Masallı: iqtisadiyyatın inkişafı özəl sektorla sıx bağlıdır

 

Yanvarın 16-da Prezident Sarayında 2008-ci ilin yekunlarına həsr edilmiş iclasda dövlətimizin başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini bildirmiş, ölkədə sosial-iqtisadi islahatların uğurla davam etdirildiyini konkret faktlarla diqqətə çatdırmışdır. Prezident İlham Əliyev regionların inkişafını da müsbət qiymətləndirmişdir: “...Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıbdır. 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilib və proqrama o vaxt nəzərdə tutulmamış bir çox məsələlər əlavə olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün bölgələrdə infrastruktur layihələri həyata keçirilib, iş yerləri açılıbdır, yeni müəssisələr fəaliyyətə başlayıblar. Son beş ildə 766 min yeni iş yeri açılıb ki, bunların 548 mini daimidir”. İclasda qeyd edilmişdir ki, ölkə üzrə durmadan artan ümumi daxili məhsulda özəl sektorun payı 2008-ci ildə 84,5 faiz təşkil etmişdir.

Sosial-iqtisadi inkişafına, əsasən, özəl sektorun genişləndirilməsi hesabına nail olunan rayonlardan biri də Masallıdır. Bu rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2,5 dəfə artaraq 235 milyon manat olmuşdur. İstehsal edilən məhsulun və xidmətlərin həcminin 98 faizi məhz özəl bölməyə aiddir. Rayonda yaradılmış “EMBAWOOD”, “Nur-M”, “Fəxrəddin-K”, “Dirçəliş-MTK”, “Xan çinar”, “Əşrəfi” və sair iri sahibkarlıq müəssisələri, şirkətlər indi bütün respublikada tanınır. Bu özəl istehsal sahələrinin məhsulları həm daxili bazarın tələbatını yetərincə ödəyir, həm də xarici ölkələrə satılır.

Rayon icra hakimiyyəti başçısının müavini İsa Nuriyev bizimlə söhbətə statistik rəqəmlərlə başladı:

— Ümumiyyətlə, Masallı rayonu üzrə qeydiyyatda olan 956 hüquqi şəxs, 5085 fiziki şəxs, 31114 torpaq payçısı fəaliyyətini uğurla davam etdirir. Birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olan 6041 nəfər vergi ödəyicisi bu statusla sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, xidmət, ticarət və turizm sahələrində çalışır. Rayon üzrə hüquqi, fiziki şəxs və torpaq payçısı kimi fəaliyyət göstərən özəl qurumlarda 52381 nəfərlik iş yeri mövcuddur. Ötən il Masallıda ümumi məşğul əhalinin sayı 103 min 670 nəfər olub. Sahibkarlar öz bizneslərini genişləndirməkdən ötrü yüz minlərlə manatlıq kredit almış və bununla da rayonun sosial-iqtisadi inkişafına real töhfələr vermişlər.

Masallıda ilk addımlarını atmış şirkətlərin artıq ölkənin digər bölgələrində də müəssisələri, istehsal sahələri və filialları yaradılıb. 2007-ci il fevralın 13-də Bakının “Gülüstan” sarayında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illiyinə həsr olunmuş konfransdan əvvəl Prezident İlham Əliyev “Regional inkişafın üç ili: nailiyyətlər və perspektivlər” mövzusunda sərgi ilə tanış olarkən monitor vasitəsilə “Fəxrəddin-K” Məhdud Məsuliyyətli Cəmiyyətin Xırdalan şəhərindəki yeni kərpic zavodu ilə canlı əlaqə yaradılmışdı. Dövlətimizin başçısı bu istehsal müəssisəsinə xeyir-dua verərək, kompyuterin düyməsini basmaqla zavodu işə salmışdı.

Sözü gedən konfransda “Fəxrəddin-K” MMC-nin sədri Fəxrəddin Baxışov da çıxış edərək regional inkişaf proqramında sahibkarlığa dəstəklə bağlı müddəaların müstəsna əhəmiyyətindən danışıb. O, xatırladıb ki, 2005-ci ilin sentyabrında möhtərəm Prezidentimiz Masallı rayonunda yerləşən “Fəxrəddin-K” zavodunda olarkən dövlət başçısından yeni bir zavodun tikintisinə icazə almışdılar. Artıq ən yüksək səviyyədə xeyir-dua ilə inşa edilən, Cənubi Qafqazda analoqu olmayan, ildə 30 milyon şərti kərpic istehsal gücü olan, tam avtomatlaşdırılmış yeni zavod istismara buraxılıb. Burada 120 nəfər işçi çalışır.

İsa Nuriyevlə birlikdə Masallıdakı ən böyük kərpic zavoduna getdik. Direktor Ağakişi Baxışov ölkədə, o cümlədən də rayonda sahibkarlığın inkişafına göstərilən qayğıdan razılıqla danışdı. Dedi ki, əvvəllər kiçik sex kimi işə başlayan müəssisə hazırda ərazisini on dəfə genişləndirərək 10 hektar sahəni əhatə edir. Türkiyə, Çexiya, Almaniya avadanlığı ilə işləyir. Kollektiv üzvlərinin sayı ilk vaxtlar 20 nəfər idisə, hazırda 110 nəfərdir. Sahibkarlığa Kömək Milli Fondundan alınan faizsiz kreditlər hesabına istehsal genişlənib. Hazırda burada 16 növdə tələbata uyğun kərpic buraxılır. Müəssisənin işıq, qaz, mazut, digər zəruri xammal və materialları almaq sarıdan problemi yoxdur. Çünki Masallıda sahibkarlığa “yaşıl işıq” yandırılıb. Münbit şərait sayəsində inkişaf edən zavod dövlətə vergi tədiyyələrini, sosial sığorta ödənişlərini vaxtlı-vaxtında təmin edir, auditor xidmətlərindən istifadə ilə gəlirini-çıxarını nəzarətdə saxlayır. Kollektiv rayonun həyatında mühüm rolunu saxlamaqla xeyriyyə tədbirlərində də yaxından iştirak edir. Fəhlələrə gündə bir dəfə yemək, iki dəfə isə çay verilir. Xüsusi avtobuslar, mağaza onların xidmətindədir. İş üçün yaradılan şəraitdən burada hər kəs razılıq edir...

Şöhrəti Azərbaycanın hər tərəfinə yayılan “EMBAWOOD” MMC tanınmış mebel firmasıdır. Masallıda və paytaxtda müəssisələri fəaliyyət göstərir. “EMBAWOOD”un regionlarda 20-yə yaxın mağazası var. Təsis olunduğu 1996-cı ildən bu günə qədər müəssisə beynəlxalq keyfiyyət standartlarına uyğun istehsalatı və geniş satış şəbəkəsi sayəsində böyük müştəri kütləsi və alıcı etibarı qazana bilib.

Zavodla tanışlıq xoş hisslər doğurur. Ustalar kompyuterlə verilmiş proqramı yerinə yetirirlər. Hər tərəf səliqə-sahmanlıdır. Burada ən geniş çeşiddə müxtəlif mebellər hazılanır. Məhsullar nəinki ölkəmizdə, həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran və Rusiyada da rəğbətlə qarşılanır.

Müəssisənin direktor köməkçisi Hekayət Nəzərov:

— İnamla demək olar ki, “EMBAWOOD” son illərdə böyük sərmayə qoyuluşu və uğurlu satış strategiyası ilə Qafqazın mebel sektoruna liderlik edir. Fabriklərimiz dünya standartlarına uyğun yüksək texnologiya ilə təchiz edilmişdir. İstifadə olunan yüksək keyfiyyətli xammal və materiallar xarici ölkələrin bu sektorda fəaliyyət göstərən ən qabaqcıl firmalarından tədarük edilir. Hazırda fabriklərimizdə yumşaq mebel də daxil olmaqla hər növ ev və ofis mebeli istehsal edilir. Bununla yanaşı, melaminlə üzlənmiş lövhə, MDF profili, laklı və PVC fasad yarımfabrikat istehsal sahələri də mövcuddur. Keyfiyyətə verilən əhəmiyyətin nəticəsi olaraq şirkətimiz 2004-cü ilin avqust ayından İSO-9001-2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatlaşdırılıb. Bundan başqa, İSO-9001 “Dizayn, istehsalat və satış” üzrə də sertifikat almışıq. Almatı şəhərində keçirilmiş beynəlxalq sərgidə “Mebel və İnteryer, Memarlıq və Dizayn” üzrə keyfiyyət Diplomu ilə təltif olunmuşuq.

Hazırda 650 nəfər daimi işçisi olan müəssisədə aylıq əməkhaqqı 120-250 manatdır. Prezident İlham Əliyev dörd il öncə Masallıya səfəri zamanı bu fabrikdə olmuş, uğurları təqdir etmişdir. Artıq bu MMC-nin ayrıca korporativ informasiya jurnalı buraxılır, müasir formatda yeni saytı müştərilərin xidmətindədir. Saytda yerləşdirilmiş kataloqlar rahatlıqla yüklənə bilir, eyni zamanda onlayn rejimində sifariş verməklə kataloqların ünvana çatdırılması da mümkündür.

“EMBAWOOD”un mebelçiləri rayonda onların fəaliyyəti üçün yaradılan şəraitdən razıdır. İşıq, su, qaz təchizatı daimidir. İstehsalın dayandırılmasına səbəb olacaq heç bir hal olmur. Masallı rayonunun rəhbərliyi sahibkarlara hər cür dəstəyini əsirgəmir, təşəbbüslərini alqışlayır. Bu, əsl sahibkarlıq nümunəsi göstərən müəssisəyə zəruri diqqət nümunəsidir. Örnək olan bir məqam da ondan ibarətdir ki, “EMBAWOOD” fəaliyyət göstərdiyi mühitdə cəmiyyətin sosial və mədəni səviyyəsinin, həyat standartlarının yüksəldilməsini, ətraf mühitin qorunmasını və ümumilikdə ölkənin inkişafına xidmət edən proseslərdə fəal iştirak etməyi özünün ictimai məsuliyyəti hesab edir.

Fərəhlidir ki, fabrikin fasadına vurulmuş və Prezident İlham Əliyevə məxsus olan “Azərbaycan hökuməti və dövləti sahibkarlara daim kömək göstərəcəkdir” sözləri bu müəssisənin uğurlu fəaliyyətində, eləcə də Masallının bütün sahibkarlıq obyektlərində özünü əməli surətdə doğruldur.

Qeyd etmək yerinə düşər ki, “EMBAWOOD”un nümunəsi rayonda bir sıra mebel mərkəzlərinin, satış salonlarının yaradılmasına səbəb olub. Son vaxtlar burada “Elita”, “Avro”, “Roza”, “Eldaroğluları” kimi dörd mərkəz tikilərək əhaliyə xidmət göstərir. Hazırda şəhərdə və ərazilərdə 24 ticarət obyekti, 5 xidmət və 8 istehsal şöbəsi də tikilir. Sahibkar Hafiz Kərimov onların səmərəli fəaliyyətinə yaradılan şəraitdən bəhs edərək dedi:

— Əvvəllər bir çox çətinliklərimiz olurdu. Qəzənfər müəllim gələndən sonra biz sahibkarların problemləri xeyli azalıb. Mən özüm rayon rəhbərliyinin köməkliyi ilə “Avro” mebel salonu açmışam. Heç bir müdaxilə yoxdur. Bacarığı olan hər kəs biznesini yaradıb qazanc əldə etmək, həm də yeni iş yerləri yaratmaq imkanına malikdir. Sahibkarlığın genişlənməsi inkişaf göstəricisidir. Bizim Masallıda bu istiqamətdə atılan addımlar müsbət nəticələr verir. Rayonda çox işgüzar bir mühit formalaşıb. Bu, ilk növbədə rayon rəhbərliyinin xidməti sayılmalıdır...

Masallı aqrar rayondur. Ona görə də bu sahənin inkişafına yönəldilən hər bir addım kənd adamlarını sevindirir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisi 2008-ci il noyabrın 25-də keçirilmiş iclasında “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” 2001-ci il 27 noyabr tarixli AR Qanununun qüvvədə olma müddətinin uzadılması barədə qanun layihəsini müzakirə etmiş və təsdiqləmişdir. Bununla da, aqrar istehsalçıları torpaq vergisindən başqa, bütün vergilərdən azad edilmişlər. Qanunda da göstərildiyi kimi, torpaq vergisi istisna olmaqla, digər vergilər üzrə güzəştlər bu il yanvarın 1-dən daha beş il müddətinə uzadılır. Artıq 3-cü dəfədir ki, Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin müddətini uzadır.

Aqrar sektorda çalışan Masallı sahibkarları onu da fərəhlə qeyd etdilər ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixli fərmanı və “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin ”bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli sərəncamına uyğun olaraq iş adamlarının rahatlığı təmin edilib. İndi biznesini qeydiyyatdan keçirmək istəyənlər daha əvvəlki kimi uzun aylar gözləmir, 3 gündə buna nail olur, tələb olunan prosedurların sayı isə 15-dən 5-ə qədər azaldılıb. Bundan başqa, sənədlərin elektron sistemlə təqdim edilməsi üçün də müvafiq şərait yaradılıb.

Bundan başqa, ötən yay Prezident İlham Əliyevin sərəncamı ilə 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı təsdiq edilib. Ondan bir neçə gün öncə isə aqrar istehsalçılara əlavə dəstək verilməsi barədə sərəncam imzalanıb.

“Nur-M” zavodunda kənd təsərrüfatı məhsulları konservləşdirilir. Mövsüm ərzində buraya kəndlilər yüzlərlə ton pomidor, xiyar, bibər, şüyüd satırlar. Müəssisə Masallıda 1999-cu ildən fəaliyyət göstərir. Beş hektar sahədə sex kimi yaradılan emal müəssisəsi on ildə xeyli inkişaf edib. İndi ərazisi daha 2 hektar artırılıb. Zavodun öz təsərrüfatında da lazım olan bostan məhsulları əkilib becərilir. Bu, rentabellik baxımından əlverişlidir.

Zavodun icraçı direktoru Həsən Səlimov ürək sözlərini belə ifadə etdi:

— Əgər ölkə rəhbərliyi bizə qayğısını əsirgəsəydi, belə inkişafa nail ola bilməzdik. Güzəştli kreditlər, iş sahələrinin genişlənməsi, işıq, su və qaz təchizatının yaxşılaşması, rayon icra hakimiyyətində hər bir müraciətimizə son dərəcə həssaslıqla yanaşılması bizi daim ruhlandırır. 80 nəfərlik kollektivimiz var, işçilərə 120-240 manat əməkhaqqı veririk. Yay aylarında mövsümi işlərə də adamları cəlb edirik. Rayonun bütün tədbirlərinə həvəslə qatılırıq.

Bir dəfə işin qızğın vaxtı qəfildən zavodun elektrik enerjisi kəsilmişdi. İcra başçımız Qəzənfər müəllimə müraciət elədik. İnanın ki, bir neçə dəqiqəyə işıq verilişi bərpa olundu. O vaxtdan bəri bir daha oxşar problemlə üzləşməmişik. Belə bir şəraitdə hansı sahibkar narazılıq edər? Bilirsiniz, özünü sahibkar adlandıran bəzi primitiv köşk sahibləri xeyir vermək yox, daim nəsə qoparmaq barədə düşünürlər. Onlar abadlıq, quruculuq tədbirlərinə ağız büzməyə adət ediblər, çünki inkişafla ayaqlaşa bilmir, daha gözəl, estetik tərtibatlı müasir obyektlər tikilməsinə mane olmaq istəyirlər. Guya bu, onların şəxsi mənafeyinə ziyan gətirir. Atalar demişkən, yun qurtarıb, kilkə darayırlar. Yersiz iddia, hay-küy, “tozanaq” qaldırmağa heç bir əsas yoxdur. Bacarırsan, qollarını çırmala və bu tərəqqi, inkişaf yürüşünə qoşul, bacarmırsan, heç olmasa maneçilik törətmə...

Masallıda sahibkarlığın üfüqləri ilbəil genişlənir. Artıq burada Avropa üslubunda “göydələn”lər də inşa edilir. 2007-ci ildə yaradılmış “Dirçəliş-MTK” hündürmərtəbəli evlərin tikintisini həyata keçirir. Bir hektar sahədə iki ədəd 9 mərtəbəli evdən ibarət kompleks ucaldılır. Binalardan biri artıq hazırdır, digəri də bir neçə aya təhvil veriləcək. Rayonun yaşayış fondu daha 56 mənzillə genişlənəcək. Burada “KİA-Motors” ticarət kompleksi artıq fəaliyyətə başlayıb. Yüz əlliyədək işçi çalışır. Kooperativin direktoru Səməd Səmədov:

— Rayonumuzun rəhbərliyi bizi bütün işlərimizdə dəstəkləyir. Heç bir təklifimiz, təşəbbüsümüz diqqətsiz qalmır. Bu isə irəliləyişə münbit şərait yaratmaq deməkdir. Artıq idarəmizin qülləli kranı, fəhlələri daşımaq üçün mikroavtobusu var. Lazım olan texnikanı icarəyə götürüb işlədə bilirik. Müqavilə bağlamaqla da maşın və mexanizmlərə olan tələbatı ödəyirik. Fəxr edirik ki, doğma şəhərimizin böyüyüb-gözəlləşməsində bizim də zəhmət payımız var. Gələcəkdə də müasir yaşayış və ictimai binaların inşasını davam etdirəcək, fəaliyyət dairəmizi genişləndirəcəyik.

Masallı rayonunda aparılan abadlıq-quruculuq işlərini ötən il oktyabrın 7-də burada olan Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyəti ilə görüşü zamanı müsbət qiymətləndirib: “Mən çox şadam ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır. Siz, burada yaşayan insanlar bunu daha yaxşı bilirsiniz... Burada baş verən dəyişikliklər, əlbəttə ki, Masallı rayonunun hər bir sakinini və hər bir vətəndaşı sevindirir. Bu gözəl, abadlaşan parklar, təmir olunan binalar, yeni tikilmiş hündürmərtəbəli binalar, məktəblər, tibb ocaqları — bütün bunlar insanlar üçündür, insanların yaxşı yaşaması üçün nəzərdə tutulubdur. Bütün bu gözəl işlər Azərbaycanın gücünü göstərir, ölkəmizin qüdrətini göstərir”.

Bəyənilən, təqdir edilən gözəl işlərdə yerli sahibkarların iştirak payı da böyükdür. Məsələn, 10 il öncə yaradılmış “Əşrəfi” kiçik müəssisəsi fəaliyyətə cəmi 15 nəfərlə başlamışdı. İndi kollektiv xeyli böyüyüb. Avtomobillərə texniki qulluq üzrə kiçik sex rayon rəhbərliyinin qayğısı sayəsində xidmət sahələrini genişləndirib. Yanacaqdoldurma məntəqəsi, həmçinin gündəlik 300 kubmetr beton məhsulu istehsal edən zavod yaradılıb. Bütün avadanlıq Almaniya istehsalı olmaqla 10 ədəd ağır yük götürən maşın və beton mikseri alınıb. İndi işlər daha yaxşı gedir. Müəssisənin icraçı direktoru Əşrəf Zeynalov bu barədə həvəslə danışaraq dedi:

— İmkanlarımız artdıqca el-obanın işinə yaramaqdan ötrü əlimizdən gələni əsirgəmirik. Sosial-iqtisadi inkişaf naminə görülən işlərə baxıb biz də öz töhfələrimizi verməkdən şərəf duyuruq. Yaşadığımız ərazidə xeyriyyə tədbirlərindən kənarda qalmırıq. Bir əsas və bir orta məktəbin tikintisində yaxından iştirak etmişik. Yeddioymaq kəndində məscid tikdirmişik. Bakı—Astara magistralından Kalinovka ərazisinədək olan 7 kilometr məsafənin 5 kilometrinə asfalt, qalan hissəsinə isə çınqıl döşətdirmişik. Aztəminatlı ailələrə müntəzəm yardımlar göstəririk. Sahibkarlıqla bağlı problemlərimiz əvvəllər az deyildi, indi bütün bunlar arxada qalıb. İcra başçımız Qəzənfər müəllimi özümüzə arxa, dayaq hesab edirik. Belə qayğıkeş rəhbərlərin və işgüzar adamların birgə səyləri ilə dağı dağ üstə qoymaq olar. Dövlət bizə hər cür köməklik göstərir, biz nə üçün ümumi inkişafdan kənarda qalaq? Əsl sahibkar doğma yurdu üçün, adamlar üçün çalışmaqdan zövq almalı, bütün yaxşı işlərdə rəhbərliyin yardımçısı olmalıdır.

“Xan çinar” ticarət xidməti şirkəti də rayonun iri sahibkarlıq subyektlərindəndir. İdarə aparatının 20 üzvü var. Ticarət xidməti sahəsində çalışan 1000 nəfər fiziki şəxs burada biznes fəaliyyəti ilə məşğuldur. Onlara yer verilərkən şirkətin idarə aparatı vergilər idarəsində qeydiyyatdan keçməyi, bankda hesablaşma hesabının açılmasını, dövlət sosial müdafiə fondunun rayon şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmağı əsas şərt kimi tələb edir. Direktor Rafiq Səmədov bu barədə fikirlərini belə açıqladı:

— Düzlük, halallıq, təmizlik olan yerdə xeyir-bərəkət də var, bolluq da. Bu, adi bazar deyil, əsl ticarət mərkəzidir. Həm adamların dolanacağı təmin olunur, həm dövlətə xeyir verilir, həm də bugünkü səliqə-sahmanlı Masallının ümumi görünüşü zənginləşir. Fəaliyyətimizə mane olan, müdaxilə edən yoxdur. Rayon rəhbərliyi ilə də heç bir problem yaşanmır. Masallının inkişafı üçün xidmət göstərməyə hər zaman həvəsliyik.

Belə düşünən sahibkarlar çoxdur. Onlar dediklərini, düşündüklərini əməli işlərində də göstərə bilirlər. Rayon iqtisadiyyatının inkişafının özəl sektorla sıx bağlı olduğunu söyləyən sahibkarlar qarşıdakı dövrdə daha böyük uğurlara imza atmaq əzmindədirlər. Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı kompleks tədbirlərin davam etdirilməsi məqsədi ilə 2008-2015-ci illər üçün ayrıca Dövlət Proqramı layihəsinin hazırlanması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması onların nikbinliyini daha da artırır.

Prezident İlham Əliyev ötən ilin oktyabrında Masallıda olarkən bu barədə fikirlərini ictimaiyyət nümayəndələri ilə bölüşmüşdür: “Mən istəyirəm ki, Azərbaycanın hər bir yerində yaxşı yaşamaq üçün ən yaxşı şərait olsun. Bax, Masallı rayonunun timsalında biz bunu görürük, bu irəliləyişi görürük. Növbəti illərdə əlavə vəsait ayrılacaq, proqramlarda əlavə məsələlər nəzərdə tutulacaq ki, rayonun bütün problemləri həll edilsin və həmişəki kimi, Masallı gözəl, qabaqcıl rayonlardan biri olsun”.

Masallı rayonunun bütün sakinləri, xüsusən də sahibkarlar onları ruhlandıran, hər birinə sözün əsl mənasında qol-qanad verən bu fikirlərə cavab olaraq daha səmərəli perspektiv planlar müəyyənləşdirir, qarşıdakı illərdə el-obaya daha çox fayda gətirmək barədə düşünürlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.-22 yanvar.-S.4.