Sabunçu rayonunun Maştağa qəsəbəsində ulu öndər Heydər Əliyevin heykəlinin və yenidən qurulmuş parkın açılış mərasimi olmuşdur

 

Son illər Sabunçu rayonunda aparılan quruculuq işləri hörmətli Prezidentimiz İlham Əliyevin respublikamızda həyata keçirdiyi islahatların real nəticəsidir. Ölkə rəhbərinin Bakı şəhərinin və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramı bu rayonun qəsəbələrinin də inkişafına güclü stimul vermişdir. Maştağa qəsəbəsi də son illər əsaslı şəkildə yeniləşməkdədir. Müstəqillik Günündə bu qəsəbədə ulu öndərin adını daşıyan və dahi rəhbərin heykəli ucaldılan yeni parkın təmirdən sonra açılış mərasimi keçirildi.

 

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin I müavini Ziyafət Əsgərov, ədliyyə naziri Fikrət Məmmədov, YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin deputatı, Azərittifaqın idarə heyətinin sədri Eldar Quliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev və başqa rəsmi şəxslər, Maştağa və ətraf qəsəbələrin sakinləri iştirak edirdilər.

Mərasimi ciriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev ilkin olaraq Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbirə toplaşanları təbrik etdi. Bildirdi ki, bu gün Maştağa qəsəbəsinin mərkəzində yenidən qurulmuş parkda önəmli bir tarix yaşanır. Biz müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin açılış mərasiminə torlaşmışıq. Hamıya məlumdur ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər bu dahi şəxsiyyətin adı ilə bağlıdır.

Hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən ulu öndər Azərbaycanın parlaq gələcəyinə böyük ümidlər bəsləyir və gələcək müstəqillik üçün zəmin hazırlayırdı. Hətta Moskvada rəhbər vəzifədə işləyərkən Azərbaycanı bir an belə unutmur, onun inkişafını diqqət mərkəzində saxlayırdı. 90-cı illərdə Naxçıvanda çalışarkən Sovetlər Birliyinin saxlanılması ilə bağlı keçirilən referendumun Naxçıvanda boykot edilməsini, Azərbaycanın milli bayrağının Naxçıvanda qaldırılmasını isə dövlət müstəqilliyimizin təməlinin qoyulması kimi dəyərləndirmək lazımdır.

Müstəqilliyimizin ilk illərində baş verən siyasi, iqtisadi çətinliklər, yəqin ki, hamımızın yaddaşındadır. Anarxiya, xaos, özbaşınalıq Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Ordu hissələri ayrı-ayrı şəxslərin tabeliyində fəaliyyət göstərirdi. Bundan istifadə edən düşmənlərimiz torpaqlarımızı işğal etməkdə davam edirdi. Bu ağır günlərdə xalq öz nicatını ulu öndər Heydər Əliyevin qayıdışında gördü. Beləliklə, xalqın tələbi ilə ulu öndər Bakıya dəvət edildi.

Ulu öndərin 1993-cü ildə Naxçıvandan Bakıya gəlişi hər birimizin xatirindədir. Ölkəmiz üçün çox ağır bir məqamda Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gətirildi. Beləliklə, az bir müddət ərzində atəşkəsə nail olundu. İlk əvvəl Azərbaycan dünyanın iri dövlətləri ilə neft kontraktını imzaladı. Əsrin müqaviləsinin imzalanması Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi yolunda əsaslı addım oldu. Bundan sonra Azərbaycan iqtisadiyyatının yüksəliş dövrü başlandı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində əsaslı islahatlar keçirildi. Azərbaycan bu dövrdə nüfuzlu beynəlxalq təşkilatlara üzv seçildi, iqtisadiyyatımıza investisiyaların qoyulması sürətləndi, ölkənin beynəlxalq əlaqələri gücləndirildi.

2003-cü ildə ulu öndər sıralarımızdan cismən ayrılsa da, xalqımız onun ideyalarının yaşayacağına inanırdı. Beləliklə, ölkədə siyasi hakimiyyətə ulu öndərin ideyalarının davamçısı, çox hörmətli Prezidentimiz İlham Əliyev gəldi. O vaxtdan Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən sürətli inkişaf və tərəqqi hamımızın gözü qarşısındadır.

Möhtərəm Prezidentimiz ilkin olaraq regionların iqtisadi və sosial inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi haqqında sərəncam imzaladı. Bu proqramın ölkəmizin inkişafında çox mühüm əhəmiyyəti oldu. İndi bütün bölgələrdə yeni sənaye müəssisələri, məktəblər, səhiyyə ocaqları, idman kompleksləri, gözəl parklar, xiyabanlar, yeni yaşayış binaları salınmış və hazırda bu sahədə işlər davam etdirilməkdədir. Bununla yanaşı, Prezidentimizin sərəncamı əsasında qəbul edilmiş Bakı və Bakıətrafıv qəsəbələrin sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı Bakıətrafı qəsəbələrin, eyni zamanda Sabunçu rayonu qəsəbələrinin inkişafında əhəmiyyətli rol oynamışdır.

İcra başçısı qeyd etdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çoxdur. Elə Maştağa qəsəbəsinin nümunəsində biz bu inkişafın şahidi ola bilərik. Belə ki, bu qəsəbədə köhnə məktəblər yenidən qurulmuş, müasir tələblərə cavab verən rabitə xidməti binası inşa edilmişdir. Tibb ocaqları da təmir edilib yenidən istifadəyə verilmişdir. Qəsəbənin mədəni həyatında yeniliklər bu gün aydın nəzərə çarpır. Elə qarşısında toplaşdığımız kitabxana müasir standartlara uyğun təmir edilmişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da qayğısını maştağalılar həmişə hiss etmişlər. Maştağa qəsəbəsində 1 saylı internat məktəbi yenidən qurularaq istifadəyə verilmişdir. 108 saylı məktəbə əlavə korpus tikilmiş, 22 saylı uşaq bağçası yenidən qurulmuşdur. Bu gün də bu tədbirlər davam etməkdədir.

Sonra Əlibaba müəllim bütün bu şəraiti yaratdığına görə cənab Prezidentə Maştağa camaatı adından təşəkkürünü bildirdi.

Çıxışının sonunda isə icra başçısı rayonun inkişafında böyük xidmətləri olan ədliyyə naziri Fikrət Məmmədova, Maştağa qəsəbəsinin abadlaşdırılmasında yaxından köməklik göstərən Milli Məclisin deputatı Eldar Quliyevə, ulu öndərin bu əzəmətli heykəlinin müəllifi, mərasimdə iştirak edən akademik Ömər Eldarova Maştağa qəsəbə sakinləri adından öz təşəkkürünü bildirdi.

Tədbirdə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov çıxış etdi. Ziyafət müəllim qeyd etdi ki, Müstəqillik Gününün qeyd olunması ümummilli liderin heykəlinin açılışı ilə bir gündə baş verir. Ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunmasındakı və möhkəmləndirilməsindəki rolu olduqca böyükdür. Mənə də o xoşbəxtlik nəsib olub ki, Azərbaycanın ilk milli Konstitusiyasının işlənib hazırlanmasında ulu öndərlə bir yerdə işləmişəm. Bu dahi şəxsiyyətin fəaliyyətini daim izləyən bir şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Bu cür möhtəşəm heykəlin qoyulması təkcə incəsənət əsəri kimi deyil, həm də nəsillərə bir ərmağan kimi çox qiymətlidir. Belə sənət əsərlərinin Azərbaycanın bölgələrində də qoyulmasını alqışlayıram.

Ulu öndər müasir Azərbaycan dövlətinin banisidir, deyəndə mənim xatirimdə ilk olaraq 90-cı illərin əvvəlləri canlanır. Azərbaycan məhz Heydər Əliyev ideyalarından güc aldı, inkişaf etdi. Bu gün Azərbaycanın Heydər Əliyev siyasətini uğurla davam etdirən güclü Prezidenti var, onun arxasında isə güclü xalqı dayanır. Bütün bunların əsasında isə Heydər Əliyev şəxsiyyəti, onun dönməz iradəsi durur. Hesab edirəm ki, hər bir azərbaycanlı gənc, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, hər kəs Heydər Əliyevin banisi olduğu Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə öz töhfəsini verməlidir.

Maştağa qəsəbəsinin abadlaşdırılmasında, ulu öndərin bu heykəlinin ucaldılmasında xidməti olanlar böyük təşəkkürə layiqdirlər.

Milli Məclisin deputatı, Azərittifaqın idarə heyətinin sədri Eldar Quliyev müstəqilliyimizin möhkəmləndirilməsində və qorunmasında ulu öndərin xidmətlərindən söz açdı. O qeyd etdi ki, Azərbaycan iki dəfə müstəqillik qazanmışdır. Birinci dəfə bu müstəqillik cəmi 23 ay yaşadı. İndi isə artıq 18 ildir ki, Azərbaycan müstəqil dövlətdir. Ulu öndər dəfələrlə deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. O yaxşı bilirdi ki, qurduğu, fəlakətlərdən xilas etdiyi Azərbaycan bundan sonra azad yaşayacaq, öz müstəqilliyini əbədi olaraq qoruyub saxlayacaq.

Doğrudan da, ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanı xilas etdi. Onu dağılmaq təhlükəsindən qorudu. Bu gün həmin ideyalar böyük uğurla reallaşır, həyata vəsiqə alır. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı regionda lider dövlətə çevirib.

Regionların, Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları bu gün, demək olar ki, reallığa çevrilmişdir.

Maştağa qəsəbəsinin də inkişafında son illər əsaslı yeniliklər göz qabağındadır. Bu gün açılışına gəldiyimiz bu park bərbad vəziyyətdə idi. İndi baxın, o necə də gözəlləşib. Bu parkı daha da gözəlləşdirən isə hörmətli xalq rəssamımız, akademik Ömər Eldarovun yaratdığı ulu öndərin möhtəşəm abidəsidir.

Bu Müstəqillik Günündə arzulayaq ki, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunsun, qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına qayıtsınlar. Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət deməyə əsas verir ki, o gün çox da uzaqda deyil. Azərbaycan xalqı öz Prezidentinə inanır.

Mərasimin sonunda qəsəbə ağsaqqalları adından Məmmədağa Əliyev çıxış edərək qəsəbə sakinlərinin istirahəti üçün belə bir guşənin yaradılmasında xidməti olanlara minnətdarlığını bildirdi.

Sonra Ədliyyə Nazirliyinin köməkliyi ilə tikilmiş və yeni istifadəyə verilmiş parkda yerləşən Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı üzrə Sabunçu rayon şöbəsinin Maştağa filialının açılışı oldu. Tədbir iştirakçıları bina ilə tanış oldular. Ədliyyə naziri Fikrət Məmmədov çıxışında qeyd etdi ki, bu vaxta kimi bu məsələ ilə icra hakimiyyətləri məşğul olurdu. İndi isə bu səlahiyyət nazirliyə verilmişdir. İlk dəfə biz Maştağada belə filial açırıq. Burada təkcə Maştağa qəsəbə əhalisinə yox, yaxınlıqdakı qəsəbələrin sakinlərinə də hüquqi xidmət göstəriləcək.

Sonda tədbir iştirakçıları parkda təşkil olunmuş konsert proqramına baxdılar.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 20 oktyabr.- S. 5.