ müzakirə edərək Ticarət Nazirliyinin yarıtmaz işi haqqında qərar qəbul etmişdir.

Əhaliyə göstərilən ticarət və məişət xidmətinin yaxşı təşkil olunmasına daim diqqət yetirilməsini tövsiyyə edən ulu öndər xidmət mədəniyyətinin yüksəldilməsində içtimaiyyətin qüvvəsindən istifadə edilməsini irəli sürdü. Məhz Heydər Əliyevin göstərişi ilə xidmət sahələrinə tez-tez içtimai baxışlar keçirilir və bu baxışların nəticələri respublikanın rəhbər orqanlarında müzakirə edilərək müvafiq qərarlar qəbul olunurdu.

1969-1982-ci illərdə Heydər Əliyevin səyi və rəhbərliyi nəticəsində mənzil tikintisi və abadlıq işləri şəhərlərdə oluduğu kimi, kəndlərdə də böyük vüsət almışdı. Xüsusən, həmin illərdə kənd əhalisinin maddi rifahı və pul gəlirləri artdıqca kəndlərdə yeni müasir tələbata cavab verən mənzillərin tikilməsi sürətlənməyə başladı, onların məişət şəraiti yaxşılaşdı, kəndlərin siması dəyişdi, kəndlərdə abadlıq işləri genişləndi və məişət mədəniyyəti inkişaf etdi.

Dahi rəhbər mənzil tikintisində şərq üslübüna, milli mədəniyyətimizə sadiq qalmağa üstünlük verir və bunu hamıya xatırladırdı. 1981-ci ilin aprel ayında keçirilən ümumrespublika iməciliyi zamanı Heydər Əliyev Bakıda aparılan yaşıllaşdırma, abadlaşdırma və şəhərsalma işləri ilə tanış olmaq üçün şəhəri gəzərkən demişdir: “Bakının siması keçmişin və müasir şəhərsalma nailiyyətlərinin təkrarsız vəhdəti ilə fərqlənməlidir. Arxitektorlar, layihəçilər öz işlərində Azərbaycan memarlığının binalara Şərq koloritı verən ünsürlərdən geniş istifadə etməli, unutmamalıdırlar ki, hazırda inşa edilən ansambllar və tikililər Bakının sabahıdır və bunlar gələcək nəsillərimizi də sevindirməlidir”.

Qeyd edək ki, Heydər Əliyevin hələ o zaman böyük uzaqgörənliklə dediyi sözlər sonralar əməli cəhətdən həyata keçmişdir. Ulu öndərin səyi və şəxsi fəaliyyəti ilə həmin illərdə şəhərsalma, mənzil tikintisi və abadlaşdırma ilə bağlı həyata keçirilən tədbirlərin nəticələri sonralar xalqın məişət mədəniyyətinin yüksəlməsində öz ifadəsini tapmışdır.

Heydər Əliyev 1982-ci ilin sonunda (03 noyabr 1982-ci il) Moskvaya yüksək dövlət vəzifəsinə getməmişdən əvvəl Bakı şəhərində abadlıq və şəhərsalma işlərinə diqqət yetirməyi, əhalinin məişət mədəniyyətinin yüksəlməsinə qayğı göstərməyi tövsiyə etmiş və bunun üçün uzunmüddətli kompleks proqram hazırlamağı şəhər rəhbərliyinə tapşırmışdır. Bütün bunlar Heydər Əliyevin respublikamızda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublika əhalisinin məişət mədəniyyətinin yüksəldilməsinə göstərdiyi qayğı və diqqətinin parlaq təzahürüdür.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə hazırda Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri, müasir binaların tikilməsi, şəhərimizin gözəlləşdirilməsi və məişət mədəniyyətimizin yüksəldilməsi ümummilli liderimiz Heydər Əliyevin 70-ci illərdə həyata keçirdiyi tədbirlərin davamı kimi qiymətləndirilməlidir.

 

 

Sakit HÜSEYNOV,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun şöbə müdiri,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 9 may.- S. 11.