Dövlətçiliyimizin sükanı etibarlı əllərdədir

 

Bəzən bir xalqı tanımaq üçün onun yetişdirdiyi bir şəxsiyyətin həyatını öyrənmək də kifayət edir, — görkəmli mütəfəkkirlərdən birinin fikridir bu kəlam.

Xalqımız öz azadlığı, halal haqqı uğrunda həmişə mübarizə aparıb. Onun cəngavər oğulları və qeyrətli qızları olsa da, bəzən bu mübarizənin acı nəticələri ilə barışmalı olub. XX əsrin sonuna yaxın dövr–1993-cü il Allah-Təala tərəfindən xalqımızın taleyinə yazılmış ən xoş tarixdir. O tarix ki “Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin məşhur siyasətçisi, dövlət xadimi Heydər Əlirza oğlu Əliyev xalqın təkidi ilə yenidən respublikamızın rəhbərliyinə gəldi. Elə bil, Tanrı onu, sanki on il müddətinə vaxt qoyub xilaskar kimi göndərmişdi ki, xalqı bəladan xilas etsin. Ümummili lider aramızdan tez getdi. Ancaq özündən sonra Azərbaycan üçün zəngin sərvət — bir hissəsi reallaşmış, bir hissəsi də reallaşacaq qiymətli ideyalar qoyub getdi. Heydər Əliyev xalqını fəlakətlərdən qurtardığına, milli dövlətçiliyimizi möhkəmləndirdiyinə, onu görünməmiş inkişaf yoluna çıxardığına və beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə görə onun öndərinə — ümummilli liderinə çevirilmişdir.

Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, misilsiz xoşbəxtlikdir. Azərbaycanda xalqımız üçün xoşbəxtliyin belə yüksək zirvəsinin bərqərar olması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Əməli işlərlə Azərbaycanın layiqli adını, millətin şərəfini və ləyaqətini özünə qaytarmış Heydər Əliyev hələ sağlığında ikən nurlu və mənalı ömrünü nəsillərin yaddaşına yazmış, onların gələcək inkişafı və əmin-amanlığı üçün zamanın bütün ağırlığını öz çiyinləri üzərinə götürmüşdür.

Bu gün xalqımız dövlətçiliyimizin inkişafında onun ideyalarından faydalanır, onun müəyyənləşdirdiyi strateji xətt və prinsiplər əsasında xoşbəxt və işıqlı gələcəyə doğru irəliləyir. Azərbaycan xalqının tarixə çevrilmiş dövlətçilik salnaməsi hər bir kəsə məlumdur. XX əsrin əvvəllərində xalqımızın azadlıq yolunda uğurla başa çatan mübarizəsinin nəticəsi kimi, əsrin sonunda da qazanılan dövlət müstəqilliyi həmin dövrdə siyasi hakimiyyətdə olan rəhbərliyin səriştəsizliyi, şəxsi maraqlarının xalqın mənafeyindən üstün tutulması səbəblərindən məhvə doğru sürüklənirdi. Belə bir çətin vəziyyətdə ümummilli liderimiz Heydər Əliyev xalqımızın həsrətində olduğu dövlət müstəqilliyinin qorunub saxlanması və əbədiləşdirilməsi üçün zəruri olan taleyüklü məsələlərin hamısını ən qısa zaman kəsiyində dahiyanə uzaqgörənliklə həll etdi: Cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı, ictimai-siyasi sabitlik yaradıldı, dövlətçilik siyasəti milli maraqlara uyğunlaşdırıldı, iqtisadiyyatda tənəzzülün qarşısı alındı, yeni inkişafın təməli qoyuldu, müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf proqramı olan Əsas Qanunu – ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi...

Bu gün müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması sahəsində möhtərəm Prezidentimiz, xalqımızın alternativsiz rəhbəri cənab İlham Əliyev çox böyük uğurlara imza atır. Möhtərəm Prezidentimiz dahi rəhbərimizin tövsiyələrinin layiqincə yerinə yetirilməsi, həmçinin onun müəyyənləşdirdiyi xəttin dövrün, zamanın tələblərinə uyğunlaşdırılaraq inkişaf etdirilməsi istiqamətində yorulmadan çalışır.

İdrakın məqsədi gözlə görünəni seyr edərək sadalamaq deyil, həqiqəti mövcud olanın bütün xüsusiyyətlərini araşdırmaq, insanların rifahı və cəmiyyətin inkişafı naminə onlardan yetərincə istifadə etməkdir. Obyektiv gerçəklik isə olanı düzgün dərk edərək onu daha aydınlıqla göstərməkdir. Bu baxımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son beş ildə gərgin əməyi sayəsində respublikamızda görülən nəhəng işlər birbaşa hədəfə dəyir. Müxalifətin isə görülən nəhəng məqsədyönlü işlərə qara yaxmaq kimi istəyinə baxmayaraq, Azərbaycanın inkişafının yeni dövrü – İlham Əliyev dövrünün həm daxildə, həm də beynəlxalq aləmdə inkişaf səviyyəsi nəinki MDB respublikaları, həm də dünya birliyi dövlətləri ilə müqayisədə ən öncül yerlərdən birini tutur. Biz görürük ki, dövlətçiliyimizin bugünkü inkişafı üçün Prezidentimizin ardıcıl və məqsədyönlü şəkildə, yüksək həvəslə başladığı humanist işlərə xalqın gözündən düşmüş bir qrup qaragüruhçu açıq-aydın paxıllıq edir.

Bəli nəhəng iş görülən yerdə müəyyən nöqsanlar ola bilər, bu qaçılmazdır. Onsuz da mütləq heç nə yoxdur. Ancaq görülən işlər insanların yaxşı yaşamasına, firavanlığına, dövlətçiliyimizin möhkəmlənməsi naminədirsə, bu, ancaq təqdirəlayiqdir.

Onsuz da zaman hər şeyi öz yerinə qoyacaq, bu realdır. Bu gün dövlətimiz və dövlətçiliyimiz inkişaf edir, respublikamızın elə bir guşəsi yoxdur ki, bu inkişafın təsir dalğası orada özünü göstərməsin. Möhtərəm cənab Prezidentimiz 11 fevral 2004-cü ildə çox mühüm sənəd – Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etdi. Hamımıza bəllidir ki, bu proqramın məqsədi respublikamızın rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin daha da genişləndirilməsinə, məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksələmsinə, yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin minimuma endirilməsinə və s. nail olmaqdır. Bu gün tələb olunan budur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Prqramının icrası istiqamətində Siyəzən rayonunda da, sözün həqiqi mənasında, çox böyük işlər görülür. Dövlət başçısının qurub yaratmaq və humanist siyasətindən nümunə götürərək son bir ildə rayonda görülən abadlıq işləri, rayon əhalisinə diqqət və qayğının artırılması, milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmət göstərilməsi hamının ürəyincədir. Rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyevin və RİH aparatı işçilərinin, ağsaqqallar, ziyalılar və gənclərlə keçirdikləri mütəmadi görüşlər, bununla yanaşı, imtiyazlı ailələrə, o cümlədən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, öz doğma ev-eşiyindən didərgin düşmüş məcburi köçkün və qaçqınlara, onların mövcud problemlərinə və verdikləri təkliflərə hörmətlə yanaşmaları rayon sakinləri tərəfindən dövlətçiliyimizə, onun inkişafına xidmət kimi qiymətləndirilir. Ümumiyyətlə, düşünürük ki, hər hansı bir quruculuq, abadlıq işləri, dövlətçilik prinsipləri həyata keçirilirsə, əhalinin qayğısına qalınırsa, deməli, orada xalqa – dövlət rəhbərinə sədaqət var. Bu ilin oktyabr ayında respublikamızda keçirilən prezident seçkilərində siyəzənlilər dövlətimizin inkişafını, həm də rayonda aparılan bugünkü xeyirxah işləri nəzərə alaraq, yüksək siyasi fəallıq göstərib ümummilli liderimiz Heydər Əliyev ideyalarının layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə səs verdilər.

Bu gün rayonumuzda görülən işlər Siyazənin son 15 ildəki dövründə görüldüyü işlərdən ən şərəflisidir. Neçə ildən bəri rayon əhalisinin gözlədiyi ümummilli liderimizin xatirə abidəsinin qoyluması bu yaxınlarda reallaşdı. Rayonumuzun sakinləri bu əmin-amanlığı, bu azadlığı onlara bəxş etmiş bir şəxsiyyətin xatirə abidəsinin olmamasını qəbul edə bilmirdilər. Orduya çağırılan gənclər onun abidəsini ziyarət edib xidmətə getməyi özlərinə şərəf bilirlər. Artıq bu arzılar reallığa çevrilib. Bu möhtəşəm xatirə abidəsinin önündə dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım günündə keçirilən izdiham da rayon əhalisinin ümummilli liderimizə olan sevgi və məhəbbətinin təcəssümü idi.

İndi dövlətimiz yüksək sürətlə inkişaf edir. Onun iqtisadiyyatı, infrastrukturu inkişaf etdikcə, həm təkmilləşir və həm də müasirləşir. Bütün bunlar Heydər Əliyev ideyaları ilə silahlanmış Prezidentimiz cənab İlham Əliyevin səyi və gərgin əməyi sayəsində mümkün olur. Dövlətimizin firavanlığı üçün iqtisadiyyatımızın dünyaya inteqrasiyası da ölkəmizin inkişafından xəbər verir.

Ümummilli liderimiz Heydər Əliyev öyrədirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ona görə də hər an onu inkişaf etdirib dünya dövlətlərinə inteqrasiyasını təmin etməliyik.

Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, bütün dövlətlərin, hətta super güclərin də ona öz marağı var. Bəziləri hər vəchlə dövlətimizi öz maraqları dairəsinə salmağa çalışırlar. Ancaq aparılan düşünülmüş tarazlı siyasət və yaradılmış şəxsi dostluq münasibətləri hərtərəfli inkişafımıza kömək edir. Azərbaycan Şərqin qapısı olsa da, onu müstəqil Azərbaycan dövləti kimi bütün dünyaya tanıtdıran məhz Heydər Əliyev şəxsiyyətidir. Bu gün isə bu missiya möhtərəm Prezidentmiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə yerinə yetirilir.

Heç vaxt unutmamalıyıq ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev xalqı vətəndaş müharibəsindən, dövləti dağılmaqdan, respublikanı xarici müdaxilədən sovuşdura bildisə, 2008-ci ilin avqustunda isə Azərbaycanı Cənubi Qafqazda, xüsusən Gürcüstanda alovlanan və hər an daha geniş əraziləri əhatə edə biləcək müharibə təhlükəsindən qoruyan müdrik Prezidentimiz İlham Əliyev oldu. Bununla o, öz Vətəninə, xalqına olan dərin məhəbbətini və istəyini göstərməklə yanaşı, dünya siyasətində gedən proseslərdən düzgün nəticə çıxaran, uzaqgörən lider olduğunu bir daha təsdiqlədi.

Son dövrlər ölkəmizdə siyasi-iqtisadi və sosial-mədəni sahədə görülən işlər onu göstərir ki, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində mümkün olan işlər planlı şəkildə görülür, hələ bundan sonra da görüləcəkdir. Bunu böyük inamla rayonumuza da aid edirik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Əgər Heydər Əliyev yaşasaydı, ən çox sevinən adam o olardı. Onun üçün ən böyük sevinc gətirən amillər, ən böyük xoşbəxtlik xalqımızın sülh, əmin-amanlıq şəraitində, rifah içində yaşaması idi”.

Dahi rəhbərimiz bu gün aramızda olmasa da onun müqəddəs ruhu daim bizimlədir, ulu öndərin həmişəyaşar ideyaları daim bizə istiqamət verir, yol göstərir, xalqımızı parlaq gələcəyə aparır. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, – demişdi ümummilli liderimiz. Bu gün Azərbaycan onun əbədiyaşar adı ilə yaşayır və əsrlər boyu yaşayacaqdır. Hər kəs öz əməli, Vətənə və xalqına sədaqəti, cəmiyyətə verdiyi fayda ilə hörmət, ad-san qazanır. O, bizim üçün bir dünya qədər uca, dünya qədər böyükdür.

Bütün bunları qeyd etməklə məqsədim dövlət başçısının işinə qiymət vermək deyil. Əsla!

Dövlətini sevən bir azərbaycanlı, ziyalı kimi respublikada aparılan bu qədər quruculuq və abadlığı, inkişafı görəndən sonra adam sevindiyindən qanad açıb uçmaq istəyir.

 

 

Xaqani BƏŞİROV,

Siyəzən Rayon İcra

Hakimiyyəti başçısı aparatının

məsul işçisi, politoloq

 

Xalq qəzeti-2009.-11 yanvar.- S.4.