İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı

 

Bu gün Bakı şəhərinin 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Şəhər İdman Sarayında (Dənizkənarı bulvar) İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının açılış mərasimi keçirilirəcəkdir.

 

Tədbirdə Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilya, həmçinin Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar iştirakı edirlər.

Açılışda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edəcək. Bundan başqa, Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilya, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun da tədbirdə geniş çıxış edəcəkləri gözlənilir. Açılış mərasimində milli komandaların və münsiflər heyətinin təqdimatı olacaq.

Bundan sonra yarışlar başlanacaq. Tədbir ərzində iştirakçılar üçün ekskursiyalar təşkil olunacaq, qonaqlar Bakının tarixi-memarlıq abidələri ilə, yeni parklar və xiyabanlarla tanış olacaqlar.

Kulinariyanın cəmiyyətdə rolu: inkişaf perspektivləri mövzusunda dəyirmi masa isə oktyabrn 9-da keçiriləcək.

Tədbirin sonunda oktyabrın 10-da bağlanış və mükafatların verilməsi mərasimi olacaq ki, burada da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və rəsmi qonaqların çıxışları nəzərdə tutulur. Tədbir qala-konsertlə sona çatacaq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 8.