“Təhsil haqqında” Qanun-inkişafımızı və xoşbəxt gələcəyimizi əks etdirən sənəd

 

Bu günlərdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı mətbuatda dərc olunmuşdur. Qeyd etmək lazımdır ki, çoxdan gözlənilən qanunun qüvvəyə minməsi ölkə ictimaiyyəti tərəfindən böyük maraq və razılıqla qarşılanmışdır. Təbii ki, ümumtəhsil, ali və orta ixtisas məktəblərinin pedaqoji kollektivləri yeni qanunun hər bir fəslini, hər bir maddəsini, buradakı yenilikləri daha diqqətlə izləyir, gələcək fəaliyyətlərində əsas tutmaq üçün onları dərindən öyrənməyə çalışırlar. Belə kollektivlərdən biri də Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialıdır. Müsahibimiz filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Ramiz Məmmədovdur.

 

- Ramiz müəllim, “Təhsil haqqında” Qanunun yeni dərs ili ərəfəsində qüvvəyə minməsi, heç şübhəsiz, ilk növbədə müəllimlərin və tələbələrin hədsiz razılığına səbəb olub...

- Mən belə hesab edirəm ki, yeni qanunun qüvvəyə minməsi bütövlükdə ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Çünki “Təhsil haqqında” Qanunun digər qanunlardan fərqi ondadır ki, cəmiyyətdə hamı istər-istəməz bu qanunla maraqlanır, onun müddəalarını öyrənir. Elə ailə yoxdur ki, onun üzvləri, xüsusilə övladları təhsillə bağlı olmasın. Belə olan tərzdə bu qanunun necə böyük əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə hədsiz maraq yaratdığın görməmək mümkün deyil. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı “Təhsil haqqında” Qanunun giriş hissəsində deyilir: “Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir”.

- Xahiş edirik, yeni qanun haqqında oxuculara bir qədər ətraflı məlumat verəsiniz.

- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 6 fəsildən və 47 maddədən ibarətdir. Birinci fəsildə ümumi müddəalar verilir. Yəni əsas anlayışlar, təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri, təhsilin əsas məqsədi, təhsil hüququna dövlət təminatı, təhsil sahəsində dövlət standartları, tədris dili haqqında çox aydın, konkret maddələr var. İkinci fəsildə respublikamızda təhsil sistemi haqqında maddələr öz əksini tapıb. Bunlar təhsil sisteminin quruluşu, onun keyfiyyət səviyyəsi, təhsilin formaları, təhsil müəssisəsinin təsisçisi, təhsilin pillələri və səviyyələri, həmçinin məktəbəqədər təhsil, ümumtəhsil, orta ixtisas və ali təhsil, doktorantura, əlavə təhsil və digər məsələlərdir.

Sonrakı fəsillərdə təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquq və vəzifələri, sosial müdafiəsi, təhsilin iqtisadiyyatı, təhsil sahəsində beynəlxalq əlaqələr haqqında müddəalar öz əksini tapıb.

- Ramiz müəllim, yəqin ki, sizi qanunun ali təhsillə bağlı 24-cü maddəsi daha çox maraqlandırır. Çünki ali təhsil müəssisəsində çalışırsınız, Azərbaycan Müəllimlər İnstitutunun ən böyük filiallarından birinə rəhbərlik edirsiniz.

- Xeyr, mən belə deməzdim. Əvvəla nəzərə almaq lazımdır ki, biz pedaqoji kadrlar, müəllimlər hazırlayırıq. Bu peşə sahibləri isə təhsilin bütün pillələrində təmsil olunur. Yəni məktəbəqədər təhsil müəssisəsindən tutmuş ali təhsil müəssisələrində çalışan kadrlara qədər hazırlanır. Ona görə də “Təhsil haqqında” Qanunun demək olar ki, əksər maddələri bilavasitə işimizlə, faliyyətimizlə bağlıdır.

Ümumiyyətlə, söhbətimizin əvvəlində qeyd etdim ki, təhsil cəmiyyətin demək olar ki, bütün təbəqələrini əhatə edir. Məsələn, qanunun ikinci fəslində, təhsil sisteminin quruluşu ilə bağlı 8-ci maddəsində deyilir ki, bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri təhsil sisteminə daxildir. O ki qaldı konkret ali təhsillə bağlı, burada çox dəyərli bizim hər birimizin hədsiz marağına və razılığına səbəb olan müddəalar qanunda öz əksini tapıb. Əvvəla, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. Qanunun 26-cı maddəsinin 5-ci bəndi bir sıra istedadlı məktəb məzunları üçün geniş imtiyazlar verilməsini təsdiq edir. Burada deyilir ki, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Peşəyönümü, peşə sistemi ilə bağlı tez-tez orta ümumtəhsil məktəblərində oluram. Bəzən elə istedadlı, qabiliyyətli şagirdlərlə rastlaşırıq ki, adam fəxr edir. Amma bir qədər sonra eşidəndə ki, həmin yeniyetmə ali məktəbə qəbul oluna bilməyib, çox təəssüf hissi keçiririk. Amma indi bu cür uşaqlar müsabiqədənkənar qəbul olunacaqlar.

- Yeni qanunda həm təhsil alana, həm də təhsil verənə geniş hüquqlar verilib, onların vəzifələri müəyyənləşdirilib. Sizin rəhbərlik etdiyiniz tədris müəssisəsi bütün bunlara hazırdırmı?

- Təhsil alanların hüquq və vəzifələrindən bəhs edən 32-ci maddədəki bəndlərin birində deyilir ki, təhsil alan dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq hüququna malikdir. O, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsil verənləri və tyutorları sərbəst seçə bilər. Yaxud tələbənin hüququdur ki, o sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunsun. Deməli, bizim məsuliyyətimiz qat-qat artır. Elə şərait yaratmalıyıq ki, tələbənin hüquqları pozulmasın. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, biz tələbələrimiz üçün istənilən şəraiti yaratmışıq ki, onlar lazımi, keyfiyyətli təhsil ala bilsinlər. Yarandığı ilk ildə cəmi 250 nəfər tələbəsi olan filialın ixtiyarında yalnız yararsız, uyğunlaşdırılmış binalar var idi. Çox qısa vaxt ərzində biz yüksək təmir-tikinti, abadlıq, yenidənqurma işləri hesabına filialın korpuslarını müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırdıq. Yüksək zövqlə təmir olunmuş auditoriyalar, fənn kabinetləri, laboratoriyalar, idman zalları, kitabxana və digər ocaqlar yaratdıq, həyət-bacanı qaydaya saldıq, yaşıllıq işləri apardıq. Bu işlərdə Təhsil Nazirliyinin, Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi çox köməyimizə gəldi. Şəhər icra hakimiyyəti və onun ayrı-ayrı strukturları ilə əlaqəli işimiz vəziyyəti tamamilə dəyişdirdi. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gəncədə böyük abadlıq-quruculuq işlərinə önəm verməsi bizim də məsuliyyətimizi və həvəsimizi artırdı. Hazırda təhsil üçün hər cür şərait var. Tələbələrin sayı ilk illə müqayisədə 3 dəfədən də çox artıb. Elmi-pedaqoji kadrlar da həmçinin.

İndi cəsarətlə deyirəm ki, “Təhsil haqqında” Qanunun hərtərəfli həyata keçməsi üçün bizdə gözəl zəmin yaranıb.

- Yeni qanunda təhsil verənlərin də hüquq və vəzifələri genişdir...

- Təhsil verənlərin hüquqlarından yox, vəzifələrindən danışmaq istərdim. Çünki hüquqlarımız qanunla təsbit olunur və onu bizim əlimizdən alan yoxdur. Amma vəzifə... Bax, bu, çox məsuliyyətli bir işdir. Yeni qanunun 33-cü maddəsinin bir bəndi diqqətimi xüsusilə cəlb edir və açıq deyim ki, bir tədris müəssisəsinin rəhbəri kimi məni həmişə narahat edib, düşündürüb. Burada qeyd olunur ki, “təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq” ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq bizim, yəni təhsil verənlərin vəzifəsidir. Bundan başqa biz şəxsi nümunəmizlə təhsilal anlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamalıyıq. Bəli, bunlar artıq qanunda öz əksini tapıb və bizim vəzifə borcumuzdur. Amma bir tərəfdən də fərəh hissi keçirirəm ki, filialımızda bu vacib məsələlərə daim böyük məsuliyyətlə yanaşılıb və sadalanan həmin vəzifələrlə bağlı az iş görülməyib. Filialın korpuslarında tələbələr monumental işlərlə hər gün, hər saat qarşılaşırlar. Bunlar dilimizin qorunması ilə bağlı “Ana dili” heykəli, soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə, “oxutmuram, əl çəkin” kompozisiyası, hündürlüyü 3 metr olan 30-dan artıq müxtəlif tarixi şəxslərin, görkəmli adamların portretləri, deyimləri, dəyərli sözləridir, ən müxtəlif mövzularda keçirilən tədbirlərdir, görüşlərdir, ədəbi-bədii gecələrdir, ağsaqqal nəsihətləridir və sair.

Filialda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlər xüsusi maraq doğurur. Tədris korpusumuza 4 kilometr məsafədən təmiz içməli su çəkmişik. Tamaşaçı sayı 750 nəfər olan gözəl akt zalımız var. Bunların hamısını sadalamaq mümkün də deyil.

- Ramiz müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 5 sentyabr 2009-cu il tarixli fərman imzalayıb. Artıq yaxın aylarda qanunun tətbiqi ilə bağlı həyata keçirilən işlərlə hamımız yaxından tanış olacağıq. İnanırıq ki, ölkəmizdəki təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunaraq daha da inkişaf edəcək.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə təhsilin inkişafı üçün olduqca qlobal işlər görüb. İstər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də müəllim əməyinin qiymətləndirilməsi, elmin inkişafı, müasir standartlara cavab verməsi baxımından çox böyük tədbirlər həyata keçirilib. Bu işlərin görülməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da xidmətləri əvəzsizdir. Təhsilimizin inkişafı göz qabağındadır. Söz yoxdur ki, təhsil haqqında yeni qanun daha vacib işlərin görülməsində mühüm rol oynayacaq. Təbii ki, biz pedaqoji işçilər həmin vəzifələrin həyata keçirilməsində önəmli mövqe tutmalıyıq. Qanunun işləməsi, onun səmərəliliyi bizim fəaliyyətimizdən də asılıdır. Biz bu məsuliyyəti dərindən dərk edirik. “Təhsil haqqında” Qanun inkişafımızı və xoşbəxt gələcəyimizi əks etdirən mühüm sənəddir.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2009.- 10 sentyabr.- S. 4.