İrəvan Dram Teatrı daha bir uğurlu tamaşa hazırlamışdır

 

Mirzə Fətəli Axundov yaradıcılığına yenidən müraciət edən kollektiv böyük alqışlarla qarşılandı

 

Hələ tələbəlik illərindən xalq yazıçısı Mirzə İbrahimovun Komediya, həyat və əxlaq adlı, cəmi 6 kitab səhifəsi həcmində olan bir məqaləsini dönə-dönə oxumuşdum. Aradan keçən otuz ilə yaxın müddətdə hər dəfə yeni bir tamaşaya baxanda, xüsusən, ilk dəfə gördüyüm təzə əsər komediya janrındadırsa, mütləq 1960-cı ildə qələmə alınmış həmin məqalə yadıma düşür.

Böyük ədib yazırdı: Mütərəqqi ruhlu bədii yaradıcılığın bütün növləri və janrları kimi ali komediyanın da məqsədi insanların həyatını əks etdirmək, onlarda humanist fikirlər, yüksək əxlaq tərbiyə etməkdir. Bəs komediya komediyadırsa, ali komediya nə deməkdir? Ədibin fikrincə, əsərdəki fikirlər, hisslər, mündəricə müsbətdirsə, nəcib və insanidirsə, ali komediya mənfidirsə, xırda, gərəksiz, insana zidd, pozğun və rəhmsizdirsə, alçaq komediya meydana çıxır.

Bu baxımdan biz yüzlərlə paytaxt sakini noyabrın 23-də Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında ali bir komediya tamaşasına baxdıq. Əlbəttə, bu teatrın adını çəkəndə ilk öncə ürəyimizdən belə bir arzu keçir ki, İrəvan Dövlət Teatrının tamaşalarına öz daimi ünvanında İrəvanda baxmaq da bizə qismət olsun. Mən İrəvan teatrının tamaşalarına Göyçədə və İrəvanda dəfələrlə baxmışam. İkinci, teatrın 128-ci mövsümündən ötrü xüsusi olaraq hazırlanmış yeni tamaşa üçün Azərbaycan, türk və ümumiyyətlə, Şərq dramaturgiyasının ən görkəmli nümayəndələrindən olan Mirzə Fətəli Axundovun yaradıcılığına müraciət edilməsi tamaşanın uğurunun təməli idi. Bu təməl üzərində mükəmməl bir səhnə əsəri hazırlayan quruluşçu rejissor (o, həm də teatrın baş rejissorudur) Nazir Rüstəmov təxminən 155 il əvvəl yazılmış əsəri XXI əsrin tələbkar tamaşaçısına sevdirə bildi. Rejissor bu sevgini qazanmaq üçün çox mükəmməl bir aktyor ansamblı seçmiş, klassik əsərin müasir səhnə həllini əldə etmək üçün aktyorların yaradıcılıq imkanından yüksək səviyyədə bəhrələnə bilmişdir.

Qəlbən, ruhən, fikrən teatr adamı olan Nazir Rüstəmovun yaradıcılığına hələ 1977-ci ildən tələbəlik illərimizdən bələdəm. İnstitutu bitirəndən sonra Ağdam, Ağcabədi, Şuşa teatrlarında aktyor, rejissor, baş rejissor, direktor kimi müxtəlif vəzifələrdə öz imkanlarını qabarıq şəkildə göstərən Nazir Rüstəmov respublika və Ümumittifaq miqyaslı bir neçə müsabiqədə böyük uğurlar əldə etmişdir. Məhz bu məqamları nəzərə alan Rusiya teatr mütəxəssisləri onu Dərbənd Teatrına, Ukrayna rejissorları isə Xarkov Uşaq Teatrına dəvət etmişdilər. Sonralar bir neçə yaddaqan kino obrazı yaratmış (Cavad xan və Seçilən filmlərində) Nazir Rüstəmov hazırda haqqında söz açdığımız teatrın baş rejissoru vəzifəsində çalışır və buradakı fəaliyyəti də ölkənin teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanır, yüksək qiymətləndirilir.

128-ci mövsümün ilk tamaşası olan (əsərə ictimai baxış oktyabrın 30-da keçirilmişdir) Sərgüzəşti-vəziri-xani-Lənkəran əsərinə gəlincə isə qeyd edək ki, Azərbaycan xalqının milli məfkurə tarixində heç zaman heç kəsin fəth edə bilməyəcəyi bir zirvədə duran Mirzə Fətəli Axundovun ortaya qoyduğu ideya, böyük ustalıqla sıraladığı mündəricə, ərsəyə gətirdiyi mükəmməl əsər öz tamaşaçılarına yeni bir gülüş bəxş etdi. Axundov öz ölkəsinin ədalətlə idarə edilməsini arzulayırdı. Lənkəran xanının ədalətsizliyi savadsızlığından törəyirdisə, xalqın həyatına biganəliyi, öz qızı yaşında olan Nisə xanımla ailə qurmaq istəyi zəmanənin eybəcərliyi kimi təqdim edilirdi. Əməkdar artist Vaqif Kərimovun Xanı isə bu keyfiyyətləri özündə elə təbii şəkildə formalaşdırmışdı ki, onun istənilən hərəkəti gülüş doğururdu. Ali komediya yaradılması prosesində xanın vəziri (xalq artisti Süleyman Nəcəfov) öz ağasından nəinki geridə qalmır, hətta onun gülünc vəziyyətə düşdüyü məqamları bir az da komikləşdirirdi. Onu da qeyd edək ki, mən bu teatrın İrəvanda oynadığı Məhəbbət yaşayır hələ (Hidayət Orucov) və Sevil (Cəfər Cabbarlı) tamaşalarında Süleyman Nəcəfovun səsinə elə vurulmuşdum ki, indi onun Lənkəran xanının vəziri rolunda İrəvan ləhcəsi ilə danışması məni ruhən gənclik illərimə, ata-baba yurdlarımıza qaytarırdı. Ümumiyyətlə, səhnədə həm komik, həm faciəvi rolların mahir ifaçısı olan Süleyman Nəcəfov real həyatda qaniçən qonşularımız tərəfindən faciəvi yaşantılara məruz qalmışdır. Ermənilər İrəvan teatrının məşhur aktyorunun ailə üzvlərini qətlə yetirsələr də, o özü möcüzə nəticəsində sağ qala bilmişdir. Böyük itkilərə baxmayaraq, heç zaman teatrdan ayrılmayan sənətkar Azərbaycan Prezidentinin sərəncamı ilə xalq artisti fəxri adına layiq görülmüşdür.

Nazir Rüstəmovun seçdiyi aktyor heyətində kiminsə ünvanına bir az zəif oynadı, daha yaxşı oynaya bilərdi ifadələrini işlətmək üçün şans verilməmişdi. Səmayə Nəbiyevanın Zibası həm ərinə vəzirə, həm gənc günüsünə, həm də hamıya qarşı məkrli, hiyləgər, eyni zamanda çoxbilmiş bir qadındır. Başına gələn bəlalar da çoxbilmişlik ucbatındandır. Aktrisa bu rolu elə ifa etdi ki, tamaşaçı bir anlığa özünü teatra deyil, qonşuluqdakı hansısa hadisəyə baxırmış kimi hiss edirdi. Onun rəqibi olan Şölə xanım (əməkdar artist Esmiralda Şahbazova) isə müsbət qəhrəmanların saraydakı həmfikiri kimi rəğbətlə qarşılanır, uğurlu oyununa görə dönə-dönə alqışlanırdı. Heç nədən çəkinməyən, ədaləti bərqərar etməyə çalışan, öz məhəbbəti üçün canını belə qurban etməyə hazır olan Teymur ağa (Əhliman Ərşadlı) və bu müsbət qəhrəmanlığı onunla yarı bölməyi bacaran Nisə xanım (Nurbəniz Niftəliyeva) tamaşa boyu yeniliyin təmsilçisi, zülmətdə işıq kimi zaldakıların rəğbətini qazana bildilər.

Xalq artisti Tamella Abdullayeva (Pəri xanım), əməkdar artist Vidadi Əliyev (Ağa Bəşir), aktyorlar Niyaməddin Səfərəliyev (Hacı Salah), Əjdər Zeynalov (Fərraş), Samir Bayramov (mehtər), Ceyhun Əliyev (Ərizəçi) öz uğurlu ifaları ilə, quruluşçu rəssam Mübariz Əliyev XIX əsrin ortalarına xas səhnə tərtibatı ilə, bəstəkar Sərdar Fərəcov isə Mirzə Fətəlinin tiplərinin xarakterinə uyğun musiqi ilə yadda qaldılar. Ən başlıcası isə ölkənin az qala bütün teatrlarının müraciət etdiyi klassik əsər XXI əsrin ilk onilliyində də böyük maraq və diqqətlə qarşılandı, yüksək qiymətləndirildi. Çox sevindik.

Ancaq çox təəssüf etdiyim məsələ də var idi. İrəvan teatrı hələ də mənim işlədiyim parkla qonşudur. Biz isə bu teatra İrəvanda baxmaq istəyirik. Ümidimiz üzülməsə də təəssüfümüz böyükdür. Ümid edirik ki, dövlət başçımızın səyləri nəticəsində bu teatrın öz daimi ünvanına qayıdacağı günü də görəcəyik.

 

 

İsgəndər NAMAZOV,

Binəqədi rayonundakı

Ramiz Aboyev adına

mədəniyyət və istirahət

parkının direktoru

 

Xalq qəzeti.- 2009.- 25 noyabr.- S. 8.