Tariximizin canlı yaddaşı

 

Azərbaycan tarixinin qədim köklərə bağlılığını, onun yüksək mədəniyyət diyarı olmasını sübut edən xeyli abidələrimiz var ki, onlar qorunaraq nəsillərdən-nəsillərə ötürülmüşdür. Belə tarixi abidələrdən biri də tarixi yaddaşımızın canlı şahidi İçərişəhərdir. Onun tarixi barədə çox yazılıb, müxtəlif aspektlərdən tədqiqatlar aparılıb. Ona görə də biz bu şəhərin çağdaş dövrü ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik.

Bu gün İçərişəhər ictimaiyyətin diqqətini daha çox cəlb edir, onun qorunması problemi son illər müxtəlif səviyyələrdə müzakirə olunur. Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin qorunmasına diqqət artırılmağa başlamışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrdə bu məsələyə xüsusi önəm verildi. O cümlədən, İçərişəhərin qorunması, bərpası ilə bağlı daha ciddi tədbirlər həyata keçirilməyə başlandı. Onu da deyək ki, İçərişəhərə ilk dəfə Tarix-Memarlıq Qoruğu statusu Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1977-ci ildə verilmişdir.

1988-ci ildən ölkə həyatında baş verən siyasi hadisələr bu tarix-memarlıq abidəsini unutdurmuşdu. Ancaq 2000-ci ildə bu abidənin YUNESKO-nun Dünya İrsi Siyahısına salınması ona diqqətin bir qədər artmasına səbəb oldu. Buna baxmayaraq, şəhər-muzeyin tarixi görkəminə xələl gətirən tikinti işləri davam etdirilirdi. Sözügedən mənfi halların qarşısının alınması məqsədilə ümummilli liderimiz 2003-cü il fevralın 17-də Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpasına dair sənəd qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılmasını təmin etsin.

Ümummilli liderin ideyalarının davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev rəhbərliyə gəldiyi vaxtdan milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm dövlət səviyyəli proqramların həyata keçirilməsini nəzərdə tutan bir çox sənədləri imzalamışdır. O cümlədən İçərişəhərin qorunması və bərpası həmişə Prezidentimizin diqqət mərkəzində olmuşdur.

2005-ci il fevralın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam verildi. Sərəncama əsasən qoruğun ikili tabeçiliyi ləğv edilib, İçərişəhərin qorunması, bərpa edilməsi prosesində yaxşılığa doğru dönüş yaratmağın yolları göstərilib. Elə həmin il fevralın 28-i və noyabrın 22-də müvafiq olaraq Qoruq və İdarənin əsasnamələrinin təsdiqi ilə bağlı sərəncamlar verilmişdir.

2006-cı il avqustun 18-də Prezidentimiz Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında yeni sərəncam imzaladı. Bu sərəncam İçərişəhərin də qorunması və bərpası ilə bağlı çox vacib məsələləri qarşıya qoymuşdur. Son illər bu istiqamətdə işlər uğurla davam etdirilmişdir.

Qeyd edim ki, idarənin yeni əsasnaməsi hazırlanmış və 2007-ci ilin 16 may tarixində təsdiq olunmuşdur. Bu sərəncamda da idarənin strukturu, işçilərin say həddi, idarənin tabeliyində olan qurumların dövlət büdcəsi vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərməsi öz əksini tapmışdır.

İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu YUNESKO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Sual oluna bilər ki, onlar da bu şəhərin strukturuna daxil ola-ola nə üçün xatırladılmışdır. Bunun səbəbləri var. Belə ki, həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycanın daxili qanunvericiliyi, eləcə də YUNESKO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr YUNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox gözəl bir töhfəsidir. İçərişəhər Azərbaycanda birinci abidə olub ki, bu siyahıya salınıb. Bu yaxınlarda siyahıya Qobustan Qoruğu da daxil edilmişdir.

İçərişəhər 2003-cü ildə 21 ölkənin nümayəndələrindən ibarət Dünya İrsi Komitəsinin qərarı ilə məhv olmaq təhlükəsi olan Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. O vaxt bu qərarın qəbul olunmasına 2000-ci il noyabrın 25-də Bakı şəhərində baş vermiş güclü zəlzələnin törətdiyi nəticələr, İçərişəhərdə vahid idarəetmə sisteminin və lazımi nəzarətin olmamasından irəli gələn və memarlıq abidələri üçün təhlükə yaradan qeyri-qanuni tikinti işləri, həmçinin İçərişəhərin qorunması və inkişaf planının qeyri-mövcudluğu səbəb olmuşdur. Bununla bağlı Komitə Azərbaycan Hökumətinə görülməli olan tədbirlərə dair öz tövsiyələrini təqdim etmişdir. İdarənin fəaliyyəti müddətində ərazidə aparılan bütün tikinti işləri dayandırılmış, nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq işlər görülməyə başlanmış, abidə və tarixi binaların inventarizasiyası aparılmışdır. Ölkə başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa və abadlıq işləri təbii və insan faktorların təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, İçərişəhərin tarixi mənzərəsinin bərpasına öz töhfəsini vermişdir.

İçərişəhərlə bağlı həyata keçirilən bu tədbirlərin nəticəsində 22-30 iyun 2009-cu il tarixində YUNESKO-nun İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin konfransında yekdilliklə belə bir qərar qəbul olundu ki, İçərişəhərin qorunmasına və onun dəyərinin saxlanılmasına hər hansı bir təhlükə mövcud deyil. Bununla yanaşı, beynəlxalq ekspertlər tövsiyə etmişlər ki, Azərbaycan hökumətinin İçərişəhərin qorunması və bərpası ilə bağlı atdığı addımlar, həyata keçirdiyi tədbirlər digər dövlətlər, xüsusən, tarixi şəhərlər tərəfindən də öyrənilməli və nümunə kimi qəbul olunmalıdır. Azərbaycanın bu təcrübəsinin böyük əhəmiyyət kəsb etməsi YUNESKO tərəfindən də təqdir olunmuşdur. Qeyd olunmuşdur ki, bu təcrübə ümumdünya irsinin öyrənilməsi nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir.

Ekspertlər tövsiyə etdilər ki, 2010-cu ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakıda YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan obyektlərin rəhbərləri üçün beynəlxalq seminar keçirilsin və bu seminarda Azərbaycan hökuməti nümayəndələri öz təcrübələrini onlarla bölüşsünlər. Nəyə görə bu bizi sevindirir? Biz adət etmişik ki, kiminsə təcrübəsini öyrənək. Amma bu sahədə ölkə Prezidentinin imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası öz müsbət nəticəsini vermişdir. Söz yox ki, bizim üçün bu böyük fəxrdir.

İçərişəhər artıq YUNESKO-nun təhlükədə olan abidələr siyahısından çıxarılmışdır. Bu gün isə qarşımızda duran başlıca vəzifələr İçərişəhərin dünya miqyasında tanıdılması, onun tarixi memarlığının, etnoqrafiyasının milli xüsusiyyətləri saxlanılmaqla bərpa edilməsi, dünyaşöhrətli bir məkana çevrilməsi və onu Azərbaycan xalqının zəngin tarixinin ən gözəl və canlı bir sübutu kimi həm regionda, həm də dünyada tanıdılmasıdır. Bu istiqamətdə atılan ilk addımlardan biri iyul ayından başlayaraq İçərişəhərin Qoşa Qala Qapısı meydanında hər bazar günləri Meydan Bazarı adlı mədəni-kütləvi tədbirinin keçirilməsidir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrinin təbliği ilə yanaşı, Bakı sakinlərinin və paytaxt qonaqlarının öz istirahət gününün İçərişəhərdə keçirilməsinin stimullaşdırılmasıdır.

Eyni zamanda, İçərişəhərdə olan abidələrin qorunub saxlanılması, burada yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması, turizm infrastrukturunun otellərin, restoranların, muzeylərin, qalereyaların, digər elmi, mədəni mərkəzlərin fəaliyyətini ən yüksək səviyyədə təşkil etməkdir. Təbii olaraq bunlar asan vəzifələr deyil. Bu bizdən, ilk növbədə, ən yeni dünya standartlarının öyrənilməsini və tətbiq edilməsini tələb edir.

Sirr deyil ki, burada bir sıra problemlər mövcuddur və bunlar turizm gidlərinin hazırlanmasından tutmuş, İçərişəhərlə bağlı reklam və digər çap materiallarının istədiyimiz sayda və çeşiddə olmaması kimi məsələlərə qədər geniş spektri əhatə edir. Biz bu mərhələdə bütün istiqamətlərdə prioritetləri, inkişaf konsepsiyasını müəyyənləşdirir, ardıcıl olaraq qarşıda duran vəzifələrin həllinə nail olmaq istəyirik.

2009-cu ilin mart ayından idarənin yeni strukturu təsdiq olunub, 70-dən artıq işçi qəbul edilib, yeni şöbələr yaradılıb.

Bu gün biz Prezident İlham Əliyevin sərəncamlarını və tapşırıqlarını yerinə yetirmək üçün ciddi tədbirlər həyata keçiririk. Nazirlər Kabinetinin qərarına əsasən, İçərişəhərin bufer zonasının xüsusi hüquqi rejimi barədə sənəd hazırlanmışdır. Bu, İçərişəhərin yaxın ətrafını əhatə edən zonadır. Bufer zonasının müəyyənləşdirilməsinin əsas məqsədi orada aparılan tikinti-təmir və abadlaşdırma işlərinin İçərişəhərə təsirini nəzərə alıb, idarə ilə razılaşdırılmasını vacib şərt kimi qəbul edilməsindən ibarətdir.

İçərişəhərin unikallığı, dünyadakı digər bu cür abidələrdən fərqi ondadır ki, İçərişəhər səhər açılıb axşam bağlanan muzey deyil, bu canlı bir şəhərdir. Belə bir abidənin qorunmasının öz çətinlikləri var.

Aydındır ki, hər bir canlı şəhər hər zaman inkişaf edir, dəyişir. Buranın sakinləri hər zaman yeni arzularla yaşayırlar. Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkanda yaşayırlar və hər gün də XII, XV, XVII əsrin abidələri ilə ünsiyyətdə olurlar.

Biz artıq qala divarlarının qismən bərpasına başlamışıq və bu işlərin Dövlət İnvestisiya Proqramı çərçivəsində gələcəkdə davam etdirilməsini nəzərdə tuturuq. Ümumiyyətlə, bərpa işi bizim üçün ən önəmli prioritetlərdən biridir. Tək yerli mütəxəssislərin deyil, aparıcı Avropa və dünya bərpaçılarının təcrübəsindən bəhrələnmək istəyirik. Hazırda Polşanın Dövlət Bərpa Agentliyi ilə anlaşma memorandumu imzalamışıq. Belə ki, İkinci Dünya müharibəsi dövründə tamamilə dağıdılmış Varşavanın bərpasında Polşa mütəxəssisləri böyük təcrübə qazanmışlar. Avstriya, Almaniya dövlətləri və mütəxəssisləri ilə əməkdaşlıq qurmuşuq. Belə əməkdaşlıqda bizim üçün seçim meyarlarından biri də xarici mütəxəssis və memarların İslam və Şərq memarlığı ilə tanışlığı və bilgiləridir. Qərbi Avropa memarlığı ənənəvi Şərq memarlığından, o cümlədən, Azərbaycan memarlığından kifayət qədər fərqlənir. Bərpa prosesi zamanı biz çalışırıq ki, tarixi irsimiz, milli memarlıq xüsusiyyətlərimiz saxlanılsın.

İdarəmizdə tədqiqat işləri aparmaq üçün Elmi-mədəni mərkəz də fəaliyyət göstərir. Bu mərkəz İçərişəhərin öyrənilməsi və təbliği ilə məşğuldur. Bu o demək deyil ki, biz ölkənin digər elmi mərkəzləri ilə əlaqə saxlamırıq. Biz İçərişəhərə ümumxalq irsi kimi baxırıq. Ən aparıcı mütəxəssislər bu sahəyə cəlb olunmalıdır. 2009-cu ildə apardığımız tədqiqatlar nəticəsində Kiçik Qala küçəsində köhnə kəhriz aşkar etdik. Mütəxəssislər ona baxış keçirdilər. Rəylərini bildirdilər ki, onlar orta əsrlərə aid kəhrizlərdir. Biz bu kəhrizləri tarixi abidə kimi saxlamaq barədə qərar qəbul etmişik. Əlbəttə, deyiləsi faktlar çoxdur.

Bu yazını Prezident İlham Əliyevin İçərişəhərlə bağlı Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dediyi və bizim üçün Proqram xarakteri daşıyan bu sözlərilə yekunlaşdırmaq istəyirəm: Bizim tarixi yerlərimiz İçərişəhər bu gün öz tarixi simasını özünə qaytarır. Görülən tədbirlər nəticəsində İçərişəhər YUNESKO-nun qara siyahısından çıxarılmışdır. İçərişəhər öz tarixi simasını qorumalıdır. Eyni zamanda, orada təmir-bərpa işləri ancaq tarixi irsimizi nəzərə almaqla aparılmalıdır. İçərişəhər, eyni zamanda, turistlər üçün də rahat yer olmalıdır və turizmi inkişaf etdirmək üçün orada əlavə infrastrukturun yaradılması da nəzərdə tutulur..

 

 

Mikayıl CABBAROV

 

Xalq qəzeti.- 2009.- 9 sentyabr.- S. 6.