Ölkədə həyata keçirilən infrastruktur layihələri turizmin inkişafını sürətləndirir

 

Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Son illər ölkə əhalisinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar və elmi əsaslara söykənən ümumi iqtisadi siyasət nəticəsində əksər sahələrdə dinamik inkişaf təmin edilmiş və qısa müddət ərzində çox böyük nailiyyətlər əldə edilmişdir. İşsizliyin aradan qaldırılması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regional inkişaf haqqında Dövlət Proqramının qəbul edilməsi və s. kimi mühüm vəzifələr qeyd olunan irəliləyişlərin bariz nümunəsidir.

 

Xalqımız regionların inkişafına nail olmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması, qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, bölgələrdə müasir tipli elektrik stansiyalarının tikilməsi, yolların və kommunikasiya xətlərinin qurulması, sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlərin görülməsi, bu sahəyə maliyyə yardımlarının artırılması, regionlarda təhsil və səhiyyənin inkişafının təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə gəlir.

Azərbaycan Respublikasının təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, tarixi-mədəni və dini abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Təbii ki, bu imkandan səmərəli formada yararlanmaq üçün bir sıra digər tədbirlərin də həyata keçirilməsi zəruridir.

Araşdırmalardan aydın olur ki, son illərə qədər Azərbaycanda turizmin, xüsusilə kənd turizminin inkişaf etdirilməsinə müxtəlif subyektiv və obyektiv amillər mane olmuşdur. Bu amillərə əsasən insanların maddi-rifah halının yaxşı olmaması, kənd yerlərində infrastruktur sahələrin müasir tələblərə cavab verməməsi, nəqliyyat əlaqələrinin zəifliyi, sosial xidmətlərin zəif təşkili, turistlərin müvəqqəti yaşaması üçün yerlərin seçilməsində mövcud olan çətinliklər, kənd yerlərində kommunal xidmətlərin zəif olması və s. daxildir.

Məlumdur ki, son illər sürətlə dəyişən Azərbaycan Respublikasında yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən infrastruktur sahələrin inkişafı istiqamətində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır. Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.

Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard manat təşkil etmişdir. 2008-ci ildə isə infrastruktur layihələrin həyata keçirilməsinə 3 milyard manatın ayrılması Azərbaycan hökumətinin bu sahədə yeniləşməyə xüsusi diqqət yetirdiyini sübut edir.

İnfrastruktur dedikdə kompleks sahələrin istehsala xidməti (köməyi) nəzərdə tutulur. Bu mənada ümumilikdə milli iqtisadiyyatın inkişafına xidmət edən sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. sahələri ölkənin infrastruktur sahələri kimi qəbul etmək olar. Eyni zamanda, konkret olaraq istər sənaye və kənd təsərrüfatının, istərsə də nəqliyyat sektorunun birbaşa özünə aid olan infrastruktur sahələri mövcuddur. Məsələn, yollar, limanlar, yükləmə-boşaltma məntəqələri, yol evləri, yanacaq doldurma məntəqələri və s. nəqliyyat infrastrukturlarına aiddir. Bu məqalədə də məhz nəqliyyat sektorunun, eləcə də onun infrastruktur sahələrinin inkişafı istiqamətində son illər həyata keçirilən layihələr nəzərdən keçiriləcək, təhlil olunacaq və bütün bunların Azərbaycanda turizmin, xüsusilə kənd turizminin inkişafına təsir istiqamətləri araşdırılacaqdır.

Nəqliyyat sistemində həyata keçirilən layihələrin ölkədə turizmin inkişafına təsirinin araşdırılması heç də təsadüfi seçilməmişdir. Tədqiqatın məhz bu istiqamətdə aparılması son dövrlər Azərbaycanın nəqliyyat sistemində baş verən ciddi müsbət dəyişikliklərlə, eyni zamanda, ölkəmizin nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, nəqliyyat növləri arasında daxili daşımaların yerinə yetirilməsində, eləcə də turizm bazalarına daşımaların icrasında aparıcı mövqe avtomobil nəqliyyatına məxsus olduğu üçün, həm də avtomobil nəqliyyatı tamamlayıcı bir funksiyaya malik olduğu üçün məhz avtomobil nəqliyyatı və onun infrastruktur sahələrinin ölkədə turizmin inkişafına təsirlərinin araşdırılması nəzərdə tutulmuşdur.

Müşahidə və təhlillərdən aydın olur ki, Azərbaycan Respublikasında son 5 ildə sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektoru, xüsusən avtomobil nəqliyyatıdır. Başqa sözlə desək, avtomobil nəqliyyatının, yolların və yol ötürücülərinin sürətlə inkişaf etməsi ölkədə nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyət yüksəlişinə nail olmağa imkan verir. Eyni zamanda, nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı isə sahibkarlıq, turizm və s. sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycan Respublikasının ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir. Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır. Təbii ki, hər bir daşıyıcı turist olmasa da, ən azından onlar getdikləri ölkələrdə Azərbaycanın təbiəti, turizm bazaları, iqlimi, flora və faunası və s. barədə məlumat verirlər ki, bu da son nəticədə ölkəyə turist axınını gücləndirir. Bunun üçün beynəlxalq nəqliyyat dəhlizləri boyunca Azərbaycan Respublikası haqqında zəngin təəssürat formalaşdıran reklamların, bukletlərin, məlumat lövhələrinin və s. olması, eləcə də bu məlumatların bir neçə beynəlxalq dildə verilməsi vacib və məqsədəuyğundur. Eyni zamanda, bu məlumatların tərkibində turizm bazalarında, müalicə-sanatorıiya komplekslərində göstərilən xidmətlər, xidmət tarifləri və s. barədə də müəyyən qeydlərin olması xarıci vətəndaşların daha dolğun məlumatlandırılmasını, beləliklə də gəlmələrin seçim etməsini asanlaşdırardı.

Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən ölkəmizdə kənd turizminin inkişafı demək olar ki, tamamilə daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılmışdır. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensıal imkanlar mövcuddur.

Ümumiyyətlə, kənd turizmi Avropa ölkələrində XX əsrin 70-ci illərindən başlayaraq inkişaf edən ekoturizmlə bağlı olmuşdur. Kənd turizmi insanların ətraf mühitlə bağlılığına aid olduğuna görə müasir dövrdə ekoturizmin tərkib hissəsi kımi çıxış edir. Ancaq bununla yanaşı, kənd turizmi ekoturizmdən fərqli olaraq təkcə təbii turizm ehtiyatlarına deyil, eyni zamanda, antropogen turizm ehtiyatlarında ifadə olunur. Kənd turizminin kütləviliyi, onun digər turizm növlərindən daha ucuz başa gəlməsi, kənd təsərrüfatı ilə bağlı olan istehsalın istifadə olunması və s. onu ekoturizmdən xeyli fərqləndirir və kənd turizminin ayrılıqda bir növ kimi tədqiq edilməsinə zəmin yaradır. Hər bir ölkədə, xüsusilə də əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir. Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .

Azərbaycan Respublikasında kənd turizminin sürətli inkişafı XX əsrin 80-ci illərinə təsadüf edir. Belə ki, tədricən iqlim dəyişmələrinin kəskinləşdiyi, ölkə ərazisində isti günlərin sayının və temperaturun yüksəlməsi Bakı və Aran rayonlarında yaşayan insanların yay aylarında təbiət qoynunda olmağa, kənd yerlərində müvəqqəti yaşayış yerləri kirayələyərək orada istirahət etməyə məcbur edirdi. Təbii ki, kütləvi axında əsas hissəni əhalinin orta və aztəminatlı təbəqəsi təşkil edirdi. Son illər ölkədə siyasi və iqtisadi stabilliyin təmin olunması, əldə edilmiş iqtisadi uğurlar nəticəsində əhalinin həyat səviyyəsinin yüksəlməsi və yaşayış şəraitinin yaxşılaşması insanların asudə vaxtlarının daha səmərəli istifadə etməsinə, eləcə də istirahət maraqlarının artmasına səbəb olmuşdur. Bütün bunlar isə təbii ki, son nəticədə turizmin inkişafına təkan verir. Ümumilikdə aparılan araşdırmalardan bu nəticəyə gəlinir ki, Azərbaycan Respublikasında kənd turizminin inkişafını şərtləndirən əsas amillər aşağıdakılardır:

-kənd turizminin digər turizm növlərindən daha ucuz başa gəlməsi;

-kəndlərin əsas hissəsinin dağlıq ərazilərdə yerləşməsi və təbii ekzotik landşaftla əhatə olunması;

-əksər kəndlərdə milli adət-ənənələrin qorunub saxlanması və kənd həyatının özünəməxsusluğu;

-kənd əhalisi arasında mehribançılıq və qonaqpərvərliyin yüksək olması;

-qədim kənd yaşayış məntəqələrində milli irs nümunələrinin mövcudluğu;

-kəndlərin ekoloji baxımdan təmiz atmosferi və keyfiyyətli içməli suyu və s.

Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əksər regionlara və sahələrə dair dövlət proqramlarının qəbulu, onların uğurla icra edilməsi və s. nəticəsində bir çox problemlər tədricən öz həllini tapmış, ölkədə kənd turizminin inkişafı üçün münbit şərait formalaşdırılmışdır. Bu sahədə isə nəqliyyat əlaqələrinin genişlənməsi, ən ucqar yaşayış məntəqələrinədək abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi və s. xüsusilə əhəmiyyətli olmuşdur. Avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi nəinki kənd turizminin, ümumilikdə ölkə turizminin inkişafında mühüm rol oynayır.

Aydındır ki, kənd turizm mərkəzləri əsasən dağlıq rayonlarda Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Şəki və s. rayonların ərazisində yerləşir. Digər tərəfdən, məlumdur ki, son dövrlər, hətta ən mürəkkəb coğrafi şəraitə və dağlıq relyefə malik ərazilərlə nəqliyyat əlaqələri yaradılmışdır. Ən yüksək zirvədə yerləşən, rəngarəng təbiəti və gözəl mənzərələri olan Xınalıq kəndinə yol çəkilişi buna sübutdur. Təbii ki, Xınalıq və bu kimi digər ərzilərdə keyfiyyətli turizm xidmətlərinin təşkili ilə yolların çəkilişinə sərf edilən vəsaiti tezliklə dövlət büdcəsinə qaytarmaq və turizmi büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək olar. Bütün bunlarla yanaşı, son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran və s.) beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax, Xınalıq-İspik yollarının yenidən qurulması, Yardımlı, Daşkəsən, Quba, Ucar, Kürdəmir və s. rayonlarda yeni yol çəkilişləri regional inkişafa verilən ən gözəl töhfədir. Təbii ki, regionların abadlaşdırılması, yeni yolların çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin də inkişafına güclü təkan verəcəkdir. Burada ölkə başçısı cənab İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad vəziyyətdədirsə, oraya heç kim gəlməyəcəkdir.

Təbii ki, yol olmadıqda və ya yararsız halda olduqda nəqliyyat vasitələri, normal nəqliyyat vasitələri olmadıqda isə yollar əhəmiyyətsiz olur. Eyni zamanda, tələbata uyğun nəqliyyat xidmətləri olmadan hər hansı sahədə istənilən inkişafa nail olmaq qeyri-mümkündür. Deməli, turizmin, o cümlədən kənd turizminin inkişafı nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə ölkədə həyata keçirilən infrastruktur layihələrin turizmin inkişafında, konkret olaraq regionlarda aparılan quruculuq işləri, yeni yol çəkilişlərinin isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti olduğunu bir daha sübut edir.

 

 

Aqil ƏSƏDOV,

AMEA İqtisadiyyat İnstitutunun

aparıcı elmi işçisi, iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2009.- 20 sentyabr.- S. 3.