Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı ilə Azərbaycan qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə silsilə tədbirlər həyata keçirilir.

 

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi Azərbaycanın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam sənətinin ümumdünya səviyyəsində tanıdılması və təbliği istiqamətində mühüm rol oynamışdır. Məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində 2003-cü ildə muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Muğam sənətindən sonra növbəti addım kimi Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində işlərin aparılması oldu. Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün namizədliyi irəli sürülmüşdür.

Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində görülmüş işlər Heydər Əliyev Fondunun rəhbərliyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu məqsədlə Azərbaycan aşıq sənəti faylı hazırlanmış və YUNESKO-ya təqdim edilmişdir. Müvafiq fayl hazırlanıb hökumətlərarası komitənin iclasında müzakirə olunmaq üçün YUNESKO-ya təqdim olunduqdan sonra bu yolda atılmış növbəti addım aşıq sənətinin təbliği və inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlanması oldu. Planın həyata keçirilməsi ilə bağlı dəyirmi masanın təşkili, Aşıqlar Birliyinin bərpası məqsədilə aşıqların qurultayının keçirilməsi, aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkil olunması, Aşıqlar Birliyinin yaradılması, fəxri adların verilməsi, aşıqların yubileylərinin qeyd olunması, kitabların və notların çap edilməsi, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunması və s. istiqamətlərdə geniş miqyaslı işlər görülmüşdür. Bununla yanaşı, Azərbaycan dövləti və Fransanın Maison des cultures du Monde şirkətinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanda və Fransada CD disklər buraxılmış, Fransanın Paris (Luvr muzeyində) və Strasburq şəhərlərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış etmiş, keçirilmiş bir sıra digər dövlət əhəmiyyətli tədbirlərə cəlb edilmiş, habelə bu istiqamətdə nazirlik tərəfindən təşviqat işləri və lobbiçilik fəaliyyətləri həyata keçirilmişdir.

Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir

Bununla yanaşı, Abu-Dabidən daha bir xoş xəbər daxil olmuşdur. Belə ki, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Novruz bayramı da YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 2.