Texniki peşə təhsilinin inkişafı dövrün tələbidir

 

2008-ci ildə Azərbaycanda texniki peşə təhsilinin inkişafı istiqamətində səmərəli iş aparılmışdır. Ən əsası isə çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin bu sahə üzrə imzaladığı Dövlət Proqramının reallaşması üçün ciddi tədbirlər həyata keçirmişdir.

Hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir ki, onlardan 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir.

Fəaliyyət göstərən peşə müəssisələrinin 45-i komplekslərdə, 39-u uyğunlaşdırılmış binalarda, qalanları isə yararsız binalarda yerləşmişdir.

2008-ci ilin yanvar ayının 1-nə olan məlumata əsasən, peşə təhsili müəssisələrində işləyən işçilərin ümumi sayı 6473 nəfər olmuşdur. Onlardan 4476 nəfərini mühəndis-pedaqoji işçilər təşkil etmişdir.

Texniki peşə təhsili sisteminə ayrılan dövlət vəsaitlərinin inkişaf dinamikasının təhlili göstərir ki, əgər 2005-ci ildə bu sahəyə 7 mln, 2006-cı ildə 10 mln, 2007-ci ildə 16 mln manat vəsait ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 20,5 mln manata yüksəlmişdir. Bununla yanaşı bir təhsil alana çəkilən xərc də artmışdır. Belə ki, bir təhsil alana 2007-ci ildə 740 manat xərclənirdisə, 2008-ci ildə bu rəqəm 903 manata qədər artmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 iyul 2007-ci il tarixli əmrinə əsasən, Dövlət Proqramının icrası ilə əlaqədar Fəaliyyət Planı da təsdiq olunmuşdur.

Fəaliyyət Planına hesabat ilində 4, 5, 7, 12 nömrəli Bakı peşə liseyləri, 3 nömrəli Gəncə Peşə Liseyi, 50 nömrəli Ağdam Peşə Məktəbi və 13 nömrəli Qız Peşə Məktəbi əsaslı təmir edilmişdir və müasir avadanlıqlarla təchiz olunmuşdur. İsmayıllı peşə məktəbinin yenidən qurulması ilə əlaqədar 2 ha torpaq ərazisi ayrılmış və tikinti işlərinə başlanılmışdır.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə şöbənin mütəxəssisləri bir sıra inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən peşə təhsili müəssisələri barədə məlumat toplamışlar. İşəgötürənlərin tələbatları və regionun inkişaf xüsusiyyətləri nəzərə alınaraq ötən il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmışdır. Bu, son 10 ildə respublikada inşa edilən və müasir avadanlıqlarla təchiz edilmiş ilk peşə təhsili müəssisəsidir. Mərkəzin tədris binası, yeməkxanası, laboratoriyaları, emalatxanası, yataqxanası və tibb otaqları vardır. O, həm də müasir avadanlıqlarla təchiz edilmişdir.

Mərkəzdə 1-2 illik kurslarla yanaşı, həmçinin qısamüddətli kursların da təşkil edilməsi planlaşdırılmışdır. Bundan əlavə, fasiləsiz təhsil konsepsiyasına uyğun olaraq, istənilən yaş həddində olan vətəndaşlar da buraya müraciət edərək peşə mərkəzində müxtəlif peşələrə yiyələnmək imkanı qazanacaqlar. Bu mərkəz regionda əmək bazarının araşdırılmasına, digər məktəblərin mühəndis-pedaqoji heyətləri üçün ixtisasartırma kurslarının təşkil edilməsinə, regionda əmək bazarının tələblərinə uyğun olaraq peşələrin müəyyənləşdirilməsinə yardım edəcəkdir. Dövlət Proqramına əsasən daha bir neçə belə mərkəzin yaradılması nəzərdə tutulmuşdur.

Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər arasında və kənd təsərrüfatında çalışan məcburi köçkün ailələrində peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində Avstriyanın “Hilsferk Avstria” təşkilatı ilə birgə həyata keçirilən layihə başa çatdırılmışdır. Layihənin həyata keçirilməsi nəticəsində Təhsil Nazirliyinin 1032 nömrəli, 4 sentyabr 2008-ci il tarixli əmri ilə Biləsuvar rayonunda məcburi köçkünlər üçün tikilib istifadəyə verilən 8 nömrəli qaçqın şəhərciyində yerləşən 14 nömrəli orta məktəbin tədris binasında Cəbrayıl 131 nömrəli peşə məktəbinin fəaliyyəti bərpa edilmişdir. 2008-2009-cu tədris ilindən başlayaraq peşə məktəbində kənd təsərrüfatı məhsulları istehsalı ustası (fermer), traktorçu-maşinist və əməliyyatçı mühasib ixtisasları üzrə kadrların hazırlanmasına başlanılmışdır.

Təhsil Nazirliyi YUNESKO ilə “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərini başa çatdırmışdır.

Layihənin ümumi dəyəri 489.290 ABŞ dollardır. Yaponiya höküməti layihənin həyata keçirilməsi ilə əlaqədar 203.400 ABŞ dolları, Təhsil Nazirliyi isə 2008-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədilə 28.000 manat məbləğində vəsaiti YUNESKO-nun Moskvadakı nümayəndəliyinin hesabına köçürmüşlər.

Layihənin əsas məqsədi turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə müəyyən edilmiş ixtisaslar üzrə kurrikulumların, bu sahələr üzrə xarici dil fənninin tədrisinə dair metodik vəsaitlərin hazırlanması və Texniki Peşə Təhsili Üzrə Resurs Mərkəzinin yaradılmasıdır. Həmçinin, layihə çərçivəsində pilot müəssisələrin mühəndis-pedaqoji heyəti üçün İKT və xarici dil üzrə təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.

Ötən il, həmçinin, Böyük Britaniyanın Britiş Konsul təşkilatı ilə Avropa Komissiyasının “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi” layihəsinin həyata keçirilməsinə də başlanılmışdır. Belə ki, 25-31 may 2008-ci il tarixində Belçikanın Brüssel şəhərində Qiymətləndirmə Komitəsinin iclasında layihənin icrası ilə əlaqədar Britaniya Şurası beynəlxalq məsləhətçi şirkət kimi seçilmişdir.

Layihənin məqsədi (bu kontrakt layihənin bir hissəsini təşkil edəcək) Azərbaycanın qeyri-neft sektorlarının rəqabət qabiliyyətinin və PTT sisteminin məzunlarının iş tapmaq imkanlarının artırılmasına töhfə verməkdir. Layihənin icrası ilə bağlı Azərbaycan höküməti İsmayıllı Turizm Məktəbinin inşasını həyata keçirir.

2008-ci ildə mühəndis-pedaqoji heyətin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Belə ki, Türkiyə Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabr ayında “Azərbaycanlı informatika və elektron-mühəndisləri müəllimləri üçün avtomatik kurs” təşkil edilmişdir.

Koreyanın DEU şirkəti ilə birlikdə 4 nömrəli Bakı peşə liseyinin bazasında “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi”nin yaradılması ilə əlaqədar müvafiq iqtisadi və maliyyə dəyərləndirilməsi sənədləri hazırlanmışdır və Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmçinin, layihənin ictimaiyyətə çatdırılması məqsədilə Təhsil Nazirliyində təqdimat keçirilmişdir.

Dövlət Proqramının həyata keçirilməsi istiqamətində işlər davam etdirilmişdir. Tədbirlər Planının 5.13-cü bəndini, işəgötürənlərlə texniki peşə təhsili müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə Təhsil Nazirliyinin müvafiq əmri ilə Əlaqələndirmə Şurası yaradılmışdır. Əlaqələndirmə Şurasına müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı qeyri-dövlət qurumlarının nümayəndələri də daxil edilmişdir.

Texniki peşə təhsili üzrə ölkədə informativ və analitik məlumatları əks etdirən vahid internet saytının yaradılması başa çatmaq üzrədir. Həmin saytda, texniki peşə təhsili sahəsinə dair hüquqi-normativ baza, metodiki vəsaitlər və ümumi məlumatlar yerləşdiriləcək. Həmçinin, sayt vasitəsilə peşə təhsili müəssisələri barədə məlumat və peşə biliklərinin qiymətləndirilməsi üçün imtahan güşəsi yaradılacaqdır.

Təhsil Nazirliyinin “Orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması barədə” 27 sentyabr 2007-ci il tarixli əmrilə Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şirvan şəhərlərində yerləşən peşə liseylərinin III kurs şagirdlərinin ümumtəhsil fənlərindən buraxılış imtahanların mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 25 noyabr 2007-ci il və 24 fevral 2008-ci il tarixlərində sınaq imtahanları, 27 aprel 2008-ci ildə buraxılış test imtahanı keçirilmişdir.

2008-ci il sentyabr ayının 8-də 11 nömrəli Bakı peşə liseyində texniki peşə təhsili işçilərinin respublika konfransında təhsil naziri M.Mərdanov iştirak edərək texniki peşə təhsili sistemi qarşısında duran mühüm məqsədlər barədə məlumat və göstərişlər vermişdir.

19 dekabr 2008-ci il tarixində DVV-İnternational təşkilatı ilə birlikdə Avropa otelində “Yaşlıların peşə təhsili: problemlər və perspektivlər” mövzusu üzrə seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf Nazirliklərinin və bir sıra qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə bir sıra texniki peşə məktəblərində azadlıqdan məhrum edilmiş şəxslər üçün qısamüddətli peşə kurslarının təşkil edilməsi planlaşdırılmışdır. Belə ki, pilot olaraq 16 nömrəli Bakı peşə məktəbində tornaçı, elektrik-qaz qaynaqçısı, elektrik montyoru və avtomobilin təmiri üzrə çilingər ixtisasları üzrə 3 aylıq kurslar təşkil edilmişdir. İlk təşkil edilmiş qısamüddətli intensiv təlim kurslarına 80 nəfər məhkum cəlb edilmişdir. 2008-ci il oktyabr ayının 22-də isə həmin kursların müdavimlərinə sertifikatlar təqdim edilmişdir. Belə kursların təşkil edilməsində məqsəd cəzaçəkmə müəssisələrində cəza müddəti bitməkdə olan məhbusların sosial adaptasiyasını və qısa müddət ərzində iş tapmaq imkanlarını yüksəltmək üçün onların müvafiq kurslar vasitəsilə bilik və bacarıqlarını artırmaqdır. Gələcəkdə, belə kursların bir sıra digər peşə məktəblərində təşkil edilməsi də planlaşdırılmışdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ölkənin bir sıra peşə məktəblərində aparılan monitorinqin nəticələrinə əsasən müəyyən edilmişdir ki, bəzi peşə məktəblərində kadr hazırlığı zamanı dövlət və ya qeyri-dövlət müəssisələrinin sifarişləri, yerli əmək bazarının tələbləri və müvafiq regionun inkişaf perspektivləri nəzərə alınmamışdır. Yevlax, İsmayıllı, Siyəzən, Qəbələ, Oğuz, Xızı, Laçın 127 nömrəli və digər peşə məktəblərində kadrların düzgün seçilib yerləşdirilməsi, müəllimlər arasında dərs bölgüsünün onların ixtisasına uyğun aparılmaması hallarına yol verilmiş, 10 nömrəli Bakı Qız peşə məktəbi, Ağdam peşə məktəblərində məzunlara diplomların verilməsində, qəbul qaydalarının təlimata müvafiq aparılmasında, şagirdlərin dərsə davamiyyətində ciddi nöqsanların olduğu qeyd edilmişdir.

Bütün bunlar texniki peşə təhsilinin 2009-cu ildə sürətli inkişaf etdirilməsi üçün böyük stimul yaratmışdır. Digər tərəfdən möhtərəm Prezidentimizin həyata keçirdiyi çoxsahəli islahatlar texniki peşə təhsilinin də gələcəkdə daha sürətlə inkişafına təkan verəcəkdir. Əminliklə deyə bilərəm ki, 2009-cu il bu sahədə yeni yüksəliş dövrü olacaq.

 

 

N. MƏMMƏDOV,

Təhsil Nazirliyinin texniki peşə

təhsili şöbəsinin müdiri 

 

Xalq qəzeti.-2009.-16 yanvar.-S.6.