Ustad tarzənin vəfatından 40 il ötür

 

Azərbaycanda tar ifaçılığı sənətinin inkişafı və təbliğində görkəmli tarzən, respublikanın əməkdar artisti Məmmədağa Muradovun xüsusi yeri var. O, yaradıcılığının çiçəkləndiyi bir dövrdə ömrünün 48-ci ilində həyatdan köçdü. Lakin bu qısa ömrü ərzində incəsənətimizin, tar sənətinin bütün dünyada tanınmasında əlindən gələni əsirgəmədi. Onun özünəməxsus ifa tərzi, şirin barmaqları, yüksək çalğı texnikası bu gün də gənc sənətçilərə bir örnək olaraq qalır.

 

O, dövrünün ən tanınmış müğənni və muğam ifaçıları Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova və bir sıra digər korifey sənətçiləri özünəməxsus incə, yüksək ifaçılıq məziyyətləri və virtioz müşayiəti ilə sənətsevərlərin qəlblərinə yol tapmışdır. Azərbaycan incəsənətinin xarici ölkələrdə də təbliği sahəsində müstəsna xidmətləri olan Məmmədağa Muradov Misirdə, Tunisdə, Almaniyada, Bolqarıstanda. İranda, Çində, Mərakeşdə, Sudanda və digər dövlətlərdə Azərbaycan tarını, Azərbaycan musiqisini öz yüksəkt ifaçılığı ilə bütün dünyaya tanıdıb sevdirmişdir.

Məmmədağa Muradovun ifaçılıq bacarığı xarici ölkə dinləyiciləri tərəfindən yüksək qiymətləndirilmişdir. Həbəşistan qastrol çıxışlarına yüksək dəyər verən ölkənin imperatoru Hayle İlesiye ustad tarzəni iki dəfə şəxsən özü qəbul etmiş və ona ölkənin ali Qızıl imperator ordenini təqdim etmişdir. M.Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A.Zeynallı adına orta ixtisas musiqi məktəbində uzun müddət müəllim işləmiş istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur. Məmmədağa Muradovun milli musiqimizin inkişafı və təbliği sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1959-cu ildə ona respublikanın əməkdar artisti fəxri adı verilmişdir.

1969-cu ilin bir payız axşamı 48 yaşında ürək xəstəliyindən həyatı tərk etdi. Söz-söhbəti, ürəyə yatımlı şirin ifası, könülləri riqqətə gətirən Segahı, Şuru, Rastı, Çahargahı, neçə-neçə ifaları xalqın yaddaşında qaldı. Əslində Azərbaycan incəsənətindən ayrılan yalnız onun cismi oldu. Ruhu isə bizimlə qaldı. Bu gün ustad tarzənin vəfatından düz 40 il ötür. Qalsaydı bu gün onun 88 yaşı olardı. Yəqin ki, onu yada salıb qəbrini ziyarət edənlər övladları, yaxın qohum, dostları da olacaq. Lakin biz inanırıq ki, bu gün ölkə başçımızın incəsənətə, muğam sənətinə bu qədər diqqət və qayğı göstərdiyi bir vaxtda nə vaxtsa Məmmədağa Muradov da yada düşəcək və şöhrətli tarzənin xatirə gecələri keçiriləcəkdir. Ruhun şad olsun ustad.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2009.- 15 noyabr.- S. 5.