Leyli rolunu min dəfədən çox oynayan Həqiqət xanım

 

Yaxşı ki, kino sənətimizin gözəl nümunələrində Həqiqət xanım Rzayevanın yaddaqalan rolları var. İsməti, Ögey ananı xatırlayın. Ögey anada İsmayılın nənəsini oynayır. Həqiqət xanım. Ahıl yaşında necə də qıvraqdır. Qızı öləndən sonra yeznəsi ilə qalır. Yoxsa İsmayıla kim baxardı. İsmətdə də çox maraqlı rol oynayır.

Həqiqət xanım Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri olmuşdur. Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var.

Həqiqət Əli qızı Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açmışdır. 2007-ci ildə bu böyük sənətkarın anadan olmasının 100 illiyi ilə bağlı Prezident sərəncamında Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənni, milli musiqinin inkişafına töhfələr vermiş bir sənətkar kimi xarakterizə olunmuşdur.

İki il öncə Azərbaycanda Həqiqət xanımın yubileyi dövlət səviyyəsində qeyd olundu. Xatirə gecələri, yaradıcılığına həsr olunmuş konfrans, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yubiley gecəsi keçirildi.

Mayın 20-si Həqiqət xanımın doğum günüdür. Bu təqvimdə hər il xalqımız öz böyük sənətkarını xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.

Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları ilk növbədə yada düşür. Bəli, o insanlar ki, Həqiqət xanım onlardan dərs almış, muğamlarımızı, xalq mahnılarınızı öyrənmişlər. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkmiş və Həqiqət xanım az bir müddət içərisində məşhurlaşmışdır. Əsil adı Susən idi, Həqiqət adını isə sonradan götürmüşdür. Familiyası isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını götürmüşdü.

İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım, müəllimə olmağı arzulayırdı, amma elə uşaqlığından valideynləri onda gözəl səs olduğunu hiss etmişdilər.

1923-cü ildə onun ilk arzusu reallaşdı. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil oldu. Onu məktəbin dram dərnəyinə üzv yazmışdılar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Bakıda elə həmin vaxtlar Damğa adlı satirik teatrın açılması onun da həyatını dəyişdi Həqiqət xanım həmin teatrda işləməyə başladı.

Beləliklə, o öz sənət yolunu müəyyənləşdirdi və Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. 1928-1932-ci illərdə Konservatoriyanın muğam şöbəsində təhsil alan H. Rzayeva burada böyük sənətkarlarla qarşılaşır.

Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynadı. Üstəlik bəstəkar Müslüm Maqomayevdən Şah İsmayıl operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoydu. Ərəbzəngi rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu obrazın üzərində çox işlədi və o vaxt onun iştirakı ilə Şah İsmayıl operası böyük müvəffəqiyyətlə nümayiş etdirildi. Onun ifası gözəl alınmışdı, haqqında qəzetlər yazmışdı. Bu hadisə mətbuatda inqilab kimi qiymətləndirilirdi və Həqiqət xanımın gələcəyinə böyük ümidlər ifadə olunurdu. Beləliklə, nəhayət ki, Ərəbzənginin ilk qadın ifaçısı kəşf olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı. Onun tamaşalarına böyük maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı ilə dolu olardı.

Elə Leylini də böyük istedadla ifa etmişdi. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırmışdır. Amma əfsuslar olsun ki, həmin tamaşalardan bir dənə də olsun lent yazısı qalmamışdır. Ən əsası bu idi ki, onun məlahətli səsi obrazı tamamlayırdı. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni-yeni ifaçıları yetişdi.

Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, dəfələrlə orden, medallarla təltif olunmuş, ən başlıcası isə xalq artisti fəxri adına layiq görülmüşdü.

Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs demiş, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərmişdir.

İkinci Dünya müharibəsi illərində Azərbaycanın incəsənət ustaları ilə dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış etmiş, öz şaqraq səsi ilə əsgərləri qələbəyə ruhlandırmışdır.

Həqiqə Rzayeva yaradıcı ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr etmişdir. Onun yaratdığı rollar opera sənətimizin tarixində silinməz izlər qoymuşdur.

Həqiqət xanımın yaradıcı irsi bu gün tədqiqatçı alimlərimiz-sənətşünaslar tərəfindən tədqiq edilib öyrənilir. Onun Azərbaycan mədəniyyət tarixində öz yeri, öz mövqeyi vardır. Oğlu Azər Rzayev də milli musiqi sənətimizin inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır.

Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 21 may.- S. 7.