Heydər Əliyev: “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”

 

Həmrəyliyimiz və birliyimiz sülhə, tərəqqiyə, azərbaycançılığa xidmət edir

 

Diasporun formalaşdırılması və inkişafı Azərbaycanın dövlət siyasətinin strateji istiqamətlərindəndir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, ümummilli liderimiz 1993-cü ildən — Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bütün xarici səfərlərində diaspor üzvləri ilə görüşlər keçirir, onları daha aktiv olmağa çağırırdı.

Uzun illər ərzində, hələ Sovet İttifaqı dönəmində Azərbaycanın rəhbəri olduğu, daha sonralar isə Moskvada çalışdığı dövrdə dünyada kök salmış erməni diasporunun Azərbaycan əleyhinə necə təbliğat apardığından, türk dünyası əleyhinə hansı bəd əməllər törətdiyindən tam xəbərdar olan görkəmli siyasi xadim Heydər Əliyev, eyni zamanda, Dağlıq Qarabağ probleminin yaranmasında məhz erməni diasporunun hansı rol oynadığını, 20 faizədək Azərbaycan torpağının işğalını da erməni diasporunun verdiyi dəstək və güc sayəsində həyata keçirdiyini bilirdi. Bu cəhətdən bizim görəcəyimiz ən mühüm işlərdən birini öz diasporumuzun gücləndirilməsi və gələcəkdə erməni diasporu ilə başbaşa gəlib Azərbaycanın haqq səsinin dünyaya çatdırması olduğunu ulu öndər çox gözəl görürdü və diaspor təşkilatları ilə işləyən bir dövlət qurumunun yaradılmasının zərurilliyini Dünya Azərbaycanlılarının I qurultayında elan etmişdi. Əvvəl qeyd etdiyimiz kimi 2002-ci il 5 iyun tarixli fərmanı ilə yaratdığı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açdı, eyni zamanda ,dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə çevrilməsində yeni mərhələnin başlanğıcını qoydu.

II qurultaydan sonra başlanan yeni mərhələdə artıq təşkilatlanmış diaspor qurumlarının yaşadıqları ölkələrdə daha yüksək mövqe tutmaları üçün xüsusi layihələr hazırlanır və həyata keçirilir. Onlardan biri də diaspor təşkilatlarımızın güclü olduğu ölkələrdə ictimai-siyasi xadimləri, dövlət adamlarını, müxtəlif rəhbər vəzifə tutan şəxsləri diasporumuzun vasitəsilə Bakıya dəvət etmək, ölkəmizdə baş verən prosesləri, iqtisadi inkişafı onlara göstərməkdən ibarətdir. Məqsəd həm də Azərbaycan diasporu ilə onların əlaqələrini möhkəmləndirməkdir ki, gələcəkdə diaspor təşkilatlarımız həmin dövlətlərdə, şəhərlərdə olan insanların gücündən istifadə edə bilsinlər, öz mövqelərini daha da gücləndirsinlər və Azərbaycanın haqq səsini daha da yüksəklərə çatdırsınlar.

Son zamanlar erməni analitikləri belə bir məqamı qabardırlar ki, artıq Ermənistan və erməni diasporu fəaliyyətini daha genişləndirməli və gücləndirməlidir. Çünki Azərbaycan diasporu türk icmaları, eləcə də yəhudi diasporu ilə birgə fəaliyyətə başlayıb. Bu diasporların dünyada gücünün bir yerə toplanması gələcəkdə ermənilərin bütün fəaliyyətini sıfıra endirə, onların uzun illər ərzində yaratdığı mexanizmi dağıda bilər. Doğrudan da, Azərbaycan diasporunun digər xalqlarin diasporları ilə birgə fəaliyyəti bu mexanizmi artıq dağıtmağa başlayıb.

Prezident İlham Əliyev də demişdir ki, biz bundan sonra erməni təbliğatına qarşı fəal mübarizəni genişləndirməli, müdafiə taktikasından hücum taktikasına keçməliyik. Bunun üçün Azərbaycan Respublikasında bütün imkanlar var. Ökənin iqtisadi inkişafı bütün sahələrə, o cümlədən diaspor sahəsinə təsir göstərir. Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətində bu məqam əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərnin I Forumunda qəbul edilən Bakı Bəyannaməsinin də əsasını bu məsələ təşkil edir. Həmin tədbirdə təsdiqlənən birgə fəaliyyət strategiyasında da göstərilib ki, Azərbaycan və Türk icmalarının Koordinasiya Şurası hər il konkret bir tarixdə Ermənistanın Azərbaycana təcavüzü və qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı birgə etiraz aksiyaları təşkil etsin. Ötən il Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI qurultayında da Türkiyədə 1915- ci il hadisələri ilə əlaqədar “erməni soyqırımı” iddiaları ilə bağlı bəyanat qəbul edilib. Bir faktı da qeyd edək ki, ABŞ Nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsində Osmanlı imperiyasında işğalçı qüvvələrlə əməkdaşlıq edən erməni əhalisinin bir hissəsinin köçürülməsi ilə bağlı 1915-ci ildə baş vermiş hadisələrin “soyqırımı” kimi adlandırılması haqqında 106 nömrəli qətnamə layihəsi qəbul edilərkən də Azərbaycan diasporu türk diasporunun yanında olub. Məhz Azərbaycan və Türk diaspor təşkilatlarının ciddi səyləri və Amerikadakı yəhudi diasporunun iştirakı ilə bir neçə konqresmen səsini geri götürüb. Bu da Azərbaycan və Türk diaspor təşkilatlarının birgə uğuru kimi qiymətləndirilməlidir.

2007-ci il Bakıda Azərbaycan və Türk diaspor rəhbərlərinin I Forumun keçirilməsi ideyası, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir. Cənab İlham Əliyev hər zaman türk dünyasının birliyinin möhkəmlənməsinə dəstək verir, türk xalqları arasında əməkdaşlığın inkişafı üçün çox mühüm addımlar atır. 2006-cı il sentyabrın 18-də Türkiyənin Antalya şəhərində keçirilmiş türkdilli dövlətlərin və topluluqların X Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayında Prezident İlham Əliyevin Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin forumunun keçirilməsi barədə təşəbbüsü bunu bir daha təsdiqlədi. Bu forumun keçirilməsi Prezident İlham Əliyevin dövlətlərimiz arasındakı strateji müttəfiqliyə daha bir töhfəsi idi. Tarixi proseslərin gedişi dünyanin müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı və türkün qüvvəsinin ümumi maraqlarımızın müdafiəsinə istiqamətləndirilməsini, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində onun potensialından istifadəni zəruri edir. Bu məqsədlə Bakıda keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatların rəhbərlərinin I Forumunda “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” qəbul edilib. Bu çox mühüm sənəddir. Bu strategiyanın həyata keçirilməsi bütün türkdilli xalqların diaspor qurumlarının vahid ideologiya ətrafında cəmlənməsi deməkdir. Təbii ki, buna qədər də diaspor təşkilatlarımız arasında əməkdaşlıq mövcud idi. Lakin forumdan sonra Azərbaycan və türk diaspor təşkilatlarının beynəlxalq aləmdə ümumi maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyəti daha da güclənib. Onlar qarşıya çıxan problemləri diqqətdə saxlayır, çıxış yollarını birgə müzakirə edir, Azərbaycan və Türkiyənin haqq səsinin dünyaya çatdırılması məqsədilə müntəzəm olaraq birgə tədbirlər keçirirlər. Eyni zamanda, xarici ölkələrdəki azərbaycanlıların və türklərin yaşadıqları dövlətin ictimai-siyasi proseslərində iştirak imkanlarını da artır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk dövlət və cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayı ilk dəfə Turkiyədən kənarda keçirildi. Dövlət başçımız ötən il Antalyada keçirilən analoji toplantıdakı çıxışında XI qutultayın Bakıda keçirilməsini təklif etmişdi. 2007-ci il noyabrın 17—19-na təsadüf edən bu qurultay çox yüksək səviyyədə keçdi. Bütün türk xalqlarını əhatə edən belə bir qurultayın Azərbaycanda keçirilməsi ölkəmizin getdikçə türk dünyasının mərkəzinə çevrildiyini bir daha sübut etdi. Bu tədbir Azərbaycanın türk dünyasının mənəvi birliyinə nail olmaq istəyini təsdiqlədi və bir daha sübut etdi ki, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda, ideoloji məsələlərdə eyni mövqedən çıxış etməsi, yalan və şişirdilmiş erməni təbliğatına qarşı birgə mübarizəsi Prezident İlham Əliyevin xarici siyasətinin əsas hədəflərindəndir. Bu, bütövlükdə türkdilli xalqların dünya siyasətindəki yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş tarixi missiyadır.

Türkdilli dövlət və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayı vahid məqsəd, amal uğrunda həyata keçirilən işlərin yeni mərhələsinin əsasını qoydu. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, mədəni irsin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə edilməsi problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda, türk dünyasını narahat edən bir sıra vacib problemlərlə—Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin tarixi torpaqlarına qayıdışı sahəsində mövcud çətinliklərlə əlaqədar fikir mübadiləsi aparıldı. Sonda qəbul olunan yekun hesabatda qurultaydakı müzakirə və təhlillərin, irəli sürülmüş rəy və təkliflərin əsas istiqamətləri olaraq, türkdilli xalqların sülh və təhlükəsizliyinin təmin olunması, beynəlxalq birliyə inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə fəaliyyətin gücləndirilməsi, türkdilli xalqlar arasında birliyin və onların dünya siyasi arenasındakı yerinin möhkəmləndirilməsi, ölkələrimizin iqtisadiyyat, siyasət, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi, habelə qarşılıqlı inteqrasiya meyillərinin gücləndirilməsi qərara alındı. Qurultay Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün zəruri elmi, ideoloji, institusional və hüquqi zəminin formalaşdırılmasına başlamaq məqsədi ilə müvafiq konsepsiyanın hazırlanmasını vacib hesab etdi. Eyni zamanda, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün daimi katibliyinin yaradılması ideyası alqışlandı, bu təklifin türk dünyası ölkələri arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, xalqlarımızın qədim tarixə malik çoxəsrlik qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminlik ifadə edildi, bu istiqamətdə tədbirlər görmək tövsiyə olundu.

Qurultayın daha bir mühüm yekun sənədi—1915-ci il Türkiyə hadisələri ilə əlaqədar Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşliq qurultayı iştirakçilarının bəyanatı da elə bu ruhdadır. Bəyanatda tarix boyunca ermənilərin türk millətinə qarşı apardığı soyqırım siyasətindən bəhs olunur. Qurultay iştirakçıları bütün dünya ölkələrini, beynəlxalq təşkilatları regionda sülhə və sabitliyə təhlükə yarada biləcək qərarlardan çəkinməyə, bu cür məsələlərə ədalət hissi, diqqət və həssaslıqla yanaşmağa çağırır. Ümumiyyətlə, qurultay öz qarşısına kifayət qədər böyük məqsədlər qoymuşdu. Ən vacib məqam isə ondan ibarət idi ki, türkdilli xalqlar bu qərarların həyata keçirilməsi üçün lazımı iradəyə malik olduqlarını təsdiq etdilər. Bu, Türk dövlət və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının ən mühüm və ən əhəmiyyətli nəticəsidir.

Dünya Azərbaycanlılarının birliyinin yaradılması istiqamətində ümummilli liderimizin işıqlı ideyaları Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Odur ki, nəinki öz ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, eyni zamanda, dünya azərbaycanlılarının milli həmrəyliyi və birliyi getdikcə daha sürətlə, möhkəmlənir və dünyada nüfuzumuz artır, azərbaycançılıq ideologiyası dünyada mühüm yerlərdən birini tutur, ona maraq artır. Çünki Azərbaycançılıq ideologiyası inkişafa, tərəqqiyə, sülhə, haqqa, dinc birgəyaşayışa xidmət edir.

 

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2009.-1 yanvar.- S.4.