C.Cabbarlı 110

 

Böyük ədibin xatirəsi yad edilmişdir

 

Kitabxana Könüllülər İctimai Birliyinin təşəbbüsü, Qaradağ Rayon İcra Hakimiyyəti və Cəfər Cabbarlı ev muzeyinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət evində çağdaş Azərbaycan dramaturgiyasının banilərindən biri, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli şair, dramaturq, tərcüməçi, teatr xadimi, türk dünyasının ünlü sənətçisi C. Cabbarlının 110 illiyinə həsr olunmuş Cəfər təbiətin möcüzəsidir adlı xatirə gecəsi teatral kompozisiya keçirilmişdir.

 

Tədbir iştirakçıları Azərbaycan ədəbiyyatı, mədəniyyəti, ədəbi və ictimai fikri, milli teatrı, kinosunun inkişafında əvəzolunmaz və müstəsna xidmətləri olan Cəfər Cabbarlı sənətinə hörmət və ehtiram olaraq bu cəhətlərin hər biri barədə əhatəli söz açmışlar.

Xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, xalq artistləri Ağakişi Kazımov, Ağadadaş Ağayev, Əminə Yusifqızı, əməkdar artistlər Eyyub Yaqubov, Tünzalə Ağayeva, Feyruz Səxavət, Samir Cəfərov, aktyor, əməkdar müəllim, professor Ənvər Vəliyev, müğənnilər Nadir Qafarzadə, Ramin Qasımov və filologiya elmləri namizədi Firudin Qurbansoy tədbirdə iştirak etmişlər. Qeyd edilmişdir ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə daim qayğılar göstərən ulu öndər Heydər Əliyev Cəfər Cabbarlı sənətinə, onun şəxsiyyətinə həmişə böyük qiymət vermişdir. Onun ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə ədibin yubileyləri dövlət səviyyəsində müvafiq sərəncamla, təntənə ilə qeyd olunub.

Cəfər təbiətin möcüzəsidir adlı xatirə gecəsi teatral kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru, eləcə də gecənin aparıcısı Qafar Əsgərzadə idi. Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək bir neçə ziyalını fəxri fərmanla təltif etmişdir.

 

 

İ. QAÇAYEV

 

Xalq qəzeti.- 2009.- 22 oktyabr.- S. 7.