Xalq rəssamının zəngin yaradıcılığına miniatür baxış

 

Torpaq axır-əvvəl aşınır, külək tozu havaya sovurur, bütün insanlar ölür, izsiz-soraqsız yox olur, incəsənətlə məşğul olanlardan başqa... Min il əvvəlin iqtisadiyyatı bizə bəsit görünür, amma incəsənət əsərləri əbədi yaşayır.

 

XX əsrin korifey yazıçılarından olan Ernest Heminqueyin bu fikri Azərbaycanın xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyevin mənalı həyat və yaradıcılığı yolundan bəhs edən və bu yaxınlarda Çaşıoğlu mətbəəsində yüksək poliqrafik tərtibatla işıq üzü görmüş iki miniatür nəşrdən biri üçün təsadüfən epiqraf seçilməmişdir. Doğma yurdunun əsrarəngiz təbiətini, hədsiz məhəbbətlə sevən, dünyadakı gözəllikləri həssaslıqla duyan və sehrli fırçasının gücü ilə onları kətan üzərinə köçürüb əbədiləşdirən görkəmli rəssam Hüseyn Əliyev özü də həmin ölməz əsərləri ilə bərabər insanların, sənət xiridarlarının qəlbində unudulmazlıq statusu qazanmışdır. Öz Vətəninə, xalqına, insanlara sonsuz məhəbbət onun ömrünün mənasına, yaradıcılığının ilham mənbəyinə çevrilmişdi. Onun əsərlərində yaşadığı dövrün nəfəsi duyulur, zamanın nəbzi döyünür. Bu keyfiyyətlər Hüseyn Əliyev sənətinin özünəməxsus koloritini ifadə edən amillərdir. Keçən əsrin 30-cu illərində, Leninqrad Bədii Rəngkarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil almışdır. Avropa mədəniyyəti və incəsənəti ilə yaxından tanışlığı, Kamil Pisarro, Klod Mone, Fransisko Qoyya kimi məşhur rəssamların təsiri Hüseyn Əliyevin yaradıcılığında müəyyən qədər hiss olunsa da, milli motivlər daha üstün nəzərə çarpır.

Rəssam gənc yaşlarında 1922-31-ci illərdə Şərqin ilk satirik jurnalı olan Molla Nəsrəddinlə əməkdaşlıq etmişdir. Onun sonrakı əmək fəaliyyətinin 52 ilə yaxın dövrü Azərbaycan mətbuatının bayraqdarı olan Kommunist qəzeti (indiki Xalq qəzeti) redaksiyası ilə bağlı olmuşdur. Burada o, daha çox satirik məzmunlu əsərləri ilə çıxış etmişdir. Köhnə əyyamın və yaşadığı zamanın naqisliklərini qamçılayan satirik rəssam kimi tanınsa da o, yaradıcılığında əsas diqqəti həyatın müsbət cəhətlərinə yönəldir. Yeni dövrün ritmini tutmağa çalışır buna nail olurdu.

Hüseyn Əliyev bir sənətkar kimi doğma Vətənin tərənnümündən, Azərbaycan təbiətinin gözəlliklərini vəsf etməkdən yorulmurdu. Görkəmli sənətkarın həyat yaradıcılığından bəhs edən hər iki miniatür kitabda toplanmış qiymətli əsərlərdən ağ-qara rəngli reproduksiyalar da bu fikrimizi bir daha təsdiqləyir. Nəfis tərtibatla oxuculara təqdim olunan bu dəyərli nəşrlərin müəllifi Ədalət Əliyevdir. 504 səhifəlik (formatı 70mm X 90 mm) birinci kitabın məsləhətçisi Zərifə Salahova, 88 səhifəlik (formatı 70 mm X 90 mm) ikinci kitabın məsləhətçisi isə Bayram Hacızadədir.

Qarşıdan xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyi gəlir. Bu miniatür nəşrlər 2011-ci ilin aprel ayında keçiriləcək həmin yubileyə, zənnimizcə, çox dəyərli töhfədir.

Yeri gəlmişkən oxucuların nəzərinə çatdırırıq ki, bu gün oktyabrın 16-da saat 17- İçərişəhərdəki Miniatür kitab muzeyində Hüseyn Əliyev nəşrlərinin təqdimat mərasimi olacaqdır.

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2009.- 16 oktyabr.- S. 3.