Daşkəsən yeni görkəmdə

 

Daşkəsənin bu günü haqqında yazı hazırlamaq üçün rayon icra hakimiyyətindən, digər strukturlardan arayışlar almağa, rəqəmlər, faktlar götürməyə ehtiyac qalmır. Şəhərə və ətraf kəndlərə baş çəkmək kifayətdir ki, Daşkəsənin inkişafı, bugünkü durumu haqqında təsəvvürün olsun.

... Dağlar qoynunda yerləşən bu rayon son 4-5 ildə çox dəyişib. Yaşayış, ictimai, inzibati binaların fasadından tutmuş, küçə və səkilərə, park və xiyabanlara, yollara kimi tamamilə yenidən qurulub. Özü də hərəsi bir rəngdə, bir görkəmdə, zövqlə, səliqə-sahmanla. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun bu işlərin həyata keçirilməsində xüsusi zəhmətini qeyd etməmək mümkün deyil. Yerli sakinlər deyirlər ki, Tahir müəllim az qala hər daşın, kəsəyin də harada, necə dayanmasına özü nəzarət edir, daim tikinti-təmir, abadlıq işlərini görən fəhlələrin yanında olur, dəyərli məsləhətlər verir, onları ruhlandırır, problemləri ilə maraqlanır və eyni zamanda yerli sakinləri, rayon ağsaqqallarını, ziyalıları dinləməyi sevir, Daşkəsənin inkişafı üçün yaxşı nə varsa mənimsəməyə, işdə həyata keçirməyə çalışır.

Ötən il özünün 60 yaşını qeyd edən Daşkəsənin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu rayona xüsusi diqqət və qayğı göstərməsi ilə əlaqədardır. Üç il əvvəl, oktyabrın 31-də ölkə başçısının Daşkəsənə səfəri rayonun həyatında xüsusi mühüm hadisə kimi yadda qalmışdır və heç şübhəsiz tərəqqi, inkişaf həmin səfərdən sonra daha geniş vüsət almışdır.

Rayonda əhalinin sosial problemlərinin, o cümlədən elektrik enerjisi, qaz, su, rabitə xidmətlərinin yaxşılaşdırılması üçün kompleks tədbirlər işlənib həyata keçirilmişdir. Heç vaxt təbii qazı olmayan kəndlərə yeni qaz xətlərinin çəkilişi xəbəri əhali tərəfindən çox böyük razılıqla qarşılanmışdır. Ümumiyyətlə, 2010-cu ilin sonuna kimi Xoşbulaq, Quşçu, Bayan, Kəmərqaya və digər 9 sərhəd kəndinə təbii qaz verilməsi nəzərdə tutulmuşdur. Artıq Daşkəsən-Xoşbulaq magistral təbii qaz xəttinin çəkilişi başa çatmış, Xoşbulaq avtomatik qazpaylayıcı stansiya istifadəyə verilmişdir. Rayon qaz-istismar idarəsinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, idarənin inzibati binası əsaslı təmir olunmuş, müvafiq avadanlıqla təchiz edilmişdir.

Rayonda elektrik enerjisinin etibarlılığını tam təmin etmək üçün müvafiq işlər görülmüş, transformatorların təmirinə, saxlanmasına xüsusi diqqət yetirilmişdir. Daşkəsən şəhərinin kanalizasiya sistemində təmizləyici qurğunun quraşdırılması nəzərdə tutulmuşdur.

Rayonda təmir olunmuş və ya yeni tikilmiş obyektlərin - təhsil, səhiyyə, mədəniyyət ocaqlarının sayı ilbəil artır. Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeniləşən Azərbaycana - yeni məktəb - devizi altında rayonda son illər çoxlu məktəb binası inşa və təmir edilmişdir. Son beş ildə dövlət büdcəsindən maliyyələşdirilməklə Təhsil Nazirliyi hesabına Qabaqtəpə kənd əsas məktəbi yanında 100 şagird yerlik 6 sinif otağı, Alaxançallı kəndində 112 şagird yerlik, Quşçu və Quşçu körpü qəsəbələrində hər biri 80 şagird yerlik, Aşağı Daşkəsən qəsəbəsində 80 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondu hesabına isə Yuxarı Daşkəsən qəsəbəsində 200 şagird yerlik, Təzəkənd kəndində 160 şagird yerlik orta məktəb binaları inşa olunmuşdur. Bundan əlavə fondun hesabına Daşkəsən şəhər 2 saylı uşaq bağçası və uşaq, gənclər idman məktəbi əsaslı təmir olunmuşdur. Digər şəhər və kənd məktəblərinin əsaslı, cari təmir olunması təhsilin keyfiyyətinə və səmərəliliyinə istər-istəməz təsir etmişdir.

Yeri gəlmişkən bir məsələni qeyd etmək lazımdır ki, rayon rəhbərliyi məktəbli gənclərin, yeniyetmələrin asudə vaxtının təşkilinə, onların idmana yaxından cəlb olunmasına, problemlərinin öyrənilməsinə və konkret köməklik göstərilməsinə xüsusi qayğı ilə yanaşır. Bu ilin fevralında rayon rəhbərliyinin Narzan ailəvi istirahət mərkəzində çox xeyirxah bir tədbirin - nişan mərasiminin keçirilməsini təşkil etməsi nəinki Daşkəsəndə, respublikada yaxşı əks-səda yaratmışdır. Söhbət Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, uşaq evində böyümüş Xəyal Qafarovla Naibə Dəmirovanın nişan mərasimindən gedir. Heydər Əliyev Fondu hesabına bu gənclərə rayonda inşa edilmiş binada, mebel və digər məişət avadanlığı ilə təmin olunmuş üçotaqlı mənzilin açarı da verilmişdir.

Daşkəsəndə görülən işlərlə arxayınlaşmırlar. Hər gün, hər saat işlər təhlil olunur, perspektiv vəzifələr müəyyənləşdirilir, onların həlli yolları göstərilir.

Bu yaxınlarda 2009-cu ilin birinci yarısının yekunları ilə bağlı rayonda keçirilən müşavirə bir daha təsdiq etdi ki, daşkəsənlilər qazanılanlarla arxayınlaşmaq fikrində deyil. Müşavirədəki hesabat məruzəsindən qeydlər:

- Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə) süni mayalanma məntəqələri fəaliyyət göstərir. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.

- Quşçu kəndində fəaliyyət göstərən damazlıq Ağbaba kəndli təsərrüfatına 15 baş iribuynuzlu cins mal gətirilmişdir. Gələcəkdə başqa təsərrüfatlara da gətirilməsi üçün hazırlıq işləri görülür.

- 2009-cu ildə 2008-ci ilə nisbətən 278 hektar çox kənd təsərrüfatı bitkilərinin səpini aparılmışdır.

- Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.

- Daşkəsən rayonunda Aqrotexservis xidmətindən daha səmərəli istifadə etmək üçün yeni texnikaların alınmasına hazırlıq işləri görülür.

- Prezident İlham Əliyev tərəfindən 2 fevral 2009-cu il tarixdə Arıçılıq haqqında 6 fəsildən, 30 maddədən ibarət imzalanmış qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin mövcud olması nəzərə alınaraq 2009-cu ildə də arıçılığın inkişafına yönəlmiş tədbirlər görülür.

- 2009-cu ildə ölkə başçısı tərəfindən Uşaq ili elan olunması ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı təsdiq olunmuş və artıq bir sıra işlər həyata keçirilmişdir. Bu tədbirlərin daha maraqlı və yaddaqalan olması, iştirak edənlərin sayının daha da artırılması üçün orta təhsil müəssisələri rəhbərləri, rayon icra hakimiyyətinin müvafiq şöbəsi tərəfindən görülən işlərin əlaqələndirilməsi və genişləndirilməsi davam etdirilir.

- Hesabat dövründə rayonda bir sıra tədbirlər keçirilmişdir. Belə ki, aprel-may aylarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası respublikada futbolun təbliği və inkişafı istiqamətində apardığı işlər çərçivəsində rayonun orta məktəblərində Futbol oynayaq-sağlamlığı qoruyaq - devizi altında tədbirlər keçirilmişdir.

- Novruz bayramında və ordunun yaranması günündə rayonun daxili imkanları hesabına N saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı çatdırılmış və konsert verilmişdir.

- Cari ilin birinci yarısında rayon ərazisində bir çox tikinti, təmir-bərpa, abadlıq işləri görülmüşdür.

- Alunitdağ qəsəbəsində qəza vəziyyətində olan binaların sakinlərini yerləşdirmək məqsədi ilə 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.

- Bayan-Almabağı kənd, Quşçu qəsəbə və Aşağı Daşkəsən qəsəbə klubları, Dəstəfur kənd kitabxana, Xoşbulaq kənd mədəniyyət evi və kitabxana, Xoşbulaq yaylaq klub və kitabxana, Zağalı kənd kitabxana və klub, Dəvrallı kənd kitabxana və klub binaları cari, Yuxarı Daşkəsən qəsəbə klubu isə əsaslı təmir olunmuşdur.

- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli 4 mərtəbəli yaşayış binasında və Daşkəsən rayon Baytarlıq idarəsi üçün yeni inzibati binada və diaqnostika mərkəzində son tamamlama işləri görülür.

- Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının yeni inzibati binasının tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. Qabaqtəpə kənd xəstəxanası və Aşağı Daşkəsən feldşer-mama məntəqəsi əsaslı təmir edilmişdir.

- Xoşbulaq kəndində İdman Kompleksinin tikintisinə başlanılmış və tikinti işləri davam etdirilir.

- Şəhər məscidi əsaslı təmir olunur.

- 2009-cu ilin 6 ayı ərzində Daşkəsən Filizsaflaşdırma ASC, Azərbaycan Şəkər İstehsalat Birliyi, İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı müəssisəsi də öz fəaliyyətlərini davam etdirmişdir.

- Çovdar qızıl yatağında geoloji kəşfiyyat işləri aparılır. Son bir il ərzində rayon ərazisində dəfələrlə təbii fəlakətlər olmuş və nəticədə yollara, elektrik, rabitə təsərrüfatlarına, sosial obyektlərə, evlərə, əkin, biçənək sahələrinə, mal-qarasına ziyan dəymişdir. Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyatı üzrə bir sıra işlər görülmüşdür.

Bu ilin ötən dövrü ərzində 17 çoxmərtəbəli binanın dam örtükləri dəyişdirilmiş, 27 binanın fasadları təmir edilərək rənglənmiş, küçələrin istinad divarları və bardyurları təmir edilərək rənglənmişdir.

Təbiətin bəxş etdiyi və insanların yaratdıqları gözəllikləri qorumaq məqsədilə Daşkəsən şəhər yaşıllaşdırma idarəsi yaradılmışdır. Şəhərin girəcəyində 300 ədəd sərv ağacı əkilərək yaşıllıq zolağı salınmışdır. Bütövlükdə rayon ərazisində 8000 ədəd ağac əkilmişdir.

 

Rayon növbəti beş ildə

 

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Daşkəsən rayonu üzrə çox mühüm tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi, texnika, mineral gübrələrə olan tələbatın yaxşılaşdırılması, məhsulların tədarükü üzrə infrastrukturun qaydaya salınması, marketinq xidmətinin dəstəklənməsi, sahə baytarlıq məntəqələrinin tikintisi və sair işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə bitkiçilik, heyvandarlıq və arıçılığın inkişafının dəstəklənməsi də qarşıda duran vəzifələrdəndir.

Növbəti illərdə Daşkəsəndə əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün olduqca əhəmiyyətli işlərin plana salınması diqqəti cəlb edir. Məsələn, rayonda yerli əhəmiyyətli yollar təmir olunacaq, Daşkəsən şəhərində küçələrin asfalt örtüyü yenidən salınacaq, kəndlər qazlaşdırılacaq, ATS-lər elektron ATS-lərlə əvəz olunacaq, su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq, yeni məktəb, səhiyyə, mədəniyyət, idman-sağlamlıq obyektləri tikiləcək, təmir olunacaq, tarix-mədəniyyət abidələri bərpa olunacaqdır.

Rayonda elektrik şəbəkələrinin yenidən qurulması, şəhərdəki qazanxanaların modernləşdirilməsi və yenilərinin tikintisi, istilik sistemlərinin bərpası, su təchizatının yaxşılaşdırılması və digər işlərin görülməsi, heç şübhəsiz Daşkəsənin simasını tamamilə dəyişdirəcəkdir. Təbii ki, bütün bu işləri görmək üçün məsuliyyət, tələbkarlıq, təşəbbüskarlıq, nizam-intizam daha da gücləndirilməli, bütün qüvvələr səfərbər olunmalıdır. Doğrudur, nəzərdə tutulan tədbirlərdən 19-nun əsas icraçıları nazirliklər və ayrı-ayrı səhmdar cəmiyyətlərdir. Rayon icra hakimiyyəti artıq həmin təşkilatlara tədbirin adı, həyata keçiriləcək məntəqə, icra müddəti, işin həcmi, dəyəri haqqında məktublar göndərib və artıq bir çoxundan cavablar da alıb. Amma, bütün bunlara baxmayaraq, necə deyərlər, bir daşı daş üstünə qoymaq da daşkəsənlilərin adı ilə bağlıdır və son 4-5 ildə onlar sübut etdilər ki, işdən qorxmurlar və doğma rayonlarını daha abad etmək üçün əllərindən gələni etməyə hazırdırlar. Rayon üzrə artıq investisiya xəritəsi hazırlanması və elmi-işçi qrupu ilə birgə işlər aparılması üçün tədbirlər görülür.

... İndi Daşkəsənə yolu düşənlər tamamilə başqa bir mənzərə ilə qarşılaşırlar. Hara baxırsan, abadlıq, təmizlik, zövq göz oxşayır. Adamların əhval-ruhiyyəsi də dəyişib. Rayonda sağlam-əhval mühit yaradılıb. Nizam-intizam, işgüzarlıq, təşəbbüskarlıq önə keçib. Dedi-qodular, yersiz yazışmalar da tədricən aradan qalxıb. Çünki rayonda hamıya münasibət eynidir. Başlıca meyar iş, yenə işdir. İş olan yerdə isə nə desən yaratmaq olur. Elə Daşkəsənin bugünkü durumu buna əyani sübutdur.

 

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.-2009.- 3 sentyabr.- S. 10.