Azərbaycan alimi beynəlxalq konfransda iştirak etmişdir

 

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva Rusiya Elmlər Akademiyasının Sibir bölməsində Novosibirsk şəhərində keçirilmiş Elm. Fəlsəfə. Cəmiyyət adlı beynəlxalq elmi konfransdan qayıdıb.

 

Rusiya Filosoflar Cəmiyyətinin xətti ilə keçirilən bu nüfuzlu elmi forumda azərbaycanlı alimin yeni ideyalarla zəngin olan və Azərbaycan klassik musiqisinə əsaslanan Mədəniyyət fəlsəfəsinin inkişafında musiqi təfəkkürünün rolu mövzusunda məruzəsi maraqla qarşılanmış və çox yüksək qiymətləndirilmişdir.

Fəlsəfə elminin müasir qloballaşma dövründə bəşər cəmiyyətinin intellektual kamilliyi işində rolu və yeni ideyaların həyata tətbiqi məsələlərinin müzakirəsi naminə dünya alimlərini bir araya gətirmiş bu elmi konqresin əsas qayəsi təhsildə və elmi araşdırmalarda yeni istiqamətlərin, yeni ideyaların müəyyənləşdirilməsi və müasir dövrün fəlsəfə elmi qarşısına qoyduğu suallara cavab axtarılması idi.

Konfransda qeyd olunmuşdur ki, müasir dövrdə elm insanların həyatında ancaq bir texnoloji amil və bilik mənbəyi kimi deyil, eyni zamanda yeni sivilizasiyanın formalaşmasında istiqamətverici amil kimi getdikcə daha mühüm rol oynamağa başlayır. 27 ölkə alimlərinin toplaşdığı beynəlxalq konqresdə çıxış edən məruzəçilər qloballaşan dünyada insan cəmiyyətinin üzləşdiyi bir sıra aktual fəlsəfi problemləri müzakirə etmiş, onların həlli yollarıı və praktik tətbiqi istiqamətlərini müəyyənləşdirməyə səy göstərmişlər. Bu mənada Azərbaycan alimi professor M.Hacıyevanın məruzəsində irəli sürülən mədəniyyət fəlsəfəsində musiqi təfəkkürünün rolu konsepsiyası öz yeniliyi və aktuallığı baxımından xüsusi maraq doğurmuşdur. Qeyd etmək lazımdır ki, alimin elmi tədqiqatlarında həmin mövzu önəmli yer tutur. Bu yaxınlarda onun İnsan. Cəmiyyət. Mədəniyyət adlı kitabı da işıq üzü görmüşdür.

Rusiya Filosoflar Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor A.N.Çumakov və baş elmi katibi, fəlsəfə elmləri namizədi A.D.Korolyov öz çıxışlarında professor M.Hacıyevanın məruzəsini çox yüksək qiymətləndirmişlər.

Onu da qeyd etmək istərdik ki, azərbaycanlı alimin bu nüfuzlu beynəlxalq elmi məclisdə iştirakının təşəbbüskarı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli olmuşdur.

 

 

İ.ABBASOV

 

Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 7.