Dostluq qardaşlıq körpüsü

 

Möhkəm təməl üzərində...

 

Azərbaycan-Misir əlaqələrinin dəqiq tarixi barədə konkret bir fikir söyləmək çətindir. Ancaq məlum həqiqətdir ki,zaman-zaman enişli-çıxışlı yollardan keçən bu əlaqələrin əsaslı surətdə genişlənməsi prosesi ulu öndər Heydər Əliyevin 1994-cü ildə Misir Ərəb Respublikasına səfəri ilə başladı. Prezident İlham Əliyevin 2007-ci ilin mayında bu ölkəyə gerçəkləşdirdiyi səfər zamanı imzalanan sənədlər isə iki ölkə münasibətlərinin bütün sahələr üzrə daha da genişlənməsi üçün möhkəm zəmin yaratdı. Səfər zamanı Azərbaycan Respublikasının Abşeron rayonu ilə MƏR-in Qalubiyyə vilayəti arasında dostluq əməkdaşlığa dair anlaşma memorandumu da imzalandı.İki ölkə başçısının “xeyir-duasını” alan anlaşma protokolundan sonra nümayəndə heyətlərinin qarşılıqlı səfərləri başlandı və nəzərdə tutulmuş şərtlərin - MƏR-də Azərbaycan parkının yaradılması və ulu öndər Heydər Əliyevin abidə kompleksinin ucaldılması, parkın yerləşdiyi küçəyə “Azərbaycan” adının verilməsi, eləcə də Abşeron rayonunda “Qalubiyyə” küçəsinin salınması və MƏR-in dövlət başçısı Hüsni Mübarəkin heykəlinin qoyulduğu parkın yaradılması istiqamətində real addımlar atıldı. Bu gün böyük məmnuniyyət hissi ilə demək olar ki, aradan keçən vaxt o qədər uzun olmasa da, sadalanan işlərin böyük əksəriyyəti həyata keçirilib.

 

Misirin birinci xanımı Abşeronda

 

Əlbəttə, görülən işlərin miqyası bununla da məhdudlaşmayıb. 2008-ci ilin sentyabrında Misirin birinci xanımı Suzan Mübarək Azərbaycan Respublikasında olarkən Abşeron rayonuna da baş çəkib. “Qalubiyyə” küçəsində yerləşən Azərbaycan-Misir parkı və burada ucaldılmış Hüsni Mübarəkin abidəsi ilə tanışlığın, adını daşıyan Xırdalan şəhər 9 saylı ərəb təmayüllü orta məktəbdə olmağın onda xoş təəssüratlar yaratdığını bildirən S.Mübarək sevindirici bir xəbər söyləmişdi ki, Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adına məktəb tikiləcək və bu təhsil ocaqları iki ölkə arasındakı səmimi münasibətlərin daha da güclənməsinə öz töhfəsini verəcək.

Qarşılıqlı əlaqələrin dövlətlərimiz üçün həyati əhəmiyyət kəsb etdiyini yüksək səviyyəli səfərlərin bu münasibətləri tənzimləyən ən güclü vasitələrdən biri olduğunu bildirən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xüsusi vurğulayır ki, öz növbəsində abşeronlular da öhdələrinə düşən işin mahiyyətinin məsuliyyətinin həm böyük, həm şərəfli olduğunu yaxşı başa düşdüklərindən çalışırlar ki, hər şey qaydasında və ürəkaçan olsun.

 

Şəxsiyyətə ehtiram bəzən istisnaları da zəruriləşdirir

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın axırlarından başlayaraq oktyabrın birinci yarısını əhatə edən növbəti Misir səfərinin də proqramı çox zəngin idi. Ancaq missiyanın xoşməramlılığı yorğunluq və gərginlik əlamətlərinin yaranmasına imkan vermirdi. 15 milyon əhalisi olan Qalubiyyə vilayətində 7 hektar ərazidə salınan Azərbaycan-Misir dostluq parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adını daşıyan məktəbin açılış mərasimi, sözsüz ki, nümayəndə heyətinin hər bir üzvünün ömür boyu məmnuniyyətlə xatırlayacağı ən əlamətdar hadisələrdən və ən xoş anlardan biridir. Misir Ərəb Respublikasında xarici ölkə vətəndaşının adını daşımasına, həm də müasir üslubda tikilməsinə görə bu məktəbin yeganə fakt olması da məsələnin əhəmiyyətini birə-beş artırır. Yeri gəlmişkən, 1600 yerlik, dördmərtəbəli təhsil ocağında şagirdlərin yüksək səviyyədə təhsil ala bilməsi üçün hər cür şərait yaradılıb, yaraşıqlı sinif otaqları, kitabxana, müxtəlif fənlərin laboratoriyaları, kompyuter otaqları, texniki avadanlıqlarla tam təmin edilmiş idman zalı fəaliyyət göstərir. Yüzdən artıq müəllimin çalışacağı məktəbdə hazırlıq, əlil uşaqlar və ümumtəhsil şöbələri üç növbədə işləyəcək. Azərbaycan-Misir dostluğundan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial sahələrə xüsusi qayğısından bəhs edən fotoşəkillər məktəbin foyesini bəzəyir.

 

Azərbaycanın qüdrətli dövlətə çevrildiyi Misirdə də dilə gətirildi

 

Məktəbin açılış mərasimində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd etdi ki, Azərbaycan Respublikasının müstəqil və qüdrətli dövlət kimi formalaşması ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, apardığı düzgün və uğurlu siyasətin məntiqi nəticəsidir. Bu düzgün və uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirildiyini vurğulayan Z.Fərəcov bildirdi ki, ulu öndər Heydər Əliyevin “iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” prinsipini əsas götürən ölkəmiz həyata keçirdiyi möhtəşəm layihələr nəticəsində təkcə regionun deyil, eyni zamanda, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilmiş və dünyanı sarsıdan iqtisadi böhranın təsiri altına düşməmişdir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, nüfuzlu maliyyə qurumları Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət və önəm verirlər. Bu da sözsüz ki, ölkəmizin qazandığı hörmət və etibarın, nüfuzun bariz nümunəsidir. Doğma yurd-yuvalarından qaçqın düşən vətəndaşların dövlət səviyyəsində hər cür şəraitlə təmin olunduğunu, yeni müəssisələrin və iş yerlərinin yaradıldığını misirlilərin nəzərinə çatdıran natiq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, bir sözlə, sosial sferanın tərəqqisi naminə genişmiqyaslı və yorulmaz fəaliyyətindən, muğamın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Mehriban xanımın şəxsiyyətinə hörmət və ehtiramın ifadəsi olaraq Misirdə yaradılan şəraitə görə minnətdarlığını bildirən Z.Fərəcov yeni məktəbin fəaliyyətində uğurlar arzuladı və əminliyini bildirdi ki, bu təhsil ocağı Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında qardaşlıq tellərini daha da möhkəmləndirəcəkdir.

Qalubiyyə vilayətinin qubernatoru Ədli Hüseynin iştirakı ilə məktəbdə yaradılan şəraitlə tanışlıq, məktəblilərlə səmimi söhbət nümayəndə heyətində xoş ovqat yaratdı. Qubernator Ədli Hüseyn məktəbə Mehriban xanım Əliyevanın adının verilməsini rəsmiləşdirən sərəncamı Zakir Fərəcova təqdim etdi. Nümayəndə heyətinin rəhbəri də öz növbəsində dövlətimizin inkişafının təcəssümü olan fotoşəkilləri və azərbaycanca-ərəbcə lüğəti Qalubiyyə vilayətinin qubernatoruna bağışladı.

 

Yol Bursaya aparır...

 

Misirə səfəri uğurla tamamlayan nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Bursa vilayətinə gəldi. Məqsəd keçən il Yıldırım bələdiyyəsi ilə Xırdalan bələdiyyəsi arasında imzalanmış qardaşlıq müqaviləsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin Bursa şəhərinin Qapalı Qaya yaşayış massivində 2,5 hektarlıq Heydər Əliyev parkında ucaldılmış abidə kompleksinin açılışında iştirak etmək idi. Türk dünyasının görkəmli oğlu Heydər Əliyevin həyatının möhtəşəmlik simvolu və iki qardaş ölkəni–Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan körpü olduğu xatırladıldı. Mərasim iştirakçılarının nəzərinə çatdırıldı ki, heç bir mənfur niyyət bizim dostluğumuza və qardaşlığımıza xələl gətirə bilməyəcək,əksinə, məhz Heydər Əliyev kimi dahi şəxsiyyətlərin timsalında bu dostluq və qardaşlıq daha da möhkəmlənəcək, daha da sarsılmaz olacaqdır. Yıldırım bələdiyyəsinin sədri Özgən Kəskin məlumat verdi ki, parkın bir hissəsinə yaxın vaxtlarda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adı veriləcək.

...Bizimlə səfər təəssüratlarını bölüşən nümayəndə heyətinin rəhbəri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dedikləri,zənnimcə, səfərin mahiyyətini daha dəqiq ifadə edir: Ulu öndərimiz Heydər Əliyevin, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsiyyətlərinə olan sonsuz ehtiram Misir və Türkiyə kimi digər ölkələrlə də qardaşlıq və dostluq münasibətləri qurmağa və bu münasibətləri qoruyub saxlamağa imkan verir.

 

 

Səməd Hüseynoğlu

 

Xalq qəzeti.-2009.- 23 oktyabr.- S. 4.