Azərbaycan Beynəlxalq Universitetinin 15 illik yubileyi keçirildi

 

Bu günlərdə Azərbaycan Beynəlxalq Universitetində bu təhsil ocağının yaranmasının 15 illiyi, Azərbaycan Respublikasının Konstitusiyası günü və İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının ildönümü ilə bağlı tədbir keçirildi. Tədbir universitetin Moskva filialı ilə birgə təşkil olunmuşdu.

 

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hüquq elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının və Rusiya Hüquq Elmləri Akademiyasının akademiki Elşad Abdullayev 15 il bundan əvvəl ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan universitetin onun xeyir-duası ilə fəaliyyət göstərdiyi və bu gün də onun layiqli davamçısı cənab İlham Əliyevin diqqət və qayğısı altında olduğunu qeyd etdi. ABU-nun I prorektoru, pedaqoji elmlər doktoru, Rusiya Təhsil Akademiyasının akademiki Hüseyn Əhmədov çıxış edərək Pusiya ilə elmi-pedaqoji əlaqələrin intensivləşdirilməsində Azərbaycan Beynəlxalq Universitetinin rolundan danışdı. Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ABU-nun Azərbaycan və rus xalqları arasında təhsil sahəsində dostluğun simvolu olduğunu və bu əməkdaşlığın MDB dövlətləri üçün nümunə sayıla biləcəyini qeyd etdi.

Azərbaycan Beynəlxalq Universiteti Moskva filialının rektoru, professor Vladimir Tatarenko öz çıxışında tələbə və müəllim heyətini yubiley münasibəti ilə təbrik edərək Azərbaycan Beynəlxalq Universiteti və onun Moskva filialının xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirdiyini bildirdi.

Yubiley tədbiri təltiflərlə davam etdirildi. Rusiya Təltif Komitəsinin nümayəndəsi Valentina Şvixnusina iki dövlət arasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə rektor Elşad Abdullayevi Rusiya Təhsil Nazirliyinin medalı ilə təltif etdi. Moskva Dövlət Universitetinin nümayəndəsi Vladimir Jitrikov Elşad Abdullayevə “Şərəf və ləyaqət” ordenini təqdim etdi. Tədbirdə Avropa Rektorlar Klubunun Elşad Abdullayevə təbrik teleqramı oxundu.

Sonda Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri Eldar Ağayev, Vüsal İsmayılov Binəqədi Rayon Gənclər İdman İdarəsinin rəisi Qüdsi Bayramov da akademik Elşad Abdullayevi universitetin 15 illiyi münasibətilə təbrik etdilər.

 

 

Kəmalə TƏYYARQIZI,

Azərbaycan Beynəlxalq

Universitetinin III kurs tələbəsi

 

Xalq qəzeti.- 2009.- 7 noyabr.- S. 8.