İkinci Dünya müharibəsi illərində Azərbaycan övladları böyük qəhrəmanlıq nümunələri göstərmişlər

 

Bu il sentyabrın 1-də İkinci Dünya müharibəsinin başlanmasının 70-ci ildönümü, iyunun 22-də isə Böyük Vətən müharibəsinin başlanmasının 68-ci ildönümü tamam olur.

İndiki nəsil o qanlı-qadalı illərdə baş verən hadisələr barədə daha dolğun və obyektiv məlumat almağa ehtiyac duyur. Müharibənin başlıca yekunları və dərsləri problemini, Azərbaycan xalqının müharibələrdə iştirakı məsələsini açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. İkinci cahan müharibəsinin tarixinə müraciət etmək xüsusilə ona görə aktualdır ki, hazırda beynəlxalq vəziyyət daha da mürəkkəbləşmişdir, həm də dünyada elə qüvvələr var ki, alman faşizminin təcavüzünə bəraət qazandırmağa cəhd göstərirlər.

Bu problemin aktuallığı bir də ona görə artır ki, alman faşistləri 12 il ərzində zorakılıq, güc vasitəsilə öz təcavüzkar siyasətini həyata keçirməyə çalışırdılarsa, erməni faşistləri artıq 21 ildir Azərbaycana qarşı hərbi təcavüzə başlamış və onun torpaqlarının 20 faizini işğal etmişlər.

Göstərməliyik ki, II Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: Azərbaycan xalqı II Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir.
1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".

Azərbaycan xalqının müharibədə fəal iştirakını və onun qələbə ilə başa çatması sahəsindəki fəaliyyətini tədqiq etmək və açıqlamaq mühüm əhəmiyyət kəsb edir.

Faşizm üzərində qələbə xalqın qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur.

Həlak olan azərbaycanlıların sayı 300 mindən çoxdur ki, bu da müharibədə böyük mənfəət əldə edən ABŞ kimi ölkənin itkisindən artıqdır.

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev müharibə, əmək və silahlı qüvvələr veteranları ilə görüşdə demişdir: Azərbaycan xalqı, ictimaiyyət bu 50 ildə sizi yüksək qiymətləndirdiyi kimi, sizin fəaliyyətinizi, əməyinizi, xidmətlərinizi, rəşadətinizi bu gün də qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir.

1939-cu il sentyabrın 1-də başlanan İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.

Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: Rusiya gərək məhv edilsin! Müddəti 1941-ci ilin yazı!

Bundan sonra Barbarossa adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən müharibəsi başlandı. SSRİ-nin müharibəyə girməsi ilə II Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə Sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.

Sovet adamları son dərəcə çətin və məsul vəzifəni faşizm blokuna daxil olan ölkələrin hücumunun qarşısını almaq və onu darmadağın etmək vəzifəsini yerinə yetirməli idilər. Həmçinin Avropa ölkələrinə faşizm əsarətindən xilas olmaqda, habelə dünya sivilizasiyasını faşizm təhlükəsindən qurtarmaqda yardım etməli idilər.

Qeyd etməliyik ki, faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin A qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. Ost planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl Mənim mübarizəm adlı kitabında yazırdı ki, Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar.

Göstərməliyik ki, son vaxtlar çıxan bir sıra kitablarda faşist Almaniyasının apardığı müharibəyə xilaskar, ədalətli müharibə kimi qiymət vermək cəhdləri göstərilir. Bu, tamamilə səhv və yanlış fikirdir. Hitlerdən hər hansı mərhəmət gözləmək tamamilə əbəs idi. İrqçilik, şovinizm təbliğ edənlər, başqalarının ərazisinə göz dikənlər bütün hallarda bəşəriyyətin düşməni olmuşlar və olmaqdadırlar. O, bütün xalqların, o cümlədən Azərbaycan xalqının qəddar düşməni idi.

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.

Onlardan biri də faşizmə qarşı müharibədə rəşadətlə vuruşmuş və öz canını Vətən uğrunda fəda etmiş Hətəmov Pirqələm Abdulkərim oğlu olmuşdur.

Hətəmov Pirqələm 1906-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Çaykənd kəndində anadan olmuşdur. O, gənc yaşlarında yaşadığı rayonda seçilən gənclərdən biri olmuşdur. Daim ürəyində Vətənə olan sevgisi özünü zaman-zaman göstərmişdir. O, 1941-ci il iyulun 16-da könüllü olaraq cəbhəyə getmişdir. Pirqələmin döyüş yolu Ukraynadan başlamışdır. Döyüşlərdə göstərdiyi şücaəti və bacarığı ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmışdır. Tankçı, starşına P.Hətəmov müxtəlif vaxtlarda yaradılmış Azərbaycan diviziyaları tərkibində döyüşlərdə iştirak etmiş, göstərdiyi qəhrəmanlığa görə həmişə ön sırada olmuşdur. Xüsusilə 1941-1942-ci illərdə Ukraynanın Danlevsk rayonunun Varvarovka kəndi uğrunda gedən döyüşlərdə böyük hünər göstərmişdir. Varvarovka kəndi dəfələrlə əldən-ələ keçsə də, Pirqələm və döyüşçü yoldaşları tərəfindən cəsarətlə müdafiə olunmuşdur. Tankçı Pirqələm Hətəmov 1942-ci ilin dekabrında Rostov yaxınlığında döyüşlərdə 20 faşisti məhv etmiş, iri alman faşist qruplaşmasının darmadağın edilməsində əsl qəhrəmanlıq göstərmişdir. Onun cəbhədəki döyüş yolu yenidən 1944-cü il martın 14-də Varvarovka kəndində davam etmişdir. Buradakı ağır döyüşlərdə Pirqələm Hətəmov əsir düşmüş əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur.

II Dünya müharibəsindən xeyli zaman ötsə də, onun ağrı-acıları hələ yaddaşlardan silinməmişdir. Böyük Vətən müharibəsində göstərdikləri şücaətə görə Ukrayna dövləti Varvarovka kəndi uğrunda qəhrəmancasına həlak olan döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün orada abidə ucaltmışdır. Adı əbədiləşdirilənlər içərisində Pirqələm Abdulkərim oğlu Hətəmovun adı ön sıralarda gəlir. Mən Azərbaycan xalqının belə bir igid oğlunun nəvəsi olduğum üçün qürur duyuram.

 

 

Emil ŞELEMANOV,

tarixçi

 

Xalq qəzeti.- 2009.- 14 may.- S. 10.