Sənət adamlarımız

 

İkicə kəlmə: Mənsum İbrahimov

 

Nadanlıqla silahlananları tərksilah eləmək lazımdı, ağlıma gələn birinci cümlənin sonunda nöqtə qoymağa yer tapmıram, nöqtənin bəlkə də yeri yoxdu, amma cümlənin yeri var; o, güc orqanında işləmir, müstəqil dedektiv də deyil, amma hücum eləməyi əla bacarır, qarşısındakı nadandısa...

 

O - öyrədəndi...

Balaca uşaq kimi, kitab-dəftər əlindən düşmür, üst-başına mürəkkəb tökülsə heyrətlənmərəm, heç bir çəkilişə məşqsiz getmir, dərs dediyi akademiya - gimnaziya - orta məktəbdə ən səliqəli tələbə - şagird o özüdü, səsdən söz, sözdən səs almağın yolunu bilir, bəlkə kiməsə adi görünər, dünyada ən çətin iş kimləsə, nəyləsə nəfəs almaqdı, o kimlə, nəylə nəfəs almağın yolunu bilir.

O - öyrənəndi...

Adı olmayanda da utancağıydı. Xalq artistidir, yenə özünü dartmaz.

Opera Balet Teatrında heç kim işləməyəndə o, səhnədən düşmürdü. İndi hamı teatral olub, o yenə sakitcə Məcnunun məşqlərinə tələsir.

Otuzunda səsinin başını yığmaq olmurdu, gələn il yaşı yarım əsri haqlayacaq, olsun, zilinin təqvimdən xəbəri yoxdu.

Vaxtıyla öyrəndiyi insanlardan indi çox bilir, amma hələ onlarıustaddeyə öyməyində.

Sənət evinə gətirdiyi yeniliklər bünövrənin üstündə dayanıb.

O - dəyişməyəndi... Toyda elə oxuyur, deyirsən, Respublika sarayında dövlət konsertidi. Ona görə kimsə cibinə pul qoymağa cürət eləməz.

İlahi, o, yüz kərə Məcnun olub! Adam bir yol özünü Məcnuna oxşadanda (Məcnun olanda yox ha, oxşadanda!) ağlı başından oynayır, evini, eşiyini atıb çöllərə düşmək istəyir - yoxsa yüz kərə! Leylini ona düz eləyib vermirlər, o, Leylinin yox, Məcnunun məcnunudu.

Hər dəfə adımı onun dilindən eşidəndə sevinirəm. Elə bilirəm, məni Məcnunun özü çağırır. Axı, Füzulinin yazdığına görə, Məcnunun da gözəl səsi olub. Poema yadınızdadı:

 

Avazı idi bəsi mülayim,

Üslubi dürüst, üsuli qaim.

Təhrir ilə hər çəkəndə avaz,

Quşlara tutardı rah-i pərvaz.

Gahi qəzəlü gahi qəsidə

İnşa qılıb ol sitəmrəsidə.

Suz ilə oxurdu gahü bigah,

Bir neçə əziz onunla həmrah.

 

O - Məcnundu...

Muğam çölləri onun müridləriylə doludu. Azərbaycan muğam müsabiqəsində birinci yer - onun şagirdinin, Beynəlxalq muğam müsabiqəsinin qalibi - onun boğazından sənət körfəzinə yan alıb, ən balaca muğam ustası Elməddin İbrahimov bu günlərdə əməkdar artist adına layiq görülmüş ən gənc xanəndə Təyyar Bayramovun adlarını çəkmək bəsdi. Tələbələri təkcə oxumağı yox, nitq mədəniyyətini ondan əxz eləyiblər. Onun məktəbi həm Vətən eşqi məktəbi”di (M.Şəhriyar). Onun səsi Qarabağın səsiylə açılır, sözü Qarabağın sözüylə bitir. Dost kimi hələ bir kəsi xəcil eləməyib. Elçi gedib, dava yatırıb, sülh imzaladıb, adamı həmişə özünə çəkib, özündən itələməyib. Ata kimi xoşbəxtdi, oğul kimi , ər kimi , sənətçi kimi . Allah onu sübh çağı - şər dağılanda xəlq eləyib.

O - məsumdu...

O - Mənsumdu...

 

 

Qulu AĞSƏS 

 

Xalq qəzeti.- 2009.- 21 oktyabr.- S. 7.