Torpağı yaxşı becərsən...

 

Sabirabadda suvarma işinin təşkili normal səviyyədədir

 

Sabirabad rayonu aran zonasında yerləşir. Buranın özünəməxsus iqlimi var — qışı çox sərt keçməsə də, yayının istisinə, necə deyərlər, söz ola bilməz. Həmişə torpaqla “ünsiyyətdə” olan, ruzisini torpaqdan çıxaran sabirabadlılar işin azından, çoxundan, havanın isti-soyuğundan qorxmurlar. Bircə nigarançılıqları əkdikləri sahələrin vaxtında suvarılması sarıdandır. Son illər bu barədə də hər şey qaydasındadır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli təşkilatları – Suvarma Sistemləri İdarəsi, Mexaniki Suvarma İdarəsi, Kür – Araz çaylarında Bəndlərin İstismarı İdarəsi və Meliorasiya İdarəsi bu işin öhdəsindən gəlməyi və əhalini razı salmağı bacarır. Bu gün bu idarələrin fəaliyyəti olmadan rayonda hansısa məhsul bolluğundan danışmağa da dəyməz. Yeri gəlmişkən, həmsöhbətlərim də elə onlardır: Suvarma Sistemləri İdarəsinin rəisi Əflan Aslanov, Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əzizov, Kür – Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev və Meliorasiya İdarəsinin rəisi Əliş Talıbov.

 

Əflan Aslanov – Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi:

— Sabirabad Suvarma Sistemləri İdarəsinin xidmət etdiyi ümumi suvarılan əkin sahəsi 30500 hektar, ümumi kanalların uzunluğu 1150,8 kilometr, hidrotexniki qurğuların sayı 1402, nasos stansiyaların sayı 11, aqreqatların sayı 36 ədəddir. Ümumi məhsuldarlıq saniyədə 45,70 kubmetrdir. Görülmüş işlər barədə bir az ətraflı danışmaq istəyirəm. Qidalandırıcı beton kanalda 1,5 kilometr, Balahəşimxanlı beton kanalında 3 kilometr, “H” kanalında 3 kilometr, Sabir kanalında isə 1 kilometr uzunluğunda yamacbərkitmə işləri görülmüşdür. Eyni zamanda, müxtəlif markalı nasoslardan 7 ədədi, müxtəlif güclərdə olan mühərriklərdən 10 ədədi təmir olunmuşdur.

Üzən nasos stansiyasında giriş və çıxış borulardan 36 metr uzunluğunda metal borular dəyişdirilərək təmir olunmuş və bərpa edilmişdir. Azadakənd nasos stansiyasında (nasos, elektrik mühərriki, elektrik təsərrüfatının təmiri üzrə) 3 ədəd nasos, 1 ədəd 110 kilovatt, 1 ədəd 200 kilovatt gücündə elektrik mühərriki, 1 ədəd vakuum nasosu təmir edilmiş və 39 metr uzunluğunda kabel dəyişdirilmişdir. Həmçinin 1 ədəd T-170 markalı buldozer və 11 kilometr uzunluğunda beton kanalları təmir olunmuşdur.

Qeyd etmək istəyirəm ki, idarədə abadlıq işlərinə, gözətçi binasının tikilməsinə, otaqların təmirinə xüsusi diqqət yetiririk. İş şəraitini müasir səviyyəyə qaldırmaq üçün əlimizdən gələni edirik.

Əlbəttə, 2009-cu ilin ötən dövrü ərzində gördüyümüz işlərin siyahısı bunlarla yekunlaşmır. Bu müddətdə Hacıbəbir nasos stansiyasının binası və naves tikilmiş, 1 ədəd nasos dəyişdirilmişdir. Qaralar nasos stansiyasının sahil mühafizə bəndində 1 ədəd sukeçirən qurğu tikilmişdir ki, bu da Kür çayında daşqınlar zamanı aqreqatların sökülüb çıxarılmasından sonra sahələrə su verilməsini təmin edəcəkdir. Həşimxanlı kanalının 3 kilometrinin, Vlaqa - 3 nasos stansiyasının, 199 ədəd qurğunun cari təmir olunması, kanalların kol-kosdan təmizlənməsi, 2 kilometr uzunluğunda beton kanalın bərpası, 2 kilometr qidalandırıcı beton kanalın üstü ilə gedən yolun təmir olunması gördüyümüz işlər sırasındadır. İdarəmiz aqreqatların həmişə saz və işlək vəziyyətdə olmasına xüsusi diqqətlə yanaşır. Bu mənada 5 nasos stansiyasında cari təmir işləri aparılmış, 6 nasos stansiyasında mexaniki və elektrik avadanlıqları təmir olunmuş və sazlama işləri aparılmışdır. Bundan başqa 6 nasos stansiyasında kommunikasiya xətləri çəkilmiş və sayğaclar dəyişdirilmişdir.

Ötən müddət ərzində suvarma kanallarında 589 min kubmetr həcmində iş görülmüş, ümumilikdə 242,7 kilometr hissə lildən təmizlənmişdir. Həmçinin kanallarda 388 kubmetr həcmində faşın işləri aparılmışdır.

2009-cu ilin ötən dövrü ərzində 3161 hektar sahə aratlanmış, 12283 hektar plana qarşı 28961 hektar taxıl sahəsi, 7001 hektara qarşı 14477 hektar pambıq sahəsi, digərləri də daxil olmaqla ümumilikdə 30500 hektara qarşı 60452 hektar sahə suvarılmışdır.

Sözsüz ki, bu qədər görülmüş işlərdən danışarkən xüsusi olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin, eləcə də rayon icra hakimiyyətinin başçısı Heydər Abbasovun yaratdıqları imkanı, əlverişli şəraiti qeyd etməyə bilmərəm. Çünki normal fəaliyyəti şərtləndirən əsas amil şəraitdir. Əlbəttə, biz də çalışırıq ki, öhdəmizə düşən vəzifəni məsuliyyətlə, keyfiyyətlə yerinə yetirək.

Sonda bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, ulu öndər Heydər Əliyev meliorasiya və suvarma işinə məxsusi həssaslıqla yanaşır, bu sahədə mövcud problemlərin həlli üçün ən kəskin və qətiyyətli addımları atır, bu vacib sahənin əhəmiyyətini hamıya hiss etdirirdi. Bizim üçün – bu sahənin əməkdaşları üçün ikiqat fərəhlidir ki, möhtərəm Prezidentimiz, ulu öndərin layiqli davamçısı İlham Əliyev də suvarmanın əhəmiyyətini önə çəkir və bu sahənin inkişafı üçün hər cür kömək göstərir. Yəqin ki, statistika həvəskarları maraqlansalar, yaxın keçmişə müraciət etsələr, görərlər ki, ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra yüz minlərlə hektar ölü torpaq sahələri yenidən “canlanıb”, yenidən bar-bərəkət yetirən müqəddəs bir nemətə çevrilib. Aran zonasının əhalisi suvarma işinin nə demək olduğunu digər bölgələrdən, xüsusilə də, təbiəti mülayim bölgələrdən daha yaxşı bilirlər. Bu mənada biz həmişə səfərbərik ki, torpaqların vaxtında suvarılmasını təmin edək, əhali əkin-biçindən bol məhsul götürə bilsin.

 

Mirəlif Əzizov – Sabirabad Mexaniki Suvarma İdarəsinin rəisi:

— Sabirabad Mexaniki Suvarma İdarəsinin əsas fəaliyyəti əkin sahələrini və kənd əhalisinin torpaqlarını suvarma suyu ilə təmin etməkdir. İdarəmizin 444 işçisi var. Suyu ancaq mexaniki üsulla — Kür çayından nasoslar vasitəsilə çıxarırıq. 60 nasos stansiyamız var ki, burada 126 aqreqat fəaliyyətdədir. 36712 hektar əraziyə xidmət edirik. Kanalların lildən təmizlənməsi də işimizin bir hissəsidir. Ötən dövr ərzində 348 min kubmetrə qarşı 377,5 min kubmetr təmizlənmə işi aparmışıq. Sudan səmərəli istifadə etmək üçün ərazidə sudan istifadə birlikləri yaradılmışdır. Hazırda 18 sudan istifadə birliyi fəaliyyət göstərir.

Bir məsələni qeyd etmək istəyirəm ki, illik sudan istifadəyə görə yığılan pul 105 min manatdır. İl ərzində isə 21 milyon 150 min kilovatsaat elektrik enerjisindən istifadə edilməsi planlaşdırılmışdır. Bu da 1 milyon 269 min manat edir. Fərq göz qabağındadır. Bundan əlavə, işçilərin əmək haqqını və avadanlıqların təmirini də əlavə edəndə dövlətin əhaliyə hansı səviyyədə güzəşt etdiyi açıq-aşkar hiss olunur. Kənd əhalisi torpaq və digər vergilərdən azaddır. Bütün bunlar isə sözsüz ki, kənd təsərrüfatının daha da canlandırılmasına xidmət edir.

Ötən dövr ərzində 1690 hektar pambıq, 18260 hektar taxıl, 380 hektar dənli qarğıdalı, 2850 hektar bostan-tərəvəz əkini, 5817 hektar təzə və köhnə yonca, 380 hektar çoxillik bağlar, 7027 hektar həyətyanı sahə, 308 hektar təbii otlaq sahəsinin suvarılmasına nail olmuşuq.

 

Elman Nuriyev — Kür — Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi:

— Kur – Araz çaylarında Bəndlərin İstismarı İdarəsi kənd təsərrüfatı, xalq təsərrüfatı obyektlərini və yaşayış sahələrini daşqın və sel sularından qorumaq məqsədilə xidməti ərazilərində mühafizə tədbirləri aparır.

2009-cu ilin ötən dövründə Sabirabad rayonunda Kür çayının sağ sahili boyunca — Qasımbəyli, Muradbəyli, Naxalıq, Axtaçı, Çağırqan, Məmişlər, Şıxlar, Güdəcühür, Dadaşbəyli, Muğangəncəli, Yaxadəllək, Qaragünə, Mürsəlli və Cəngən kəndlərində maşın və mexanizmlərin köməyi ilə 558,1 min kubmetr həcmində, 35,1 kilometr məsafədə bənd təmir edilmiş, 166,1 min kubmetr həcmində, 10,1 kilometr məsafədə qayakəsmə işi, 706 kubmetr həcmində betonla, 100 kubmetr həcmində faşınla sahilbərkitmə işləri görülmüşdür.

Bundan başqa, Kür çayının sol sahili boyunca — Qəzli, Qaralı, Türkəndi kəndlərinin ərazisində 13,7 min kubmetr həcmində 9 kilometr məsafədə bənd təmir edilmiş, 76,3 min kubmetr həcmində 6,1 kilometr məsafədə qayakəsmə işi, 290 kubmetr həcmində betonla, 300 kubmetr faşınla sahilbərkitmə işləri aparılmışdır.

Ümumilikdə Sabirabad rayonu ərazisində 2009-cu ilin ötən dövründə Kür çayının sağ və sol sahilləri boyunca 996 kubmetr həcmində betonla, 400 kubmetr həcmində faşınla sahilbərkitmə, 571,8 min kubmetr həcmində 36 kilometr məsafədə mühafizə bəndinin təmirini, 242,4 kubmetr həcmində 16,2 kilometr məsafədə qayakəsmə işlərinin aparılmasını qeyd edə bilərəm.

Sel və su daşqınlarının qarşısının alınması və suvarma işinin mütəmadi aparılması məqsədilə Sabirabad rayonu ərazisində 9 ədəd borulu su keçidləri tikilmişdir. Kür çayının sağ sahili boyunca Həşimxanlı kəndində 2, Axtaçı kəndində 1, Qaragüney kəndində 1, Bulduq kəndində 1, Kür çayının sol sahili boyunca Yenikənd kəndində 1, Qruzma kəndində 1, Türkədi kəndində 1 ədəd, Şıxsalahlı kəndinə 1 ədəd borulu su keçidləri tikilmişdir.

İlin sonunadək daha 6 ədəd borulu su keçidlərinin inşası nəzərdə tutulmuşdur.

Hazırda mühafizə tədbirləri davam etdirilir.

 

Əliş Talıbov — Sabirabad Meliorasiya İdarəsinin rəisi:

— İdarəmiz rayonun 2610,3 kilometr uzunluğunda təsərrüfatdaxili kollektor-dren şəbəkəsinə xidmət göstərir. Şəbəkə üzərində 2763 ədəd hidrotexniki qurğu, 3 ədəd meliorativ nasos stansiyası var. 2009-cu ilin ötən dövrü ərzində Qaracalar, Ulacalı, Güdəcühür, Azadakənd, Ələmbəyli, Qaragüney, Yolçubəyli, Surra, Cavad, Minbaşı, Nizamikənd, Şəhriyar və başqa kəndlərdə 124 kilometr uzunluğunda kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 595,7 min kubmetr torpaq işləri aparılmış, 55 ədəd hidrotexniki qurğu cari təmir edilmişdir. Bu gün zənnimcə bunu hamı bilir ki, torpaqla bağlı insanların əməklərinin, əziyyətlərinin hədər getməməsi, çəkdikləri zəhmətin bəhrəsini görmələri bizim fəaliyyətimizlə sıx əlaqəlidir. Bu da sözsüz ki, məsuliyyətimizi artırır, bizi daha da yaxşı işləməyə sövq edir. Ulu öndər Heydər Əliyevin məşhur sözü var: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”. Bizdə də belədir – torpağı normal suvarılan fermer, kəndli, bir sözlə, torpaq adamı torpaqdan hər cür nemət, məhsul götürməyə və rəvan həyat qurmağa qadirdir.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2009.- 6 sentyabr.- S. 4.