Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu kursu möhtərəm Prezidentimizin siyasətində prioritet sahədir

 

Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi göstərmişdir ki, xalqların və dövlətlərin inkişafında liderlərin çox böyük rolu olmuşdur. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Mən onlar arasında öz işıqlı əməlləri ilə bu xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adını qürur hissi ilə çəkmək istəyirəm. Bu tarixi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin, müstəqilliyinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.

Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək inkişafını təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Ulu öndər Heydər Əliyevin 2003-cü ilin oktyabrında siyasi varis kimi görmək istədiyi İlham Əliyev haqqında bu ifadələrini xatırlamaq yerinə düşərdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təvazökar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndərin bu tövsiyəsi çox keçmədi ki, özünü doğrultdu. Çox hörmətli İlham Əliyev 2003-cü ildə və təkrar olaraq 2008-ci ildə xalqın böyük dəstəyini qazandı, Azərbaycan xalqı ona etimad göstərib özünün Prezidenti seçdi. 2003-2008-ci illər Azərbaycan xalqının tarixində inkişaf, tərəqqi və sıçrayışlar dövrü oldu. Artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanı ən islahatçı dövlət kimi tanıyır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafına görə Qafqazda lider dövlətə çevrilmişdir. Mən burada qazanılmış bütün nailiyyətləri sadalamaq fikrində deyiləm. Amma bir faktı vurğulamaq istəyirəm ki, hətta düşmənlərimiz belə bu inkişafı etiraf etməyə məcburdular. Azərbaycan xalqının müstəqillik yollarında qazandığı misilsiz nailiyyətlər onun beynəlxalq mövqeyini möhkəmləndirmiş, dövlətimiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, bir sözlə, bu gün beynəlxalq aləmdə bizimlə hesablaşır, Azərbaycanı demokratik, hüquqi, sivil dövlət kimi tanıyırlar. Bütün bunların əsasında Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin əməyi, siyasi nüfuzu dayanır.

Azərbaycan xalqı ötən beş ildə öz seçimində yanılmadığına bir daha əmin oldu və İlham Əliyevi 2008-ci ilin payızında ikinci dəfə özünün Prezidenti seçdi. Bu inamın, bu etibarın arxasında böyük bir şəxsiyyətin işıqlı əməlləri dayanır.

İlham Əliyev çağdaş dünyanın siyasi mənzərəsinin əsas cizgilərindən qaynaqlanmış tələblərə cavab verən siyasətçilər kateqoriyasına aiddir. Siyasi proseslərə təmkinli münasibət, demokratiya islahatına yaradıcı yanaşma, mill-mənəvi dəyərləri ümumbəşəri sərvətlərlə ahəngdar şəkildə uyğunlaşdırmaq bacarığı, yüksək intellektual səviyyə, fitrən liderlik bacarığı, universal bilik və akademik təhsil, ən çətin situasiyalardan asanlıqla baş çıxarmaq bacarığı — bütün bu keyfiyyətlər bir lider kimi İlham Əliyevə məxsusdur. İlham Əliyev çağdaş politoloji nəzəriyyələrin təsnifləşdirdiyi lider tiplərinin ən müsbət cəhətlərini öz siyasi personasında təcəssüm etdirir. O, lider olaraq ənənələrə, yüksək dövlətçilik təfəkkürünə, milli məfkurəyə fanatikcəsinə bağlıdır. Cənab İlham Əliyevin qeyri-adi siyasi qabiliyyəti hətta opponentləri tərəfindən də etiraf və təqdir edilir. O, həddən artıq məsuliyyətli liderdir. Onun fəaliyyətində və siyasi davranışında xaos əlamətləri yoxdur. Bununla belə, cənab İlham Əliyev yetərincə dinamik və enerjilidir. Bu da lider kimi onun siyasi fəaliyyətinin effektivliyini təmin edir.

Biz ötən beş ildə, hətta ondan əvvəl cənab İlham Əliyevi islahatçı lider kimi tanıyırdıq.Məhz İlham Əliyevin islahatları davamlı olaraq dəstəkləməsinin nəticəsidir ki, Azərbaycanı islahatlar ölkəsi adlandırırlar. Bu islahatlar yenilikləri sevən, daim ona can atan, əməlləri ilə yeni işgüzar atmosfer yaradan bir liderin quruculuq səylərinin nəticəsində uğurla həyata keçirilir. Bəli, iqtisadiyyatda, kənd təsərrüfatında, təhsildə, səhiyyədə, mədəniyyətdə aparılan islahatlar, qəbul olunan dövlət proqramları ölkəmizi sürətli inkişaf yoluna çıxarmışdır. Hüquqi, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlar da uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin bu sahədə başladığı islahatlar artıq öz bəhrəsini verməkdədir. Yeni və mütərəqqi qanunlar qəbul edilmiş, üçpilləli məhkəmə sistemi yaradılmışdır. Demokratik prinsiplər əsasında yeni hakim korpusu formalaşmışdır. Məhkəmələrin fəaliyyətində şəffaflığa nail olmaq üçün ardıcıl və təsirli tədbirlər həyata keçirilmişdir. Hakimlərin, ümumiyyətlə, məhkəmə işçilərinin sosial problemlərinin həlli istiqamətində böyük işlər görülmüş, əməkdaşları artırılmış, texniki vasitələrlə təminat yüksəldilmiş, iş şəraiti yaxşılaşdırılmışdır.

Cənab İlham Əliyevin prezidentliyi dövründə hüquqi dövlət quruculuğu sahəsində islahatlar davamlı olaraq inkişaf etdirildi. 2004-cü ildə “Məhkəmə — Hüquq Şurası haqqında” qanun qəbul edildi. Bu qanun “Məhkəmələr və hakimlər haqqında” qanuna əsaslı dəyişikliklər edilməsi ilə məhkəmə hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə daxil olmasından xəbər verirdi. Bu dəyişikliklər əsasən, hakimlərin seçim prosedurunun yeni tələblər əsasında müəyyən edilməsini, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər haqqında intizam məsuliyyətinin gücləndirilməsini, eyni zamanda, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər zəruri mərhələləri nəzərdə tutur. Umumiyyətlə, cənab İlham Əliyev bu sahələrdə islahatlara xüsusi önəm vermiş və əsasən də məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində ciddi tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunu seçmiş Azərabycanda insan hüquqlarının təminatlı müdafiəsi dövlət siyasətimizin ali məqsədidir. Ona görə də dövlət başçımız məhkəmə sistemini müasirləşdirmək barədə 2006-cı il 19 yanvar tarixdə xüsusi fərman imzalamışdır. Məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı verilmiş Prezident fərmanına əsasən regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni, o cümlədən, bölgələrdə apellyasiya məhkəmələri, əlavə iqtisad məhkəmələri yaradıldı. Söz yox ki, iki il ərzində əldə edilmiş təcrübə göstərdi ki, bu çox doğru və əhalinin rahatlığının təminatı üçün vacib addım idi.

Cənab Prezidentin fərmanları ilə hakimlərin sayı 156 ştat vahidi artrıldı. Azərbaycan Respublikasının ədliyyə naziri, məhkəmə-hüquq şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə yeni hakimlərin seçilməsi və təyinatı istiqamətində çox gərgin və səmərəli iş aparılmış, ən layiqli namizədlərin seçilməsi tam aşkarlıq və şəffaflıq şəraitində mütərəqqi beynəlxalq təcrübəyə, müasir Avropa standartlarına uyğun həyata keçirilmişdir. Təsadüfi deyil ki, Məhkəmə-Hüquq Şurasının obyektivliyi sayəsində əldə edilən nəticələr beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi işi sürətlə davam etdirilir. Cənab Prezidentimiz İlham Əliyev bu barədə demişdir: “Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə hüquq sisteminin islahatları ilə bərabər aparılmışdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir”.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının müsbət nəticələrindən biri də hakimlər assosiasiyasının yaradılmasıdır. Hələ 2002-ci il iyunun 20-də yaradılan Azərbaycan Şəhər Məhkəmələri Hakimlərinin Assosiasiyası İctimai Birliyinin 2004-cü il 15 dekabr tarixdə adı dəyişdirilərək Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) adlandırılmış və təşkilatın yeni nizamnaməsi qəbul olunmuşdur. Bu birlik son illər məhkəmələrin işinin təkmilləşdirilməsinə dair bir sıra uğurlu problemlərin həllində yaxından köməklik göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məhkəmə-hüquq islahatları insan hüquqlarının qorunması yolunda çox önəmli rol oynamışdır. Məhkəmələrin fəaliyyətində səmərəliliyə nail olmaq üçün görülən tədbirlər təqdirəlayiqdir.

Bu yaxınlarda ölkə başçımızın sərəncamı ilə ədliyyə orqanlarının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bu, cənab Prezidentimizin ədliyyə sisteminə göstərdliyi qayğının bariz nümunəsi idi. Nə qədər ədliyyə işçisi fəxri adlara, Prezident təqaüdünə layiq görüldü. Bunlar hamısı bir daha göstərir ki, cənab İlham Əliyev ədliyyə sisteminin inkişafını həmişə diqqət mərkəzində saxlayır.

Cənab İlham Əliyevin prezidentliyi dövründə məhkəmə-hüquq islahatlarının davam etdiriləcəyi şübhəsizdir. Ölkəmizdə yeni ab-hava formalaşdırılmışdır. Ulu öndərin hüquqi, demokratik dövlət quruculuğu sahəsindəki dəyərli ideyalarından güc alan cənab Prezidentimiz ölkəmizin yeni inkişaf yolunda sürətlə irəliləməsinin təminatçısına çevrilmişdir. Azərbaycan xalqı öz Prezidentinin siyasi kursunu dəstəkləyir və ona böyük ümidlər bəsləyir.

 

 

Nüşabə AĞAYEVA,

vəkil 

 

Xalq qəzeti.-2009.-6 yanvar.- S.4.