Azərbaycanın dünyada təbliğ olunmasında diasporun çox böyük rolu var

 

Müsahibimiz Dünya Azərbaycanlıları Konqresinin həmsədri, professor Paşa Qəlbinurdur.

Paşa müəllim, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü əziz bayram kimi qeyd edirik. Həmin gün siz hansı hisslərlə yaşayırsınız?

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mənim aləmimdə hər bir azərbaycanlı üçün çox böyük bayramdır. Bu əziz gün bizə ümummilli lider Heydər Əliyev tərəfindən miras qalıb. Ulu öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Birlik Gününün bayram edilməsi barədə fərman imzalamışdır. Bundan sonra həmin günün bütün Azərbaycanda bayram edilməsi qərara alındı. Mənim üçün bu gün çox böyük bayramdır. Çünki həmin gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq soydaşlarımızın bayramıdır. Açığını deyim ki, dünyada fəaliyyət göstərən Azərbaycan diasporları arasında əlaqə, yaxınlıq, əməkdaşlıq bir o qədər ürəkaçan səviyyədə deyildi. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan türk diasporları arasında əməkdaşlıq zəif idi. Onlar təkbaşına fəaliyyət göstərir, keçirdikləri tədbirlər zəif olur, Azərbaycanın geniş təbliğində o qədər rol oynaya bilmirdilər. Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının I Qurultayı keçiriləndən sonra diasporlar arasında əlaqə gücləndi, əməkdaşlıq möhkəmləndi. Böyük tarixi şəxsiyyət dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımıza dəyərli məsləhətlər, tövsiyələr verdi, onları birgə mübarizəyə çağırdı. Azərbaycanın dünyada geniş şəraitdə təbliğ olunmasında diasporun çox böyük rolu olduğunu bildirdi. O vaxtdan başlayaraq diasporlarımızın fəaliyyətində ciddi dönüş yarandı, əlaqələr möhkəmləndi bütün sahələr üzrə erməni icmalarını kölgədə qoydu. Hər il dekabrın 31- dünyanın bütün azərbaycanlıları həmrəylik gününü böyük təntənə ilə qeyd edir. Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər bir soydaşımız üçün böyük bayram hesab edirəm.

Sizi çox tez-tez dünyanın müxtəlif ölkələrində soydaşlarımızın keçirdikləri tədbirlərdə görürük.

Mən Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi xarici ölkələrdə yaşayan azərbaycanlıların keçirdikləri tədbirlərdə iştirak etmişəm. Qeyd edim ki, həmin tədbirlərin əksəriyyəti elə Dünya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunur. Xocalı soyqırımının ildönümü ilə əlaqədar əksər dövlətlərdə keçirdiyimiz tədbirlərdə ermənilərin törətdikləri vəhşiliklər, vandal aktları, soydaşlarımıza qarşı törətdikləri soyqırımı barədə yerli əhaliyə ətraflı məlumatlar verir, özümüzlə apardığımız əyani vəsaitləri həmin ölkədə fəaliyyət göstərən digər xalqların icmalarına, diasporlarına, habelə ziyalılara, tanınmış ictimai-siyasi xadimlərə paylayırıq. Keçirdiyimiz görüşlərdə, tədbirlərdə Azərbaycan həqiqətlərini olduğu kimi çatdırır, ermənilərin yalanlarını üzə çıxarır, onları ifşa edirik. Bununla yanaşı, həmin ölkələrdə yaşayan azərbaycanlılara ana dilində kitablar, digər zəruri ləvazimatlar da paylayırıq. Gürcüstanda yaşayan azərbaycanlılara ana dilində iki mindən artıq dərslik, kompyuter dəstləri digər məktəbli ləvazimatları paylamışıq. Ümumiyyətlə, hansı ölkədə olmuşuqsa, Azərbaycanın milli adət-ənənələrini, musiqisini, incəsənətini geniş şəkildə təbliğ etmişik. Avropa Konqresində keçirdiyimizdəyirmi masada böyük əhəmiyyət kəsb edib. Belə faktlardan çox sadalamaq olar. Mən bu səfərlər zamanı bir daha şahidi oldum ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dünya azərbaycanlılarının birlik həmrəylik siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq diasporlar digər xalqların diasporları ilə sıx əməkdaşlıq edir, əlaqələrini genişləndirir, ölkəmizi daha yaxından tanıdırlar. Bu sahədə qəbul olunan qanunlar, Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, dünyada yaşayan soydaşlarımız daha yaxşı təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha fəal rol oynayırlar. Bu, həm onların əlaqələrini möhkəmləndirir, həm müstəqil dövlətimizin mövqelərini gücləndirir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakıda bir sıra tədbirlər keçirildi. Belə tədbirlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

Mən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının təşkil etdiyi tədbirləri yüksək qiymətləndirirən. Həmin tədbirdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor nümayəndələrinin bir-biri ilə görüşmələri, fəaliyyətləri barədə ətraflı məlumat vermələri çox əhəmiyyətlidir. Belə tədbirlərin tez-tez keçirilməsi diasporlar arasındakı əlaqələri daha da möhkəmləndirir, yeniləşdirir. Onlar Azərbaycanla daha yaxından tanış olur, dövlət başçımızın diasporlara göstərdiyi diqqət qayğıdan ruhlanır, güclü arxa dayaqları olduqlarını hiss edirlər. Bu da onların gələcək fəaliyyətlərində böyük rol oynayır. Xaricdə yaşayan azərbaycanlılar da ölkəmiz üçün dayaqdır. Biz gənc, müstəqil bir dövlətik. Bəzi dövlətlərdə ölkəmiz haqqında müfəssəl məlumat yoxdur. Bu baxımdan diasporların üzərinə böyük məsuliyyət düşür. Onların vaxtaşırı bir yerəxüsusən Azərbaycana toplaşmaları, tədbirlər keçirmələri çox vacibdir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıda keçirdiyi tədbirlər, görüşlər keçirmələri, müxtəlif regionlarda olmaları müsbət haldır. Onlar burada gördüklərini yaşadıqları ölkələrdə geniş təbliğ edirlər. Azərbaycan həqiqətlərini, Azərbaycan problemlərini, eyni zamanda ölkəmizin getdikcə artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq, mən deyərdim ki, bizim ümumi işimizə çox böyük töhfə olacaqdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının layihəsi geniş müzakirə olunaraq əsas kimi qəbul olundu. Xartiyaya münasibətinizi bilmək maraqlı olardı.

Mən bu sənədin müzakirəyə çıxarılmasını əsas kimi qəbul olunmasını çox müsbət qiymətləndirirəm. Xartiyanın qəbul olunması yaxın çox uzaq illərdə hesablanmış diasporun koordinasiya sənədidir. Xartiyanıdiasporların konstitusiyasıda adlandırmaq olar. Düşünürəm ki, bu sənədin qəbulundan sonra diasporlar elmi fundamental əsaslara söykənərək daha da inkişaf edəcək. Bəzi maddələr üzərində müzakirələr bir qədər uzun davam etdi, lakin buna baxmayaraq, çox yaxşı hazırlanmış, gərgin zəhmət hesabına başa gəlmişdir. Bu sənədin əsas məqsədi xarici ölkələrdə yaşayan soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyini Azərbaycan dövlətçiliyi xalqının mənafeyini əks etdirən prinsiplər əsasında formalaşdırır, diasporumuzun qarşısında duran vəzifələri özündə əks etdirir. Ona görə həm ziyalılarımız, həm ictimai-siyasi xadimlərimiz, həm diaspor nümayəndələrimiz kimi mən partiyanın vacibliyini çox yüksək qiymətləndirirəm. İnanıram ki, bu sənəd Azərbaycançılıq ideologiyasının təbliğində çox müsbət rol oynayacaq.

Fürsətdən istifadə edib Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibəti ilə 50 milyonluq Azərbaycan xalqını təbrik edirəm. Ümid edirəm ki, 2009-cu il Azərbaycan üçün daha uğurlu il olacaq.

 

 

Müsahibəni qələmə aldı:

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.- 6 yanvar.-S. 2.