Sumqayıt qanadlı nəğməyə bənzər

 

Gənclik şəhəri Sumqayıt onu tərənnüm edən nəğmələrlə birgə yaranıb. Altmış il öncə görkəmli bəstəkarımız, xalq artisti Səid Rüstəmovun yazdığı Canlanır hər qarış çöl Sumqayıtda mahnısı bu gün də öz melodiya qanadlarında bu gözəl şəhəri göylərə qaldırır. Sumqayıtın himninə çevrilmiş mahnı bəşəri ruh, qəhrəmanlıq, qürur duyğuları ilə aşılanıb, hər notu insan qəlbinin tellərini tərpədir.

 

Elə Sumqayıtın 60 illiyi münasibətilə şəhər mədəniyyət və turizm idarəsinin Bəstəkarlar İttifaqı ilə birgə Bülbül adına incəsənət məktəbində keçirdiyi Ən yaxşı mahnı müsabiqəsinin yekun tədbirində də həmin mahnının şahlıq etməsinin, ölməzlik qazanmasının bir daha şahidi olduq. Həmin gün mükafata layiq görülən çox dəyərli nəğmələr belə Səid Rüstəmovun məşhur Sumqayıt mahnısına bir qədər aşağıdan boylandılar...

Amma Azərbaycan Bəstəksrlar İttifaqının sədri, Şöhrət ordenli bəstəkarımız, xalq artisti Firəngiz Əlizadənin iştirakı ilə şərəf verdiyi, sevimli bəstəkarımız Eldar Mansurovun baş münsiflik etdiyi mahnı müsabiqəsi də, fikrimizcə, çox uğurlu alınmışdı. Bu tədbirə qədər Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi ən yaxşı şeir, rəqs və rəsm müsabiqələrinin də fərəhli nəticələr verdiyini xüsusü vurğulamaq lazımdır. Ümumiyyətlə, son illərdə bu idarə neçə-neçə belə gözəl, yaddaqalan tədbirlər təşkil edib.

Yekun mərasimi Azərbaycan Televizya və Radiosu QSC-nın məşhur Bənövşə uşaq xorunun ifasında Sumqayıtın bircə anı mahnısı ilə açıldı. Mötəbər münsiflər heyətinin sədri, Bəstəkarlar İttifaqının katibi Eldar Mansurov son tura buraxılmış 10 əsər içərisindən ən yaxşılarının necə çətinliklə seçildiyini, hansı meyarın əsas götürüldüyünü söylədi və arzu etdi ki, Sumqayıta yubileydən-yubileyə deyil, hər vaxt belə gözəl nəğmələr yazılsın. Çünki bu şəhərin özü qanadlı bir nəğməyə bənzəyir.

Sonra Ən yaxşı mahnı müsabiqəsinin nəticələri elan edildi, qalib nəğmələr ayrı-ayrı təqdim olundu. Bəstəkar İlham Abdullayevin Vahid Əzizin sözlərinə yazdığı Sumqayıt lövhələri mahnısının 1-ci yerə layiq görüldüyü açıqlandı. Tural Ağasıyevin peşəkar ifasında səslənən mahnı sürəkli alqışlarla qarşılandı. Mükafatı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev təqdim elədi.

Sumqayıtlıların çox bəyəndiyi Sevən ürəklər vokal qrupunun təqdimatında Emin Muradın bəstələdiyi mahnı 2-ci yeri tutdu. Əlviyyə Məmmədovanın şair Zivər Ağayevanın sözlərinə yazdığı mahnı da gümüş pillədə qərar tutdu.Nərminə Nağıyevanın şair Qafqaz Əvəzoğlunun sözlərinə bəstələdiyi daha bir Sumqayıt mahnısı 3-cü oldu.

Firəngiz Əlizadə müsabiqənin qalib nəğmələrinə münasibətini bildirdi və sumqyıtlılara ən xoş arzularını çatdırdı. Vaqif Əliyev ölkədə, o cümlədən Sumqayıtda mədəniyyətə göstərilən qayğıdan danışdı, sahənin inkişaf dinamikasına diqqəti cəlb etdi və müsabiqənin qaliblərinə yeni-yeni sənət uğurları dilədi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 12 noyabr.- S. 6.