Kürdəmirdə orta əsr şəhər mədəniyyətinə aid tapıntılar

 

Şəhərgah yazılı mənbələrdə adı çəkilən Azərbaycan şəhərlərindən hansının qalığıdır?

 

Azərbaycan ərazisində Şəhərgah adı ilə bəlli olan bir neçə orta əsr yaşayış yeri mövcuddur. Onlardan biri Kürdəmir rayonunun Ərəbqubalı kəndi yaxınlığında yerləşir. Keçən əsrin 70-ci illərində şoranlaşmanın qarşısını almaq məqsədilə meliorativ tədbirlər görülərkən və pambıq əkini üçün sahələr şumlanarkən həmin ərazidə çoxsaylı maddi mədəniyyət nümunələri üzə çıxıb. Kənd sakinlərinin dediyinə görə, o zaman bir çox nadir tapıntılar, o cümlədən qızıl pul dəfinələri ayrı-ayrı şəxslər tərəfindən talan edilib.

 

Əfsuslar olsun ki, Kürdəmirdə hamının eşitdiyi, bildiyi, hətta baş vermiş talanlarla bağlı yerli hüquq- mühafizə orqanlarının müvafiq araşdırmalar aparmış olduğu bu olay barədə vaxtında aidiyyatı elmi idarələrə, o cümlədən Elmlər Akademiyasına məlumat verilməyib. Arxeoloqlar bütün bunlardan yalnız 80-ci illərin əvvəllərində Mədəniyyət Nazirliyi xətti ilə ölkə ərazisindəki abidələrin qeydiyyatı aparılarkən xəbər tutublar. Belə ki, o zaman Kürdəmir rayonunun arxeoloji abidələrinin qeydiyyatını aparan arxeoloq-alimlər Fazil Osmanov və Fərhad İbrahimov yerli sakinlərin məlumatları əsasında Şəhərgahda olmuş, ərazini gəzmiş, oradan xeyli miqdar yerüstü material toplayaraq AMEA-nın Xəbərlərində (1981, N: 2) çap etdirmişlər. Həmin materiallar əsasında isə Azərbaycan Sovet Ensiklopediyasına Şəhərgah haqqında yığcam məlumat daxil edilmişdir. O vaxtdan etibarən Şəhərgah yerli əhəmiyyətli abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur.

Torpaq islahatı aparılarkən digər sahələr kimi, Şəhərgah ərazisi də Ərəbqubalı kənd sakinləri arasında bölüşdürülüb. İndi həmin insanlar onlara düşən pay torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə edirlər: kimi örüş, kimi də əkin məqsədilə. Məsələn, 2009-cu ildə fermerlərin əksəriyyəti Şəhərgah ərazisində bostan əkib. Bu məqsədlə ərazi növbəti dəfə şumlanarkən və becərilərkən də təbiidir ki, orada çoxlu maddi mədəniyyət nümunələri üzə çıxıb. Qoyunçuluqla məşğul olan sakinlər də, demək olar ki, ilboyu həmin ərazidədirlər. Onlar da ərazini gəzərkən az qala hər gün nə isə tapırlar. Bu səbəbdəndir ki, həm sahəni əkib-becərən, həm də qoyunçuluqla məşğul olan Ərəbqubalı sakinlərinin əksəriyyətinin Şəhərgahdan tapdıqları təsadüfi tapıntılardan ibarət şəxsi kolleksiyası var. Bu insanlar müxtəlif vaxtlarda əldə etdikləri tapıntıların bir qismini Kürdəmir diyarşünaslıq muzeyinə, bir qismini həmyerliləri professor Rafael Hüseynovun rəhbərlik etdiyi Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə təqdim ediblər. Razılıq hissi ilə deməliyəm ki, Ərəbqubalı kəndinin ayrı-ayrı sakinləri bu il Şəhərgah ərazisində tədqiqat apardığımız müddətdə bizə də xeyli maddi mədəniyyət nümunəsi təqdim etmişlər. Hansı ki, abidənin tarixini öyrənmək baxımından həmin eksponatların olduqca mühüm elmi əhəmiyyəti var. Amma elə insanlar da var ki, onlar təsadüfən tapdıqları maddi mədəniyyət nümunələrini hələ ki, üzə çıxarmırlar. Camaat arasında belələrinin əntiq (antikvar) əşya alveri ilə məşğul olan dəllarlarla əlbirlik etdiyinə dair söz-söhbətlər də yayılmaqdadır. Bir sözlə, Kürdəmirdə, xüsusən də Ərəbqubalı kəndində yerli sakinlərin Şəhərgaha marağı böyükdür. Həm də əhalinin əksəriyyətini abidənin tarixi, bəzi işbazları isə oradan tapılan və yaxud da tapıla biləcək dəfinə və nadir əşyalar kolleksiyası maraqlandırır. Kürdəmir Rayon İcra Hakimiyyəti, habelə mədəniyyət və turizm idarəsi rəhbərliyinin rayon ərazisindəki tarixi abidələrin, o cümlədən Şəhərgah abidəsinin qorunması, təbliği və tədqiqi işinə həssas münasibətini xüsusi olaraq qeyd etmək istərdim. Şəhərgah abidəsində ilkin arxeoloji tədqiqatlara başlamaq məqsədilə Kürdəmirdə olarkən rayon rəhbərliyinin və ziyalıların çoxdandır ki, arxeoloq-alimlərin yolunu gözlədiklərinin bir daha şahidi olduq. Rayon mədəniyyət və turizm idarəsinin rəisi Vaqif Alıyev digər işlərini bir kənara qoyaraq Şəhərgaha getməkdə bizə şəxsən özü bələdçilik etdi. İcra başçısı Fəxrəddin Məlikovun tapşırığı ilə Ərəbqubalı kəndinin icra nümayəndəsi və bələdiyyə sədri Şəhərgahda tədqiqat apardığımız müddətdə bizə kömək və qayğılarını əsirgəmədilər.

Şəhərgah ərazisi hamarlanarkən və şumlanarkən üzə çıxan maddi mədəniyyət nümunələrinin yayıldığı ərazi təqribən 50 hektara qədər sahəni əhatə edir. Bu il ilk dəfə olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən orada kəşfiyyat xarakterli axtarışlar aparılıb. Qazıntı işləri ilə paralel olaraq abidənin sərhədləri, ərazinin topoqrafiyası, coğrafi koordinatları, ətrafdakı yaşayış məntəqələri ilə mümkün əlaqələri öyrənilib. Məlumat üçün bildirək ki, Şəhərgah abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Cənub istiqamətdə olan Cavad kəndi (Sabirabad rayonu) ilə Şəhərgahı 18 kilometrlik məsafə ayırır. Yerli sakinlərin məlumatına görə yaxın keçmişə qədər Şəhərgahın şimal tərəfindən Qarasu çayı keçirmiş. Qarasu Türyançay, Göyçay və Girdiman çaylarının uzun illər ərzində aran Şirvan ərazilərində Kürə çatmadan ətrafa yayılaraq itməsi və yenidən yeraltı sular şəklində üzə çıxması nəticəsində əmələ gəlmiş su hövzəsi kimi başa düşülməlidir. Kür çayına paralel istiqamətdə olan Qarasu Göyçay, Ucar və Kürdəmir rayonları ərazisindən keçməklə Hacıqabul gölünə tökülüb. Hacıqabul rayonu ərazisindəki Qarasu toponimi də sözsüz ki, eyni adlı çayın adından götürülüb. Sovet hakimiyyəti illərində ərazidə pambıq və taxıl əkini sahələrinin genişləndirilməsi və bu səbəbdən meliorativ tədbirlərin miqyasının artması nəticəsində Qarasu tamamilə quruyaraq yoxa çıxmışdır. Lakin ayrı-ayrı yerlərdə bu çayın yatağı, onun üzərindəki körpü və keçid məntəqələri bu günədək qalmaqdadır.

Tarixən insanlar yaşayış məntəqələri, o cümlədən şəhərlər salarkən, bir qayda olaraq, su mənbələri olan ərazidə yer seçirdilər. Bu cəhətdən Şəhərgahın Kür, Girdiman və Qarasu çaylarının qovşağında salınması da, əlbəttə təsadüfi olmamışdır. Yəni, insanların yaşaması, işləməsi, təsərrüfat yaratmaları üçün əlverişli su mənbəyi olmasaydı, sözsüz ki, həmin ərazidə şəhər salınmazdı.

Şəhərgahın təbii-coğrafi xarakteristikasından bəhs edərkən onu da deyək ki, keçən əsrin 50-ci illərindən etibarən şərq-qərb istiqamətində qazılmış dərin kanal və şimal-cənub istiqamətində qazılmış dren xəndəklər ərazini bir neçə hissəyə parçalayıb. Həmin kanal və xəndəklər qazılarkən və sonralar onların içərisi təkrar-təkrar təmizlənərkən Şəhərgahın tarixini özündə əks etdirən çoxlu tikinti və istehsalat qalıqları, habelə digər maddi-mədəniyyət nümunələri üzə çıxıb. Əfsuslar olsun ki, bu halda da aidiyyatı orqanlara məlumat verilməyib və tapıntılar dağıdılıb, talan edilib. Bununla belə, ekspedisiya üzvləri tərəfindən ərazi öyrənilərkən kanal və xəndəklərin kəsdiyi yerlərdən XII-XIII əsrlərə aid çoxlu maddi mədəniyyət nümunələri toplanılıb. Diqqəti çəkən odur ki, təqribən 50 hektarlıq ərazinin, demək olar ki, hər yerində çoxsaylı tikinti qalıqları və istehsalat ocaqlarının izlərinə təsadüf edilir. Hansı ki, bütün bunlar abidənin dövrünü və sərhədlərini müəyyən etmək baxımından çox mühüm elmi əhəmiyyət kəsb edir.

Ekspedisiya tərəfindən ərazinin yerüstü parametrləri diqqətlə öyrənildikdən sonra abidənin cənub-qərb tərəfində, kanal keçən ərazidən təqribən 50-60 metr şimalda yoxlama qazıntısı qoyuldu. Yerüstü materialların çoxluğu və rəngarəngliyi həmin ərazidə tikinti və istehsalat ocaqlarının sıxlığından xəbər verirdi. Öyrənilən sahədə dərinlik 35-40 santimetrə çatdıqda ayrı-ayrı nöqtələrdə bişmiş kərpicdən hörülmüş divar qalıqları üzə çıxdı. Qazıntı sahəsi tədricən divar qalıqlarının çıxdığı istiqamətlərə doğru genişləndirildi. Beləliklə, qazıntının ümumi sahəsi 160 kvadratmetrə çatdırıldı. Dərinə düşdükcə tikintinin ümumi mənzərəsi də tam şəkildə aydınlaşdı. Nəticədə 5 otaq, 9 vanna, 2 buxarı, 1 ocaq kürə və 3 qapı yeri olmaqla möhtəşəm bir hamam kompleksi aşkara çıxarıldı. Tikintinin şərq-qərb istiqamətində olan şimal divarının uzunluğu 11,5 metr, salamat qalmış hissədə hündürlüyü 1,6 metr, şimal-cənub istiqamətdə olan şərq divarının uzunluğu 13,5 metr, salamat qalmış hissədə divarın hündürlüyü 2,1 metrdir. Abidənin konstruksiyasından göründüyü kimi, hər birinin sahəsi təqribən 9-11 kvadratmetr olan vanna otaqlarının üstü ayrı-ayrılıqda tağvari formada örtülüb.

Kompleksin içərisi təmizlənərkən vanna otaqlarının hamısının döşəmə hissəsində qalınlığı 40-50 sm təşkil edən qum təbəqəsi qeydə alınmışdır. Qazıntı hələlik kiçik miqyasda aparıldığından qum təbəqəsinin yaranma səbəbi barədə konkret fikir söyləmək çətindir. Yəni, qeyd olunan qum təbəqəsinin hamamın istifadəçiləri tərəfindən bilərəkdən və məqsədli şəkildə yaradılması ilə bərabər, onun ərazini sel sularının basması nəticəsində əmələ gəlməsi ehtimalını da nəzərdən qaçırmaq olmaz.

Hamam kompleksin bünövrə hissəsi yonulmuş mədən daşından, divarların qalan hissəsi isə müxtəlif ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla hörülüb. Tikintidə əsasən 22x22x4; 24x24x5; 26,5x27,5x6.5; 27.5x27x7; 34,5x37,5x9 sm ölçülü bişmiş kərpiclərdən istifadə olunub. Tək-tək hallarda isə daha iri ölçülü kərpiclərə də təsadüf olunur. Belə kərpiclərdən birinin uzunluğu 40,5 sm-dir. Hamam-kompleksin şimal- cənub istiqamətində olan şərq divarında 24 cərgə kərpic işlədilib. Tikintidə bərkidici material kimi kirəc məhlulundan istifadə olunub.

Kompleksdə aşkar edilmiş qapı yerlərinin hamısında şlüz qapılarda olduğu kimi, hər iki tərəfdən içəriyə doğru cıxıntısı var. Şərti olaraq 1 nömrəli otaq kimi qeydə alınmış vanna otağının şimal-qərb küncündə üzərində oturmaq üçün nəzərdə tutulan tumba (uzunluğu 56, eni 41, hündürlüyü işə 36 sm) aşkar edilib. Otaqlardan birinin qapı yerinin sağında və solunda buxarı yerləri olduğu müəyyənləşdirilib. Uzun müddət istifadə olunduğundan hər iki buxarının divarları yanaraq hisdən qaralıb. Görünür, həmin buxarılar binanın içərisinin qızdırılmasına xidmət edib. İstifadə olunan suyun qızdırılması məqsədilə isə kompleksin cənub tərəfindəki nisbətən iri həcmli ocaq-kürədən (uzunluğu 197, eni 57 sm) istifadə olunduğu güman edilir. Ocaq-kürənin ətrafındakı üç ədəd kiçik vanna, çox ehtimal ki, uşaqların çimizdirilməsi, yaxud da pal-paltar yuyulması məqsədinə xidmət edib. Həmin vannaların uzunluğu 80-100 sm, eni 70-87 sm, dərinliyi isə 65-75 sm-dir. Onlara bitişik vəziyyətdə olan nisbətən iri vannanın uzunluğu 162, eni 91, dərinliyi isə 61 sm-dir. Qeyd olunan vannalardan ikisi ocaq-kürənin şərq, digər ikisi isə qərb tərəfindədir. Xüsusi olaraq vanna otaqları kimi istifadə olunduğu güman edilən otaqlardakı vannalar isə həcmlərinin nisbətən iri olması ilə diqqəti cəlb edir. Həmin vannallar binanın əsas divarlarında olmaqla kərpicdən hörülüb. Uzunluğu 220-235, eni 58-66, dərinliyi isə 75-80 sm təşkil edən bu vannaların daxili divarı təkqat kərpicdən, digər hissələri isə bir neçə qat kərpicdən hörülüb. Vannaların hamısının yeri və divarları səliqə ilə suvanıb. İri vannaların dördü də xüsusi borularla bir-biri ilə əlaqəlidir. Onlardan birincisi dolduqdan sonsa su ikinci, sonra üçüncü, daha sonra isə dördüncü vannaya axır. Qazıntı işlərinin gedişi zamanı vanna otaqlarından və bilavasitə iri vannaların içərisindən insanların çimərkən istifadə etmiş olduqları çeşidli su qabları və onların sınmış hissələri tapılıb.

İlkin tədqiqatlara əsasən aşkar olunmuş kompleksin şəhərin elitar təbəqəsi üçün nəzərdə tutulan hamam-sağlamlıq ocağı olduğu ehtimal edilir. Abidə xronoloji cəhətdən XII əsrə və XIII əsrin I yarsına aiddir. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, XIII əsrin ortalarında şəhər geniş miqyaslı dağıntıya və yanğına məruz qalıb və bu səbəbdən də həmişəlik olaraq süqut edib. Çox güman ki, şəhər əvvəlcə monqolların birinci hücumu, daha sonra isə Cəlaləddinin ordusu tərəfindən yandırılaraq dağıdılıb.

Azərbaycan ərazisində ilk dəfədir ki, XII-XIII əsrlərə aid belə möhtəşəm hamam-kompleks aşkara çıxarılıb. Bu kompleks bir sıra əlamətlərinə görə XX əsrin ortalarında Bakıda və digər müsəlman şəhərlərində istifadə edilən hamam komplekslərə çox bənzəyir. Bu kompleks bəzi əlamətləri etibarı ilə həm də XIX-XX əsrlərdə fəaliyyətdə olan sağlamlıq komplekslərinə bənzəyir. O komplekslərə ki, insanlar orada ayrı-ayrı xəstəliklərin profilaktikası ilə bağlı vanna qəbul edir və müxtəlif prosedurları icra edirdilər. Bütün bunlar isə Azərbaycan şəhərlərində hələ 700-800 il bundan öncə səhiyyə-sanitariya mədəniyyətinin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir.

Şəhərgah ərazisində aparılmış kiçikmiqyaslı arxeoloji qazıntılar nəticəsində olduqca zəngin və rəngarəng çeşidli maddi mədəniyyət qalıqları aşkar edilərək tədqiq olunub. Bu tapıntılar əsasən daş, dəmir, mis, şüşə və gildən hazırlanmış əmək alətləri, məişət və bəzək əşyalarından ibarətdir. Tapıntılar içərisində təyinatı hələlik elmə tam şəkildə bəlli olmayan sferekonus tipli qablar çoxluq təşkil edir. Görünür, bəzi tədqiqatçıların da güman etdiyi kimi, hərbi əməliyyatlar zamanı içərisinə xüsusi partlayıcı maddələr tökülən həmin əşyalardan həqiqətən mərmi kimi istifadə olunub.

Axtarışlar zamanı toplanmış zəngin keramika məmulatı da özünün forma zənginliyi və orjinal dekor çalarları baxımından diqqəti cəlb edir. Bunlar əsasən cızma üsulu, habelə müxtəlif boyalardan istifadə olunmaqla nəfis bəzədilmiş kasa və boşqab tipli qablardır. Məişət əşyalarının bəzədilməsində nəbati və həndəsi elementlərin mürəkkəb kombinasiyasından məharətlə istifadə olunub. Sirli qablar üzərində bəbir, ceyran və quş təsvirlərinə tez-tez təsadüf olunur. Şəhərgah materiallarını fərqləndirən özəl cəhətlərdən biri də onların bəzədilməsində ərəb əlifbasının hərflərinə bənzər ornamentlərdən nisbətən çox istifadə olunmasıdır. Daxili səthi şahmat xanalarına bənzər təsvirlərlə bəzədilmiş kasa tipli qablar tapıntılar içərisində xüsusi qrup təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, axtarışlar zamanı üzərində ərəb əlifbası ilə yazısı olan əşyalara da təsadüf olunub. Əfsuslar olsun ki, daha çox gil qablara məxsus fraqmentlər üzərində olan bu natamam yazıları oxumaq mümkün olmamışdır. Hamam- kompleksdəki vanna otaqlardan birinin qapı yerindən tapılmış sınıq vəziyyətdə olan daş kitabə parçası üzərindəki yazını da hələlik mütəxəssislər oxuya bilməmişlər. Sözsüz ki, üzərində yazı və yazıyabənzər ornamenti olan tapıntılar Şəhərgah sakinlərinin, o cümlədən orada çalışan bənnaların və dulusçu ustaların mükəmməl yazı mədəniyyətinə malik olduğundan xəbər verir. Arxeoloji tədqiqatlar nəticəsində Şəhərgah ərazisindən XII əsrin sonu XIII əsrin əvvəllərində Şirvanşahlar tərəfindən zərb olunmuş sikkələr və sikkə kəsilməsi üçün istifadə olunan xam material da tapılıb. Bu isə həmin sikkələrin yerli zərbxanalarda kəsildiyinə dəlalət edir.

Şəhərgahın bütün əlamətlərinə görə, Azərbaycanın mühüm orta əsr şəhərlərindən biri olduğu şəksizdir. Amma məhz hansı şəhərin qalıqları olduğu hələ ki, elm üçün sirr olaraq qalmaqdadır. Doğrudur, bəzi tədqiqatçılar onun orta əsr ərəb mənbələrində adi çəkilən Şirvan şəhərinin qalıqları olduğunu ehtimal edirlər. Məsələ burasındadır ki, orta əsr mənbələrinin Şirvan şəhərinin coğrafi koordinatları ilə bağlı məlumatları xeyli dərəcədə ziddiyyətli olduğundan yuxarıda söylənilən ehtimalın dürüstlüyünə o qədər də güvənmək olmur. Xatırladaq ki, orta əsr ərəb müəlliflərinin qeydlərində Sirvanın həm Şamaxı ilə Dərbənd arasında, həm də Kür və Araz çaylarının qovuşduğu yerlə Xəzər dənizi arasındakı ərazidə olduğuna dair məlumatlar mövcuddur. Nəhayət, Şirvanı Şabranla eyniləşdirənlər də vardır. Deyilənlərə onu da əlavə edək ki, orta əsr mənbələrində adı çəkilən Cavad və Muğan şəhərlərinin lokalizəsi ilə bağlı da tarixçi və arxeoloq alimlər tərəfindən hələlik son söz deyilməyib. Bu isə o deməkdir ki, Şəhərgahın Cavad və ya Muğan şəhərlərinin qalıqları olduğuna dair ehtimalı da nəzərdən qaçırmaq olmaz. Abidənin Muğan düzünə bitişik ərazidə olması və yaxınlıqda Cavad adı ilə bəlli olan yaşayış məntəqəsinin mövcudluğu da bu ehtimallar üzərində düşünməyə əsas verir.

Son olaraq onu da bildirək ki, Şəhərgahın da, digər şəhər və şəhər tipli iri yaşayış məntəqələrinin də yazılı mənbələrdə adı çəkilən hansı yaşayış məntəqəsinin qalıqları olduğunu müəyyənləşdirməyin çox sadə, həm də son dərəcə etibarlı bir usulu var. O da həmin ərazilərdə sistemli və genişmiqyaslı arxeoloji tədqiqatlar aparılmasından ibarətdir. Belə olarsa, tariximizin bir çox qaranlıq məqamları ilə bağlı suallara aydınlıq gətirilmiş olar. Bütün bunların isə əlahəzrət zamana və bir də türk qardaşlarımızın təbirincə desək, paraya ehtiyacı var.

 

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 7 noyabr.- S. 5.