Asəf Zeynallı 100

 

İllərin sınağından şərəflə çıxmış sənət

 

Öz xidmətləri ilə adlarını musiqi sənəti tariximizə əbədi həkk etmiş sənətkarlardan söz düşəndə birincilər sırasında Asəf Zeynallının da adı hörmətlə çəkilir. Asəf Zeynallı çox qısa bir ömür yaşayıb cəmi 23 il. Lakin parlaq istedadı, musiqi sənətinə sonsuz məhəbbəti, güclü həyat və yaradıcılıq enerjisi sayəsində 23 illik ömrü və 7 illik yaradıcılığı ərzində başqalarının on illərlə görə bilmədiyi işləri görmüş, özündən sonra qərinələrin sınağından şərəflə çıxan, həmişə gənclik təravətini və sənət dəyərini saxlayan qiymətli bir irs qoyub getmişdir.

Əslində, təkcə adı çoxdan musiqi sənətimizin qızıl fonduna düşmüş Ölkəm romansı Asəf Zeynallının əbədi yaşaması və xalq tərəfindən sevilməsi, daim xatırlanması üçün kifayət edərdi. Lakin o musiqi tarixinə sənətkarlıq baxımından Ölkəmdən heç də geri qalmayan, onun kimi sevilən və ifaçıların repertuarından düşməyən gözəl romanslar, mahnılar, kamera-instrumental və simfonik əsərlər bəxş etmişdir. Asəf Zeynallı öz yaradıcılığında Qərb musiqisinin formalarını və janrlarını Azərbaycan xalq musiqisinin ifadə vasitələri ilə əlaqələndirmiş, onların uğurlu sintezinə nail olmuş, beləliklə, Üzeyir Hacıbəyov və Müslüm Maqomayev ilə birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun təməlini qoymuşdur. Məhz bu baxımdan dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov Asəf Zeynallının yaradıcılığınını yüksək qiymətləndirərək onun gələcəkdə daha böyük sənət nailiyyətləri qazana biləcəyini vurğulamışdır: Asəfin əsərlərinə nəzər saldıqda aydın olur ki, gələcəkdə, o, olduqca böyük, orijinal və dərin düşüncəli bir bəstəkar ola bilərdi.

Bu il görkəmli bəstəkarın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə doğma respublikamızda, doğulub boya-başa çatdığı qədim Dərbənddə, eləcə də Rusiyanın bir çox şəhərlərində yubiley tədbirləri keçirilir. Belə tədbirlərdən biri də bu günlərdə Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində keçirildi.

Tədbirə dəvətli qonaqlar sırasında respublikanın tanınmış incəsənət xadimləri, görkəmli musiqiçilər, Asəf Zeynallının anadan olduğu qədim Dərbənd şəhərindən gəlmiş qonaqlar Dərbənd Şəhər Mədəniyyət İdarəsinin rəisi Hüseynbala Hüseynov, Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Dərbənd Cəmiyyətinin sədri Həmid Zeynalov, Vasif Zeynalov, EVTERPA bələdiyyə incəsənət qrupunun solistləri, müğənni Batul Nağıyeva, skripkaçı Mədinə Abdullayeva, konsertmeyster Səidə Axundova və Asiəf Zeynallının qardaşı qızı, kollecin təcrübəli müəllimi Elmira Zeynallı və rəsmi şəxslər var idilər.

Tədbiri giriş sözüylə açan kollecin direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, profesoor Nazim Kazımov qonaqları salamlayaraq Asəf Zeynallının həyat və yaradıcılığına həsr olunmuş elmi konfransda onun Azərbacan incəsənətinə bəxş etdiyi bir-birindən gözəl musiqi əsərlərindən, eləcə də yubilyarın ad gününə Elm və Təhsil nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş Asəf Zeynallı kitabından söz açdı.

Nazim Kazımovun bu kitabına çox böyük önəm verən Milli Elmlər Akademiyasının müxbir üzvü, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, İstiqlal ordenli professor Arif Məlikov Asəf Zeynallının bu qısa ömürdə Azərbaycan professional musiqi sənətinin inkişafına bəxş etdiyi və ecazkar əsərləri ilə əbədi olaraq musiqi tariximizə düşdüyünü xüsusi qeyd etməklə yanaşı, Asəf Zeynallı haqqında indiyə qədər lazımi qədər tədqiqatlar aparılmadığını, eləcə də bu unikal kitabın Azərbaycan musiqi tarixi, XX əsr Azərbaycan Musiqi Ədəbiyyatı fənləri üzrə müəllim və tələbələrə layiqli töhfə olduğunu qeyd etdi. Tar ilə fortepiano üçün pyeslər, Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri, Səid Rüstəmov, Musiqi Kolleci110, eləcə də onlarla digər elmi-metodik, publisist məqalələr müəllifi kimi tanınan Nazim Kazımov həmin gün yubilyarın 100 illiyinə həsr olunmuş müsabiqə qaliblərinə fəxri fərman, diplomlarla yanaşı Asəf Zeynallı" kitabını da təqdim etdi.

Volqaqrad şəhərində Asəf Zeynallının, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərlərini çox böyük ustalıqla ifa etmiş Dərbəndin EVTERPA musiqi kollektivi üzvlərindən Mədinə Abdullayevanın skripkada ifa etdiyi Arif Məlikovun Türk qızlarının rəqsi A.Zeynallının A-lya muğam, Batul Nağıyevanın oxuduğu T.Quliyevin Sevgi valsı, Aman ovçu xalq mahnısını, tədbir iştirakıları sürəkli alqışlarla və tər çiçək dəstələri ilə qarşıladılar. Sevindirici haldır ki, hər iki ifaçı Azərbaycan konservatoriyasını və aspiranturanı bitiriblər, Azərbaycan musiqisinin ən böyük təbliğatçılarıdırlar. Hər iki solisti pianoda Səidə Axundova müşayət edirdi. Musiqi Kollecinin tələbələrinin skripkaçalanlar ansamblı Üzeyir Hacıbəyovun Arazbarı (dirijor A.Hüseynov) IV kurs tələbəsi Kazım Nicat Fəxrinin Ölkəm romansı, (müəllim Sevda Məmmədova, konsertmeystr Tatyana Donbir), Sevinc Heydərovanın rəhbərlik etdiyi kanonçalanlar ansamblının ifasında Z.Bağırovun Rapsidiya, III kurs tələbəsi Qəmərxanım Məmmədovanın A.Zeynallı Lay-lay, müəllim Məleykə Əhədzadə və digər gənc ifaçıların çıxışları da rəğbətlə qarşılandı.

Üç saatadək davam edən tədbirin sonunda AzərbaycanDərbənd Cəmiyyətinin sədri Həmid Zeynalov, Hüseynbala Hüseynov, eləcə də EVTERPO qrupunun solistləri Bakı görüşlərindən, eləcə də kollecdəki doğma münasibətdən məmnun qaldıqlarını və yaxın gələcəkdə Azərbaycan musiqi nümayəndələri ilə Dərbənddə bu cür görüşlərin xalqlar arasında dostluq və musiqi mədəniyyətinin təbliği işində çox böyük rolu olduğunu qeyd etdilər.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2009.- 17 may.- S. 8.