Almaniyanın romantik şəhərləri mövzusunda sərgi

 

Bu il noyabr ayının 10-dan 20-nə kimi Azərbaycan Turizm İnstitutunda Almaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə tematik mövzuda sərgi keçirilir.

 

Almaniyanın romantik şəhərləri adlı sərginin açılışında səfirliyin rəsmi nümayəndələri, o cümlədən, mədəni işlər üzrə attaşe cənab Herbert Şmitter, İraq səfiri cənab Erşad Ömər İsmayıl və Ukrayna səfirliyinin əməkdaşları iştirak etmişlər. Sərgi iştirakçılarını və qonaqları salamlayan institutun rektoru tarix elmləri namizədi, dosent Cəfər Cəfərov çıxışında bildirdi ki, tədbirin keçirilməsi ölkələrimiz arasında mədəni və elmi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Tematik mövzuya həsr olunmuş sərgi ötən il də təşkil olunmuşdu və nəzərdə tutulmuşdu ki, analoji tədbir hər il mütəmadi keçirilsin.

Sərginin iştirakçıları əsasən Almaniyanın mənəvi sərvəti sayılan bəzi şəhərlərinin geniş planda ümumi mənzərəsini, tarixi abidələrini, turizm imkanlarını, eləcə ekzotik gözəlliklərini əks etdirən fotomaterialları heyranlıqla izləmişlər, həmçinin Almaniyanın qədim şəhərləri haqqında sənədli materialları özündə ehtiva edən 31 elmi-kütləvi kitabla da tanış olmaq imkanı qazanmışlar.

Almaniya səfirliyinin təşəbbüsü ilə keçirilən tədbir iki ölkə arasında, o cümlədən, Azərbaycan Turizm İnstitutu ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafına zəmin yaradacaqdır.

 

 

İ.RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 11 noyabr.- S. 8.