Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı tədbirlər bu ilin sonunadək davam etdiriləcək

 

Məlumdur ki, hələ 2007-ci ilin noyabr ayında Liviyanın paytaxtı Tripoli şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin V konfransında Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş və nazirlərin VI konfransının Bakıda keçirilməsi qərara alınmışdı. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bununla əlaqədar xüsusi tədbirlər proqramı hazırlamış və artıq bu günə kimi onlardan böyük bir qismi həyata keçirilmişdir.

Oktyabrın 13-dən 15-dək İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda çox möhtəşəm VI konfransı keçirildi. Ölkə Prezidenti cənab İlham Əliyevin konfransa göndərdiyi məktubda deyilir: 2009-cu il üçün Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə verilən yüksək qiymətdir. Bu il ərzində gerçəkləşən tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr vermiş, bir daha Azərbaycanın böyük İslam Mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb etmişdir. Konfrans iştirakçılarını qəbul edən cənab Prezident İlham Əliyev konfransın keçirildiyi günləri dostluq günləri, qardaşlıq günləri adlandırmışdır. Görüşdəki çıxışında Prezident İlham Əliyev bir daha bildirmişdir: Biz bundan sonra da çalışacağıq ki, bu həmrəyliyi praktiki irəliləyişimizlə daha da gücləndirək.

Kofransda İslam dünyası üçün mədəni strategiyanın həyata keçirilməsi sahəsindəki səyləri ətrafında müzakirələr davam etdirilmiş və nazirlər ümidvar olduqlarını bildirmişlər ki, Bakı konfransı əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacaq. Bu konfrans Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunduğu ildə keçiriləcək sonrakı tədbirlərə bir növ stimul vermişdir.

Noyabr ayında Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı tədbirlərin keçirilməsi davam etdiriləcək. İslamda mədəniyyət və gözəllik amili adlı beynəlxalq elmi-praktiki konfransın noyabr ayının 9-dan 10-dək Muzey Mərkəzində keçirilməsi planlaşdırılır. Bu konfransda İslam dünyasının mənəvi dəyərlərinin qorunması və zənginləşməsi ilə bağlı poblemlər ətrafında müzakirələr aparılacaq.

Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi də bu tədbirlər sırasındadır.

Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında əsası qoyulmuş Sənətçilər dialoq naminə layihəsi çərçivəsində Şərq-Qərb beynəlxalq rəqs festivalı noyabrın 24-dən 28-dək keçiriləcək. Bu tədbirlər sırasına Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni binasında açılacaq Böyük Britaniyanın Viktoriya və Albert muzeyinin İslam üst geyimləri Viktoriya və Albert muzeyində sərgisi də daxildir.

Dekabr ayında isə I Respublika dekorativ-tətbiqi sənət festivalı keçiriləcək.

Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi, Azərbaycan kino ensiklopediyasının təqdimatı da bu tədbirlər sırasındadır.

Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009 Mədəniyyət İlinin təntənəli bağlanışının dekabr ayının 15-də Heydər Əliyev adına sarayda keçirilməsi nəzərdə tutulur.

Heç şübhəsiz ki, bu tədbirlər İslam dünyası ölkələrinin mədəni əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfələr verəcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 17 oktyabr.- S. 7.